www.pedaqoq.az

“HEÇ BİR TƏLƏBƏNİ MÜƏLLİMİN, HEÇ BİR MÜƏLLİMİ DƏ TƏLƏBƏNİN AYAĞINA VERMƏYƏCƏM”

Kamal Abdulla
Filologiya elmləri doktoru, professor, xalq yazıçısı, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, I dərəcəli dövlət müşaviri, Azərbaycan Dillər Universitetinin rektoru

– Kamal müəllim, bu günlərdə sosial şəbəkələrdəki səhifələrdən biri sorğu keçirmişdi və səsvermə nəticəsində Azərbaycandakı rek­tor­la­rın arasında ən yaxşı nəticəni Siz toplayaraq “İlin rektoru” seçilmisiniz. Öy­rənmək istəyirəm ki, müəllimlərə və tələbələrə yönələn hansı fəaliy­yət­lərinizə görə Sizə “İlin rektoru” adı verilib?

– Demək çətindir, hansı məqama görə. Hər halda, tələbənin gözü tə­rə­zi gözüdür. O, atdığı addımın istiqamətini və mahiyyətini dəqiq bilir. Bir az çətin sualdır. Yəqin ki, tələbə ilə ünsiyyətin formasına görə, mahiyyətinə görə. Bu, universitetimizdə gedən bir çox proseslərin demokratikləşməsi və şəf­faflaşmasının nəticəsi ola bilər. Mənim bir devizim var. Bunu tələbələr də, müəllimlər də çox sevir. Demişəm ki, mən heç zaman heç bir tələbəni müəl­limin ayağına verməyəcəyəm, amma, eyni zamanda heç bir müəllimi də heç bir tələbənin ayağına verməyəcəyəm. Görünür, bu iki bir-birinə əks qütb­ləri çətinliklə də olsa, birləşdirmək təşəbbüsü və cəhdi tələbələrin nəzə­rindən qaçmır.

– Fasilələri nəzərə almasaq, uzun müddətdir rektor olaraq ça­lı­şır­sı­nız. Əvvəl Bakı Slavyan Universitetinin rektoru vəzifəsində çalışırdınız, indi isə Azərbaycan Dillər Universitetinin rəhbərisiniz. Ali təhsilin key­fiy­­yətində, key­fiyyətinin artırılmasında rektorun fəaliyyətini nədə g­ö­rür­sü­­nüz? Ali təh­silin keyfiyyətinin artırılmasına konkret necə təsir edir­si­niz?

– Ali təhsilin keyfiyyəti dedikdə, auditoriyalardakı dərsləri, tələ­bə­lə­rin dərsdənkənar çalışmaları, məşğuliyyəti, tələbələrin və müəllimlərin bir-biri ilə auditoriyadan kənardakı ünsiyyətini nəzərdə tutmaq olar. Biz ça­lı­şı­rıq ki, bunları küll halında həyata keçirək. Müəllimlə tələbənin ünsiyyətini tək­cə dərs otağı ilə məhdudlaşdırmayaq. Dərsdən də əlavə tələbənin uni­ver­sitetdə kifayət qədər qalmaq səbəbi var və müəllimin də dərsindən əla­və tələbələrlə məşğul olmaq öhdəliyi var. Bunları bir-biri ilə uzlaşdırmaq asan da deyil. Amma bu uzlaşma baş tutanda görürsən ki, bu, müəllimin də, tələbənin də daxili tələbatına uyğundur, yəni bunu onlar özləri sanki istə­yirmişlər. Bizdə tələbələr var ki, dərsdən sonra universitetdən getməyə tə­ləsmirlər. Universitet çərçivəsində müxtəlif şəkildə, həm azərbaycançılıq ideo­logiyası, həm də peşəkar mütəxəssis kimi yetişmələri istiqamətində qu­ru­lan elə maraqlı məqamlar var ki, tələbə dərsini qurtarandan sonra uni­ver­sitetdən getməyə tələsmir. Müəllim də iş vaxtı qurtarandan sonra get­mə­yə tələsməməlidir. Biz buna çalışırıq nail olaq. Yəni üzvi surətdə bu mə­sə­lələr – tələbə-müəllim münasibətləri, müəllimlərin başqa ölkələrə və uni­ver­sitetlərə staj artırmağa getmələri və qayıtmaları, universitetlərin bir-biri ilə əlaqəsi təmin olunur. Təbii ki, bu gün universitetlər hər biri öz qa­za­nın­da bişən universitetlər deyil. Onlardan çox şey götürmək mümkündür.

