Heydər Əliyevin siyasi fəaliyyəti təkcə bir dövrü deyil, bütöv bir tarixi mərhələni əhatə edir. Onun rəhbərliyi ilə Azərbaycan çətin sınaqlardan keçərək öz dövlətçilik ənənələrini yenidən bərpa etdi. Ulu Öndər xalqın milli-mənəvi dəyərlərini daim uca tutmuş, dilimizi, mədəniyyətimizi, tariximizi dövlət siyasətinin əsas prioritetlərinə çevirmişdir. Məhz bu siyasət sayəsində milli kimliyimiz qorunmuş, azərbaycançılıq ideologiyası ümumxalq birliyi səviyyəsinə yüksəlmişdir. Heydər Əliyevin ən böyük xidmətlərindən biri də sabitliyin və təhlükəsizliyin təmin olunması idi. O, siyasi uzaqgörənliyi və qətiyyəti ilə ölkədə vətəndaş qarşıdurmasının qarşısını aldı, anarxiya və özbaşınalığa son qoydu. Dövlət institutlarının möhkəmləndirilməsi, ordu quruculuğu və hüquqi dövlət prinsiplərinin bərqərar olması onun məqsədyönlü siyasətinin nəticəsi idi. Bu siyasət Azərbaycanın gələcək inkişaf yolunu müəyyənləşdirdi.
Ulu Öndər beynəlxalq münasibətlərdə də Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etmişdir. Onun həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət Azərbaycanı dünya birliyinin etibarlı üzvünə çevirdi. Enerji strategiyası ölkənin iqtisadi müstəqilliyini təmin etməklə yanaşı, Azərbaycanın geosiyasi əhəmiyyətini də artırdı. Bu uzaqgörən strategiya bu gün də dövlətimizin iqtisadi gücünün əsas dayaqlarından biridir. Heydər Əliyev elmə, təhsilə və ziyalılara xüsusi diqqət göstərirdi. O, bilirdi ki, xalqın gələcəyi savadlı və milli düşüncəli gənclərin əlindədir. Təhsil sahəsində aparılan islahatlar, elmin inkişafına göstərilən dövlət qayğısı onun gələcəyə hesablanmış siyasətinin bariz nümunəsidir.
Bu gün Azərbaycanın elmi və intellektual potensialı məhz həmin təməllər üzərində formalaşmışdır. Anım günündə biz yalnız böyük bir şəxsiyyəti xatırlamırıq, eyni zamanda onun ideyalarına sadiqliyimizi bir daha ifadə edirik. Heydər Əliyevin həyat yolu hər bir azərbaycanlı üçün örnəkdir – vətənə sevgi, xalqa sədaqət, dövlətə xidmət nümunəsidir. O, öz ömrünü Azərbaycan dövlətinin möhkəmlənməsinə həsr etmiş nadir liderlərdəndir. Bu gün müasir, güclü və qalib Azərbaycan Heydər Əliyev ideyalarının parlaq təcəssümüdür. Onun qurduğu möhkəm dövlətçilik məktəbi yaşayır və inkişaf edir. Ulu Öndərin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, adı isə tariximizin əbədi simvollarından biri olaraq nəsildən-nəslə ötürüləcəkdir.
ADPU-nun müəllimi, b.ü.f.d. Balaxanova Qumru Vasif qızı
