“ÜMUMİYYƏTLƏ, DANIŞMAQLA AZƏRBAYCAN DİLİNDƏ DANIŞMAQ EYNİ ŞEY DEYİL”

Kamal Abdulla
Filologiya elmləri doktoru, professor, xalq yazıçısı, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, I dərəcəli dövlət müşaviri, Azərbaycan Dillər Universitetinin rektoru

Məlum olduğu kimi, Prezident İlham Əliyev “Azər­baycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uy­ğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haq­qın­da” Sərəncam imza­la­mış­dır. Bu Sərəncamdan irəli gələn vəzifələri hə­ya­ta keçirmək üçün işçi qrupu ya­ra­dılmışdır. İşçi qrupunun rəhbəri AMEA-nın müxbir üzvü, AMEA İctimai və Hu­manitar elmlər bölməsinin akad­e­mik-katibi professor Kamal Abdulla AZƏRTAC-a müsahibə vermişdir.

– Kamal müəllim, bu Sərəncam hamımızın ürəyindən oldu. Bu­nun­la bağlı konkret hansı işlər görülür?

– Bir daha cənab Prezidentə dilimiz, dilçiliyimizlə bağlı belə bir dərin məz­munlu qərar üçün təşəkkür etmək istəyirəm. Onu da qeyd etmək la­zım­dır ki, bu Sərəncamda Azərbaycan dili ilə yanaşı, Azərbaycan dil­çi­li­yi­nin, tərcümə fəaliyyətinin, terminologiyanın da inkişafına diqqət verilir və məsələ kompleks şəkildə öz həllini tapır.

İndi bizim vəzifəmiz həmin siyasi sənəddən irəli gələn məsələləri Döv­lət Proqramı müstəvisinə keçirməkdir. Bununla əlaqədar AMEA-nın İcti­mai və Humanitar elmlər bölməsində işçi qrupu yaradılmışdır və o, artıq fəaliyyət göstərir. İşçi qrupuna ölkənin aparıcı dilçiləri ilə yanaşı, Aka­de­miyanın, ali məktəblərin, müxtəlif əlaqədar nazirliklərin, Mətbuat Şura­sı­nın, Teleradio Şurasının, Bakı İcra Hakimiyyətinin, Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin və başqa qurumların nümayəndələri daxildirlər.

Mən bunu dəfələrlə demişəm, bir daha təkrar edirəm. Dil ancaq dil­çi­lə­rin inhisarı deyildir. Ancaq dil məsələlərini dilçilər olmadan nəzərdən ke­çir­mək də olmaz. Ona görə də dillə, dilçiliklə bağlı Dövlət Proqramının la­yi­həsini hazırlayan işçi qrupuna təkcə akademiyanın deyil, həmçinin ali mək­təblərin dilçiləri, filoloqları da daxildir. Eyni zamanda işçi qrupu öz fəa­liyyətini AMEA-nın adı çəkilən bölməsi ilə sıx əlaqədə qurur. Bizim böl­mə­də dilçilərlə yanaşı, tarixçilər, ədəbiyyatçılar, filosoflar, iqtisadçılar, şərq­şü­naslar, psixoloqlar, hüquqşünaslar və bir sıra digər elmlərin nü­ma­yən­də­lə­ri var. Yaxın gələcəkdə işçi qrupunun üzvləri ilə AMEA Rəyasət Heyəti üzv­lərinin görüşünü təşkil etməyi düşünürük. Bu görüş, ola bilsin daha geniş elm sahələrinin nümayəndələrinin də iştirakını ehtiva etsin. İndiki mər­hələdə isə biz işçi qrupu olaraq irəli sürülən təklifləri müzakirə edib, ümu­miləşdirməklə məşğuluq. Dövlət Proqramı layihəsinin ayrı-ayrı hissə­lə­rini müəyyənləşdiririk. Planımızda deputatlarla, yaradıcı təşkilatlarla, re­gion­larda ictimaiyyət nümayəndələri ilə görüşlər nəzərdə tutulub. Onu da xü­susi qeyd etmək istərdim ki, təkcə alimlər deyil, cəmiyyətimizin hər bir üzvü öz təkliflərini irəli sürə bilər və biz bütün təklifləri nəzərdən ke­çir­mə­yə hazırıq. Hətta belə bir fikrimiz var ki, küçədə, bazarda işləyənlərin, taksi sürücülərinin, mənzil-istismar idarələrinin nümayəndələri ilə də görüşlər ke­çirək.

