Azərbaycan xalqının çoxəsrlik tarixində azadlıq uğrunda aparılan mübarizələr xüsusi yer tutur. Bu mübarizənin ən ağrılı, eyni zamanda ən şərəfli səhifələrindən biri 1990-cı il 20 Yanvar hadisələridir. Həmin gün xalqımız təkcə ağır bir faciə ilə üzləşmədi, həm də milli şüurun, vətənpərvərliyin və azadlıq ideyasının sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi. 1980-ci illərin sonlarında Sovet İttifaqında baş verən siyasi böhran və milli azadlıq hərəkatlarının güclənməsi Azərbaycanda da öz təsirini göstərmişdi. Xalq öz hüquqlarını tələb edir, müstəqil yaşamaq arzusunu açıq şəkildə ifadə edirdi. Lakin bu haqlı tələblər mərkəzi sovet hakimiyyəti tərəfindən təhlükə kimi qiymətləndirildi. Nəticədə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya və respublikanın digər bölgələrinə fövqəladə vəziyyət elan olunmadan, xəbərdarlıq edilmədən sovet ordusu yeridildi. Ağır hərbi texnika ilə silahlanmış qoşun hissələri dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq nümayiş etdirdi. Küçələrdə, meydanlarda, evlərin qarşısında günahsız insanlar gülləbaran edildi. Qadınlar, uşaqlar, yaşlılar belə bu vəhşilikdən xilas ola bilmədi. Onlarla insan şəhid oldu, yüzlərlə vətəndaş yaralandı.
Bu hadisə sovet rejiminin əsl mahiyyətini, insan həyatına verdiyi dəyərin nə qədər az olduğunu bir daha sübut etdi. Lakin 20 Yanvar faciəsi xalqımızın iradəsini sındıra bilmədi. Əksinə, bu qanlı hadisə Azərbaycan xalqının müstəqillik əzmini daha da gücləndirdi. Şəhidlərin dəfni zamanı yüz minlərlə insanın küçələrə çıxaraq həmrəylik nümayiş etdirməsi milli birliyin bariz nümunəsi oldu. Şəhidlər Xiyabanı zamanla xalqın müqəddəs ziyarətgahına çevrildi və bu gün də azadlığımızın qiymətini xatırladan bir simvol kimi yaşayır. 20 Yanvar hadisələrinə ilk siyasi-hüquqi qiymətin verilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, həmin dövrdə Moskvada olmasına baxmayaraq, sovet rəhbərliyinin bu qanlı cinayətini açıq şəkildə pisləmiş, Azərbaycan xalqına qarşı törədilən vəhşiliyi cəsarətlə ifşa etmişdir. Müstəqillik əldə edildikdən sonra isə 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi- siyasi qiymət verilmişdir.
Bu gün 20 Yanvar Azərbaycan xalqı üçün həm hüzn, həm də qürur günüdür. Hüznlüdür, çünki yüzlərlə günahsız insan öz həyatını itirmişdir. Qürurludur, çünki bu şəhidlər müstəqil Azərbaycan dövlətinin təməlini qoymuş, azadlıq yolunda canlarından keçmişlər. Onların fədakarlığı sayəsində bu gün azad və suveren bir ölkədə yaşayırıq. 20 Yanvar hadisələri bizə tariximizi unutmağa haqqımız olmadığını xatırladır. Bu faciə gələcək nəsillərə azadlığın asan əldə olunmadığını, onu qorumağın isə hər bir vətəndaşın borcu olduğunu öyrədir. Şəhidlərimizin xatirəsi qəlbimizdə əbədi yaşayacaq, onların göstərdiyi qəhrəmanlıq yolu isə hər zaman bizə örnək olacaqdır.
ADPU-nun müəllimi
b.ü.f.d. Balaxanova Qumru Vasif qızı
