ULU ÖNDƏR AZƏRBAYCAN MULTİKULTURALİZMİNİN SİYASİ BANİSİDİR

Kamal Abdulla
Filologiya elmləri doktoru, professor, xalq yazıçısı, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, I dərəcəli dövlət müşaviri, Azərbaycan Dillər Universitetinin rektoru

DOI

Multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni za­man­da ictimai-bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan də­yər­lər toplusu kimi, xüsusilə sovet ideologiyasının hökmranlıq etdiyi illərdə kifa­yət qədər sistemsiz və spontan mahiyyətə malik idi. Onun sanki bütün vacib özəllikləri mövcud idi. Tolerantlıq və mənəvi potensial, dini loyallıq və milli özünəməxsusluq, psixoloji səbat və bəşəri dəyərlərə açıqlıq Azər­bay­can insanını multikultural bir rejimin içinə salmağa hazır idi. Bu və bu kimi xüsusiyyətlər Azərbaycan ədəbi-bədii düşüncə müstəvisində həm tari­xən, həm də bu gün kifayət qədər görümlü və təsiredicidir.

“Kitabi-Dədə Qorqud” dastanından, şifahi və yazılı ədə­biy­ya­tı­mız­dan keçən bariz nümunələr uzaq keçmişdən bugünümüzədək multi­kul­tu­ral ənə­nələrin mövcudluğunu aşkar şəkildə sübut edir. Bunun fonunda müa­sir dövr­də həllini tapası yalnız bir əsas məsələ qalırdı: hüquqi və siyasi müs­­tə­vi­də multikulturalizmin yerini müəyyən etmək. Və bunu ulu öndər Heydər Əliyev etdi. O, Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideo­loji hə­dəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu for­ma­laş­mış çox­mədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mər­­hə­lə­yə qaldırdı. Bu mərhələ siyasi mərhələ idi. Əslində, ulu öndər Azər­­bay­can multikulturalizminin siyasi banisi oldu.

Ulu öndər Heydər Əliyev bununla ilk növbədə multikulturalizm siya­si modelinin assimilyasiya və izolyasiya kimi digər mümkün siyasi mo­del­lər­dən üstün olduğunu bütün dünyaya nümayiş etdirdi. “Azərbaycan əha­li­si­nin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiy­mə­tləndiririk və qoruyub saxlayacağıq” deyən ulu öndər bütün sonrakı siyası fəaliyyətini bu sərvətin əbədi olması istiqamətinə yönəltdi.

Azərbaycanın multikultural ənənələrinin dövlət tərəfindən qorun­ma­sı işində ən vacib olanı ümummilli lider Heydər Əliyevin təşəbbüsü və gös­tə­rişi ilə bu məsələnin hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Res­pub­li­ka­sının Konstitusiyasında əks olunmasıdır. Belə ki, multikulturalizm siya­sə­tinin əsasını təşkil edən tolerantlıq (dözümlülük) prinsipi Azərbaycan Res­publikası Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit edil­miş­dir. Bununla bağlı “Bərabərlik hüququ” (maddə 25, bənd 3), “Milli mən­su­biyyət hüququ” (maddə 44, bəndlər 1, 2), “Ana dilindən istifadə hüqu­qu” (maddə 45, bəndlər 1, 2) və başqa maddələri göstərmək müm­kün­dür.

Ulu öndər haqlı olaraq multikulturalizm siyasətini ölkənin demo­kra­tik inkişafının tərkib hissəsi hesab edirdi. O, Azərbaycan ərazisində ya­şa­yan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni, dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan əsas insan hü­quq və azadlıqları kontekstində görürdü. Ulu öndərin rəhbərliyi ilə, nə­ha­yət ki, dönüşü olmayan demokratik inkişaf yoluna çıxmış Azərbaycan Res­publikası, onun qeyd etdiyi kimi, “dinindən, dilindən, irqindən asılı olma­­yaraq Azərbaycanın bütün vətəndaşlarının eyni hüquqlara malik” olma­­larını təmin etməli idi.

