“Post-it” qeydlər üçün rəbgli kağızlar ilk baxışda sadə ofis ləvazimatı kimi görünsə də, tədris prosesində innovativ və interaktiv metod kimi təlimdə əyanilik prinsipini əsas götürməklə qoyulan mövzunu və problemi vizuallaşdıran, yaradıcı düşüncəni inkişaf etdirən, həmçinin aktiv iştirakçılığı təşviq edən yanaşmadır. Bu metod təhsil prosesində şagirdlərin və tələbələrin ideyalarını ifadə etmələrinə, biliklərini strukturlaşdırmalarına və dərs materialını daha yaxşı qavramalarına kömək edir. Kiçik, rəngarəng qeydlər vasitəsilə həyata keçirilən bu yanaşma öyrənənlərin müzakirələrə qoşulmasını, problem həll etmə bacarıqlarını inkişaf etdirməsini və qrup işlərində daha fəal iştirak etməsini təmin edir. Son illərdə ali təhsildə texnologiyanın rolu geniş müzakirə mövzusuna çevrilib.
Pandemiya dövründə onlayn tədris alətlərinin istifadəsi zərurətə çevrilsə də, bəzi müəllimlər tələbələrin diqqətini yayındırdığı üçün texnologiyadan uzaqlaşmağa üstünlük verirlər. Bununla belə, rəqəmsal texnologiyaların tədrisdə effektiv istifadəsi təhsil keyfiyyətini artırmaq və interaktiv öyrənmə mühitini inkişaf etdirmək üçün böyük potensiala malikdir. Məsələn, multimedia materialları, interaktiv platformalar və vizual metodlardan istifadə tələbələrin mövzunu daha yaxşı qavramasına və təlim prosesində fəal iştirakına şərait yaradır. Bu baxımdan, ənənəvi və texnoloji alətlərin balanslı şəkildə birləşdirilməsi müasir təhsil yanaşmalarının əsas prinsiplərindən biri hesab edilir.
İngilis dili professoru Keyt Nesbit rəqəmsal vasitələrə həddindən artıq etibar etməyin dərs zamanı öyrənənlərin sinif mühitindən uzaqlaşmasına səbəb ola biləcəyini qeyd edir. O, öyrənənlərin diqqətini cəmləmək və dərsə daha aktiv qoşulmalarını təmin etmək üçün aşağı texnologiyalı alternativlər axtarmağa başlayıb. Belə vasitələrdən biri də “Post-it” qeydləridir.
Nesbit və psixologiya professoru Erik Emons “Post-it” qeydlərindən istifadə edərək dərs prosesini daha interaktiv və maraqlı etməyin bir neçə üsulunu təklif edirlər:
- Yazı yazmağın qarşısında duran əngəlləri qaldırmaq: Tələbə və şagirdlər mövzuyla bağlı fikirlərini “Post-it” kağızlarında yazır və onları qruplaşdıraraq çevik bir plan hazırlayırlar.
- Plakat sessiyalarında rəy bildirmək: Tələbə və şagirdlər bir-birinin təqdimatlarına “Post-it” vasitəsilə şərhlər yazır.
- Səssiz diskussiya metodu: Hər kəs cavabını yazıb lövhəyə yapışdırır və müəllim bu qeydləri müzakirəyə açır.
- Anlayış səviyyəsini yoxlamaq: Tələbə və şagirdlər mövzunu nə qədər yaxşı başa düşdüklərini “Post-it” qeydləri ilə vizual şəkildə göstərirlər.
- Emosional oxu təhlili: Bir məqalə və ya kitab oxuyarkən öyrənənlər ən çox təsirləndikləri hissələri qeyd edib lövhədə paylaşırlar.
- Testə hazırlıq oyunu: Kurs anlayışları “Post-it”lərdə yazılır və tələbələr bir-birinə suallar verərək öz anlayışlarını tapmağa çalışırlar.
Bu metodlar tələbələrin aktiv iştirakını təşviq edir, onların bir-biri ilə ünsiyyətini artırır və sinifdə texnologiyadan asılılığı minimuma endirir. Ənənəvi yazılı qeydlərdən fərqli olaraq, bu yanaşma vizual və kinestetik öyrənmə üslublarını dəstəkləyərək tələbələrin mövzuya dair fikirlərini sərbəst şəkildə ifadə etmələrinə və yaradıcı yanaşmalarını inkişaf etdirmələrinə imkan yaradır. “Post-it” qeydləri kimi sadə, lakin effektiv vasitələrlə interaktiv və məhsuldar tədris mühiti qurmaq mümkündür.
Müəllimlər bu kiçik kağız parçalarından istifadə edərək dərs müzakirələrini daha dinamik edə, ideya mübadiləsini asanlaşdıra və qrup işlərini daha strukturlaşdırılmış hala gətirə bilərlər. Bundan əlavə, tələbələr bu metod sayəsində öz fikirlərini konkret şəkildə formalaşdırmağı öyrənir, əsas anlayışları yadda saxlamaqda çətinlik çəkmir və dərs materialına daha fəal şəkildə yanaşırlar. Beləliklə, bu texnika yalnız dərs prosesini daha maraqlı və interaktiv etməklə yanaşı, həm də tələbələrin tənqidi və yaradıcı düşünmə bacarıqlarını inkişaf etdirməyə kömək edir.