Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində elə şəxsiyyətlər vardır ki, onların fəaliyyəti yalnız müəyyən bir dövrü deyil, bütöv bir xalqın gələcək inkişaf istiqamətini müəyyənləşdirir. Belə tarixi şəxsiyyətlərdən biri, şübhəsiz ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əlirza oğlu Əliyevdir. Onun siyasi fəaliyyəti milli dövlətçilik ideologiyasının formalaşması, ictimai- siyasi sabitliyin təmin olunması və Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olmuşdur. Hələ gənclik illərindən yüksək intellekti, təşkilatçılıq bacarığı və idarəetmə qabiliyyəti ilə seçilən Heydər Əliyev sonralar Azərbaycanın siyasi həyatında mühüm rol oynayan liderə çevrilmişdir. Onun rəhbərliyi dövründə Azərbaycan iqtisadi, sosial və mədəni sahələrdə mühüm nailiyyətlər əldə etmiş, milli inkişaf strategiyasının əsasları formalaşdırılmışdır.
XX əsrin 70–80-ci illərində Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda sənaye müəssisələrinin tikintisi geniş vüsət almış, kənd təsərrüfatının inkişafı istiqamətində mühüm proqramlar həyata keçirilmişdir. Təhsil və elm sahəsində aparılan islahatlar nəticəsində minlərlə azərbaycanlı gəncin keçmiş Sovet İttifaqının nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaradılmışdır. Bu siyasət sonrakı dövrdə ölkənin milli kadr potensialının formalaşmasında mühüm rol oynamışdır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə yaranmış siyasi böhran, iqtisadi tənəzzül və vətəndaş qarşıdurması dövlətçiliyi ciddi təhlükə qarşısında qoymuşdu. Məhz belə mürəkkəb və taleyüklü bir dövrdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə ictimai-siyasi sabitliyi təmin etmiş, dövlət idarəçiliyində sistemli islahatlara başlamışdır. Onun rəhbərliyi ilə qəbul olunan yeni Konstitusiya, hüquqi dövlət quruculuğu istiqamətində atılan addımlar və demokratik institutların formalaşdırılması Azərbaycanın müasir inkişaf modelinin əsasını təşkil etmişdir.
Heydər Əliyevin həyata keçirdiyi neft strategiyası Azərbaycanın iqtisadi müstəqilliyinin möhkəmləndirilməsində xüsusi rol oynamışdır. “Əsrin müqaviləsi”nin imzalanması nəticəsində ölkəyə böyük həcmdə xarici investisiyalar cəlb edilmiş, Azərbaycanın dünya enerji bazarındakı mövqeyi güclənmişdir. Bu siyasət yalnız iqtisadi inkişafı deyil, həm də ölkənin geosiyasi əhəmiyyətinin artmasını təmin etmişdir. Ulu öndərin fəaliyyətində milli-mənəvi dəyərlərin qorunması və azərbaycançılıq ideologiyasının təşviqi də mühüm yer tuturdu. O, Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsinə, milli mədəniyyətin inkişafına və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirmişdir. Heydər Əliyev hesab edirdi ki, güclü dövlət yalnız milli birlik və mənəvi həmrəylik şəraitində inkişaf edə bilər.
Bu gün Azərbaycan Respublikasının əldə etdiyi uğurların təməlində Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası dayanır. Onun siyasi irsi müasir Azərbaycan dövlətçiliyinin əsas ideoloji dayaqlarından biri olaraq qalmaqdadır. Azərbaycan xalqı ulu öndərin xatirəsini daim ehtiramla yad edir və onun dövlətçilik fəlsəfəsini milli inkişafın mühüm istiqaməti kimi dəyərləndirir. Heydər Əliyev yalnız böyük dövlət xadimi deyil, həm də xalqının taleyini düşünən uzaqgörən lider, milli birlik və müstəqillik ideallarının simvolu idi. Onun həyat yolu və siyasi fəaliyyəti gələcək nəsillər üçün əsl vətənpərvərlik, dövlətə sədaqət və milli məsuliyyət nümunəsi olaraq yaşayır.
ADPU-nun müəllimi b/m, b.ü.f.d.
Balaxanova Qumru Vasif qızı