– Küçədə, bazarda işləyənlər də təklif verəcəklər?

– Bəli, niyə də yox? Küçədəki dil çox əhəmiyyətlidir. Bilən bilir, yeni ital­yan dili məhz küçə və bazarda işlədilən latıncadan yarandı. “İlahi ko­me­diya” bu yeni dildə yazılıb. Bir sözlə, dilini sevən, onun təəssübünü çəkən hər kəs təklif verə bilər.

Dövlət Proqramı layihəsində hansı tərkib hissələr nəzərdə tutulur?

– Bu tərkib hissələrin adı, bölmə üzvlərinin və işçi qrupunun ra­zı­lı­ğı­na əsasən, ilk olaraq, Azərbaycan dilinin ən müxtəlif durum və fəaliyyət sahə­lərinin müəyyən edilməsi ilə bağlıdır. Dilimizin fəaliyyət və duru­mu­nu geniş panoramda göz önünə gətirsək, görərik ki, ayrılan istiqamət və şaxə­lər çoxdur. Azərbaycan dili ali məktəbdə, orta məktəbdə, ailədə, cə­miy­yətdə, döv­lət qurumları, idarə və təşkilatlarda, küçədə, xaricdə, KİV-lər­də, infor­ma­si­ya texnologiyaları müstəvisində … saymaqla, bəlkə də, qur­tar­maz.

– Bəzən deyirlər ki, biz bir-birimizlə başqa dildə danışsaq, dilimiz əldən gedər…

– Bəli, belə deyənlər var. Amma onlar dilçiliyin əzəli prinsiplərindən çox vacib olan birini – dil-nitq qarşılaşdırılmasını unudurlar. Ya da bil­mir­lər. Dilimiz kimlərinsə küçədə bir-biri ilə rus, ingilis, fransız… eskimos di­lin­də danışmaları ilə əldən gedəcəksə, belə dil, elə əldən getsə yaxşıdır. Əzizi-mən, bu şəkildə dil əldən getməz, gedə bilməz. Olsa-olsa bu şəkildə baş­qa dildə danışanlar öz nitqlərini korlamış olarlar. Yel qayadan daş apar­maz. Nitqin dilə belə “faciəli” təsiri yağan yağışın okeanı məcrasından çı­xar­ması kimi bir şeydir. Bu məsələlərlə bağlı istiqamət də, yəni cəmiyyət və dil istiqaməti Dövlət Proqramında əksini tapacaqdır.

– Çox zaman deyirlər ki, biz başqa dildə düşünüb öz dilimizdə danışmağa cəhd edirik…

– Bu cür deyənlər də bayaqkılardan, dil barədə qeyri-peşəkar fikir yürü­dənlərdən fərqlənmir. Heç kim başqa dildə (!) düşünə bilməz. Bu, müm­­kün deyil. Bizim beynimizdə genetik dil strukturu (qəlibi) var. Bu qəlib ümumi, beynəlmiləldir. Hamı – azərbaycanlı da, ingilis də, rus da, adı­­nı yuxarıda çəkdiyim eskimos da ümumi məntiq “dilində”, qəlibində dü­­şünür. O başqadır ki, adamlar həm də daxili nitqə malikdirlər. Səslənən, şifa­hi nitqdən əvvəl kim isə daxili nitqini başqa “dil”də qura bilər, qurmaq istə­yər, “ürəyində” öz-özünə pıçıldaya bilər. Amma bu, başqa dildə dü­şün­mək demək deyil.