– Son qeyd etdiyiniz amil – universitetlərdə müəllimlərin və tələ­bə­lə­rin, universitet işçilərinin xarici ölkələrə təcrübə proqramlarına get­mə­si Sizin universitetdə nə dərəcədə reallaşır, belə imkanlar varmı?

– Mən sizə deyim, bu, çoxdan yaddan çıxmış, unudulmuş məqam idi. Mənim yadıma gəlir, hələ sovet dövründə müəllimlər staj artırmağa başqa uni­versitetlərə göndərilirdi. Mən vaxtilə Dillər Universitetində çalışmışam. Slav­yan Universitetindən əvvəl bu universitetdə fasilələrlə 16 il kafedra mü­diri vəzifəsində olmuşam. Yadıma gəlir ki, o zamanlar SSRİ-nin müx­tə­lif şəhərlərinə, müxtəlif respublikalara vaxtaşırı olaraq hər 5 ildən bir müəl­lim­lər staj artırmağa gedirdilər. Sizə deyim ki, onun çox güclü effekti olur­du. Qayıdanda, əlbəttə, həmin universitetin ən azı ab-havasını gətirirsən, onun intellektual səviyyəsindən yeniliklər gələ bilir. Bütün bunlar, mənə elə gəlir ki, universitetin tam şəkildə bir universitet olaraq bütün ciyərləri ilə nəfəs almağına imkan verirdi. Bu, son zamanlar ona görə unudulmuşdu ki, artıq imkanlar elə deyil, özümüz öz gücümüzə nələrisə etməliyik. Buna bax­mayaraq, artıq ikinci ildir ki, Belarus, Ukrayna, Rusiyanın Linqvistik Uni­versitetləri ilə əlaqələri elə qururuq ki, müəllimlərimiz oraya stajar­tır­ma­ğa gedə bilsinlər. Ən maraqlısı odur ki, artıq biz o universitetlərdən staj artır­mağa gələnləri də qəbul etməyə başlamışıq. Bu yaxınlarda bu məq­səd­lə universitetə Kiyev Milli Linqvistik Universitetindən iki kafedra müdiri gəl­dilər. Bu, özü də siz dediyiniz əlaqələrin dərinləşməsinə, möh­kəm­lən­mə­sinə kömək edir.

– Bəs inkişaf etmiş dövlətlərin universitetlərinə, Qərb univer­si­tet­lə­rinə necə, getmək mümkün olur?

– Bilirsiniz, bunlar maliyyə məsələləri ilə bağlıdır. Onların şərtlərinə hə­mişə cavab verə bilmirik. Bununla yanaşı, elə beynəlxalq proqramlar var ki, orada iştirak bizi həmin universitetlərlə bir sırada müəyyən məsələləri həll etməyə gətirib çıxarır. Tədris məsələlərini, elmi məsələləri, tələbələrin mü­badiləsini, onların başqa universitetlərə getməsi və geri dönməsini. İspa­niya, İngiltərə, Rusiya, Fransa universitetləri, xüsusilə Strasburq uni­ver­siteti, Moskva Pedaqoji Universitetinin (MPU) Samara filialı, Ukrayna, Bela­rus, Gürcüstan, İndoneziya və digər dövlətlərin universitetləri ilə bizim yaxşı əlaqələrimiz var.

– Slavyan Universitetində rektor olarkən Yaradıcılıq fakültəsi ya­rat­mışdınız və o sahənin peşəkarları müxtəlif fənləri hazırlayırdılar, tələ­bə­lərin hazırlıqlarını yerinə yetirirdilər. Siz oradan uzaqlaşandan sonra o fa­kültə fəaliyyətini dayandırdı. Rektorlar ali təhsilin idarəedilməsində nə qədər azaddırlar?

