
Anar NAĞIYEV
Siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Slavyan Universitetinin rektoru
2024-cü ilin 14 fevral tarixində Milli Məclisdə keçirilən Azərbaycan Respublikasının Prezidentinin and içməsi tədbirində Prezident İlham Əliyev qeyd etmişdir: “Azərbaycançılıq ideologiyası, Azərbaycançılıq prinsipləri Azərbaycanda çoxdan bərqarar olub. Ulu Öndər Heydər Əliyevin bizə qoyduğu dəyərli miraslardan biri də məhz azərbaycançılıq məfkurəsidir. Biz — onun davamçıları isə bu müsbət meyilləri öz tərəfimizdən daha da gücləndiririk”. Ulu Öndər Heydər Əliyevin bütün fəaliyyəti məhz bu ideologiya üzərində qurulmuş, Azərbaycanın güclü və suveren dövlətə çevrilməsinə xidmət etmişdir; bu gün biz tarixinin ən güclü dönəmini yaşayan müstəqil, suveren və qalib Azərbaycanın vətəndaşları olaraq qürur duyuruq. Milli dövlətçilik ideologiyası, milli məfkurə, milli kimlik və milli-dövlətin yaranması kimi məsələlər sosial elmlər tədqiqatlarının predmetləri sırasındadır. Bu, siyasi elm prizmasından maraq kəsb etdiyi qədər, fəlsəfə, sosiologiya və tarix elmlərinin də öyrəndiyi problemlərdəndir. Siyasi və beynəlxalq münasibətlər nəzəriyyələrində bu məsələlər həm də qlobal hadisələr, beynəlxalq münasibətlərin dinamikası fonunda öyrənilməklə milli ideologiyaların dövlətlərin beynəlxalq münasibətlərin aktorları olaraq davranışlarını, beləliklə dövlətlərarası və qlobal münasibətlər sisteminin mahiyyətinə təsirini də öyrənir.
Milli ideologiyanın bu kontkestdə öyrənilməsi eyni zamanda beynəlxalq münasibətlər nəzəriyyələrinin inkişafına və nəticə etibarı ilə realizm, liberalizm, beheviorializm və digər nəzəri düşüncələrə, bütövlükdə beynəlxalq münasibətlərin “debatlarına” öz təsirini göstərməmiş deyildir. 1980-ci illərdə Şərqi Avropa və Asiyada baş verən hadisələr böyük qlobal dəyişikliklərə səbəb olmaqla növbəti dövrün dinamikasını müəyyən edirdi. Dünyanın gələcəyi haqqında debatlar növbəti on illiklər üçün milli dövlətlərin və beynəlxalq münasibətlər sisteminin gələcəyi haqqında diskursu da genişləndirirdi. 1980-1990-cı illərdə dünyanın gələcəyinin liberal dəyərlər üzərində qurulacağına yaranmış ümidlər qlobal sistemin (dünya düzəninin) də liberal mahiyyətinə xidmət etməli idi. Siyasi, beynəlxalq münasibətlər və fəlsəfə elmlərinin mütamadi olaraq müraciət etdiyi “tarixi dövrlər” və “liberal dünya” konsepsiyları da bu dönəmdə yeni format alaraq “sonuncu irticanın” çöküşündən sonra dünyanın həm də liberal beynəlxalq münasibətlər sisteminin bir hissəsi olacağı anlamını formalaşdırmağa xidmət edirdi. Təbii ki, liberalizmə siyasi elm nəzəriyyəsi kimi deyil, qlobal münasibətlər sisteminin bir dayaq ideologiyası kimi baxdıqda isə, son on illiklər ərzində dünyada baş verən hadisələrin mahiyyətini daha aydın analiz etmək mümkün olur.
Təəssüf ki, Azərbaycan da “liberal dünya” sistemində ikili standartlar, ədalətsizlik, qəsb, təcavüz və işğala məruz qaldı, dövlətin gələcəyinə təhdidlər yarandı. Sosial böhran, siyasi hərcimərçilik, ölkəni parçalamağa xidmət edən planlar bu təhdidlər halqasını genişləndirirdi. Azərbaycançıqılıq məfkurəsi və Ulu Öndərin siyasi strategiyası xalqı və dövləti 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində yaranmış məğlub durumdan qalib duruma aparacaq milli kimliyin təsbitinə xidmət edirdi. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətləri misilsizdir, təkrarsızdır. Ulu Öndərin siyasi irsinin öyrənilməsi onun addım-addım güclü Azərbaycan naminə yorulmadan çalışdığını nümayiş etdirir. Hələ, 1970-80-ci illərdə Azərbaycanda sənayenin inkişafı, milli kadrların inkişafının təmin edilməsi ilə dövlət aparatının milliləşdirilməsi, təhsil, elm və digər sahələrdə sürətli inkişaf dövlətin gələcəyinə xidmət edəcək amillərdən idi. Ulu Öndərin hakimiyyəti illərində təhsilin inkişafında, o cümlədən təhsil müəssisələrinin yaradılmasının miqyasında görünməmiş vüsət yaşanmış, ali təhsil müəssisələrinin və ali təhsilli mütəxəssislərin sayı sürətlə artmışdır. Başqa sözlə, insan kapitalının inkişafı naminə əhəmiyyətli addımlar atılmışdır.
