Alimlər Atlantik okeanının dərinliklərində gələcəkdə dağıdıcı zəlzələlərə və sunamilərə səbəb ola biləcək yeni tektonik qırılma qeydə alıblar.
Bu barədə nüfuzlu “Nature Geoscience” jurnalında dərc olunan araşdırmada məlumat verilir.
Uzun illərdir ki, Atlantik okeanı seysmik cəhətdən nisbətən sakit bölgə hesab olunurdu. Burada adətən böyük zəlzələlər və subduksiya zonaları müşahidə olunmurdu. Lakin elm adamları xatırladırlar ki, Portuqaliyanın Atlantik sahillərində artıq güclü təkanlar qeydə alınıb.
Xüsusilə, 1969-cu ildə baş verən dağıdıcı zəlzələ elm dünyasında böyük maraq doğurmuşdu. Çünki bu hadisə, əslində, yalnız subduksiya zonaları üçün xarakterik olan geoloji əlamətləri özündə göstərirdi. Bu isə o dövrdə “Atlantikdə də yeni plitə hərəkətləri ola bilərmi?” sualını gündəmə gətirmişdi.
Son araşdırmada alimlər:
- seysmik stansiyalardan toplanmış məlumatları,
- Portuqaliyanın cənub-qərbində okean dibinin kompüter modelləşdirilməsinin nəticələrini təhlil ediblər.
Bu müqayisə göstərib ki, bölgədə mantiyanın təbəqələşməsi və dərinliklərdə qeyri-adi hərəkətlilik mövcuddur.
Tədqiqatçılar bildirirlər ki, milyon illər ərzində suyun süxurların arasına sızması qayaları zəiflədir və bu proses yeni subduksiya zonasının formalaşmasına şərait yaradır.
Bu kəşf göstərir ki, Yer kürəsi hələ də davamlı şəkildə formalaşma prosesindədir. Sakit görünən okean dibi, əslində, gələcəkdə böyük geoloji dəyişikliklərin mərkəzinə çevrilə bilər.
Alimlərin sözlərinə görə, bu cür tədqiqatlar yalnız elmi baxımdan maraqlı deyil, həm də təhlükəsizlik tədbirlərinin planlaşdırılması üçün həyati əhəmiyyət daşıyır.
