ADPK TƏLƏBƏLƏRİNİN HAZIRLADIĞI LAYİHƏ PRAKTİK TƏHSİLİN UĞURLU NÜMUNƏSİNƏ ÇEVRİLİB

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı əmək bazarında yeni bilik və bacarıqlara malik mütəxəssislərə olan tələbatı daha da artırır. Məhz belə bir şəraitdə təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdən biri tələbələrin yalnız nəzəri biliklərə deyil, eyni zamanda praktik peşə bacarıqlarına yiyələnməsini təmin etməkdir. Xüsusilə kompüter şəbəkələri, informasiya təhlükəsizliyi və rəqəmsal texnologiyalar sahəsində təhsil alan gənclərin real layihələr üzərində işləməsi onların gələcək peşə fəaliyyətinə hazırlanmasında mühüm rol oynayır. Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda, eləcə də ölkədə həyata keçirilən rəqəmsal transformasiya siyasətində innovativ düşüncəyə malik, müasir texnologiyaları mənimsəmiş və praktik bacarıqlarla silahlanmış kadrların hazırlanması prioritet istiqamətlərdən biri kimi müəyyən olunub. Təhsil müəssisələrində layihə əsaslı fəaliyyətin təşviqi də məhz bu məqsədə xidmət edir.

Bu baxımdan Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK) “Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı” ixtisası üzrə təhsil alan KŞŞİ 23/03 qrupunun tələbələri tərəfindən hazırlanmış “3 mərtəbəli inzibati binanın şəbəkə topologiyası” layihəsi diqqət çəkən təşəbbüslərdən biri kimi qiymətləndirilə bilər.

Layihə Azərbaycan Dövlət Pedaqoji Kollecinin Riyaziyyat-informatika fənn birləşməsinin sədri və təcrübə rəhbəri Nüşabə Seyidin təşəbbüsü ilə pilot layihə kimi həyata keçirilib. Layihənin əsas məqsədi tələbələrin auditoriyada əldə etdikləri nəzəri bilikləri praktik fəaliyyətlə əlaqələndirmək, onların peşə səriştələrini inkişaf etdirmək və müasir informasiya texnologiyaları sahəsində tətbiqi bacarıqlarını formalaşdırmaq olub. Layihənin hazırlanması üçün tələbələr arasında iş bölgüsü aparılıb və hər bir iştirakçı müəyyən istiqamət üzrə fəaliyyət göstərib. İş prosesində üçmərtəbəli inzibati bina üçün müasir standartlara uyğun şəbəkə infrastrukturu layihələndirilib, şəbəkənin fiziki və məntiqi strukturu hazırlanıb, təhlükəsizlik mexanizmləri nəzərdə tutulub və müxtəlif texniki həllər işlənib.

Layihə rəhbəri Zərbəliyev Mehdi tərəfindən şəbəkə topologiyasının ümumi çertyoju hazırlanıb, istifadə olunacaq avadanlıqların siyahısı müəyyənləşdirilib və layihənin koordinasiyası həyata keçirilib. Digər tələbələr tərəfindən şəbəkə təhlükəsizliyi, firewall sistemləri, IP ünvanlaşdırılması, şəbəkə avadanlıqlarının konfiqurasiyası, videomüşahidə sistemləri, biometrik giriş texnologiyaları, məlumat ötürmə kanalları və rabitə sistemləri üzrə araşdırmalar aparılıb. Layihənin vizual hissəsi çərçivəsində inzibati binanın üçölçülü modeli hazırlanaraq şəbəkə infrastrukturunun yerləşdirilməsi əyani şəkildə təqdim olunub. Hazırlanmış modeldə server və şəbəkə avadanlıqlarının yerləşdirilməsi, mərtəbələrarası əlaqələrin təşkili, IP müşahidə kameralarının inteqrasiyası, biometrik girişə nəzarət sistemləri və şəbəkənin təhlükəsizliyinin təmin olunması ilə bağlı həllər öz əksini tapıb. Bu isə tələbələrə real iş mühitinə yaxın şəraitdə layihələndirmə və sistem quruculuğu təcrübəsi qazandırıb. Layihənin əhəmiyyətli cəhətlərindən biri də onun yalnız texniki nəticə ilə məhdudlaşmamasıdır. Layihə üzərində işləyən tələbələr komanda fəaliyyəti, vaxtın idarə olunması, problemlərin təhlili, qərar qəbul etmə, təqdimat və layihə idarəetməsi kimi müasir əmək bazarında xüsusi əhəmiyyət daşıyan bacarıqları da inkişaf etdiriblər.

Layihənin uğurla həyata keçirilməsində Azərbaycan Dövlət Pedaqoji Kollecində yaradılmış tədris mühiti və innovativ təşəbbüslərə verilən dəstək mühüm rol oynayıb. Kollecin direktoru Amalya Sezgin Mahal qızının rəhbərliyi ilə tələbələrin layihə əsaslı fəaliyyətə cəlb olunmasına, onların müasir texnologiyalar üzrə bacarıqlarının inkişaf etdirilməsinə və yaradıcılıq potensiallarının üzə çıxarılmasına xüsusi diqqət yetirilir. Mütəxəssislərin fikrincə, bu kimi layihələr təhsilalanların nəzəri biliklərini praktik fəaliyyətlə birləşdirərək onların peşəkar hazırlığını gücləndirir, əmək bazarının tələblərinə uyğun kompetensiyaların formalaşmasına şərait yaradır və gələcəyin rəqabətqabiliyyətli mütəxəssislərinin yetişdirilməsinə töhfə verir.

“3 mərtəbəli inzibati binanın şəbəkə topologiyası” layihəsi tələbələrin innovativ düşüncə, texniki yaradıcılıq və peşə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən uğurlu təşəbbüslərdən biri olmaqla yanaşı, təhsildə praktikyönümlü yanaşmanın səmərəli nəticələrini nümayiş etdirən nümunə kimi də diqqət çəkir.

CBGANx2.jpg CBGAei7.jpg CBGAOVS.jpg
image_print
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
Июнь 2026
Пн Вт Ср Чт Пт Сб Вс
1234567
891011121314
15161718192021
22232425262728
2930