Ailə qurulduğu gün nikah masası arxasında iki nəfər əyləşsə də, onların hər biri yeni həyata uşaqlıqdan aldığı tərbiyəni, ailədə gördüyü qadın və kişi modelini, məsuliyyət və münasibət anlayışını da özü ilə gətirir. Qız və oğlan uşaqlarının tərbiyəsində yol verilən, bəzən isə valideynlərin sevgi və qayğı hesab etdiyi səhvlər illər sonra onların həyat yoldaşı seçiminə, ailədaxili münasibətlərinə və nikahda üzərinə götürdükləri rollara təsir göstərə bilər. Bəs ana tərbiyəsi gələcək ailə həyatında hansı izləri buraxır və qızla oğlan böyüdərkən valideynlər ən çox harada yanılırlar? “Pedaqoq.az” jurnalı “Ana tərbiyəsi gələcək nikaha necə təsir edir? Qız və oğlan böyüdərkən edilən səhvlər” mövzusunda 7 ildən çox uşaq və yeniyetmələrlə iş təcrübəsinə malik psixoloq Aysu Əliyevaya müraciət etdik.
— Aysu xanım, əvvəlcə sizi salamlayırıq. Gəlin məsələnin lap kökündən başlayaq. Biz övlad böyüdərkən, əslində, yalnız uşaq böyütmürük. Gələcəyin ərini, həyat yoldaşını, gəlinini, kürəkənini, ata və anasını da yetişdiririk. Amma ailə dağılanda səbəbləri adətən nikahın içində axtarırıq: xasiyyətləri tutmadı, qayınana qarışdı, kişi məsuliyyətsiz oldu, qadın dözmədi… Bəlkə bəzi boşanmaların görünməyən başlanğıcı toy günündən 20–25 il əvvələ — həmin insanların aldıqları ailə tərbiyəsinə gedib çıxır?
— Sizə də salam olsun. Bəli, bəzi boşanmaların görünməyən başlanğıcı həqiqətən də nikahdan illər əvvələ gedib çıxa bilər. Uşaq ailədə sevgini, konfliktin necə həll edildiyini, sərhədləri, məsuliyyəti və qadın-kişi münasibətini müşahidə edərək öyrənir. Sonradan qurduğu ailədə isə çox vaxt şüurlu şəkildə seçmədiyi bu modelləri təkrarlayır.
Bu, o demək deyil ki, insanın taleyi uşaqlıqda müəyyənləşir. Sadəcə, ailə tərbiyəsi gələcək münasibətlər üçün ilkin psixoloji «proqramı» formalaşdırır. Yetkinlikdə insan həmin proqramı fərq edib dəyişə bilər.
— Gəlin bir ev təsəvvür edək: biri qız, biri oğlan, ikisini də eyni ana böyüdür. Qıza deyilir: “Qardaşının yeməyini çək”, “çay gətir”, “sabah gəlin gedəcəksən, bunları bilməlisən”. Oğlana isə bəzən heç öz boşqabını mətbəxə aparmaq öyrədilmir. Sonra bu iki uşaq böyüyür. Qız başqa evə gəlin gedir, oğlan da evlənir. Ana qızının ərindən onunla iş bölüşməyi gözləyir, amma öz oğlunun həyat yoldaşından oğluna qulluq etməsini… Biz bir evin içində bir-birinə tamamilə zidd iki ailə modeli yetişdirmirikmi?
— Bəli, əslində biz eyni evdə böyüyən iki uşağa tamamilə fərqli ailə modeli öyrədirik. Qıza uşaqlıqdan “qardaşına yemək çək”, “çay gətir”, “ev işlərini öyrən, sabah gəlin gedəcəksən” deyirik. Oğlana isə bəzən öz boşqabını belə yığmağı öyrətmirik. Sonra həmin uşaqlar böyüyür. Qız evlənəndə ərindən onunla ev işlərini bölüşməsini gözləyirik. Oğlan evlənəndə isə həyat yoldaşının ona qulluq etməsini normal qəbul edirik. Beləliklə, fərqinə varmadan bir uşağa “ailədə tərəfdaş ol”, digərinə isə “sənə xidmət edilsin” mesajı veririk. Məsələ əslində qızın və ya oğlanın nə etməli olması deyil. Məsələ odur ki, ev işi və qayğı cinsin yox, məsuliyyətin məsələsidir.
— Aysu xanım, bəs “gözlənti” məsələsi ilə bağlı nə deyə bilərsiniz? Bilirik ki, gözləntilər sosial münasibətlərdə çox mühüm rol oynayır. İnsan qarşısındakı şəxsi bəzən fərqinə varmadan emosional və sosial öhdəliklərlə “yükləyir”: sən belə olmalısan, bunu etməlisən, mənə qarşı belə davranmalısan… Maraqlıdır ki, bəzi anaların öz qızından gözləntiləri ilə gəlinindən gözləntiləri arasında böyük uçurum yaranır. Qızından əsas gözləntisi “xoşbəxt ol” olduğu halda, gəlinindən “ailəyə uyğunlaş, səbir et, evi idarə et, oğluma yaxşı bax” gözlənilir. Belə ana gəlini ayrıca şəxsiyyət kimi qəbul edir, yoxsa şüurunda əvvəlcədən yazdığı “gəlin rolu”nun icraçısını axtarır?
— Burada əsas məsələ gözləntinin özündən çox, gözləntinin kimə və hansı rola görə formalaşmasıdır. Bəzi analar öz qızına “xoşbəxt ol” deyərkən, gəlininə “ailəyə uyğunlaş, səbr et, evə və oğluma yaxşı bax” mesajı verir. Bu zaman gəlin artıq ayrıca bir şəxsiyyət kimi deyil, müəyyən bir “gəlin rolu” ilə qiymətləndirilə bilər. Psixoloji baxımdan bu, münasibətdə ciddi təzyiq yaradır. Çünki insandan onun kim olduğuna görə yox, ona əvvəlcədən verilmiş rola uyğun davranması gözlənilir. Sağlam münasibətdə isə gəlin də, qız da ilk növbədə öz seçimləri, sərhədləri, ehtiyacları və şəxsiyyəti olan bir fərddir. Heç kim başqasının gözləntilərini yerinə yetirmək üçün ailəyə daxil olmur.
— Bir az da sərt misal çəkim. Ana qızına deyir: “Qoy yatsın, yaman yorulub”, yüngül şeylər qaldıranda da, onu ağır hesab edib “Ağır şeyi qaldırma, sən qızsan”, “Bu qədər iş görmə, özünü üzmə”. Amma gəlin səhər bir az gec qalxanda həmin mərhəmətli qadının leksikonu birdən dəyişir: “Gəlin günortaya qədər yatmaz”, “Evin işi var”, “Bizim vaxtımızda belə deyildi…” (gülür) Aysu xanım, qadının içindəki bu iki fərqli “ana” haradan yaranır? Öz qızının yorğunluğunu görən göz gəlinin yorğunluğunu niyə görmür?
— Hesab edirəm ki, burada qadının içində iki “ana” yaranmır. Əslində, bir ana var, amma iki fərqli münasibət modeli var. Öz qızına baxanda onun qarşısındakı insanı görür: “Yorulub, inciməsin, özünü üzməsin.” Amma gəlininə baxanda bəzən insanı yox, “gəlin” rolunu görür. Yəni onun fərdi ehtiyacları, yorğunluğu, sərhədləri ikinci plana keçir və “evin işi”, “gəlinin məsuliyyəti”, “bizim vaxtımızda belə idi” kimi qəliblər önə çıxır...
