Nigar İsmayılova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Məktəbəqədər təhsilin pedaqogikası kafedrası
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent əvəzi
Cənubi Qafqaz regionu: XX əsrin sonlarından etibarən uzunmüddətli münaqişə
ocaqlarından biri olub. Azərbaycan və Ermənistan arasında Qarabağ uğrunda başlanan mübarizə 1988-2025-ci illər arasında müxtəlif mərhələlərdə hərbi əməliyyatlara çevrilib. Bu münaqişə təkcə iki ölkənin siyasi və iqtisadi həyatına deyil, həm də regionun beynəlxalq münasibətlər sistemindəki mövqeyinə təsir göstərib. ABŞ-nin paytaxtı Vaşinqtonda, Ağ Evdə – 08 avqust 2025-ci il tarixində ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında imzalanan sülh müqaviləsi Cənubi Qafqazın ən uzun sürən münaqişələrindən biri – 35 illik Qarabağ müharibəsi rəsmən başa çatdırıldı. Qeyd olunan bu Saziş tərəflərin bütün ərazi iddialarına son qoymasını və qarşılıqlı diplomatik münasibətlərin bərpasını nəzərdə tutur.
Postmüharibə dövrünün reallıqları: Azərbaycan Prezidentinin siyasi iradəsi
1988-ci ildə başlayan Ermənistan-Azərbaycan münaqişəsi illər ərzində bir neçə silahlı qarşıdurma mərhələsindən keçdi. 1994-cü ildə atəşkəs əldə olunsa da, münaqişə tam həllini tapmadı. Növbəti onilliklər ərzində tərəflər arasında hərbi gərginlik bir neçə dəfə yenidən alovlandı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz 2020-ci ilin 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünün böyük hissəsini bərpa etdi. 2023-cü ildə isə Qarabağda tam nəzarəti təmin etməklə hərbi əməliyyatlara son qoyuldu. Lakin sülh sazişinin imzalanması uzun müddət reallaşmadı.
Bu gözlənilən gün nəhayət gəlib şatdı. Vaşinqtonda, Ağ Evdə keçirilən təntənəli mərasimdə Azərbaycan və Ermənistan liderləri arasında Sülh Müqaviləsinin Bəyannaməsi imzalandı. ABŞ Prezidenti Donald Tramp çıxışında “Onlar 35 il müharibə etdilər, indi isə dost oldular” sözləri ilə bu razılaşmanın əhəmiyyətini vurğuladı.
Bəyannamə iki ölkə arasında bütün hərbi və siyasi ziddiyyətləri aradan qaldırmağı, diplomatik münasibətlərin tam bərpasını və sərhədlərin qarşılıqlı tanınmasını nəzərdə tutur. Sənədə əsasən:
- Bütün hərbi əməliyyatlara son qoyur;
- Diplomatik münasibətləri bərpa edir;
- Sərhədlərin qarşılıqlı tanınmasına razılıq verir;
- İqtisadi və mədəni əməkdaşlığı gücləndirir.
Amerikada imzalanan bu Bəyannamə, təkcə diplomatik sənəd deyil. Bu, gənc nəsillərin tarixi yaddaşında mühüm yer tutacaq bir hadisədir. Çünki bu sənəd 35 illik münaqişənin səhifələrini qapamaqla yanaşı, təhsil proqramlarında yeni mövzulara yol açacaq. Artıq gənclər yalnız dərsliklərdən deyil, real diplomatiya nümunələrindən hadisələri öyrənə biləcəklər. Bu isə onların dünyagörüşünü genişləndirəcək, beynəlxalq siyasətə baxışlarını formalaşdıracaq. Müqavilənin imzalanması gənclərin sülh, əməkdaşlıq və milli maraqlar anlayışını daha dərindən qavramasına təkan verəcək. Bir zamanlar uzaq görünən sülh indi bir imza ilə yaxınlaşdı. Amma bu imzanın arxasında illərin ağrısı, şəhidlərin xatirəsi, minlərlə insanın taleyi, dağıdılmış şəhərlər və yenidən qurulacaq gələcək dayanır. İmzalanan müqavilə yalnız siyasi tarazlıqların deyil, həm də Azərbaycan gənclərinin dünyagörüşünə, təhsilinə, gələcəyə baxışına yeni istiqamət verən mühüm mərhələdir.
Təhsil sistemimizdə bu Bəyannamənin nəticələri gənclərin dünyagörüşünün formalaşmasında bir dönüm nöqtəsi kimi istifadə olunmalıdır. Müharibənin ağrıları və sülhün dəyəri, gənc nəsillərə yalnız tarixi fakt kimi deyil, həm də insanlıq dəyərləri və birgəyaşayış prinsipləri kimi ötürülməlidir. Gənclər indi hadisələrə daha geniş perspektivdən baxmağa başlayır – yalnız öz ölkələrini deyil, bütün regionun sabitliyi, əməkdaşlığı və inkişafı onların gələcəyidir. Onlar üçün təhsil, diplomatiya və sülh yeganə real inkişaf yollarıdır.
Oxşar xəbərlər
-
SÜLH — TƏHSİLİN VƏ GƏNCLİYİN GƏLƏCƏYİNİN ZƏMANƏTİDİR
-
VALİDEYN – ÖVLAD MÜNASİBƏTLƏRİNİN PEDAQOJİ XÜSUSİYYƏTLƏRİ
-
HEYDƏR ƏLİYEVİN EKOLOJİ SİYASƏTİ: KONSTİTUSİYA, SUVERENLİK VƏ DAYANIQLI İNKİŞAF KONTEKSTİNDƏ STRATEJİ BAXIŞ
-
ZƏNGƏZUR DƏHLİZİ — TÜRK DÜNYASINI BİRLƏŞDİRƏN SÜLH KÖRPÜSÜ
-
COP-29 TƏDBİRİNİN ÖLKƏMİZ VƏ TƏHSİLİMİZ ÜÇÜN ƏHƏMİYYƏTİ