Azərbaycanın müstəqillik qazanmasından sonrakı dövr istər Cənubi Qafqazda, istərsə də qlobal çərçivədə gərgin illər idi. Belə bir şəraitdə ölkənin müstəqilliyini qorumaq, müasir milli-dövləti qurmaq dövlət rəhbəri olaraq Azərbaycançılıq dəyərlərini fəaliyyətinin və həyatının mərkəzi prinsipinə çevirmiş Ulu Öndər Heydər Əliyevin siyasi missiyasının əsasını təşkil edirdi. Ulu Öndər Heydər Əliyevin banisi olduğu müasir Azərbaycan dövlətinin qarşısında tarixi yaddaşa söykənən, müasir dünyada özünə yer tutacaq müasir dövlətçiliyin qurulması idi. Milli dəyərlərə və tarixi yaddaşa əsaslanan, bütün dünya azərbaycanlılarını bir araya gətirən azərbaycançılıq məfkurəsi bu dövlətin siyasi strategiyası olmaqla yanaşı, bizim coğrafiyanın milli identikliyini müəyyən edirdi. Müasir siyasi elmlərdə milli ideologiya və milli kimlik məsələləri geniş tədqiqat obyektidir. Siyasi elm ədəbiyyatı istənilən milli-dövlətin iki mühüm komponentini vurğulayır: milli-dövlət sistemi və bu dövlətin ərazisində yaşayan insanların milli kimliyi [8, 1080]. Müasir dövlətlərə verilən izah onların bu dövlətlərin ərazisində yaşayan xalqların vahid identikliyi çərçivəsini nəzərdə tutur. Başqa sözlə, ədəbiyyatda vurğulandığı kimi, müasir milli dövlətlər üçün “coğrafiya məsələsi” və sərhədlər mühüm şərt olmaqla, verilən coğrafiyada yaşayan insanların vahid identikliyini formalaşdırır, onların tarixi yaddaşa və dəyərlərə olan bağlılığı isə gələcək davranışlarını müəyyən edən amillərdəndir [7]. Qeyd olunmalıdır ki, bir sıra ədəbiyyatlarda edilən cəhdlərə rəğmən, tarixi inkişaf, tarixi yaddaş və tarixi ərazilərin bu identikliyin formalaşmasındakı mühüm rolu marginallaşdırıla bilməz. K.S.Larsen qeyd edir ki, “hazırda milli-dövlət insan identikliyinin ən əsas mənbəyidir, bununla yanaşı, dil, ərazi və din də identikliyin formalaşmasında yer ala bilir” [7, 166]. Təbii ki, “insanların sosial atributlarının üstünlüyü onların mədəni identikliyinin formalaşması baxımından da mühüm əhəmiyyət kəsb edir” [8, 1080].
Azərbaycançılıq ideologiyası milli yaşam tərzi olmaqla yanaşı, həm də milli-dövlətin beynəlxalq statsusuna xidmət edir. Qeyd edildiyi kimi, Azərbaycan xalqının uzun illər formaşaldırdığı multikultural dəyərlər bu milli ideologiyanın mühüm komponentlərindən olmuşdur. Bu komponentlər sırasında digər milli dəyərlər, dövlətçilik ənənələri, dini və etnik rəngarənglik, maarifçilik və elm də xüsusi yer tuturdu. Müasir dövlətin formalaşması və onun qlobal arenada öz yerini tutması isə azərbaycançılıq ideologiyasının banisi olan Ulu Öndər Heydər Əliyevin milli və beynəlxalq siyasətinin, bütövlükdə bu xalqın və dövlətin gələcəyinə baxışının mərkəzində durur, strateji inkişaf xəttini təşkil edirdi.