– Universitet çərçivəsində mütləq azadlığa malikdirlər. Mənim uni­ver­sitet rəhbəri kimi azadlığımı heç nə məhdudlaşdırmır. Nazirlik işimizi perspektiv və strateji istiqamətdə qurmağımıza kömək edir. Köməyə ehti­ya­cımız olan zaman öz köməyini əsirgəmir. Cənab Prezidentin Sərəncamı ilə bizim universitet Azərbaycanda dördüncü universitetdir ki, publik-hü­qu­qi şəxs statusuna layiq görülüb. Bu, bizim müstəqilliyimizi bir qədər də ge­nişləndirir. Yaradıcılıq fakültəsi ilə bağlı onu demək istərdim ki, bəli, belə fakültə o vaxt yaradılmışdı. Məqsəd bizim yaradıcı gənclərin intel­lek­tual səviyyəsinin artırılmasına xidmət göstərmək idi. Mən ədəbiyyat adamı oldu­ğum üçün baxıb görürdüm ki, bəzi gənclərimiz gözəl şeir yaza bilir, ahəng­dar, qafiyəsi, ritmi, hər şeyi öz yerində, amma bu şeirin hansısa intel­l­ektual nəfəsi çatışmır. Görürsən ki, gəncin həvəsi var, amma o həvəsin arxa­sında duran intellektual güc zəifdir, ya da yoxdur. Ona görə də bizim məq­sədimiz həmin gəncləri bir yerə toplayıb onlardakı kulturologiya, dün­ya ədəbiyyatı tarixi, qədim yunan mifləri, müasir Azərbaycan ədəbi pro­se­si, ingilis dili, rus dili istiqamətində biliklərin dərinləşməsini təmin etmək idi. Çox sevinirəm ki, onların arasında elə gənclər var idi ki, bu gün Azər­bay­can ədəbiyyatında tanınmış adlardır. Həmin ənənəni Dillər Uni­ver­si­te­tin­də həyata keçirmək niyyətindəyəm. Həmkarlarımla danışmışam, gənc ya­radıcı qüvvələrin həmin istiqamətlər üzrə bizim köməyimizə ehtiyacı olduğunu düşünürəm. Yəqin ki, dərslərə sentyabr ayından başlayacağıq.

– Prezidentin fərmanı ilə artıq rektorlar 5 il müddətinə təyin olu­nur. İctimaiyyətdə bəzi müzakirələr var ki, rektorluq seçimlə olmalıdır. Sabiq təhsil naziri Firudin Cəlilov da BBC-yə müsahibəsində demişdi ki, 1992-ci ildə Təhsil haqqında Qanun hazırlayarkən rektorluğun seçim vasitəsilə aparılmasını nəzərdə tutublar. Sizcə, niyə rektor seçki ilə deyil, təyi­natla olmalıdır?

– Öz fikrimi izah edim. Rektorların seçilməsi universitet kollektivi ara­sında ikiləşmə və ya üçləşməyə gətirib çıxara bilər. Bu, çox təhlükəli mə­qam­dır. Universitetdə çalışan rektor və ya başqa şəxs öz namizədliyini verə­cəksə, ikitirəlik yarana bilər. Universitet mənəviyyat nöqteyi-nəzərdən par­çalana bilər. Bu da təhsilə son dərəcə pis təsir göstərər. Azərbaycan uni­ver­sitetləri arasında olan yeganə hal kimi, səhv etmirəmsə, 1987-ci ildə Bakı Döv­lət Universitetində rektor seçkiləri yadıma düşür. O zaman uni­ver­si­te­tin rektorluğuna iki nəfərin namizədliyi var idi. Rəhmətlik Yəhya Məm­mə­dov, Azərbaycanın görkəmli riyaziyyatçı alimi və universitetdə uzun illər elmi işlər üzrə prorektor kimi çalışan, Azadlıq hərəkatında xüsusi xidməti olan insan və digər görkəmli riyaziyyatçı, rəhmətlik Mirabbas Qasımov. Heç kim inkar edə bilməz ki, universitet kollektivi iki qütbə bölünmüşdü. Yəh­ya müəllim böyük fərqlə rektor seçildi və onun rektor kimi böyüklüyü onda oldu ki, seçiləndən sonra qütbləşməni dərinləşməyə qoymadı. O, rek­tor seçildikdən sonra hamının rektoru oldu, hamıya eyni dərəcədə, eyni ob­yek­tivliklə münasibət bəslədi. Başqa halda qütbləşmə kimyəvi reaksiya kimi davam edə bilər və çox ciddi ixtilaflara gətirə bilər. Mən ona görə hesab edirəm ki, rektorların təyin olunması daha məqsədəuyğundur.