— …və burada çox maraqlı bir psixoloji mexanizm var: insan öz çəkdiyi əziyyəti bəzən ədalət kimi təqdim edir. “Mən də gəlin olanda səhər tezdən qalxmışam, mən də iş görmüşəm, mən də yorulmuşam” deyə düşünür. Halbuki sağlam düşüncə bunun əksini tələb edir: “Mən əziyyət çəkmişəmsə, deməli, məndən sonrakı qadın da çəkməlidir” yox, “mən əziyyət çəkmişəmsə, qoy o çəkməsin”. Ən ağrılı tərəfi də budur ki, qadın öz qızına rəva bilmədiyi münasibəti başqa bir qadına rəva görəndə, əslində patriarxal sistemi özü də bilmədən davam etdirir.
Bir tərəfdən qızına deyir: “Sən qızsan, ağır şey qaldırma.” Digər tərəfdən gəlininə deyir: “Sən gəlinsən, evin işi var.”
— Burada problem gəlinin gec qalxması deyil. Problem ondadır ki, eyni yorğunluğa bir ana tərəfinfən iki fərqli baxış bucağı ilə baxılır. Mən hətta bunu bir az daha sərt deyərdim: bəzən qadın gəlinindən tələb etdiyi fədakarlığı öz qızından tələb etməyə cəsarət etmir. Çünki qızının gözündə pis ana olmaqdan qorxur. Gəlinin gözündə isə pis qayınana olmaqdan o qədər də qorxmur.
Ona görə də məsələ sadəcə “qayınana-gəlin problemi” deyil. Bu, qadının digər qadına necə baxması, gücünü necə bölüşdürməsi və öz keçmiş ağrısını növbəti nəslə ötürüb-ötürməməsi problemidir.
Və məncə, hər bir qadın özünə bir dəfə bu sualı verməlidir: “Mən qızımı qoruduğum qədər başqa bir qadını da qorumağı bacarırammı?”
Çünki əsl mərhəmət yalnız öz övladına göstəriləndə mərhəmət deyil. Əsl xarakter insanın sənə heç bir qohumluğu olmayan qadına necə davrandığında görünür.
— Başqa bir səhnə yəqin ki, çoxlarına tanış gələcək. Qızı yemək bişirməyi yaxşı bacarmır. Qayınanası qıza “Anan sənə heç nə öyrətməyib?” desə, ana haqlı olaraq inciyəcək: “Mənim qızımı aşpaz kimi almamısınız!” Amma həmin qadının öz gəlini dolmanı, plovu və ya adi bir yeməyi yaxşı hazırlaya bilməyəndə ilk sualı bəzən bu olur: “Anası buna nə öyrədib?” Hətta telefon açıb gəlinin anasına irad bildirənlər də var. İndi mən psixoloqdan soruşum: insan öz qızına yönələndə təhqir hesab etdiyi davranışı gəlininə yönəldəndə necə “tərbiyə vermək” kimi qəbul edə bilir? Bu ikili standart insanın şüurunda necə legitimləşir?
Burada artıq söhbət sadəcə ikili standartdan getmir. Burada insanın öz davranışına verdiyi adla başqasının eyni davranışına verdiyi ad arasındakı fərqdən gedir.Öz qızına deyiləndə «Anan sənə heç nə öyrətməyib?» cümləsini ana təhqir kimi qəbul edir. Çünki həmin cümlə onun analıq kimliyinə toxunur. Şüuraltında bunu belə eşidir: «Sən yaxşı ana olmamısan, qızını tərbiyə etməmisən«.
Amma eyni cümləni gəlinin anasına yönəldəndə artıq özünü təhqir edən tərəf kimi yox, “düzgünlük tələb edən”, “gəlinə tərbiyə verən”, hətta “ailənin səviyyəsini qoruyan” tərəf kimi görür.
İnsan öz davranışını niyyətinə görə qiymətləndirir: “Mən pislik etmirəm, öyrədirəm.” Amma qarşı tərəfin davranışını nəticəsinə görə qiymətləndirir: “O belə etdi, deməli, tərbiyəsizdir.”
Məsələn, qız yemək bişirməyi bacarmayanda deyirik: “Öyrənər, vaxtı var.” Gəlin bacarmayanda isə: “Anası niyə öyrətməyib?” Çünki birinci halda qarşımızdakı insan övladımızdır, ikinci halda isə bizdən gözləntiləri olan “gəlin”dir.
Əslində isə burada çox ciddi bir yanlış təsəvvür var: evlilik qadını xidmət göstərən, hər şeyi bilən və hər şeyi bacaran hazır bir paketə çevirmir.
Gəlinin plov bişirməyi bilməməsi onun anasının pis ana olduğunu göstərmir. Eyni şəkildə, bir kişinin ütü, yemək və ya ev işi bilməməsi də atasının ona “heç nə öyrətmədiyini” göstərmir. Məncə, “Anası sənə nə öyrədib?” cümləsi çox təhlükəli cümlədir. Çünki söhbəti konkret bacarıqdan çıxarıb ananın şəxsiyyətinə və tərbiyəsinə hücuma çevirir.
Əgər məqsəd həqiqətən öyrətməkdirsə, öyrətmək mümkündür. “Gəl, bunu belə edək, mən sənə göstərim” demək tərbiyədir. Amma “Anan sənə heç nə öyrətməyib?” demək artıq tərbiyə deyil, utandırmaqdır.Və ən maraqlısı budur: insan bunu çox vaxt pis niyyətlə etdiyini düşünmür. Çünki şüurunda özünə belə bir haqq verib: “Mən böyüyəm, mən bilirəm, mən düzəldirəm.”
Amma yaş və ailədəki status heç kimə başqa bir qadını alçaltmaq hüququ vermir. Mən bunu bir cümlə ilə belə ifadə edərdim:
Qızımıza “öyrənər” dediyimiz yerdə gəlinə “anan öyrətməyib” deyiriksə, problem gəlinin bacarığında deyil — bizim baxışımızdadır.
Çünki tərbiyə verməklə alçaltmaq arasındakı sərhəd çox sadədir: qarşı tərəfin ləyaqətini qoruyaraq öyrədirsənsə, tərbiyədir; onu utandıraraq üstünlük qazanırsansa, bu artıq tərbiyə deyil, psixoloji təzyiqdir.
— Yaxşı, əgər bunu həmin qadına başqa cür göstərsək necə? Məsələn, “sabah qızınızın qayınanası sizin gəlininizlə davrandığınız kimi qızınızla davransa, razı qalarsınız?” Yəqin çoxlarının cavabı dərhal “yox” olacaq. Bəs insan başqasına tətbiq etdiyi davranışı öz doğmasına rəva görmürsə, daxilən onun ədalətsiz olduğunu bilmirmi?
— Bəli, əslində insanın daxilində bunun ədalətsiz olduğunu bilən tərəf var. Sadəcə bilmək başqa şeydir, bunu özünə etiraf etmək başqa. Siz həmin qadına desəniz ki, “Sabah qızınızın qayınanası sizin gəlininizlə davrandığınız kimi qızınızla davransa, razı qalarsınız?” — çox güman ki, dərhal “xeyr” deyəcək.
