Prof. RÜFƏT LƏTİF OĞLU HÜSEYNZADƏ — 75 İL

Fəridə XUDİYEVA
ADPU-nun Ümumi Pedaqogika kafedrasının müdiri, Pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Rüfət Lətif oğlu Hüseynzadə 1951-ci il mayın 4-də Naxçıvan şəhərində müəllim ailəsində dünyaya gəlmişdir. Keçən əsrin ziyalı nəslinə mənsub olan atası Lətif Hüseynzadə Naxçıvanda əvvəlcə məktəb və mədrəsə təhsili görmüş, sonra yeni tipli, “Rüşdiyyə” məktəbində dövrünün böyük şəxsiyyətlərindən dərslər almışdır. Belə ki, L.Hüseynzadə türk dilini Türkiyədə təhsil almış Hüseyn Caviddən, ərəb və fars dillərini H.Cavidin Tehranda təhsil almış qardaşı Şeyx Məhəmməd Rasizadədən, rus dilini isə Qori Müəllimlər Seminariyasının məzunu olan H.Cavidin kiçik qardaşı Əlirzadan öyrənmişdir.

Lətif Hüseynzadə 2008-ci ildə 106 yaşında dünyasını dəyişmişdir. Rüfət Hüseynzadə atası haqqında xatirələrində qeyd edir ki, ailədə Hüseyn Cavid türkcə, Şeyx Məhəmməd Rasizadə ərəbcə, Əlirza isə rusca kəlmələr işlədərmiş. Anaları isə onlara həmişə: “Balalarım, ananızın dilində danışın”, — deyərmiş. Bu ailə ilə yaxından tanış olan Cəlil Məmmədquluzadənin məşhur “Anamın kitabı” əsəri məhz bu mühitin timsalında yazıldığı bildirilir. Lətif Hüseynzadə daha sonra Bakıda, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alarkən Abdulla Şaiq, Bəkir Çobanzadə və Tağı Şahbazi Simurq kimi simalarla yanaşı, Rusiyadan dəvət olunmuş B.B.Komarovski, M.Makovelski, A.Marr və Seredinski kimi görkəmli alimlərdən dərs almışdır. O, eyni zamanda Mikayıl Müşfiqlə tələbə yoldaşı, Əhməd Cavadla isə yaxın dost olmuşdur.

Ədəbiyyatşünas alim, dosent, Əməkdar müəllim Lətif Hüseynzadə xalq maarifinin inkişafında və gənc nəslin tərbiyəsində təqdirəlayiq xidmətlər göstərmişdir. Onun çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyev: “Lətif müəllim özü canlı tarixdir” — deyərək onu dövlətimizin ən ali mükafatı — “İstiqlal” ordeni ilə təltif etmişdir. Alimin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması onun elmi və pedaqoji irsinə verilən böyük dəyərin göstəricisidir. R.L. Hüseynzadənin şərəfli elmi-pedaqoji fəaliyyəti dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 dekabr 2009-cu il tarixli sərəncamı ilə ona “Əməkdar müəllim” fəxri adı verilmiş, 2025-ci ildə isə ADPU-nun “100 illik fəxri nişanı” ilə təltif edilmişdir. 2016-cı ildə Azərbaycan Müəllimlər İnstitutu ADPU-ya birləşdirildikdən sonra o, fəaliyyətini universitetin Pedaqogika kafedrasının professoru kimi davam etdirmişdir. Qeyd etmək yerinə düşər ki, professorun eyni müəssisədə (müxtəlif illərdəki ad dəyişikliklərini nəzərə alsaq) fasiləsiz əmək fəaliyyəti yarım əsrdən çox bir dövrü əhatə edir. Bu göstərici ilə Rüfət Hüseynzadəni ADPU-nun ən təcrübəli və stajlı pedaqoqlarından biri hesab etmək olar. Professor həm də tələbələrin böyük rəğbətini qazanmış bir müəllimdir. Onun mühazirələri çox maraqlı və məzmunlu keçir. Dərslərində kompüter texnikasından, slaydlardan geniş istifadə edilir. O, daim tələbələrin qayğısına qalır, onları elmi-yaradıcılıq işlərinə həvəsləndirir, bədii- yaradıcılıq işlərinə, mütaliə ilə məşğul olmağa ruhlandırır. Buna görə də Rüfət müəllimin tələbələri daim müvəffəq qiymətlər alır, yüksək təhsil nəticələri əldə edirlər.

