
Eyvaz Məhəmmədəli oğlu Eminalıyev
filologiya üzrə fəlsəfə doktoru
ADPU, Şamaxı filialı, Dil, ədəbiyyat və onların tədrisi texnologiyası
kafedrasının müdiri

Türkan Fazil qızı Hüseynova
ADPU, Şamaxı filialı, Dil, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi
BDU-nun Dünya ədəbiyyatı kafedrasının doktorantı
Qloballaşan və rəqəmsallaşan dünyada insan artıq öz ruhundan uzaqlaşır və daha çox məntiqi tərəfə yönəlir. Ruhla bağlı olan insan mənəviyyatının artıq arxa plana keçməsi, zamanla öz ülvi və ilahi bağının qopub silinməsi, bir növ “korlaşması” – bəsirət gözünün bağlanması baş verir. Qloballaşan dünyamızın acı reallıqlarındandır ki, müasir Çində incəsənət və humanitar elmlərə aid 12 000 bakalavr ixtisası, guya zamanla ayaqlaşmadığı üçün ləğv olunub. Bu şəkildə davam insanlığın getdikcə irfani dünyasının, mənəvi-ruhi tərəfinin yox olmasına gətirib çıxaracaq, mənəviyyatın, insanın ruhi aləminin çöküşü baş verəcək, bu isə nəticədə bəşəriyyətin sonunu gətirmiş olacaq. İnsanın doğru ilə yanlışı, yaxşı ilə pisi ayırd etməkdə çətinlik çəkməsi və ya mənəvi dəyərlərə qarşı həssaslığını itirməsi bəşəri faciədir. Mənəvi korluq insanlığın gözünün deyil, qəlbinin və vicdanının həqiqəti – Haqqı görə bilməməsidir. Klassik Şərq, eləcə də Avropa filosoflarının bu məsələ ilə bağlı maraqlı fikirləri mövcuddur. Bu zaman onlar “mənəvi korluq”, “cəhalət”, “özünü aldatma”, “vicdanın susması” və ya “həqiqəti görə bilməmək kimi anlayışlardan istifadə ediblər. Əgər Konfutsi əxlaqi prinsiplərdən uzaqlaşmağı mənəvi korluğun səbəbi hesab edirdisə, Lao Tzu insanın ehtiraslarının əsirinə çevrilməsini faciə adlandırırdı. Əbu Həmd əl-Qəzali qəlbin günah, təkəbbür və dünya sevgisi ilə kirlənməsini, İbn Sina ehtiras və yanlış vərdişlərin bu yolu bağlamasının səbəbi kimi görürdülər. Qəlbin korluğunu ən böyük korluq hesab edən Mövlana Cəlaləddin Rumi bildirirdi ki, sevgi və mənəvi saflıq insanın bəsirət gözünü açdığından onu həqiqətə yaxınlaşdırır. Sokrat, Platon, Aristotel, İmmanuel Kant, Fridrix Nitsşe, Sören Kyerkeqor və b. filosofların nəzəri baxışlarında mənəvi korluğun yozumu, təxminən eynidir: pislik şərə gedən yol, həqiqi biliyə sahiblənmək əxlaqlı olmağa yardımçıdır (Sokrat), insanın kölgələri həqiqət hesab etməsi mənəvi və idraki korluqdur (Platon), pis vərdişlər və nəfsə qul olmaq düzgün mühakimə qabiliyyətini zəhiflədir (Aristotel), əxlaqi məsuliyyətdən yayınmaq mənəvi qüsurdur (İmmanuel Kant), insanların cəmiyyət dəyərlərini kor-koranə qəbul etməsi özünüdərkdən uzaqlaşdırır (Fridrix Nitsşe), özündən qaçmaq, daxili həqiqətlə üzləşməkdən qorxmaq mənəvi böhranın əsas səbəbidir (Sören Kyerkeqor).
Məşhur portuqaliyalı yazar Jose Saramaqonun “Korluq” romanı bu baxımdan diqqətimizi daha çox çəkir və bəşəriyyətin mənəvi deqradasiyaya uğraması faciəsi ilə bağlı fikrimizi bu əsər əsasında verməyə çalışacağıq. Kitabda əsər haqqında belə oxuyuruq: “Nəşr edildikdən sonra Avropada böyük ajiotaj yaradan əsərin arxa fonunda çox böyük ictimai-siyasi tənqid dayanır. Təkcə ədəbi yaradıcılığı ilə deyil, siyasi fəaliyyəti ilə də seçilən, həyatının sonuna qədər kommunizmə, sol ideyalara sadiq qalan portuqal yazıçının bu romanı yeni dövrə, kapitalizmə və onun gətirdiyi naqisliklərə qarşı yazılmış möhtəşəm əsərlərdən biri sayılır. Amma ədəbi əsəri təkcə hansısa ideologiyanın çərçivələrində şərh eləmək də düzgün olmazdı. Dahiyanə “Korluq” romanını oxuyan istənilən dünyagörüşə sahib oxucu orada özü üçün faydalı, öz dünyasının qaranlıq bucaqlarına işıq salan fikirlərlə qarşılaşacaq. Bu roman müasir ədəbiyyatın şedevrlərindən biri sayılır”.