Görürsünüzmü, dilçilik elə özül prinsiplərə malikdir ki, onları bil­mə­dən dillə, onun hətta sosial statusu ilə bağlı fikirlər yürüdərkən çox zaman gü­lünc situasiyalar yaranır.

– Dediniz ki, Dövlət Proqramında Azərbaycan dilinin Elmlər Aka­de­miyasında, ali məktəbdə, orta məktəbdə, ailədə fəaliyyəti məsələləri ayrı­ca bölmələr kimi öz əksini tapacaqdır.

– Bu istiqamətləri “Azərbaycan dili və onun tədrisi” adı altında bir­ləş­di­rə bilərik. Dövlət Proqramının layihəsində bu bölüm əsas yerlərdən birini tu­tacaq. Cəmiyyətdə ali məktəb, orta məktəb və digər tədris müəs­si­sə­lə­rin­də Azərbaycan dilinin mövqeyi ilə bağlı ciddi narahatlıqlar vardır. Biz dərs­liklərin dili və üslubu (dil təqdimatı), tərcümələrin keyfiyyəti, dərs saat­larının həcmi, bölünməsi və s. məsələləri dövlət başçısının Sərəncamına arxa­lanaraq daha optimal və keyfiyyətli şəkildə həll edə bilərik. Məsələn, belə bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Ali məktəbdə Azər­bay­can dilinin saatlarını artırmaqdan söz düşəndə bunu, adətən, filoloji yö­nüm­lü istiqamətlərə tətbiq etməyi nəzərdə tuturlar. Əslində isə Azər­bay­can dili saatlarının filoloqlardan daha çox riyaziyyatçılar, fiziklər, bioloqlar, həkimlər, iqtisadçılar üçün artırılması mexanizmini işləmək lazımdır. Belə olar­sa, bu elm sahələri ilə bağlı tərcümə və terminologiya problemlərini gənc ixtisas sahibinə hələ bakalavr səviyyəsində bütün “boy-buxunu” ilə gös­tərmək mümkün olar.

Azərbaycan dilinin fundamental tədqiqi probleminin aparıcı təş­ki­lat­çı­sı Elmlər Akademiyası, Dilçilik İnstitutudur. Burada da köklü yeniliklər etmək lazımdır. Azərbaycan dilini öyrənən mütəxəssislərimizlə yanaşı, Hind-Avropa dillərini, Afrika dillərini, Qafqaz dillərini, monqol dillərini, dilin fəlsəfəsini, psixolinqvistikanı, sosiolinqvistikanı, dil və dövlət mü­na­si­bət­lərini, qədim, ölü dilləri, onlarla yanaşı, uyğun sivilizasiyaları tədqiq edən mütəxəssislərimiz formalaşmalıdır. Prezidentin Sərəncamı bu fikirləri və arzuları həyata keçirmək üçün güclü əsas və imkan verir.

– Sərəncamın dilin inkişafına təsiri necə olacaq?

– Prezident Sərəncamının öz-özlüyündə böyük əhəmiyyəti vardır. Dil sahəsi digər ictimai, mənəvi, intellektual sahələrlə sıx əlaqədə olduğundan həd­dindən artıq həssas sahədir. Obyektiv cəhətdən “pərakəndə” sahədir. Sərən­cam bu “pərakəndəliyi” sahmana salmağa kömək edəcəkdir. Həya­tı­mız, onsuz da informasiya ilə entropiyanın müxtəlif nisbəti, tənasübü üzə­rin­də qurulub. Sərəncamın dilimizlə, cəmiyyətimizlə, dövlətimizlə bağlı mə­sələlərə informativlik gətirəcəyinə əminəm.