Prof. R.L.Hüseynzadənin əsas tədqiqat sahəsi qədim və orta əsrlər dövründə Azərbaycanda tərbiyə, təhsil və pedaqoji fikir tarixinin öyrənilməsidir ki, bu sahədə bir çox dəyərli əsərlərin müəllifidir. Onun 20-dən artıq monoqrafiyası, kitab, dərslik, dərs vəsaiti, metodik vəsaiti, 20-dən çox fənn proqramı və 300-dən artıq pedaqoji elmin nəzəriyyə və tarixinə dair elmi əsərləri Respublikamızda, Türkiyədə, Rusiyada nəşr edilmiş bir çox beynəlxalq və respublika konfranslarının, simpoziumların iştirakçısı, bölmə rəhbəri və məruzəçisi olmuşdur. 4 may 2026-cı il tarixində ADPU -nun II tədris binasında Universitet rektorluğunun rəhbərliyi, təşəbbüsü və yüksək təşkilatçılığı ilə Tarix coğrafiya fakültəsinin və Ümumi Pedaqogika kafedrasının birgə fəaliyyəti ilə Prof. Rüfət Lətif oğlu Hüseynzadənin 75 illik yubileyinə həsr edilmiş təntənəli yubiley tədbiri keçirilmişdir. Tədbirin təşkili və keçirilməsində Ümumi pedaqogika kafedrasının xüsusi fəallığı və təşəbbüskarlığı təqdirə layiqdir. Tədbirdə ADPU-nun rektoru prof. Cəfər Cəfərovun təbriki diqqətlə dinlənildi və alqışlandı. Tədbirdə Tarix və coğrafiya fakültəsinin dekanı dos.Asif Axundov yubilyar haqqında geniş məruzə etmişdir. Sonra ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, Tədris işləri üzrə prorektoru dos. Eldar Aslanov, ADPU-nun Həmkarlar İttifaqının sədri dos. Vaqif Əliyev, Ümumi pedaqogika kafedrasının müdiri, Fəridə Xudiyeva, Magistratura və doktorantura şöbəsinin müdiri Rəşad Sadıqov, Universitet YAP – nın sədri Sultanəli Qurbanov çıxış etmiş, yubilyarın ünvanına xoş sözlər demiş və yubilyarı Universitet Rektorluğunun və Həmkarlar İttifaqının “Fəxri Fərman”ı ilə təltif etmişlər.