Təbii olaraq, ulu öndər etnik millətçiliyə alternativ kimi bütövlükdə Azər­baycan xalqının və cəmiyyətinin, eyni zamanda Azərbaycan döv­lət­çi­li­yi­nin yüksəlişini şərtləndirən və multikulturalizmin əsas mənəvi bazası olan azərbaycançılıq prinsipini milli ideologiya kimi irəli sürdü. O qeyd etdi ki, etnik millətçilik, nəhayət etibarilə, etnik separatizmə, xalqlar ara­sın­da mü­na­qi­şəyə gətirib çıxarır. Azərbaycançılıq ideologiyası isə dinindən, dilin­dən, ir­qin­dən asılı olmadan ölkədə yaşayan bütün vətəndaşları bir­ləş­di­rir. Ulu ön­də­rin dediyi kimi, həqiqətən də, “Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azər­baycanlı da, ləz­gi də, avar da, kürd də, talış da, udin də, kumık da, baş­qa­sı da – bü­tün­lük­­də hamısı azərbaycanlıdır”. Bu sözlər bu gün də son dərə­cə əh­ə­miy­yət­li­dir və belə bir aydın siyasi həqiqəti aktuallaşdırır: biz, yəni Azərbaycanda ya­­şayan bütün xalqlar məhz bir yerdə, məhz azər­bay­can­lı olaraq dünya üçün maraq kəsb edə bilərik. Biz ayrı-ayrılıqda heç kim üçün maraqlı deyi­lik!

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azər­bay­can xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdi­ril­mə­si sahəsində həyata keçirilən siyasi istiqamət yeni mərhələdə onun layiqli da­vamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etd­i­rilir. Mul­ti­­kulturalizmi Azərbaycan Respublikasının dövlət siyasəti, xalqımı­zın hə­yat tərzi kimi dəyərləndirən Prezident İlham Əliyev bu siyasətin həyata ke­çi­rilməsində BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əmək­daş­lıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir. O, daima ölkəmizin bu təşkilatlar tərəfindən qəbul edilən milli azlıq­ların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı konvensiyalara qo­şul­­masının vacibliyini qeyd edir. Məhz bu siyasi xəttin nəticəsi kimi Azər­bay­can Prezidentinin göstərişi ilə ölkəmizin 26 noyabr 2009-cu il tarixli qa­nun­la “Mədəni özünüifadə formalarının müxtəlifliyinin qorunması və təş­vi­qinə dair” UNESCO Konvensiyasına qoşulmasını göstərmək olar.

Azərbaycanın mənəvi-siyasi yüksəlişində son dərəcə vacib məqam­lar­dan biri isə Prezident İlham Əliyevin təşəbbüsü və iştirakı ilə 2011-ci ildən bəri mütəmadi olaraq Bakıda Beynəlxalq Humanitar Forumun ke­çi­ril­mə­si­dir. Artıq ənənəyə çevrilmiş bu forumun son açılışı zamanı etdiyi çıxışında Prezident İlham Əliyev multikulturalizmi “alternativi olmayan, gələcək inki­şaf üçün ən məqbul variant” kimi dəyərləndirməklə təkcə Azər­bay­can­da deyil, müasir dünyada multikulturalizm meyillərinin güclən­di­ril­mə­si­nin vacibliyini xüsusi olaraq qeyd etmişdir.

Belə bir siyasi kontekstdə Prezident İlham Əliyev 28 fevral 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası, multi­kul­­­turalizm və dini məsələlər üzrə dövlət müşavirinin xidmətini yarat­dı. Bu gün bu xidmət ölkənin ideoloji həyatının önəmli istiqamətlərini əla­qə­li şə­kil­də öyrənən, obyektiv səbəbdən özünü göstərən müəyyən boş­luq­la­rın dol­du­rul­masını təmin edən vacib bir orqan kimi fəaliyyətini qurmaq­dadır.

Prezident İlham Əliyevin multikulturalizm siyasətinin növbəti əhə­miy­yətli addımı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yara­dıl­ma-sı­na dair 15 may 2014-cü il tarixində imzaladığı fərman oldu. Bu mərkəzin yara­dılmasının əsas məqsədi ölkəmizdə əsrlər boyu formalaşmış tole­rant­lı­ğın, etnik-mədəni, dini müxtəlifliyin qorunmasını və çiçəklənməsini təmin et­mək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıt­maq və mövcud multikultural modellərini tədqiq və təşviq et­mək­dir. Dün­ya­nın multikulturalizm sahəsində aparıcı mütəxəssislərinin, gör­kəm­li icti­mai və siyasi xadimlərinin Bakıda beynəlxalq səviyyədə belə bir mər­kəzin açıl­masını son dərəcə təbii və işgüzar şəkildə qəbul etmələri məhz Azər­bay­canın bu gün dünya multikulturalizminin mərkəzinə çev­ril­mə­si real­lı­ğı­nı aydın şəkildə nümayiş etdirir.