Postmodern, hətta post-postmodern dünya ədəbiyyatının əsas əsərlərindən biri olan “Korluq” romanı öz orijinal süjet xətti və axıcı üslubu ilə oxucunu heyran edir. Əsərin mövzusu olduqca aktualdır və zənnimizcə, günümüzdə insanların hər birinin oxuması lazım olan əsərlərdəndir. Əsər ekranlaşdırılıb film şəklində təqdim olunsa da, mütləq şəkildə oxunulması tövsiyə olunur. Yaşadığımız çağın mənəvi böhranı, insan ruhunun getdikcə buxovlanması, itirilməsi, vicdanın korşalması kimi effektiv və aktual mövzulara toxunan əsər böyük heyranlıqla diqqət çəkir.
Hadisələr adı məlum olmayan bir ölkədə, bu naməlum ölkənin hansısa bir şəhərində cərəyan edir. Hər şey maşın sükanının arxasında oturan bir adamın qəfildən kor olması ilə başlayır. Lakin bu, bildiyimiz qaranlıq doğuran fizioloji, tibbin tanıdığı korluq deyil; adam hər yeri südlü bir bəyazlıq içində görür («ağ korluq»). Bu sirli epidemiya sürətlə bütün şəhərə yayılır. Hökumət xəstəliyin qarşısını almaq üçün ilk yoluxanları boş bir psixiatriya xəstəxanasında karantinə alır və onları taleyin ümidinə buraxır. “Bir qədər səfehcəsinə olsa da, yəqin, sevinərdin, ona görə yok ki korsan, ona görə ki ətrafda hamı belədir və əgər onlarla heç kəsə baxmırsansa, sağlam, gözəl gözlər nəyə gərəkdir. Həkimin arvadı dedi: hər bir adamın zəif anları olur, yaxşı ki, hələ göz yaşlarımızı tökə bilirik, hərdən bu, sadəcə xilas yoludur, bəzən adam ağlamasa, ölə bilər”[Jose Saramaqo, “Korluq”, 121]. Bu kütləvi xaosun içində yalnız bir nəfər — göz həkiminin xanımı kor olmur. Ən dəhşətli faciə olan mənəvi korluq əsərdə müəəlifin izlədiyi əsas xətdir. O, həmçinin həyat yoldaşının şəxsində bu taleyüklü məsələyə işıq salır. O, kor olan həyat yoldaşını tək qoymamaq üçün özünü kor kimi qələmə verərək, bir növ kor təqlidi edərək karantinə daxil olur və hadisələrin yeganə şahidinə çevrilir. Karantin qısa müddətdə insanlığın itdiyi bir cəhənnəmə çevrilir. Qida çatışmazlığı, antisanitariya və idarəetmənin olmaması insanları ibtidai instinktlərə qaytarır. Karantindəki silahlı bir qrup digər insanları soyur, yemək qarşılığında qadınları cinsi istismara məruz qoyur. Həkimin xanımı korların içində «görən göz» olaraq həm fiziki, həm də mənəvi baxımdan özünə yaxın olan qrupunu qorumağa çalışır və sonda bu zülmə qarşı üsyan başladaraq xəstəxananı yandırır. Karantindən qaçan qrup şəhərə qayıdanda bütün cəmiyyətin kor olduğunu və sivilizasiyanın tamamilə çökdüyünü görür. Küçələr zibillik, evlər yağmalanmış, insanlar bir tikə çörək üçün heyvani hisslərlə vuruşur. Lakin bu apokaliptik mənzərənin içində həkimin xanımının ətrafında toplaşan kiçik qrup bir — birinə dayaq olaraq insanlığı, rəhmi və həmrəyliyi qoruyub saxlaya bilir. Romanın sonunda epidemiya başladığı kimi qəfildən və sirli şəkildə yox olur, insanlar yenidən görməyə başlayırlar.