Çünki söhbət qızına gələndə “tərbiyə” sözü yox olur, onun yerinə “təzyiq”, “haqsızlıq”, “hörmətsizlik” gəlir. Burada insan bəzən eyni davranışa fərqli ad qoyaraq özünü haqlı çıxarır: qızına ediləndə zülm, gəlininə ediləndə tərbiyə.Amma sağlam meyar çox sadədir: “Bu mənim qızımdır, yoxsa gəlinimdir?” yox, “Mənim etdiyim doğrudurmu?”Çünki qızımıza rəva bilmədiyimiz bir davranışı başqa bir qadına rəva görürüksə, problem artıq gəlinin davranışında deyil, bizim ədalət anlayışımızdadır.
“Qızınıza ediləndə zülm, gəlininizə ediləndə tərbiyədirsə, problem davranışda yox, sizin meyarınızdadır.”
— Bir başqa paradoks da var. Qızının əri ev işlərində ona kömək edəndə ana sevinir: “Maşallah, qızıma əl tutur”. Öz oğlu həyat yoldaşı ilə qab yuyanda, uşağa baxanda, evi yığışdıranda isə bəzən eyni qadın narahat olur: “Gəlin oğlumu işlədib…” (gülür) Başqasının oğlunun qızımıza etdiyi işi “qayğı”, öz oğlumuzun gəlinimizə etdiyini niyə “arvadın sözünə baxmaq” kimi görə bilirik?
— Çünki burada da problem davranışda deyil, davranışa verdiyimiz mənadadır.
Qızımızın əri ev işinə kömək edəndə bunu “qayğı” kimi görürük. Amma öz oğlumuz eyni işi görəndə “oğlumu işlədirlər” deyirik. Halbuki hər iki halda ortada eyni şey var: ailə içində məsuliyyətin bölüşdürülməsi.Burada çox vaxt köhnə bir gender düşüncəsi işləyir: “Ev işi qadının işidir, kişi kömək edirsə, bu onun yaxşılığıdır.” Amma kişi evin bir parçasıdırsa, uşağın atasıdırsa, o, ev işinə “kömək etmir” — öz məsuliyyətini bölüşür. Ən maraqlısı da budur ki, insan qızının rahatlığını qorumaq istəyərkən başqa bir qadının rahatlığını oğlunun hesabına görməyə başlayır.
Məncə, çox sadə bir güzgü sualı var: “Qızınızın ərinin etdiyi işi qayğı adlandırırsınızsa, oğlunuzun etdiyi eyni işi niyə istismar hesab edirsiniz?”
Əgər cavab verə bilmiriksə, deməli, problem gəlinin tələbində deyil, bizim oğul və qadın rolları haqqında köhnə təsəvvürlərimizdədir.
Və ən sağlam mövqe də məhz elə budur: oğul arvadına kömək etmir, əksinə — öz ailəsinə sahib çıxır.
— Cəmiyyətdə məşhur bir cümlə də var: “Oğlan uşağıdır…” Otağını yığmır — oğlandır. Yemək hazırlamır — oğlandır. Gec gəlir — oğlandır. Məişət məsuliyyəti daşımır — evlənəndə arvadı edər. Bəs həmin “oğlandır” dediyimiz uşaq 25-30 yaşında ər olanda onun həyat yoldaşı hansı möcüzə ilə məsuliyyətli kişi ilə qarşılaşmalıdır? Ananın sevgisi bəzən oğlunu qorumaq adı altında onun gələcək nikahına ən böyük pisliyi edə bilərmi? Çünki, qız uşağına isə tam əks mesaj verilir: “Sən qızsan”, “sabah gəlin gedəcəksən”, “bir az səbirli ol”, “ailəni qadın saxlayır”. Yəni oğlana məsuliyyətdən azadlıq, qıza isə artıq məsuliyyət… Sonra bu iki insan ailə quranda biri “niyə hər şeyi mən etməliyəm?”, digəri “niyə etmirsən?” deyirsə, bu mübahisənin müəllifi həqiqətən yalnız ər-arvaddırmı?
Bəli, burada çox ciddi bir məqam var. Uşağı qorumaq adı ilə onun edə biləcəyi hər şeyi onun yerinə etmək, əslində, gələcəkdə ona yaxşılıq etməyə də bilər. Oğlana “oğlandır, qoy etsin” deyib məsuliyyətdən azadlıq vermək, qıza isə “sən qızsan, bunları bilməlisən” deyib yük vermək sağlam yanaşma deyil. Ev işi də, məsuliyyət də, qayğı da cinsiyyətlə müəyyən olunmamalıdır.
Əgər oğlan uşaqlıqdan öz otağını yığmırsa, yemək hazırlamırsa, evin işində iştirak etmirsə və hər dəfə onun yerinə kimsə edirsə, 25-30 yaşında birdən-birə məsuliyyətli həyat yoldaşına çevrilməsini gözləmək real deyil. Amma burada məqsəd ananı günahlandırmaq da deyil. Çox vaxt ana bunu sevgidən edir: “Oğlum yorulmasın, mən edərəm.” Sadəcə, sevgi ilə edilən hər şey inkişaf etdirici olmaya bilər. Eyni şəkildə qıza “ailəni qadın saxlayır” mesajını vermək də düzgün deyil. Belə böyüyən qadın sonradan münasibətdə öz üzərinə lazım olduğundan artıq yük götürə bilər. Əslində uşağa öyrədilməli olan çox sadə bir şeydir: “Sən oğlansan” və ya “sən qızsan” yox, “sən bu ailənin üzvüsən və sənin də məsuliyyətlərin var.”
Çünki sağlam ailə birinin xidmət etdiyi, digərinin isə xidmət aldığı münasibət deyil. İki yetkin insanın birlikdə məsuliyyət daşıdığı tərəfdaşlıqdır.
— Aysu xanım, bəzi anaların “mən də gəlin olmuşam” arqumenti də çox maraqlıdır. “Mən də səhər tezdən durmuşam”, “Mən də qayınanama qulluq etmişəm”, “Mən də dözmüşəm…” Burada bir az qəribə ədalət anlayışı yaranmırmı? İnsan vaxtilə əziyyət çəkibsə, bunun növbəti qadının əziyyət çəkməməsi üçün səbəb olması daha məntiqli görünür. Amma bəzən əksinə olur: mən çəkmişəm, sən də çəkməlisən. İnsan öz ağrısını niyə başqasının azadlığına yox, başqasının da eyni ağrını yaşamasına əsas kimi istifadə edir?
Məncə, burada bir az “mən çəkmişəmsə, deməli bu, belə olmalıdır” düşüncəsi var. İnsan bəzən yaşadığı əziyyətin mənasını tapmaq üçün onun davam etməsinə ehtiyac duyur. Çünki “mən bunları boş yerə yaşamışam” fikrini qəbul etmək ağır ola bilər.
“Mən də çəkmişəm, sən də çəkməlisən” əslində ədalət deyil, nəsillərarası ağrının ötürülməsidir. Halbuki sağlam yanaşma belə olardı: “Mən bunları yaşamışam, bilirəm nə qədər çətindir və istəyirəm sən mənim yaşadıqlarımı yaşama.”
Bir də burada gəlinə qarşı olan münasibətlə yanaşı, qadının öz dəyərini yalnız fədakarlıq üzərindən müəyyən etməsi məsələsi var. Sanki nə qədər çox dözürsənsə, bir o qədər yaxşı qadınsan. Bu isə sağlam deyil. Əslində bir nəslin qazandığı ən böyük uğur özündən sonrakı nəslin eyni ağrıları yaşamamasıdır. Sənin çəkdiyin əziyyət qızının və ya gəlininin də əziyyət çəkməsi üçün səbəb yox, məhz onların daha rahat yaşaması üçün bir dərs olmalıdır.