Bu gün Azərbaycanda multikulturalizm sahəsində bir-birini ta­mam­la­yan, sistemli xarakter daşıyan siyasi iradə və onun gerçəkləşməsi proq­ra­mı uğurla həyata keçirilir.

Prezident İlham Əliyevin multikulturalizmə, tolerantlığa verdiyi siya­si dəyərin dünya miqyasında real elmi, mədəni, sosial müstəvilərə kö­çü­rül­mə­si işində Heydər Əliyev Fondunun böyük xidmətləri danılmazdır. Bu gün Azərbaycan multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağ­lı Heydər Əliyev Fondu olduqca əhəmiyyətli, möhtəşəm layihələr hə­ya­ta keçirir. Bu layihələr Azərbaycan multikulturalizminin bir ölkə çər­çi­və­sin­də qapalı inkişafını deyil, dünya çərçivəsində dinlərin və mədə­niy­yət­lə­rin müxtəliflikləri rejimində fəaliyyət göstərməsini reallaşdırır.

Fondun düşünülmüş, sistemli fəaliyyətində multikulturalizmin mü­hüm aspektlərindən biri olan mədəniyyətlərarası əlaqələrin möh­kəm­lən­məsi istiqaməti xüsusi yer tutur. Fondun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəb­büsü ilə keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun geniş­­ləndirilməsi”, “Qloballaşma şəraitində mədəniyyətlərin rolu”, “Çox­mə­dəniyyətli dünyada sülh şəraitində birgə yaşama”, “Azərbaycan – tole­rant­lıq məkanı” layihələrini xüsusi qeyd etmək olar. Tərəqqipərvər dünya icti­maiyyəti, görkəmli şəxsiyyətlər və sıradan insanlar bu qəbildən olan təd­birlərin keçirilməsini, orada mədəniyyətlərarası dialoqun inkişafına həsr olun­muş məsələlərin müzakirə olunmasını və ən əsası, gerçəkləşdirilməsini böyük rəğbətlə qarşılayır. Müasir dövrdə Azərbaycan özünün multikulturalizm siyasəti və bu sahədə əldə etdiyi nailiyyətlərlə dünya dövlətlərinə, o cümlədən bu sahədə tari­­xən öz zəngin təcrübəsi ilə tanınan Qərb ölkələrinə nümunə olma­q­da­dır. Mə­lum olduğu kimi, bir sıra Qərb ölkələri, o cümlədən Böyük Bri­ta­ni­ya, Fransa, Almaniya uzun illər apardıqları multikulturalizm siyasətindən bu gün rəsmi şəkildə imtina edirlər.İmtinanın əsas səbəbini ümumi şəkildə Böyük Britaniyanın Baş naziri Devid Kemeron 5 fevral 2011-ci il tarixində Mün­hendə təhlükəsizlik üzrə keçirilən konfransdakı çıxışında Böyük Brita­ni­yada məskunlaşmış əcnəbilərin yaşadıqları cəmiyyətə inteqrasiya etmək ist­ə­məmələri ilə izah etmişdir. Bəlkə də, və çox güman ki, bu, siyasi bəha­nə­dir. Bəlkə də, ölkələrdə iflasa uğrayan multikulturalizm siyasətçilərinin öz­lə­rinə bəraət qazandırmaq cəhdidir. Və bunun fonunda təzahür edən, inki­şaf­da olan multukulturalizmin Azərbaycan təcrübəsinin bütün dün­ya­ya siya­si cəsarətlə nümayişi ona gətirib çıxarmışdır ki, bu gün artıq Yer kü­rəsi­nin hər yerində ədalətsevər insanlar ölkəmizi sarsılmaz multikultural döv­lət imici əldə etmiş mərkəz kimi tanıyır. Qətiyyətlə demək olar ki, Azər­bay­can multikulturalizmi ölkəmizin siyasi simasının əsas cizgilərindən biri­nə çevrilmişdir. Azərbaycan multikulturalizminin siyasi banisinin arzu­la­rın­dan biri də elə bu idi.

image_print
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
Июль 2025
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031