ADPU-DA MİLLİ QURTULUŞ GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLİB

İyunun 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Müstəqillik tarixinin dönüş nöqtəsi” adlı tədbir keçirilib.

Mərkəzin əməkdaşı Tərlan Ağayevin aparıcılıq etdiyi tədbir Ulu Öndərin və Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Giriş nitqi ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov Milli Qurtuluş Gününün müasir Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutduğunu vurğulayıb. Rektor bildirib ki, 1993-cü ilin 15 iyunu Azərbaycan üçün yalnız hakimiyyət dəyişikliyi deyildi, həm də dağılmaq təhlükəsi ilə üz-üzə qalmış dövlətin yenidən ayağa qalxması, xalqın sabaha inamının bərpası və müstəqilliyin dönməz xarakter alması baxımından dönüş nöqtəsi idi.

C.Cəfərov qeyd edib ki, dövlət müstəqilliyinin bərpasından sonrakı ilk illərdə Azərbaycan ağır hərbi, siyasi və iqtisadi sınaqlarla üzləşmişdi. Ermənistanın hərbi təcavüzü, daxili siyasi qarşıdurmalar, idarəçilik böhranı və vətəndaş müharibəsi təhlükəsi ölkənin gələcəyini ciddi sual altına almışdı. Belə bir şəraitdə xalq çıxış yolunu böyük dövlətçilik təcrübəsinə, siyasi iradəyə və qətiyyətə malik Ümummilli Lideri yenidən hakimiyyətə dəvət etməkdə gördü.

Natiq bildirib ki, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra alovlanmaqda olan vətəndaş müharibəsinin qarşısı alındı, ictimai-siyasi sabitliyin əsasları yaradıldı, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna başlanıldı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu, iqtisadi islahatlara start veriildi, azərbaycançılıq ideyası dövlətçilik düşüncəsində daha da möhkəmləndi.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib. 

Ardınca ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müdiri dosent Dəyanət Musayev “Memarlıq və şəhərsalma məsələləri Heydər Əliyevin diqqət mərkəzində” mövzusunda çıxış edib. Natiq Ulu Öndərin bu sahəyə göstərdiyi müstəsna diqqətdən, onun rəhbərliyi illərində ölkəmizdə tikinti-bərpa və quruculuq işlərinin geniş vüsət almasından danışıb. 

Sonra ADPU-nun Azərbaycan tarixi kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Dilqəm Əhmədov “Azərbaycan Xalq Cümhuriyyətinin irsinə və qurucuların xatirəsinə dərin ehtiram” mövzusunda çıxış edib. D.Əhmədov Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki müstəsna yerindən, Ümummilli Lider Heydər Əliyevin həm Cümhuriyyət irsinə, həm də onu quranların xatirəsinə yüksək diqqət və ehtiramından danışıb.

“Meh” ədəbi dərnəyinin üzvü Könül Babayeva Xalq şairi Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poemasından “Ömrün Heydər zirvəsi” adlı parçanı səsləndirdikdən sonra ADPU Tələbə Gənclər Təşkilatının sədri Elmira Babayeva “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda çıxış edərək Ümummilli Liderin çoxşaxəli fəaliyyətində gənclər siyasətinin müstəsna yer tutduğunu, prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb.

Tədbirin sonunda müğənni Almaz Ələsgərlinin ifasında “Ulu Öndər” mahnısı ekran vasitəsilə təqdim olunub.

image_print
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
Июнь 2026
Пн Вт Ср Чт Пт Сб Вс
1234567
891011121314
15161718192021
22232425262728
2930