– Dediyiniz kimi, bu, parçalanma yaratmadı. Ola bilər ki, başqa seçkilərdə…

– Ola bilər, amma olmaya da bilər.

– Amma, görünür, Siz böyük ehtimal hesab edirsiniz ki, bu, olmaz…

– Cəmiyyət bütövlükdə daxilən belə bir vəziyyətə hazır olmalıdır. Seç­ki, ümumiyyətlə subyektiv anlayışdır. Seçki, müsabiqəson dərəcə ob­yek­tiv olunduğu deyilsə də, subyektivlik məqamı hökmən özünü gös­tə­r­mə­lidir. O subyektivlik başqa bir subyektivliklə qarşılaşdıqda nə doğura bilər, bunu özünüz təsəvvür edin.

– Bildiyiniz kimi, indi internet əsridir və internet vasitəsilə azər­bay­canlı tələbələr amerikalı, avropalı, türkiyəli və digər tələbələrin də təh­sil prosesini izləyə bilir. Eyni zamanda onlar da azərbaycanlı tələb­lə­rin təhsil prosesini izləyə bilirlər. Siz də, yəqin, izləyirsiniz və müşahidə edir­siniz. Sizcə, Azərbaycan ali təhsili, ümumilikdə nələrdən geri qalır?

– Çox maraqlı sualdır. Biz yavaş-yavaş dünya kontekstinə daxil olma­ğa başlamışıq. Yadıma gəlir, sovet dövründə Yaponiyada səfərdəydim, Azər­baycan mədəniyyət günləri keçirilirdi. Geri qayıdanda jurnalistlər mənə çoxlu suallar verirdilər. Sual verdilər ki, biz onlardan nə qədər geri qalı­rıq? Mənim cavabım indiyə kimi yadımdadır: “Biz onlardan qətiyyən geri qalmırıq, çünki biz başqa-başqa qalaktikalardayıq”. Bu gün artıq hə­min qalaktikalar birləşib və biz dünya kontekstinə daxil olmağa başlamışıq. Bu gün hansı universitetlə münasibətdə nəyin çatışıb-çatışmadığını saymaq olar, tələbə mübadiləsi var, tələbələr oradakı ab-havanı görürlər, duyurlar, onun aurasına düşürlər, o həyatı yaşayırlar. Bir dəfə mühazirə demək üçün Ame­­rikanın Kolumbiya Universitetinə dəvət olunmuşdum. Bu, qısa müd­dət baş verdi. Geri qayıtdıqdan sonra uzun müddət həmin təəssüratla ya­şa­ma­ğa davam etdim. Əlbəttə ki, görüb-götürməli çox şeyimiz var. Amma bizim də verəcək az şeyimiz yoxdur. Elə bu gün bizim universitetə Ame­ri­ka­dan 10 tələbə gəlib. Soruşa bilərsiniz, niyə gəliblər? Azərbaycan dilini öy­rən­məyə. “Azərbaycan dilini bunlar niyə öyrənirlər?” sualını mənə ver­sə­niz, mən sizə deyərəm, bu gün Azərbaycanın dünya miqyasında artan hör­məti, şöhrəti, Azərbaycanın regionda tutduğu önəmli və əsas, aparıcı rolu onlara bu dili öyrənməməyə heç bir imkan vermir. Yadınıza gəlirsə, o za­man­lar rus ziyalısı Bestujev-Marlinski demişdi ki, XIX əsrdə Azərbaycan dili­nin Qafqazdakı rolu fransız dilinin Avropadakı roluna bənzəyir. Bu, çox doğ­ru müşahidədir. Dağıstan xalqları bir-biri ilə hansı dildə danışırdılar? Azər­baycan dilində. Azərbaycan dilinin belə bir mövqeyi və avtoriteti var idi. Bu gün o, bərpa olunmağa başlayır. Amerikadan gəlirlər öyrənməyə. Hələ başqa ölkələri demirəm.

