Müəllif: Xədicə Əhmədova, Beynəlxalq sertifikatlı ingilis dili müəllimi
“Biz ingilis dilini öyrədirik, yoxsa ingilis dili haqqında mühazirə oxuyuruq?”
Müasir dil pedaqogikasında bu sual getdikcə daha çox aktuallıq qazanmağa davam edir. Bir çox hallarda tələbələrin illərlə ingilis dili keçməsinə kurslara getməsinə baxmayaraq, hətta bəzən evdə self-study edərək real həyatda ünsiyyət qura bilməməsinin bir tək səbəbi var: Dili həyat tərzinə çevirməmək, bir fənn kimi görmək.
İngilis dilini tarix, coğrafiya və ya digər fənnlər kimi sadəcə qaydalardan və test tapşırıqlarından ibarət bir akademik vəzifə kimi qəbul etdikdə, tələbə dərsi yalnız «qiymət almaq» və ya «imtahandan keçmək» üçün oxuyur. Nəticədə Past Perfect zamanını mükəmməl bilən, lakin adi bir yemək sifariş edərkən və ya qarşısındakı insanın xarici görünüşünü təsvir edərkən dil problemi yaşayan bir nəsil yetişir.
Bəs dərslərimizi bu formalaşmış qəlibdən çıxarıb ingilis dilini ünsiyyət vasitəsinə necə çevirə bilərik ?
1. Müəllim mərkəzli modelə SON: Tələbə yönümlü (Student-Centered) yanaşma
Əgər 45 dəqiqəlik dərsin böyük hissəsində müəllim danışır, yalnız qrammatika qaydalarını izah edirsə, bu dərs artıq fənnləşib. Dili canlı saxlamaq üçün tələbələr (hətta 3 yaşlı ən kiçik öyrənənlər belə) dərsin baş rolunda olmalıdırlar. Müəllim dili zatən bilir, şagirdlər, tələbələr danışmağa təşviq olunmalıdır. İstər doğru, istər yanlış cümlə qursunlar, amma yetər ki, danışsınlar. Onların rahatlıqla danışmaları belə onlarda özgüvən yaradacaq. Müəllim sadəcə bir bələdçi (facilitator) rolunu oynamalıdır.
2. Sinifə real həyatı gətirin: Realia üsulu
Kitablardakı süni dialoqlardan və mətnlərdən bir az uzaqlaşmaq lazımdır. Dərslərdə real obyektlərdən (realia) – məsələn, real kafe menyularından, geyimlərdən, oyunlardan və ya aksesuardan istifadə etmək tələbədə dilin «həyatımıza qatmalı olduğumuz bir şey» olduğu hissini yaradır. Tələbə qaydanı əzbərləməməli, o qaydanın daxilində real bir situasiyanı yaşamalıdır. Present Perfect öyrənirsə, bunu həyatının hansı hissəsində, niyə işlətməli olduğunu bilməlidir. Qidalarla bağlı lüğəti öyrənirsə, evdə sadə bir yemək növünü hazırlayərkən öyrəndiyi sözləri həyatına tətbiq etməlidir.
3. Maraq dünyasının kəşfi: aksentlər və idiomlar
Dili sadəcə akademik çərçivədə deyil, həmin dilin mədəniyyəti ilə birlikdə öyrətmək lazımdır. Məsələn, dərslərdə Amerika və Britaniya tələffüz formaları (accent variations) arasındakı fərqləri araşdırmaq, gündəlik həyatda istifadə olunan jarqonları və idiomları öyrənmək, tələbələrin dilə olan marağını fənn çərçivəsindən çıxarır, onu bir növ hobbi və həyat tərzinə çevirir.
4. Rəqəmsal dünyanın gücü
Müasir nəsil vizuallığı və interaktivliyi sevir. Dərslərə Kahoot! Baamboozle kimi öyrədici oyun platformalarını və ya tələbələrin öz layihələrini dizayn edə biləcəyi Canva kimi alətləri inteqrasiya etmək dili tapşırıq olmaqdan çıxarıb onu əyləncəli bir fəaliyyətə çevirir.
Nəticə
Dil öyrənmək beyinə informasiya, tapşırıqlar toplusu yükləmək yox, dünyaya yeni bir pəncərə açmaq və o pəncərədən baxmaqdır. Biz tələbələrimizə ingilis dilini qiymət xatirinə oxunan bir fənn kimi deyil, özlərini ifadə edə biləcəkləri, qlobal aləmlə əlaqə qura biləcəkləri, xəyallarına gediləcək yolda aça biləcəkləri bir qapı, canlı bir güc kimi aşılamalıyıq. Biz uşaq olarkən öz doğma dilimizin qaydalarını bilirdik ? Əlbəttə ki, xeyr. Sadəcə dilin olduğu mühitdə olurduq daima, o dilə məruz qalırdıq və artıq o dil biz də formalaşaraq bir yaşam stilinə keçdi. Unutmayaq ki, dil öyrədilmir, dil yaşanılır!
Oxşar xəbərlər
-
26 İYUN – AZƏRBAYCAN RESPUBLİKASININ SİLAHLI QÜVVƏLƏRİ GÜNÜ
-
5 İYUN – ÜMUMDÜNYA ƏTRAF MÜHİTİN MÜHAFIZƏSİ GÜNÜ: BƏŞƏRİYYƏTİN GƏLƏCƏYİNƏ MƏSULİYYƏTLİ BAXIŞ
-
1 İYUN – UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ: GƏLƏCƏYİMİZİN ETİBARLI TƏMİNATI
-
AİLƏ TRAVMALARI ÖYRƏNMƏYƏ NECƏ TƏSİR EDİR?
-
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN YARANMASI VƏ MÜSTƏQİLLİK İDEYASININ TARİXİ ƏHƏMİYYƏTİ