— Baxın, ər evinə gələn gəlin sanki görünməz bir iş müsahibəsinə qəbul olunur: yaxşı yemək bişirəcəkmi, evi səliqəli saxlayacaqmı, qonağı qarşılayacaqmı, böyüklərə hörmət edəcəkmi, oğlumuza yaxşı baxacaqmı… Siyahı uzandıqca uzanır. Bəs oğlan üçün siyahı hanı? Yaxşı ər olacaqmı? Qadını incidəndə üzr istəməyi bacaracaqmı? Məişət yükünü bölüşəcəkmi? Həyat yoldaşının valideynlərinə hörmət edəcəkmi? Onu öz ailəsinin qarşısında müdafiə edə biləcəkmi? Niyə gəlinliyə namizədi imtahan edirik, amma ərliyə namizəd sanki imtahansız qəbul olunur? Sizcə, gəlinlər məhz buna görə qaynanalı-qaynatalı evə gəlin gəlmək istəmir?
— Məncə, məsələyə nə yalnız “qayınana günahkardır”, nə də “gəlin haqlıdır” prizmasından baxmaq lazımdır. Əsas problem odur ki, biz çox vaxt gəlin üçün uzun bir “tələblər siyahısı” hazırlayırıq, amma oğlan üçün eyni sualları vermirik: məsuliyyətlidirmi, məişəti bölüşürmü, hörmət edir, üzr istəməyi bacarırmı, həyat yoldaşının sərhədlərini qoruyurmu?
Digər tərəfdən, hər ailənin öz dəyərləri və gözləntiləri ola bilər. Problem gözləntinin özündə yox, onun birtərəfli olmasındadır. Evlilik bir insanın digər ailəyə uyğunlaşması deyil, iki yetkin insanın birlikdə yeni ailə qurmasıdır.
Ona görə də “bu qız necə gəlin olacaq?” sualından əvvəl “bizim oğlumuz necə ər olacaq?” sualını vermək lazımdır. Və eyni zamanda gənclər də bilməlidir ki, sağlam münasibət üçün yalnız valideynləri günahlandırmaq yox, öz sərhədlərini, məsuliyyətlərini və seçimlərini də müəyyənləşdirmək lazımdır.Nəticədə nə yaxşı gəlin, nə də yaxşı oğul ailəni təkbaşına xilas edir. Ailəni iki məsuliyyətli, yetkin və bir-birinə hörmət edən insan qurur.
— Burada analara bir az “təhlükəli” sual verək (gülərək sual verir). Qızınız evlənəndə necə kürəkən istəyirsiniz? Qızınıza hörmət edən, onun sözünü dinləyən, qayğı göstərən, ev işlərini bölüşən, anasının hər sözünü evinə daşımayan bir kişi, elə deyilmi? Bəs oğlunuzu məhz belə bir kişi kimi yetişdirmisinizmi? Başqa bir anadan yaxşı kürəkən tələb edib öz oğlumuzu yaxşı ər olmağa hazırlamamaq nə dərəcədə ədalətlidir?
— Əslində, bu, analara veriləsi ən vacib suallardan biridir.Çünki hər ana qızına hörmət edən, qayğı göstərən, məsuliyyətli və ev işini bölüşən bir kürəkən istəyir. Amma eyni gözləntini öz oğluna tətbiq etmək bəzən unudulur.
Halbuki ədalət çox sadədir: başqa anadan oğlunuz üçün necə bir gəlin gözləyirsinizsə, öz oğlunuzu da başqa bir qızın necə bir həyat yoldaşına ehtiyacı olduğunu nəzərə alaraq böyütməlisiniz.Oğlunu qorumaq onun hər işini görmək deyil; onu gələcək həyatına hazırlamaqdır. Çünki yaxşı ər təsadüfən formalaşmır, uşaqlıqdan məsuliyyət, hörmət, empatiya və paylaşma öyrənərək yetişir.
Bəlkə də hər ana oğluna bu sualı verməlidir: “Sən sabah başqa bir ananın qızına mənim qızım üçün arzuladığım münasibəti göstərə biləcəksənmi?”
— Bir də — “anamdır” məsələsi var. Oğlan anasının həyat yoldaşına haqsızlıq etdiyini görür, amma “anamdır, nə deyim?” deyib susur. Gəlin özünü müdafiə edəndə isə “anamla belə danışma” deyir. Beləliklə, qadının qarşısında qəribə seçim yaranır: haqsızlığa susmalıdır, çünki qarşısındakı ərinin anasıdır. Psixoloji baxımdan kişinin belə vəziyyətdə susması həqiqətən neytrallıqdırmı, yoxsa susmaqla faktiki olaraq bir tərəfi seçmiş olur?
— Psixoloji baxımdan bu, çox vaxt neytrallıq demək deyil. İnsan haqsızlıq qarşısında susanda, xüsusilə də həmin haqsızlıq həyat yoldaşına qarşı yönəlibsə, susması qarşı tərəfdə “mən təkəm, həyat yoldaşım məni müdafiə etmir” hissi yarada bilər.
Amma burada söhbət ananı qarşısına almaqdan da getmir. Yetkin kişinin vəzifəsi tərəf seçmək yox, sərhəd qoymaqdır. “Sən mənim anamsan, amma həyat yoldaşıma bu şəkildə davranmağın doğru deyil” deyə bilmək həm anaya hörməti, həm də həyat yoldaşına sədaqəti qorumaqdır. Çünki “anamdır” münasibətin izahıdır, amma haqsızlığın bəraəti deyil. Əgər kişi hər dəfə anasını qorumaq naminə həyat yoldaşının sərhədini pozulmağa buraxırsa, zamanla məsələ ana ilə gəlin arasındakı konflikt olmaqdan çıxır və ər-arvad münasibətinin probleminə çevrilir. Əsl yetkinlik ananı seçmək və ya həyat yoldaşını seçmək deyil; hər kəsə öz sərhədini göstərməkdir.
— “Gəlin gələndən oğlum dəyişib…” Bu cümlə də az qala folklor nümunəsinə çevrilib. (gülür) Amma Aysu xanım, insan evlənəndən sonra dəyişməməlidirmi? Artıq həyatında həyat yoldaşı var, sabah uşağı olacaq, yeni məsuliyyətləri yaranacaq. Ana oğlunun həyatında əvvəlki yerinin formasının dəyişməsini qəbul edə bilməyəndə gəlin onun şüurunda “oğlumu əlimdən alan qadın”a çevrilə bilərmi? Burada sevgi ilə sahiblik hissinin sərhədi haradadır?
— Bəli, bu, çox real bir psixoloji prosesdir. Əslində problem gəlinin gəlməsi deyil, ananın oğlunun həyatındakı rolunun dəyişməsini qəbul edə bilməməsidir.
Övlad evlənəndə ana oğlunu itirmir, sadəcə onunla münasibətinin forması dəyişir. Sağlam münasibətdə ana bunu qəbul edir: “Oğlum artıq müstəqil bir ailə qurub və onun həyatında həyat yoldaşının özünəməxsus yeri var.” Amma ana oğlunun həyatındakı əvvəlki mövqeyini qorumağa çalışırsa, gəlin şüuraltı olaraq rəqib kimi qavranıla bilər. Bu zaman “oğlumu məndən aldı”, “oğlum əvvəl belə deyildi”, “gəlin gələndən dəyişdi” kimi fikirlər yaranır.
