Şəhərləri gözəlləşdirən yalnız uca binalar, geniş küçələr, müasir memarlıq nümunələri deyil. Şəhərə ruh verən onun işıqları, insanlara yaratdığı rahatlıq və gələcəyə yönələn inkişafıdır. Bəs gələcəyin şəhərlərini kimlər quracaq? Onların memarları, mühəndisləri, yaradıcı düşüncə sahibləri necə yetişəcək? Əslində, bu sualların cavabı elə bugünkü məktəbəqədər təhsildən başlayır. Uşaqlıq dövrü insan həyatının ən həssas, eyni zamanda ən yaradıcı mərhələsidir. Bu yaşlarda uşağa verilən hər bir imkan, yaradılan hər bir şərait onun gələcək dünyagörüşünün formalaşmasına təsir göstərir.
Məhz buna görə müasir məktəbəqədər təhsil artıq yalnız öyrətmək deyil, düşündürmək, araşdırmağa sövq etmək, yaratmaq, qurmaq və kəşf etdirmək missiyasını daşıyır. 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu baxımdan məktəbəqədər təhsil müəssisələrində də maraqlı və yaradıcı fəaliyyətlərin təşkilinə geniş imkan açır. Bu mövzunun uşaqlara erkən yaşlardan aşılanması onların yaşadıqları şəhərə, ətraf mühitə və ictimai məkanlara münasibətlərinin formalaşmasına xidmət edir. Məhz bu ideyadan çıxış edərək böyük qrupda Təsviri fəaliyyət məşğələsində “Fənər düzəltmək” mövzusunda açıq məşğələ keçirdim.
İlk baxışda sadə görünən bu fəaliyyətin arxasında daha geniş bir pedaqoji məqsəd dayanırdı: uşaqlara şəhərin gözəlliyində işığın rolunu anlatmaq, onları düşündürmək və öz ideyalarını həyata keçirməyə həvəsləndirmək. Məşğələnin başlanğıcında kompüter və proyektor vasitəsilə Sumqayıt şəhərinin gecə görüntüsünü uşaqların diqqətinə təqdim etdim. Ekranda tanış şəhərin qaranlıq mənzərəsi canlandıqda onlara belə bir sual ünvanladım: “Şəhərimizə nə olub? Niyə hər yer qaranlıqdır?” Bu sual uşaqların düşüncəsində kiçik bir problem yaratdı. Onlar gördüklərini təhlil etməyə, öz fikirlərini söyləməyə və çıxış yolu axtarmağa başladılar.
Beləcə, məşğələ adi bir təsviri fəaliyyət çərçivəsindən çıxaraq araşdırma və yaradıcı düşüncə mühitinə çevrildi. Müasir təhsilin əsas üstünlüyü də məhz bundadır: uşağa hazır cavab vermək əvəzinə, onu cavab axtarmağa istiqamətləndirmək. Məşğələdə STEAM yanaşmasının tətbiqi bu məqsədin reallaşmasında mühüm rol oynadı. Elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatı özündə birləşdirən STEAM modeli uşaqların müxtəlif sahələr üzrə bilik və bacarıqlarını vahid fəaliyyət daxilində inkişaf etdirməyə imkan verir. Burada uşaq sadəcə müşahidəçi deyil, ideya irəli sürən, material seçən, sınaqdan keçirən və nəticə əldə edən kiçik tədqiqatçıya çevrilir. Fənərin hazırlanması prosesində uşaqlar plastik qablardan, rəngli kağızlardan, yapışqandan, qayçıdan və batareyalı LED işıqlardan istifadə etdilər. Sarı, narıncı və qırmızı rəngli kağızlardan alov formasında hissələr hazırlayaraq onları qabın üzərinə yerləşdirdilər. Daha sonra fənərin dəstəyini düzəltdilər və daxilinə LED işıq yerləşdirdilər. Adi materialların uşaqların əlində gözəl bir fənərə çevrilməsi isə yaradıcılığın nə qədər böyük imkanlara malik olduğunu bir daha nümayiş etdirdi.
Bu fəaliyyət zamanı STEAM-ın müxtəlif istiqamətləri öz əksini tapdı: işıq və qaranlıq anlayışları elmi düşüncəyə, kompüter və proyektor texnologiyaya, fənərin qurulması mühəndisliyə, rəng və forma seçimi incəsənətə, ölçü və ardıcıllıqla iş isə riyazi düşüncəyə əsaslandı. Burada diqqət çəkən əsas məqam uşaqların yalnız gözəl bir əl işi hazırlaması deyildi. Əsas olan onların düşünməsi, qərar verməsi, əl bacarıqlarını tətbiq etməsi və öz əməyinin nəticəsini görməsi idi. Çünki yaradıcı təhsil uşağa yalnız nəyi hazırlamağı deyil, necə düşünməyi də öyrədir. Təbii ki, müasir texnologiyaların təlim prosesinə gətirilməsi də xüsusi əhəmiyyət daşıyır. Kompüter və proyektor artıq sadəcə nümayiş vasitəsi deyil, düzgün istifadə edildikdə uşağın təxəyyülünü hərəkətə gətirən, onu mövzuya cəlb edən və öyrənməni daha əyani edən pedaqoji vasitələrdir.
Lakin unutmamalıyıq ki, texnologiyanın məqsədi müəllimi əvəz etmək deyil, onun yaratdığı öyrənmə mühitini daha zəngin və səmərəli etməkdir. Mənə görə, məktəbəqədər təhsildə ən böyük uğur uşağın məşğələdən yalnız öyrəndiyi məlumatla deyil, özünün kəşf etdiyi yeni bir fikirlə ayrılmasıdır. Onun hazırladığı kiçik bir fənər bəlkə də gələcəkdə quracağı böyük layihələrin ilk addımıdır. Bu gün uşaqlarımıza yaradıcılıq üçün şərait yaratmaq, onları araşdırmağa həvəsləndirmək, müasir texnologiyaların imkanlarından düzgün istifadə etməyi öyrətmək sabahın inkişaf etmiş cəmiyyətinin təməlinə qoyulan ən dəyərli sərmayədir. Axı gələcəyin şəhərləri yalnız layihələrdə və memarlıq eskizlərində qurulmur. Onların təməli bu gün düşünən, öyrənən, yaradan və xəyallarını gerçəkləşdirməyə çalışan uşaqların dünyasında qoyulur. Bəlkə də bu gün balaca əllərdə yanan bir fənər sabah böyük bir şəhərin işığına çevriləcək…
Bayramova Kəmalə
Sumqayıt şəhəri 26 saylı körpələr evi — uşaq bağçasının tərbiyəçi-müəllimi


Oxşar xəbərlər
-
18 OKTYABR – MÜSTƏQİLLIİYİN BƏRPASI GÜNÜ: TARİXİ FAKTLAR VƏ DÖVLƏTÇİLİK ƏNƏNƏLƏRİ
-
MÜƏLLİM – CƏMİYYƏTİN İNTELLEKTUAL VƏ MƏNƏVİ İNKİŞAFININ MEMARI
-
27 SENTYABR ANIM GÜNÜ: TARİX, YADDAŞ VƏ MİLLİ BİRLİK
-
20 SENTYABR — DÖVLƏT SUVERENLİYİ VƏ EKOLOJİ TƏHLÜKƏSİZLİK
-
JOSE SARAMAQONUN GÜZGÜSÜNDƏ BƏŞƏRİYYƏT: “KORLUQ” ROMANI VƏ MƏNƏVİ DEQRADASİYA
