Bu gün Yel (hava) çərşəmbəsidir əslində. Hamı «Su çərşəmbəsi» deyə paylaşır. Mən niyə fərqli fikirdəyəm? Ötən əsrin 70-ci illərinədək əksəriyyət bu məsələni elə mənim dediyim kimi də bilirdi. Bir dəfə radiodan «Xalq yaradıcılığı: bulaq» adlı verilişdən eşitdikləri camaatımızı çaş-baş qoydu. O dövr üçün ən mötəbər mənbə sayılan radionun efiri çərşəmbələri bu ardıcıllıqla sadalamışdı: su, od, torpaq, yel (hava). Tərəddüdləri və mübahisəlıri də xatırlayıram. O günə qədər isə sıralamanı belə bilirdik: yel, od, su, torpaq idi. Bu 4 çərşəmbədən öncə isə daha biri gəlirdi. Ona «yalançı çərşənbə» deyirdilər.
Sonralar rast gəldiyim, oxuduğum qədim mətnlərdə bu sıralamalardan hansının doğru olduğununa dair dəlillərlə rastlaşdıqca, onları saf-çürük etməyə cəhd etdim. Sən demə, çərşəmbələrimiz qədim şərq fəlsəfəsinin dünyanın necə yaradılmasına dair baxışlarını özündə əks etdirən, onları zamanların sınağından keçirərək günümüzə daşıyan bayram silsiləsi imiş. O fəlsəfəyə görə, Tanrı bu maddi dünyanı yaratmaq istəyəndə Öz Əbədi Səltənətində bir məkan ayırır, yeni əsəri üçün mühit formalaşdırır. Bu mühitin adı islam fəlsəfəsində «mühiti-əzəm», Veda fəlsəfəsində «mahat-tattva»dır. Tanrı həmin mühiti öncə ilkin maddi element olan efirlə doldurur. Efirə səsi daxil edir. Səslə efirin təmasından 2-ci maddi element olan hava yaranır. Tanrı havaya 3 əzəli qoxunu daxil edir. Havanın qoxularla təmasından 3-cü element — od meydana gəlir. Od, onun əlamətləri olan işıq və istilik hava ilə, qoxularla, efirlə, səslə təmas edərkən onlardan 4-cü element — su törəyir. Tanrı suya 3 əzəli dadı daxil edir və onlar da bir-biri, həm də əvvəl yaranmış elementlərlə təmas edərkən onlardan 5-ci element olan torpaq yaranır. Bizim çərşəmbələrimiz bu 5 elementi simvolizə edirlər. Efir çərşəmbəsi «yalançı çərşəmbə»dir. Çünki, efirin varlığını görmək, duymaq mümkün deyil.
Cəmşid Quliyev