Amma bu məsələnin o biri tərəfi də var. Dil elə bir fenomenal hadi­sə­dir ki, heç bir zaman göstərişlə, arzuyla, qərarla yaşamır. Onun öz həyatı var, öz gizli, tənzimolunma qanunları var. Sadəcə, dillə bağlı dövlətin hər bir münasibəti dilin öz daxili qanun-qaydalarının cilalı olmasına, təsadüfi məqamlardan uzaq, adekvat şəkildə işlənməsinə real şərait yaradır.

– Azərbaycan bədii dilinin inkişafı üçün konkret nələr edilməlidir?

– Haqqında danışdığımız mövzu ilə bağlı nələri etməməliyik! Məhz bun­dan başlamaq lazımdır. Edəcəklərimiz onsuz da bəllidir. Etməməli oldu­ğumuz bir məsələni isə dəqiq bilirəm. Hər hansı bədii əsəri oxuyub orada alışmadığımız cümlə quruluşu və ya sözlər görəndə şivən qal­dır­ma­ma­lıyıq ki, dilimizi korladılar, ay aman! “Bu, azərbaycanca deyil” təfək­kü­rü­nə son qoymaq lazımdır. Belə düşüncə tərzi bütövlükdə dil inkişafının qar­şısına sədd çəkir. Əsərin dilində, əlbəttə ki, müəllif tərəfindən dərk edil­miş müəyyən “icazəli” pərakəndəlik, “hərc-mərclik” olmalıdır. Əlbəttə ki, “azər­baycanca deyil” baş verməsə və bu hal özünə yer tapmasa, “azər­bay­can­ca” dərinləşə, genişlənə bilməz. Ütülü, sığallı bədii dil XX əsrin 30-40-50-ci illərində qaldı. İnkişaf nəyisə “qırmaq”, nədənsə vaz keçmək, oxu­cu­nu təkcə təəccübləndirmək yox, ona alternativ quruluşlar təqdim və təlqin etməkdir. Dil müstəvisində bu alternativlər əvvəlcə variantlara, sonra isə, kim bilir, bəlkə, hələ invariantlara çevrilə bilər.

– Ən ağır məsələlərdən biri dilimizin KİV-lərdə işlənməsidir…

– Bəli, əsas məsələlərdən biri də KİV-lərdə dilimizin vəziyyətidir. Bu ba­rədə işçi qrupun, bölmənin üzvlərinin ümumi fikri var. Müəyyən me­xa­nizm­lər – dili yanlış yola düşməkdən qoruyan mexanizmlər işləyib Dövlət Proqramı layihəsinə daxil etmək lazımdır. Bir az əvvəl dedim ki, dilin öz daxili həyatı var, biz ona təsir edə bilmərik. Amma bu normal situasiyalar üçündür. Qeyri-normal situasiyalarda isə dilə təzyiq edilir. Onu sanki “zor­la­yır”, öz təbii yolundan itələyib çıxarmağa çalışırlar. Məsələn, götürək tele­­viziya şirkətlərini. Dillə bağlı arzuedilməz məqamlar burada geniş sis­tem şəklindədir. Nə aparıcılar, nə şoumenlər, nə müğənnilər, nə də çox zaman dəvət olunanlar düz-əməlli Azərbaycan dilində danışa bilmirlər. Bu de­diklərimlə onlar, əlbəttə ki, özləri razılaşmayacaqlar, bilirəm. Amma istə­yi­rəm, bir məsələni bilsinlər. Ümumiyyətlə, danışmaqla Azərbaycan dilin­də danış­maq eyni şey deyil. TV güzgüdür. Zeynal Məmmədli yaxşı yazıb: “da­nışan güzgü”. Həqiqətən də, güzgü elə danışmalıdır ki, biz “ağzımızı açıb” qulaq asaq. Öyrənək! Ləzzət alaq. Bu isə indilik belə deyil. Bizim işçi qru­­punda belə bir fikir formalaşıb ki, TV-lərdə dillə bağlı problemləri çö­zən, onlarla uğraşan “bədii şura” deyilən mexanizmi yaratmaq və ya bərpa etmək lazımdır. Bizi “senzuranı bərpa edirlər” deyə günah­lan­dır­ma­ğa tə­lə­sən­lər isə bilərəkdən, ya bilməyərəkdən, açıq deyəcəyəm, dilimizin bəd­xah­larıdır. Bunu sübut etmək çətin məsələ deyil.