Burada çox vacib bir fərq var: sevgi “sənin yaxşı olmağını istəyirəm” deyir, sahiblik isə “mənim istədiyim kimi ol” deyir. Ana oğlunu sevirsə, onun seçimlərinə, sərhədlərinə və qurduğu ailəyə hörmət etməyi də bacarmalıdır. Əks halda sevgi kimi görünən davranışın içində nəzarət və itirmək qorxusu ola bilər.
Əlbəttə, oğulun davranışı da dəyişə bilər. Çünki həyat mərhələsi dəyişib, prioritetləri dəyişib, məsuliyyətləri artıb. Bu, mütləq gəlinin təsiri demək deyil. Yetkinləşmək, ailə qurmaq və həyat yoldaşına bağlılıq göstərmək “anasından uzaqlaşmaq” anlamına gəlmir.
Ən sağlam model isə belədir: ana oğlunun həyatındakı yerini qoruyur, amma əvvəlki yerində israr etmir. Çünki övlad böyüdükcə valideynin sevgisi azalmalı deyil, münasibətin forması dəyişməlidir. Bu dəyişiklik qəbul olunmadıqda isə ailədə “kim daha önəmlidir?” mübarizəsi başlayır. Halbuki burada qalib gəlməli olan nə ana, nə də gəlin deyil — münasibətlərin sağlamlığıdır.
— Maraqlıdır, həmin ana öz qızının ərinin də hər qərarı anası ilə verməsini istəyərmi? Qızı desə ki, “Ərim hər söhbətimizi anasına danışır, hər qərarda anasının fikrini soruşur”, çox güman, “bu nə ailədir?” deyə narahat olacaq. Amma öz oğlu hər şeyi ona danışanda bunu “oğlum məni çox istəyir” kimi qəbul edə bilər. Niyə başqa ananın oğlunda emosional asılılıq gördüyümüz davranış öz oğlumuzda ana sevgisinə çevrilir?
— Çünki insan öz münasibətində olan davranışı çox vaxt obyektiv deyil, emosional mövqedən qiymətləndirir. Başqasının ailəsində gördüyümüz davranışa “asılılıq” deyə bildiyimiz halda, öz övladımızda həmin davranışı “yaxınlıq”, “hörmət”, hətta “ana sevgisi” kimi izah edə bilirik.
Burada bir növ ikili standart yaranır. Qızının həyat yoldaşı hər qərarı anası ilə müzakirə edirsə, ana bunu qızının ailə sərhədlərinə müdaxilə kimi görə bilər. Amma eyni davranış öz oğlunda olanda düşünə bilər: “Oğlum məndən heç nə gizlətmir, deməli, mənə çox güvənir.” Halbuki məsələ kimin anası olması deyil, yetkin insanın öz həyatının qərarlarını nə dərəcədə müstəqil verə bilməsidir.
Sağlam ana-oğul münasibətində oğul anasının fikrini soruşa bilər, onunla məsləhətləşə bilər, amma son qərarın məsuliyyətini özü daşıyır. Emosional asılılıqda isə insanın “Mən nə istəyirəm?” sualından əvvəl “Anam bunu necə qarşılayacaq?” sualı gəlir.
Bəzən ana da fərqində olmadan bu sistemin davam etməsinə xidmət edir. Oğul hər məsələdə ona müraciət etdikcə ana özünü vacib, ehtiyac duyulan və əvəzolunmaz hiss edir. Bu hiss çox xoşdur. Ona görə də ana “Mən oğlumun həyatında niyə bu qədər qərarverici olmalıyam?” sualını özünə verməyə bilər.
Əslində isə övladın sizə hər şeyi danışması ilə sizdən icazə almağa ehtiyac duyması eyni şey deyil. Yaxınlıq sağlamdır, asılılıq isə münasibətdə sərhədləri pozur.Və burada çox vacib bir məqam var: ana oğlunun müstəqilliyini qəbul etdikcə onun həyatındakı dəyəri azalmır. Əksinə, münasibət daha sağlam formaya keçir. Ana artıq oğlunun həyatını idarə edən şəxs yox, ehtiyac olduqda müraciət etdiyi güvənli bir insan olur. Məncə, analıqda ən çətin, amma ən sağlam mərhələ də məhz budur: “Mənim övladım mənə ehtiyac duymasa belə, mən onun anasıyam” hissini qəbul etmək.
— Gəlinin geyiminə, işinə, dostlarına, evə gəlmə saatına, uşağını necə böyütməsinə müdaxilə edən ailələr də var. Amma həmin ailənin evli qızına qayınanası eyni şəkildə müdaxilə etsə, “Qızımın öz həyatı var” deyə etiraz ediləcək. “Mənim qızıma qarışmaq olmaz, amma mən gəlinimə deyə bilərəm” düşüncəsinin psixoloji kökündə nə dayanır — hakimiyyət, ailə iyerarxiyası, sahiblik, yoxsa öyrənilmiş ənənə?
— Burada çox vaxt “mənim qızıma olmaz, amma mənim gəlinimə olar” düşüncəsinin arxasında ailə daxilində formalaşmış ikili standart dayanır. İnsan öz qızını müstəqil fərd kimi görür, amma gəlinə münasibətdə onu ailənin qaydalarına uyğunlaşmalı olan biri kimi qəbul edir. Bunun psixoloji kökündə ilk növbədə hakimiyyət və nəzarət ehtiyacı ola bilər. Xüsusilə ailədə “böyük deyibsə, belə olmalıdır” prinsipi güclüdürsə, yaşca böyük olmaq avtomatik olaraq daha çox söz haqqı kimi qəbul edilir. Gəlin də həmin iyerarxiyada aşağı mövqedə görülür. Beləliklə, onun geyimi, işi, dostları, evə gəlmə saatı, hətta uşağını böyütmə tərzi belə ailənin müdaxilə edə biləcəyi sahələrə çevrilir.
İkinci tərəfdən, burada sahiblik hissi də ola bilər. Bəzi ailələrdə oğul evlənəndə gəlinə “oğlumun həyatına daxil olan qadın” kimi deyil, “bizim ailəyə daxil olan və bizim qaydalarımıza uyğunlaşmalı olan qadın” kimi baxılır. Oğulun həyat yoldaşı ilə qurduğu sərhədlər isə ana tərəfindən özünə qarşı məsafə kimi qəbul edilə bilər.
Amma bunun bir də öyrənilmiş tərəfi var. Bir qadın özü vaxtilə qayınanasının müdaxiləsini yaşamış ola bilər və bunu normal ailə modeli kimi mənimsəyibsə, illər sonra eyni davranışı gəlininə göstərə bilər. Yəni insan bəzən vaxtilə əziyyət çəkdiyi sistemi şüursuz şəkildə təkrarlayır. “Mən də belə yaşamışam” düşüncəsi “deməli, belə olmalıdır”a çevrilir.Burada ən böyük problem isə empatiyanın seçici olmasıdır. İnsan qızının yaşadığı müdaxiləni çox asanlıqla haqsızlıq kimi görə bilir, amma eyni vəziyyətdə gəlinin yaşadığı narahatlığı görmür. Çünki qızına münasibətdə onun fərdiliyini, gəlinə münasibətdə isə ailənin qaydalarını önə çəkir.Sağlam ailə münasibətində isə prinsip dəyişməməlidir: qız da, gəlin də, oğul da, kürəkən də yetkin insandır və şəxsi həyatına hörmət edilməlidir. Qohumluq münasibəti insana digər yetkin şəxsin həyatını idarə etmək hüququ vermir.