– Növbəti sualım isə bu sualın davamıdır. Azərbaycanda verilən ali təhsil bilikləri müasir dünyada verilən ali təhsil biliklərindən nə ilə fərqlənir?

– Mən də sizə eyni sualın eyni cavabını verə bilərəm. Elə sahələr var ki, biz onlarda özümüzü balıq sudakı kimi hiss edirik. Çox rahatıq. Bu, Azər­­baycan ədəbiyyatı, dili, humanitar elmlərə daha çox aiddir. Yəni “Azər­­­­baycandan kənarda bu səviyyədə bu bilikləri daha harada vermək olar?” sualına cavabı tapmaq çətindir.

– Dillər Universitetini bu gün bitirən bir tələbə ona verilən bilik­lər­lə nə qədər uzağa gedə bilir?

– Dillər Universitetini bu gün bitirən tələbə öz imtiyazlarına görə Azər­baycan Respublikasının Baş naziri vəzifəsinə qədər gedə bilir. Bu gün bizim Baş nazirimiz cənab Novruz Məmmədov Dillər Universitetinin həm mə­zunudur, həm də uzun illər burada çalışıb. Hələ mən nazirlərimizi, yük­sək rütbəli məmurlarımızı, səfirlərimizi demirəm.

– Tələbələrlə münasibətdə onlara yaratdığınız şəraitdən, tələbələrlə fər­di ünsiyyətə üstünlük verdiyinizdən, onları müəllimlər və idarə­çi­lik­də­ki digər şəxslərdən qoruduğunuzdan danışdınız. Soruşmaq istəyirəm ki, Azərbaycanda və Sizin universitetdə tələbələr ictimai-siyasi ha­di-sə­lər­də iştiraklarında, hər hansı prosesə öz mövqelərini bildirməkdə, uni­ver­sitetdən kənarlaşdırılmaq qorxusu olmadan sərbəst şəkildə özlərini ifa­də etməklərində nə qədər azaddırlar?

– Tam sərbəst şəkildə bizim tələbələrimiz özlərini hər yerdə ifadə edə bilir­lər, öz siyasi şüurlarını formalaşdırmaq imkanları var. Biz bunun üçün xü­susi çalışırıq ki, onlar cəmiyyətdə gedən proseslərdən, internet sə­hi­fə­lə­rin­dən kənarda qalmasınlar. Dünya ilə təmasın mümkün olan bütün effek­tiv yollarından istifadə etsinlər. Bunun üçün biz də əlimizdən gələni edirik. Bir layihəmizi də sizin diqqətinizə çatdırmaq istəyirəm. Universitetdə çox ma­raqlı layihə həyata keçirilir. Universitetdə bütün birinci kurs tələbələri – təəs­süf ki, imkanımız ancaq birinci kurs tələbələrinə çatır – kitab dü­ka­nın­dan aldığı kitabların qəbzini verib pulunu geri qaytara bilirlər. Yəni uni­ver­sitet birinci kurs tələbələrinin öz evində şəxsi kitabxanasını for­ma­laş­dırmağın əsasını qoyur və bu istiqamətdə ona kömək etməyə çalışır. Bu da həmin müəllim-tələbə münasibətlərinin bir hissəsidir.

– Universiteti bitirən tələbələr sonradan magistratura pilləsinə qə­bul olmaq üçün hazırlıq kurslarına gedirlər. Əksər hallarda bu kurslar aka­demik sahənin kursları olmur, universitetə bağlı olmayan, fərdi şəxs­lər və ya təşkilatlar tərəfindən göstərilən xidmətlər olur. Siz necə düş­ü­nür­sünüz, bakalavr pilləsinin tələbələrinin aldığı təhsil kifayət etmir ki, onlar yenidən hazırlığa gedirlər?

