Azərbaycan Dillər Universitetinin (ADU) beynəlxalq əlaqələri genişlənməkdə davam edir. Universitetin əməkdaşları bir sıra ölkələrlə elm və təhsil sahəsində əməkdaşlıq müqavilələrinə imza atıb və ERASMUS + müəllim mobilliyi layihəsində də fəal iştirak edirlər. Son olaraq, Azərbaycan Dillər Universitetinin (ADU) iki müəllimi Buxarest Universitetində müəllim mübadilə proqramında iştirak edib. Eyni zamanda, Buxarest Universitetinin əməkdaşları ilə birgə elmi araşdırmalar nəticəsində hazırlanan “Şəhər antropologiyası” jurnalının təqdimatı da keçirilib.
Bu jurnal, Rumıniyanın Buxarest Universitetinin Ədəbiyyat fakültəsi, Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsi, ADU-nun Rumın dili və Mədəniyyəti Mərkəzi və Batumi Universitetinin birgə elmi tədqiqatları əsasında hazırlanıb. Jurnalın 23-cü nömrəsi Cənubi Qafqazda yaşayan xalqların maddi və mənəvi mədəniyyətinə həsr edilib.
Təqdimat mərasimi 4 dekabr 2024-cü ildə Rumıniya Parlament Sarayında keçirilib. Tədbirdə Rumıniya Parlamentinin deputatları, Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov, Batumi Universitetinin nümayəndələri, Buxarest Universitetinin Ədəbiyyat fakültəsinin dekanı Kristina Boqdan, ADU-nun professor və müəllim heyəti iştirak ediblər.
Tədbirin açılışını jurnalın redaktoru prof. Katalin Konstantin edərək Azərbaycanın ecazkar təbiəti və Xınalıq kəndinin yüksək dağlarında yerləşən yaşayış məskənləri haqqında məlumat verib.
Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov Azərbaycan ilə Rumıniya arasındakı əlaqələri müzakirə edib, ölkənin Qərb və Şərq arasında keçid mövqeyində olduğunu vurğulayıb. ADU-nun Rumın Dili və Mədəniyyəti Mərkəzi, həmçinin, Rumıniya universitetləri ilə elm və təhsil sahəsində əlaqələri daha da gücləndirmək məqsədi ilə fəaliyyət göstərir.
Tədbirdə ayrıca, İozefina Blazani-Batto, “Şəhər Antropologiyası” jurnalında akad. Kamal Abdullanın “Bir, iki bizimki” pyesinin üç dildə nəşr olunmasını və bu əsərin Rumın tamaşaçılarına Azərbaycan teatrı haqqında məlumat verməsini xüsusi qeyd edib.
Jurnalda ADU-nun professor və müəllim heyətinin məqalələri dərc edilib. ERASMUS + müəllim mobilliyi proqramında iştirak edən ADU-nun professoru Sevdagül Əliyeva və dosent Salman Nuriyev “Tarixi İpək Yolu və Azərbaycanda ipəkçiliyin inkişafı” mövzusunda təqdimat ediblər.
Tədbir sərgi və furşet ilə başa çatıb.
Oxşar xəbərlər
-
BOTANİKA İNSTİTUTUNDA 20 YANVAR FACİƏSİ ANILIB
-
BAKI ŞƏHƏRİNDƏ “III BEYNƏLXALQ APİTERAPİYA VƏ TƏBİƏT” KONQRESİ KEÇİRİLİB
-
BOTANİKA İNSTİTUTUNDA YENİ LABORATORİYALAR AÇILIB
-
ABŞ İNSTİTUTUNUN BAŞ İCRAÇI DİREKTORU ADPU-NUN QONAĞI OLUB
-
BOTANİKA İNSTİTUTUNDA 7 OKTYABR — ÜMUMDÜNYA LAYİQLİ ƏMƏK GÜNÜ QEYD OLUNUB