Ən vacib sərhəd də burada başlayır: məsləhət vermək başqa şeydir, qərar vermək başqa. “Mən belə düşünürəm” demək münasibətdir; “sən belə etməlisən” demək isə nəzarətə çevrilə bilər.
Əslində sağlam ailə iyerarxiyası “kim daha çox söz keçirir?” üzərində yox, “kim kimin sərhədinə hörmət edir?” üzərində qurulmalıdır.
— Bəzən gəlinlə problem yaranan kimi telefon onun anasına gedir: “Qızınıza deyin belə etməsin…” Mən burada həmişə bir şeyi düşünürəm: söhbət 7 yaşlı uşaqdan getmir axı, qarşımızda yetkin, ailə qurmuş qadın var. Gəlinin hərəkətinə görə anasına şikayət etmək onu ayrıca şəxsiyyət kimi deyil, hələ də “tərbiyəsinə görə valideyni cavabdeh olan qız” kimi görmək deyilmi? Və maraqlıdır, oğlan səhv edəndə gəlinin ailəsi qayınanaya zəng edib “Oğlunuzu yaxşı tərbiyə etməmisiniz” desə, həmin yanaşma necə qarşılanar?
— Bəli, məncə burada çox vacib bir məsələ var: yetkin insanın davranışına görə davamlı olaraq valideyninə müraciət etmək onun fərdi məsuliyyətini kölgədə qoyur. Artıq söhbət uşaqdan getmir. Gəlin də, oğul da öz davranışına görə məsuliyyət daşıyan yetkin insanlardır. “Qızınıza deyin belə etməsin” yanaşması əslində problemi ər-arvad münasibətindən çıxarıb iki ailənin münasibətinə çevirir. Halbuki narazılıq varsa, ilk növbədə həyat yoldaşları öz aralarında danışmalı və məsələni həll etməyə çalışmalıdırlar.
Bunu çox doğru qeyd etdiniz: əgər oğlan səhv edəndə gəlinin ailəsi qayınanaya zəng edib “Oğlunuzu niyə belə tərbiyə etmisiniz?” desə, böyük ehtimalla bunu müdaxilə kimi qəbul edərdik. Eyni prinsip hər iki tərəfə tətbiq olunmalıdır.
Valideynin işi böyümüş övladının hər səhvini düzəltmək deyil. Onun işi lazım olanda dəstək olmaq, amma övladının qurduğu ailənin məsuliyyətini onun özündə saxlamaqdır
— Bir də görünməyən müdaxilələr var. Ana açıq şəkildə “oğlum, arvadının sözünə baxma” demir. Sadəcə küsür… “Sən evlənəndən sonra bizi unutdun”, “nə edək, artıq sənə lazım deyilik”, “get, arvadınla ol” deyir. Sözlər zahirən adi görünür, amma oğulun çiyninə böyük günahkarlıq hissi qoyur. Aysu xanım, ana sevgisi hansı nöqtədə emosional manipulyasiyaya çevrilir?
— Məncə, burada ən vacib məsələ odur ki, ana sevgisi ilə emosional təzyiqin sərhədini ayıraq. Ana “sən bizi unutdun”, “artıq sənə lazım deyilik” deyəndə bunu bəlkə də sadəcə incikliyindən söyləyir. Amma bu sözlər oğulda davamlı günahkarlıq yaradırsa, artıq münasibət sağlam yerdən çıxmağa başlayır.Çünki oğul evlənəndə anasını itirmir, sadəcə həyatında yeni bir münasibət qurur. Ana bunu qəbul etməli və övladını “ya mən, ya həyat yoldaşın” seçiminə məcbur etməməlidir.Sağlam ana sevgisi deyir ki, “Sən öz həyatını qur, mən yenə də sənin ananam və yanındayam.” Manipulyasiya isə övladın sevgisini və diqqətini günahkarlıq hissi ilə idarə etməyə başlayır.
— Məsələnin digər tərəfini də unutmayaq. Gəlinin anası hər mübahisədə qızını haqlı çıxarır, “sən niyə ona dözürsən?”, “yığ əşyalarını, gəl”, “ərinin ailəsinə bunu etdirmə” deyərək hər mübahisəyə daxil olursa, burada da başqa formada eyni problem yaranmırmı? Övladını qorumaq harada bitir, onun nikahını öz emosiyalarımızla idarə etmək harada başlayır?
— Bəli, burada da sərhəd çox incədir. Ana övladını qorumaqla onun həyatını idarə etmək arasındakı fərqi bilməlidir. Qızının hər mübahisəsində avtomatik olaraq onu haqlı çıxarmaq və “yığ əşyalarını, gəl” demək, əslində problemin həllinə yox, asılılıq və tərəfkeşlik dövrünün yaranmasına gətirib çıxara bilər.Sağlam yanaşmada isə ana qızını dinləməli, təhlükə və zorakılıq varsa onu qorumalı, amma adi nikah konfliktlərində qərarı qızının əvəzinə verməməlidir. “Mən sənin yanındayam” demək başqa şeydir, “sənin yerinə qərar verirəm” demək başqa.
Ən sağlam valideyn mövqeyi isə övladına dayaq olmaq, amma onun nikahının üçüncü tərəfi olmamaqdır.
— Bəzən də analar qızlarına həddindən artıq “dözməyi” öyrədirlər. “Ailədir, hər şey olar”, “kişidir, əsəbiləşər”, “uşaqlara görə səbir et”, “el-aləm nə deyər?”… Burada çox həssas bir sərhəd var. Qıza ailəni qorumağı öyrədirik, yoxsa öz sərhədlərinin pozulmasına dözməyi? Sağlam kompromislə özünü qurban verməyin fərqini qız uşağına necə öyrətmək lazımdır?
— Burada əsas məsələ qız uşağına səbr etməklə dözməyin fərqini öyrətməkdir. Ailəni qorumaq sağlam dəyərdir, amma bu, öz sərhədlərindən və ləyaqətindən keçmək demək deyil. Sağlam kompromisdə hər iki tərəf güzəşt edir; özünü qurban verməkdə isə bir tərəf davamlı olaraq susur və öz ehtiyaclarını geri plana atır.
“Ərimdir, kişidir, əsəbiləşər”, “uşaqlara görə döz” kimi mesajlar uşağa münasibətdə hörmətsizliyi normallaşdıra bilər. Qıza öyrətməliyik ki, fikir ayrılığına səbr etmək olar, amma təhqirə, zorakılığa və sərhəd pozuntusuna dözmək məcburiyyətində deyil. Ən vacibi isə bunu yalnız sözlə yox, valideynin öz davranışı ilə göstərməkdir.
— Aysu xanım, bəlkə ən ağrılı sual budur: ailə dağılanda niyə ilk baxış çox vaxt qadına yönəlir? “Ailə saxlaya bilmədi”, “indiki qızlarda səbir yoxdur”, “anası ailə saxlamağı öyrətməyib…” Bəs həmin nikahda məsuliyyətsiz böyüdülmüş oğlanın, sərhəd tanımayan valideynlərin, illərlə formalaşmış ikili standartların payı necə? Boşanma kağızında iki nəfərin adı yazılır, amma o nikahı dağıdanların sayı bəzən ikidən çox ola bilərmi?