– Bu da maraqlı sualdır və təhsil sisteminə içindən baxmağa sövq edir. Söhbət ondan gedir ki, magistratura sisteminə daxil olmaq tələbləri yük­səlib. Bu tələblərlə bakalavriat tələbləri, bəlkə də, mütənasib uyuşmaya gə­lib çıxmayıb. Bu da ola bilər. Əslində, “ola bilərlər”in hamısından daha vacib kriteriya var. Universitet tələbəyə mütəxəssis kimi formalaşması üçün lazım olan biliyin 70-80 faizini verə bilir. Yerdə qalan isə gəncin özün­dən asılıdır. “Mənim universitetlərim” adlı anlayış var. Hər bir gəncin hə­ya­tın­da oxuduğu universitetdən əlavə, öz universiteti də olmalıdır. Bu za­man, məncə, magistratura problemi də olmaz. Təəssüf ki, bizdə həmin tə­lə­bə­lər ehtiyacları olduqları qədər təhsil almır. Amma tələbənin özü də əlavə təh­sil almağa ehtiyacı olduğunu hiss edirsə, bunun özü də balaca şey deyil.

– Yəqin, müşahidə edirsiniz, beynəlxalq təşkilatlar dünya univer­si­tet­lərinin reytinq cədvəllərini dərc edirlər. Biz, adətən, Azərbaycanı ya bu siya­hılarda heç görmürük, ya da çox aşağı mövqelərdə görürük. Sizcə, bunun səbəbi nədir? – Reytinq cədvəlləri son dərəcə subyektiv istiqamətlərdən düşünülüb ortaya çıxarılan cədvəllərdir. Yəni reytinqin özünün məqsədindən asılı ola­raq, mən elə bir reytinq cədvəli düzəldə bilərəm ki, bizim universitet dün­ya­da birinci olar. Azərbaycanda xarici dillərin öyrənilməsi. Bu, Harvardda var? Yoxdur. Yəni reytinqi elə quraram. Beynəlxalq səviyyədə qəbul olun­muş­dursa, o zaman niyə müxtəlif reytinq cədvəllərində müxtəlif uni­ver­si­tet­lər çıxır? Burada cəmiyyətin bütövlükdə inkişafı vacibdir. Reytinq cəd­vəl­lərinin qurulmasında əsas məsələlərdən biri, məsələn, həmin uni­ver­si­tet­də neçə nəfər Nobel mükafatçısının çalışmasıdır. Bu, çox vacib prin­sip­dir. Gərək cəmiyyət Nobel mükafatçısına malik olsun, düzdür? Elə məs­ə­lə­lər var ki, universitetin özündən asılı deyil. Cəmiyyət gərək o məqama ha­zır olsun. Azərbaycan cəmiyyəti bu gün inkişaf edir, bugünkü Azərbaycan dü­nənki Azərbaycan deyil. Biz baxırıq və çox zaman bunun fərqinə va­r­mı­rıq. Bu gün kəndlərimiz, şəhərlərimiz, küçələrimiz, binalarımız, bağlarımız, bağ­çalarımız dəyişir. Bununla yanaşı, bu gün Azərbaycan insanı mənən də­yi­şir, daxilən dəyişir. O, artıq dünənki insan deyil. Bugünkü Azərbaycan insa­nı, prinsip etibarilə, öz şəxsi mənafeyini ictimai mənafedən yüksək tut­ma­yan insandır. Şəxsi mənafeyini saxlayıb, ictimai mənafeyini irəli buraxan insandır. Vətən, ölkə, himn, bayraq, Prezidentini hər şeydən yüksək tutan in­sandır. Təmayül, meyl bu istiqamətdədir. Bu, çox vacib göstəricidir. Bu gös­tərici bütövlükdə həyata keçdikcə, mən hesab edirəm ki, hər şey za­ma­na bağlıdır və o dediyiniz məsələlərin də bir çoxu zamanında həll olunacaq.

image_print
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
Июль 2025
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031