Bu korluq bildiyimiz tibbi korluq deyil, bu bir nəfərlə başlayıb bütün şəhərə yayılan mənəvi bir korluqdur. Mənəvi korluğa yoluxmuş insanın xilası olduqca çətindir. Şəfa tapmaq istəyən daxilən, mənəvi yenidən qurulmalıdır. Bu proses insandan mənəvi iradə, dözüm tələb edir. “Korlar daim müharibədədirlər, həmişə olublar və yenə olacaqlar. Laızm olsa, mən bu korluqdan sağalan deyiləm”[Jose Saramaqo, “Korluq”, 236]. Birinci yoluxanın göz həkimi olması da yazıçı tərəfindən təsadüfi seçilməmişdir, çünki korluğun əsas müalicəsini aparan şəxs bu bəlaya düçar olur və əgər belədirsə, artıq başqaları üçün ümid yoxdur. Belə olan təqdirdə heç bir şey etmək olmaz, bəla qaçılmazdır. Sürətlə yoluxan xəstəlik təkcə həkimin həyat yoldaşına keçmir və bu mənəvi aşınma, deqradasiya şəraitində insanın vicdanını simvolizə edir. İnsanlar kordur, görmürlər, ruhları və mənəvi aləmləri çirklənib, bu korluqdan istiafdə edərək bilinən və bilinməyən hər cür eybəcərliyə, çirkinliyə əl atır, lakin yalnız və yalnız vicdan kor deyil və o hər şeyi görüb qeyd edir. Əsərdəki hadisələrin təqdimatı elə qurulub ki, zaman çərçivəsinə sığmır, bütün – keçmiş, indiki, gələcək zamanları da ehtiva edir. “Ona görə ki əgər düşdüyümüz və səylərimiz sayəsində daha çox zülmətə çevirdiyimiz bu cəhənnəmdə abır-həya, xəcalət hələ də öz əhəmiyyətini tamamən itirməyibsə, bu yalnız o kaftarı öz yuvasında öldürməyə cəsarət edən insanın sayəsində olub. Hər kim olursan ol, acaq indi çılpaq həqiqəti söylədin, çünki abır-həyanı atıb tox olanlar həmişə tapılacaq, ancaq biz bu son və şübhəli məziyyətimizdən başqa hər şeydən məhrum olanlar, heç olmasa haqqımız çatan şeyləri əlimizdə saxlaya bilərik” [Jose Saramaqo, “Korluq”, 239].
Əsərin sonrakı hissələrində vicdanın rəmzi olan həkimin həyat yoldaşının da bəzən bu eybəcərliklərə qarışdığının, vaxt qazanmaq və xilas üçün bəzi təhqirlərə razılaşdığının şahidi oluruq. Bu, sadəcə dəhşətdir, əgər belə davam eləsə, artıq vicdan da korşalırsa, geri dönüş olmayacaq. Lakin müəyyən bir zaman kəsimində çirkaba batan vicdan bunu qəbul edə bilmir və həkimin yoldaşı karantin binasında üsyan hazırlayır və bunun nəticəsində hər kəs xilas olur. Dəhşətli işgəncələr və əzablar nəticəsində xilas olan bir qrup yenidən sonda görməyə başlayır. Yoluxma ardıcıllığı ilə xəstələr yenidən sağalır. Müəllif göstərməyə çalışır ki, ayıq olan vicdan baş qaldırsa, üsyan eləsə, digərlərinin korlaşan mənəviyyatını xilas etmək olar. Bu, həqiqətən də olur.
Oxşar xəbərlər
-
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ: 105 İLLİK ELMİ- PEDAQOJİ İRS VƏ MÜASİR İNKİŞAF YOLU
-
PREZİDENT İLHAM ƏLİYEVİN ŞUŞA ÇIXIŞI ELM, TƏHSİL VƏ İNSAN KAPİTALININ STRATEJİ ƏHƏMİYYƏTİNİ BİR DAHA ÖN PLANA ÇIXARDI
-
DİLİ CANLI ÜNSİYYƏT VASİTƏSİNƏ ÇEVİRMƏYİN YOLLARI: “İNGİLİS DİLİ FƏNN DEYİL, HƏYAT TƏRZİDİR”.
-
26 İYUN – AZƏRBAYCAN RESPUBLİKASININ SİLAHLI QÜVVƏLƏRİ GÜNÜ
-
MİLLİ QURTULUŞ GÜNÜ – DÖVLƏTÇİLİYİN XİLASINDAN ZƏFƏR YOLUNA: AZƏRBAYCANIN TALEYİNİ DƏYİŞƏN TARİXİ DÖNÜŞ
