Adətən yeni doğulan körpə ilə hər şeyin qaydasında olduğunun əsas göstəricisi kimi onun ilk ağlamasını göstərirlər. Bəs heç düşünmüsünüzmü ki, körpələr ilk dəfə doğulanda niyə ağlayır? Bəlkə, bu yolla qəddar və ədalətsiz dünyaya gəldikləri üçün etiraz edirlər? Əslində bunun səbəbi fərqlidir.
Bu ilk qışqırıq körpənin ağciyərlərinin artıq ana bətnindən kənarda işləməyə başladığının göstəricisidir. Ana bətnində olarkən uşaqlar anasının plasentasından «nəfəs alır». Yəni uşaq bətnin daxilində olarkən, onun ağciyərləri amniotik maye (bətndaxili maye) ilə dolu olur. Uşaq doğularkən və vaginal kanaldan keçərkən, döş qəfəsi və ağciyərlər sıxılır və maye oradan kənara çıxır. Körpənin ağciyərləri su ilə dolu bir süngərə bənzəyir, körpə doğulduqdan sonra bütün bu su hava ilə əvəzlənməlidir. Körpə ana bətnindən çıxdıqdan sonra 10 saniyə müddətində ilk nəfəsini alır. Onun mərkəzi sinir sistemi ətrafdakı temperatur və mühit dəyişikliyinə dərhal reaksiya verir və o ağlamağa başlayır. Körpə ağladığı zaman hava ağciyərlərə daxil olur və mayeni kənarlaşdırır. Körpə ağ ciyərləri tamamilə təmizlənənə qədər ağlaya bilər.
Körpə ilk nəfəsi aldığı anda daxil olan oksigen ağciyərlərdəki qan dövranını yavaşladır və damarlardakı qan dövranının müqaviməti artır. Ciyərlərdəki maye nəfəs sitemindən axıb gedir və ya oradan sorulur. Ağciyərlər şişərək oksigeni qana daşıyır və kiçilərək karbondioksidi kənarlaşdırır. Buna nəfəs alıb-vermək deyirik.
Bəzən bu prosesi sürətləndirmək üçün həkimlər uşağa yüngül sillə vururlar ki, ağlamağa başlasın və nəfəs sistemi qaydasına düşsün. Bəzənsə yeni doğulan körpənin ağlamasına ehtiyac qalmır, sadəcə bir-iki kiçik səs çıxararaq ağciyərləri açılır.
Mənbə: National Library of Medicine/Changes in the newborn at birth.
Hazırladı: Üzeyir Ağazadə