ADPU-DA «YAŞIL SEÇİMLƏR: EKOLOJİ AYAQ İZİ VƏ DAVAMLI GƏLƏCƏK» ADLI KAFEDRA ELMİ SEMİNARI KEÇİRİLMİŞDIR

2024-cü ilin «Yaşıl dünya naminə həmrəylik ili» elan edilməsi haqqında Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamına uyğun olaraq keçirilən silsilə tədbirlərdən biri Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) baş tutmuşdur. Oktyabrın 31-də baş tutan tədbir çərçivəsində ADPU-nun Biologiya və onun tədrisi texnologiyası kafedrasında «Yaşıl seçimlər: ekoloji ayaq izi və davamlı gələcək» adlı kafedra elmi seminarı keçirilmişdir.

Seminarı giriş sözü ilə açan kafedra müdiri, biologiya elmləri doktoru, dosent, əməkdar müəllim Anaxanım Yusifova ekoloji problemlərin vurduğu zərərlərin cəmiyyətə və təbiətə təsirlərindən bəhs etmiş, qlobal ekoloji məsələlərin həlli üçün beynəlxalq əməkdaşlığın və hər bir fərdin üzərinə düşən məsuliyyətin əhəmiyyətini vurğulamışdır. O, xüsusilə su ehtiyatlarının qorunması, atmosferin çirklənməsinin qarşısının alınması, təbiətin biomüxtəlifliyinin saxlanılması və tullantıların düzgün idarə olunmasının təbiətin qorunmasında mühüm rol oynadığını qeyd etmiş, gələcək nəsillərə sağlam bir ətraf mühitin miras qalması üçün bütün cəmiyyətin həmrəylik nümayiş etdirməsinin vacibliyini bildirmişdir.

Seminarda Biologiya və onun tədrisi texnologiyası kafedrasının müəllimi, biologiya üzrə fəlsəfə doktoru Qumru Balaxanova davamlı inkişaf prinsiplərinin əhəmiyyəti, ekoloji maarifləndirmənin cəmiyyətə təsiri və fərdi səviyyədə ekoloji məsuliyyətin artırılması istiqamətində tədbirlərin vacibliyi haqqında məruzə etmişdir. O, iştirakçılara ekoloji ayaq izinin azaldılması yolları, təbiətə dəyən ziyanın minimuma endirilməsi və yaşıl texnologiyaların tətbiqi vasitəsilə gələcək nəsillərə sağlam bir dünya miras qoyulmasının əhəmiyyətini vurğulamış, bu yanaşmasını «hər birimiz öz ekoloji ayaq izimizi azaltmaqla fərdi addımlar ata bilərik. Kiçik dəyişikliklər, uzunmüddətli müsbət nəticələrə yol aça bilər» fikri ilə ifadə edərək, xüsusilə gündəlik vərdişlərdə sadə dəyişikliklər etməklə ekoloji tarazlığın qorunmasına və davamlı inkişaf məqsədlərinə töhfə verə biləcəyini qeyd etmişdir.

Sonda çıxışını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının səsləndirdiyi fikirlə yekunlaşdıran Qumru Balaxanova, COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilməyin bizim üçün həqiqətən böyük şərəf olduğunu və bizim bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab etdiyini diqqətə çatdırmışdır.

Seminar olduqca məhsuldar və interaktiv keçmiş və kafedranın bütün professor-müəllim heyətinin iştirakı ilə baş tutmuşdur. İştirakçılardan Kimya və Biologiya fakültəsinin dekan müavini dos. Bəsti Əsədova, dos. Əliyənnağı Məhərrəmov, dos. Alı Namazov, dos. Pərvin Qafarova, b.m. Şəhla Abdullayeva mövzu ilə bağlı suallar vermiş və ekoloji problemlərin həlli yolları çərçivəsində geniş fikir mübadiləsi aparmışlar. Seminarın sonunda iştirakçılar ekoloji maarifləndirmənin gücləndirilməsi və fərdi ekoloji məsuliyyətin artırılması istiqamətində birgə tədbirlərin keçirilməsinin vacibliyini vurğulamış və gələcəkdə bu mövzuda mütəmadi görüşlərin faydalı olacağını bildirmişlər.

image_print
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
Апрель 2025
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
282930