— Bu suala psixoloq mövqeyindən yanaşanda əsas məsələ “kim günahkardır?” sualından daha çox, məsuliyyətin necə bölüşdürüldüyünü anlamaqdır. Bəli, bəzən nikahı dağıdanların sayı ikidən çox ola bilər. Amma burada bir mühüm psixoloji fərq var: təsir etmək başqa şeydir, məsuliyyət daşımaq başqa. Ailə dağılanda cəmiyyətin ilk baxışının qadına yönəlməsi təsadüfi deyil. Bizim mədəni mühitdə qadın hələ də ailənin “emosional meneceri” kimi görülür: o səbr etməli, yola verməli, ailəni qorumağı bacarmalı, ərinin davranışlarını idarə etməli, qayınana-qayınata ilə münasibəti tənzimləməli və nə baş verirsə versin, “ailəni saxlamalıdır”.Bu yanaşmanın psixoloji baxımdan ciddi problemi var: bir insanın çiyninə iki nəfərin münasibətinin məsuliyyətini yükləyir. Halbuki nikah iki yetkin insanın münasibətidir. Kişi öz davranışına, qadın öz davranışına cavabdehdir. Heç bir qadının “ailəni qorumaq” adı altında ərinin xəyanətini, zorakılığını, asılılığını, məsuliyyətsizliyini və ya sərhədsiz ailə müdaxiləsini təkbaşına kompensasiya etmək öhdəliyi yoxdur.Digər tərəfdən, “ailəni kişi dağıtdı” deyərək bütün məsuliyyəti yalnız kişiyə yükləmək də psixoloji baxımdan sağlam yanaşma deyil. Münasibətlər qarşılıqlıdır və hər iki tərəfin davranışlarına ayrıca baxmaq lazımdır.Valideynlər övladlarına münasibət modeli ötürürlər. Uşaqlıqdan “oğlandır, nə etsə olar”, “arvad onsuz da dözməlidir”, “oğlumun ailəsi mənim ailəmdir” kimi mesajlar verilibsə, həmin insan evlilikdə məsuliyyət, sərhəd və tərəfdaşlıq anlayışlarını öyrənməmiş ola bilər. Məsələn, anasının bütün işlərini gördüyü, atasının isə evdə emosional və məişət məsuliyyəti daşımadığı bir ailədə böyüyən oğlan bunu “normal ailə modeli” kimi qəbul edə bilər. Sonra evləndikdə həyat yoldaşından da eyni xidməti gözləyə bilər.
Lakin burada da vacib məqam var: uşaqlıq insanın davranışını izah edə bilər, amma yetkinlikdə onu avtomatik olaraq bəraət qazandıran səbəbə çevirmir.Yetkin insan öz ailəsindən aldığı yanlış modelləri fərq edə, üzərində işləyə və dəyişə bilər.
Sərhəd tanımayan valideynlər məsələsində də eyni prinsip keçərlidir.Qayınananın gəlinin həyatına həddindən artıq müdaxilə etməsi, qayınatanın cütlüyün qərarlarına qarışması və ya valideynlərin oğullarını həyat yoldaşına qarşı şərtləndirməsi münasibətə ciddi zərər verə bilər.Amma burada əsas sual valideynlərin nə etdiyi qədər, oğulun və ya qızın buna necə cavab verdiyidir.Çünki sağlam evlilikdə tərəfdaş öz ailəsinə belə deyə bilir: “Bu, bizim ailəmizdir. Valideynlərimizin fikrinə hörmət edirik, amma qərarları biz veririk.”
Əgər insan bu sərhədi qoya bilmirsə, problem artıq yalnız qayınanada və ya qayınatada deyil. Problem həm də yetkin övladın öz ailəsini mənşə ailəsindən psixoloji olaraq ayıra bilməməsindədir.Buna görə “nikahı kim dağıtdı?” sualına bəzən tək cavab vermək mümkün deyil.Bəzən xəyanət edən ərdir.Bəzən münasibətdə hörməti və etibarı davamlı şəkildə pozan hər iki tərəfdir.Bəzən illərlə həll olunmamış konfliktlər, emosional uzaqlıq və ünsiyyətsizlik münasibəti tükəndirir.Bəzən isə cütlüyün sərhədlərini pozan ailə sistemi problemi daha da dərinləşdirir. Amma ən sağlam yanaşma “günahkarların siyahısını” hazırlamaq deyil. Hər bir şəxsin öz payını müəyyənləşdirməkdir.
Çünki boşanma iki nəfərin adı ilə rəsmiləşir, amma həmin iki insanın münasibətinə təsir edən sistem daha böyük ola bilər: valideynlər, ailədən öyrənilmiş inanclar, gender rolları, maddi asılılıq, sosial təzyiq, uşaqlıq travmaları, emosional yetkinlik səviyyəsi və s.
Bununla belə, bütün bunların içində bir prinsip dəyişmir: Yetkin insan öz seçiminə və davranışına görə məsuliyyət daşıyır. “Anam belə böyüdüb”, “ərim məni məcbur etdi”, “qayınanam imkan vermədi”, “arvadım ailə saxlaya bilmədi.” və s.
Bu cümlələrin hər biri müəyyən vəziyyəti izah edə bilər. Amma heç biri insanın öz məsuliyyətini tamamilə başqasının üzərinə atmasına əsas vermir.Bir qadın boşandıqda onun “ailəni niyə saxlaya bilmədiyi” soruşulursa, eyni sual kişiyə də verilməlidir: “Sən bu ailəni qorumaq üçün nə etdin?”.
Əgər kişi məsuliyyətsiz böyüdülübsə, bu onun günahı olmaya bilər. Amma məsuliyyətsiz qalmaq artıq onun seçimidir.Əgər valideynlər sərhəd tanımayıbsa, bu, insanın uşaqlıqda seçdiyi bir şey deyil. Amma yetkin yaşda həmin sərhədi qoya bilməmək üzərində işlənməli məsələdir.
Əgər qadın ailə saxlamaq üçün əlindən gələni edib, amma qarşı tərəf dəyişmək, məsuliyyət götürmək və münasibəti qorumaq istəməyibsə, boşanmaq onun “ailə saxlaya bilməməsi” deyil. Bəzən bu, artıq sağlam olmayan bir münasibətdən çıxmaq qərarıdır.
Ona görə boşanmaya yalnız “qadın niyə saxlamadı?” prizmasından baxmaq həm ədalətsiz, həm də psixoloji baxımdan səthi yanaşmadır. Daha doğru sual budur:
“Bu münasibətdə hər kəs öz məsuliyyətini nə qədər daşıdı, hansı sərhədlər pozuldu, hansı davranışlar illərlə təkrarlanaraq münasibəti tükətdi və nə vaxt dəyişmək üçün real cəhd göstərildi?”.Bu suallar verilməyəndə biz səbəbi deyil, sadəcə bir günahkar axtarırıq.
— Və sonda istəyirəm sualı birbaşa həm qız, həm oğul böyüdən analara ünvanlayaq. Təsəvvür edin ki, sabah qızınız gəlin gedib. Onun qayınanasının qızınıza necə davranmasını istəyirsiniz? İndi isə öz gəlininizə necə davrandığınızı düşünün. Bu iki cavab bir-birinə uyğun gəlmirsə, problem haradadır?