Yubiley tədbirində ADPU rəhbərliyi və professor-müəllim heyəti ilə yanaşı, ölkənin nüfuzlu universitetlərindən və ictimai təşkilatlarından çoxsaylı qonaqlar iştirak etmişdir. Tədbirdə BDU-nun kafedra müdiri, prof. Ləzifə Qasımova, ADU- nun Pedaqogika kafedrasının müdiri, dos. İranə Məmmədli, Psixologiya kafedrasının müdiri, dos. Əzim Əliyev, Yasamal rayon təşkilatının Qadınlar Şurasının sədri və “Carçı” jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva, “AQRA” Elmin İnkişafına Dəstək Fondunun sədri Mirələkbər Seyidov, ADPU-nun YAP- nın Sədri Sultanəli Qurbanov, ADPU–nun Məktəbəqədər təhsil kafedrtasının müdiri, professor, Müseyib İlyasov, Ümumi pedaqogika kafedrasının professoru İramin İsayev, dosenti, Əməkdar Müəllim Heydər Cəfərov, dos Sahilə Orucova, dos. Kəmalə Quliyeva, dos. Şiruyə Azadəliyeva, dos. Emilya Hüseynova, b/m. Fəridə Hüseynova, Məktəbəqədər təhsil fakültəsinin dekanı, Əməkdar Müəllim, professor Şəhla Əliyeva, İbtidai təhsil fakültəsinin dekanı, professor Qızxanım Qəhrəmanova, elmlər doktorluğu üzrə dissertant Məhbubə Məmmədova, Tarix muzeyinin elmi işçisi dos. Həbibə Əliyeva, doktorantlar Xəyalə Ramazanova, Gamze Yücel və başqaları çıxış edərək yubilyarı təbrik etmişlər. Professor Rüfət Hüseynzadənin zəngin pedaqoji fəaliyyəti təkcə auditoriya mühazirələri ilə məhdudlaşmır; o, həm də çoxşaxəli elmi yaradıcılığı, fundamental dərslikləri və milli maarifçilik tariximizə işıq tutan araşdırmaları ilə Azərbaycan pedaqogika elminin inkişafında yeni bir mərhələ açmışdır. Alim, ali məktəb tələbələri üçün fundamental dərsliklərin müəllifidir. Onun iki cildlik “Pedaqogika” (2013) dərsliyi, həmçinin bakalavr səviyyəsi üçün hazırladığı eyniadlı nəşrlər (2022) pedaqoji kadr hazırlığında əsas mənbələrdən sayılır. Bununla yanaşı, o, rusdilli tələbələr üçün də “Педагогика” (2015) dərsliyini hazırlayaraq elmi bazanı genişləndirmişdir. “Ailə pedaqogikası” (2016) və “Tərbiyə işi və onun metodikası” (2012) kimi vəsaitləri isə tərbiyə prosesinin nəzəri və praktiki tərəflərini elmi şəkildə izah edir. R.L. Hüseynzadənin yaradıcılığında milli təhsil tariximizin tədqiqi xüsusi yer tutur. Onun “Azərbaycan məktəb və pedaqoji fikir tarixi” (2021) və “Şərqdə məktəb və pedaqoji fikir” (2026) kimi əsərləri bu sahədəki boşluqları doldurur. Xüsusilə, “Qədim və erkən orta əsrlərdə Azərbaycanda tərbiyə, təhsil və pedaqoji fikir” monoqrafiyası tarixi irsimizin dərindən öyrənilməsi baxımından əvəzsizdir. Alim həmçinin Məhəmməd Tağı Sidqi, M.Ə. Sabir və Zaqafqaziya Müəllimlər Seminariyasının məzunları haqqında yazdığı məqalələrlə maarifçilik tariximizi yeni məlumatlarla zənginləşdirmişdir. Professor müəllim hazırlığının modernləşdirilməsi və pedaqoji prosesin təşkili sahəsində silsilə metodik əsərlər ərsəyə gətirmişdir. “Pedaqoji prosesdə situasiyalar, metodlar, öyüd və nəsihətlərdən istifadə” (2022) adlı 532 səhifəlik fundamental vəsaiti, habelə “Yer üzünün ən şərəfli peşəsi – müəllimlik” (2026) kitabı müəllimlər üçün praktiki rəhbər rolunu oynayır. Onun Türkiyədə işıq üzü görmüş “Sevə bilmək” (2026) və “Öğretmen-öğrenci ilişkileri” (1998) əsərləri pedaqoji münasibətlərin humanitar və psixoloji tərəflərini ön plana çıxarır. R.L. Hüseynzadə təhsilin həm bakalavr, həm də magistratura pillələri üçün 15-dən çox fənn proqramının müəllifidir. Bura “Ali məktəb pedaqogikası”, “Sosial işdə tədqiqat metodları”, “Pedaqogikanın tarixi və metodologiyası” kimi müasir dövrün tələblərinə cavab verən proqramlar daxildir. Alimin müxtəlif illərdə nüfuzlu jurnallarda dərc olunmuş məqalələri Heydər Əliyev fenomenindən tutmuş, distant təhsilin imkanlarına qədər geniş bir spektri əhatə edir. O, “Oğuznamələr”in pedaqoji əhəmiyyətini, Mövlana Cəlaləddin Rumi və Bəktaşiliyin mənəviyyat dünyasını tədqiq etməklə pedaqogikanı milli-mənəvi dəyərlərlə vəhdətdə təqdim etmişdir. Göründüyü kimi, Professor Rüfət Hüseynzadənin yaradıcılığı təkcə keçmişin öyrənilməsinə deyil, həm də gələcəyin müəllim kadrlarının ən müasir standartlar səviyyəsində hazırlanmasına xidmət edir. Prof. Rüfət Hüseynzadənin 75 illik yubileyini təbrik edir, ona cansalığı və işlərində uğurlar arzulayırıq.

image_print
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
Май 2026
Пн Вт Ср Чт Пт Сб Вс
 123
45678910
11121314151617
18192021222324
25262728293031