– Dövlət Proqramında dilimizin xaricdə işlənməsi problemləri əksini tapacaqmı?

– Xaricdə Azərbaycan dilinin vəziyyəti ilə bağlı məsələnin dərindən və hərtərəfli öyrənilməsinə ehtiyac vardır. Aydın məsələdir ki, Azərbaycan dili xaricdə ölkəmizin get-gedə artan beynəlxalq nüfuzuna işləməlidir. Xaric­də Azərbaycan dilində qəzetlər çıxarmaq, məktəblər (ən azı, yay mək­təb­ləri) açmaq, dilöyrədən dərsliklər yazmaq və yaymaq, TV-lərin xarici ölkə­yə yayımlarını həmin ölkələrə görə lokallaşdırmaq, bir sözlə, həm dias­po­ra üçün, həm də ölkəmizin dostları, dilimizi, mədəniyyətimizi öyrənmək istəyənlər üçün geniş spektrli fəaliyyət proqramı işləmək lazımdır.

Mən deyəndə ki, dillə bağlı məsələlər sistem kimidir, bir-biri ilə qar­şı­lıq­lı əlaqədədir, nəzərdə tutduğum mətləb var. Baxın, xaricdə Azərbaycan dili dərslərinin təşkil edilməsi məsələsini götürək. Bu dərslər vacibdirmi? Va­cibdir! Amma bu dərsləri kim deyəcək?! Bu dərsləri tədris edən şəxs xarici ölkəni yaxşı bilən, Azərbaycanı yaxşı bilən (təkcə dilini yox, tarixini, ədə­biyyatını, mədəniyyətini, coğrafiyasını…) bir mütəxəssis olmalıdır. Biz­də bu gün beləsi varmı? Çox az. Bu xəttə kömək üçün ali məktəblərdə “azər­baycanşünaslıq” ixtisası açmaq lazımdır. Buyurun, bu da sistemin bir-biri ilə əlaqəli həlqələri.

– Hansısa universitetdə “Azərbaycanşünaslıq” ixtisası varmı?

– Bəli, mənim çalışdığım Bakı Slavyan Universitetində bu ixtisas var.

– Dövlət Proqramı layihəsi nə zamansa fəaliyyət proqramına çev­ri­lə­cək. Bir müddət sonra onun müddəa və maddələrinin unudulma qor­xusu ola bilərmi?

– Biz proqrama “özünümüdafiə” məqamı daxil edəcəyik. Onun uzun­ömür­lüyü və effektivliyi xüsusi nəzarət qrupu vasitəsilə tənzim ediləcək.

– İşiniz asan deyil. Ən azı, ona görə ki, dil sahəsində hamı özünü mütəxəssis sayır.

– Elədir. Elm sahələri var ki, diletantın fikrinə görə o, asanlıqla bu sahə­lərlə məşğul ola bilər. Hətta nəinki məşğul, o sahələrin – dilçiliyin, tari­xin, fəlsəfənin peşəkarlarına “dərs” də verə bilər. Bəzən bu həvəs əsassız iddia və əda ilə müşayiət olunur. Nə etməli, belə bir cəmiyyətdə yaşayırıq. Allah bizi öz sahəsindən başqa hər şeyi, xüsusilə tarixi, dilçiliyi, fəlsəfəni “bilən”lərdən qorusun, biz isə öhdəmizə düşən məsuliyyəti anlayaraq öz işimizi görməyə davam edəcəyik.

– Çox sağ olun. Uğurlar arzulayırıq. – Təşəkkür edirəm.

(“525-ci qəzet” 7 iyul, 2012)

image_print
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
Июль 2025
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031