— Məncə, bu sual hər bir ananı bir anlıq dayandırıb düşündürməlidir. Qızımız üçün arzuladığımız hörməti, anlayışı və sərhədi öz gəlinimizə də göstərə biliriksə, burada bir ədalət var. Amma “mənim qızıma başqa cür, gəlinimə başqa cür” düşünürüksə, deməli, problem gəlinin davranışında yox, bizim münasibətimizdədir. Çünki gəlin də kiminsə qızıdır. Bu cümləni həqiqətən dərk etdiyimiz gün münasibətimiz də dəyişir.Bir də oğul böyüdən ana üçün başqa bir sual var: Mən oğlumu elə böyüdürəmmi ki, asabah başqa bir ana mənim oğlunun həyat yoldaşı olmasından narahat olmasın? Əslində sağlam ailə təkcə yaxşı gəlin yetişdirməklə qurulmur. Yaxşı oğul, yaxşı həyat yoldaşı və sərhədlərə hörmət edən ailə mədəniyyəti yetişdirməklə qurulur.
— Aysu xanım, sizin 7 ildən çox uşaq və yeniyetmələrlə iş təcrübəniz var. Bu illər ərzində onların davranışlarında, ailə münasibətlərinə baxışlarında hansı maraqlı məqamları müşahidə etmisiniz? Ümumi tendensiya necədir? Məsələn, qız və oğlan uşaqlarının ailədə onlara verilən fərqli rolları, fərqli gözləntiləri artıq erkən yaşlardan mənimsədiyini görmək mümkündürmü? Heç elə bir məqamla qarşılaşmısınızmı ki, uşağın bir sözü və ya davranışı sizə “bu, əslində, onun öz fikrindən çox, evdə gördüyü və eşitdiyi münasibətin əksidir” düşündürsün? Və bu gün uşaqlarda müşahidə etdiyiniz hansı davranışlar sizə onların gələcəkdə quracaqları münasibətlər barədə düşündürücü siqnallar verir?
— Bəli, bunu kifayət qədər erkən yaşlardan görmək olur. Uşaqlar biz düşündüyümüzdən daha tez ailədəki rolları mənimsəyirlər. Məsələn, qız uşağının “evdə kömək etmək”, oğlan uşağının isə “ona xidmət olunmaq” tərəfinə daha çox yönləndirildiyi ailələr görürük. Uşaq bunu qayda kimi qəbul edir və bir müddət sonra artıq “qız işi”, “oğlan işi” ifadələrini özü işlətməyə başlayır.
Məni ən çox düşündürən məqam odur ki, uşaqlar çox vaxt valideynin dediyindən daha çox, etdiyini öyrənirlər. Məsələn, uşaq “qadına hörmət etmək lazımdır” sözünü eşidə bilər, amma evdə atasının anası ilə necə danışdığını görür. Sonra öz davranışında həmin modeli təkrarlayır.
Eyni şeyi münasibətlərdə də görürük. “Kişi əsəbiləşəndə susmaq lazımdır”, “qadın dözməlidir”, “evdə son sözü kişi deməlidir” kimi fikirlər uşağın dünyasında tədricən normaya çevrilə bilir.
Əlbəttə, bir davranışa baxıb uşağın gələcəkdə necə həyat yoldaşı olacağını demək olmaz. Amma bəzi siqnallar düşündürücüdür: məsuliyyətdən qaçmaq, “mən oğlanam, bunu etmərəm” demək, qız uşağında isə həddindən artıq fədakarlıq, “hamını mən razı salmalıyam” düşüncəsi.
Ona görə uşağın gələcək münasibətlərini dəyişmək istəyiriksə, təkcə ona “düzgün davran” demək kifayət etmir. Əvvəlcə onun hər gün gördüyü münasibətə baxmaq lazımdır. Çünki uşaq ailədə münasibətin necə yaşandığını öyrənir, sadəcə necə olması barədə danışılanı yox.
— Aysu xanım, son olaraq bu sualmıza da cavab verin, bilirəm sizi çox yordum (gülümsəyir). Zəhmət olmasa deyin: bir ana qızını gələcəkdə xoşbəxt qadın, oğlunu isə xoşbəxt ailə qura biləcək kişi kimi yetişdirmək üçün bu gündən hansı cümlələri deməyi dayandırmalı, hansı davranışlarından imtina etməlidir? Bunu ona görə deyirəm ki, bəlkə gələcək boşanmaların bir qisminin qarşısını məhkəmə qapısında yox, məhz uşaq otağında almaq mümkün oldu.
— Uşaq böyüdərkən və tərbiyə edərkən nəzərə almaq lazımdır ki, dünyaya gətirilən hər uşaq sənin deyil cəmiyyətindir. Sabah o hansısa bir şirkətin işçissidir,kiminsə yoldaşıdır və ya xanımıdır,valideyndir. Tərbiyə verərkən onu öz doğrularınıza görə deyil, zəmanənin tələbinə uyğun öz ayaqları üzərində dura biləcək müstəqil, azad düşüncəli və sərbəst seçim edib, qərar verə biləcək şəxsiyyət olaraq yetişdirin. Şəxsiyyətinə,qərarlarına , düşüncələrinə hörmət edin “ Sən uşaqsan, doğrusunu sən yox mən bilərəm “ deməkdən qaçının. İcazə verin səhvlər etsinlər. Hansı ki o özünün etdiyi səhvlərdən daha çox öyrənəcək nəinki sizin ona qəbul etdirdiyiniz “ doğru”-lardan. Seçim haqqı verin, ailənizlə bağlı problem və ya məsələ yarandıqda onun da fikrini soruşun. Təhqir,tənqid, müqayisə etməkdən qaçının. Belə davrandıqda onun özgüvəni zədələnir və nəticədə sağlam şəxsiyyət olaraq yetişməsinə əngəl olursunuz.
— Aysu xanım, səmimi və düşündürücü cavablarınıza, cəmiyyətimiz üçün olduqca həssas olan bu mövzuda fikirlərinizi açıq şəkildə bölüşdüyünüzə görə Sizə təşəkkür edirik. Bəzən ailə daxilində illərlə adi və normal qəbul etdiyimiz davranışlara psixoloqun gözü ilə baxmaq insanı öz münasibətlərini yenidən düşünməyə vadar edir. Ümid edirik ki, söhbətimiz də anaların, ataların, qızların, oğulların, gəlinlərin — bütövlükdə ailə quran və övlad yetişdirən hər kəsin özünə müəyyən suallar verməsinə səbəb olacaq. Pedaqoq.az platformasının redaksiyası və oxucuları adından müsahibə təklifimizi qəbul etdiyinizə, vaxt ayırdığınıza və dəyərli peşəkar fikirlərinizi bizimlə bölüşdüyünüzə görə Sizə bir daha təşəkkür edirik. Yeni mövzularda yenidən görüşmək ümidi ilə!
Müsahibəni apardı:
Yeganə Talıbova
Oxşar xəbərlər
-
MEHRİBAN ƏLİYEVA – ELMƏ, TƏHSİLƏ VƏ AZƏRBAYCANIN İNTELLEKTUAL GƏLƏCƏYİNƏ XİDMƏT EDƏN FƏALİYYƏT
-
MÜASİR MƏKTƏBDƏ OXU MƏDƏNİYYƏTİNİN FORMALAŞDIRILMASI AKTUALLIQ KƏSB EDİR
-
BƏZİ ŞAGİRDLƏR NİYƏ ÖYRƏNMƏK İSTƏMİR?
-
TOKKATSU — TƏDRİSDƏN TƏRBİYƏYƏ APARAN YAPON MODELİ
-
VALİDEYN-UŞAQ KOMMUNİKASİYASI ÜÇÜN “CHAT2LEARN” ALƏTİ