Yeni dönəmin qarşımızda açdığı imkanlar isə yeni şəraitdə daha böyük nailiyyətlərin qazanılacağına şübhə doğurmur. Bu kontekstdə ali təhsil müəssisələri və tədqiqatçıların qarşısında dövlətimizin qazandığı uğur və nailiyyətləri öyrənməsi və tədqiqi sahəsində mühüm işlər durur. Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi, bu ideologiya üzərində qurulmuş milli dövlətçiliyimizin inkişaf mərhələləri, Azərbaycanda multikultural dəyərlərin və birgə yaşayışın unikal modelinin öyrənilməsi kimi məsələlər ənənəvi olaraq Bakı Slavyan Universitetinin elmi-praktik konfranslarının əsasını təşkil etmiş, bu istiqamətdə tədqiqatlar aparılmışdır. Azərbaycan tarixinin yeni dönəmində Ulu Öndər Heydər Əliyevin siyasi irsinin, azərbaycançılıq ideologiyasının və bütövlükdə gələcək inkişafımızın konturlarının müxtəlif platformalarda müzakirəsinin təşkili, sosial elmlərin nəzəri yanaşmalarının tətbiqi ilə daha böyük tədqiqat proseslərini formalaşdırması ali təhsil müəssisələrinin və ayrı-ayrı tədqiqatçıların qarşısında duran hədəflərdir. Növbəti illərdə konfransın aşağıdakı istiqamətlər üzrə tədqiqatlarının aparılması və elmi diskursun təşkilini davam etdirməsini hədəfləyirik:
- Ulu Öndər Heydər Əliyevin siyasi irsinin, Azərbaycançılıq məfkurəsi və Azərbaycanın unikal
multikultural dəyərlər sisteminin qorunması və inkişafındakı rolunun öyrənilməsi, bu mövzuda elmi
tədqiqat nəticələrinin beynəlxalq konfranslarda və nəşrlərdə geniş oxucu kütlələrinə təqdim edilməsi.
Hazırki konfransın plenar iclasında bu mövzu “Ulu Öndər Heydər Əliyev və zəfərə aparan yol”
mövzusu üzərində qurulmuşdur; - Qarabağ və Şərqi Zəngəzurun düşmən tapdağından azad edilməsi və Azərbaycanın yaratdığı
yeni geosiyasi reallıqları xarakterizə edən Böyük Zəfərin fonunda Cənubi Qafqaz və daha geniş regional
müstəvidə münasibətlər sistemi və bu sistemdə Azərbaycanın yerinin öyrənilməsinə həsr edilmiş
tədqiqatlar növbəti konfransların hədəfini müəyyən edəcək mövzulardandır. 2024-cü il konfransında
bu istiqamət “Yeni dövrün çağrışları” mövzusu ilə müəyyən edilmişdir; - Müasir Azərbaycan və azərbaycanlı milli kimliyinin mərkəzində öz qürurlu yerini almış “Böyük
Qayıdış” prosesinin sosial, iqtisadi və beynəlxalq təsirləri, qlobal münasibətlər sistemindəki yerinin
öyrənilməsinə həsr edilmiş tədqiqatların aparılması. 2024-cü il konfransında bu istiqamət “Qarabağ və
Şərqi Zəngəzur Böyük Qayıdış kontekstində” mövzusu ilə müəyyən edilmişdir; - Azərbaycanın qlobal arenada artan rolu kontekstində mühüm beynəlxalq missiyalarının
öyrənilməsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici siyasətinin qlobal
təsirlərinin öyrənilməsi, tədqiqat nəticələrinin beynəlxalq səviyyədə təqdim edilməsi əsas tədqiqat
hədəflərindəndir. 2024-cü il konfransında bu istiqamət “COP 29: Azərbaycan qlobal müzakirələrin
mərkəzi platforması kimi” mövzusu ilə müəyyən edilmişdir; - Milli identikliyimizin və tarixi yaddaşımızın formalaşmasında ayrılmaz yeri olan, milli mənəvi
dəyərlərimizin qorunması kontekstində mühüm tədqiqat platformasını təşkil edən Qərbi Azərbaycanda mədəni-tarixi və maarifçilik məsələlərinin tədqiqin davam etdirilməsi və tədqiqat nəticələrinin beynəlxalq elmi-metrik bazalara daxil elmi dərgilərdə nəşri hədəflənir. 2024-cü il konfransında bu istiqamət “Qərbi Azərbaycan: tarix və maarifçilik” mövzusu ilə müəyyən edilmişdir;
Beləliklə, Bakı Slavyan Universitetində keçirilən “Azərbaycanşünaslığın aktual məsələləri(tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə) XV konfransı yeni dövrün yaratdığı reallıqlar kontekstində müvafiq məzmunun yaradılması baxımından da keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş konfransda (4-5 may, 2023-cü il) olduğu kimi, bu konfransda da dünyanın müxtəlif ölkələrindən, əsasən, Türkiyə, Özbəkistan, Gürcüstan, Moldova, Rusiya və Polşadan olan həmkarlarla birlikdə qarşıya qoyulmuş mühüm məsələləri müzakirə edilməsi gözlənilir. Konfransın şüarının “Yeni Dövrün Azərbaycanı” seçilməsi, əslində konfransın keyfiyyətcə yeni mərhələsinin məntiqi keçidini göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında yeni dövrün Azərbaycanının qazanacağı uğurların nəticələrinə dair elmi tədqiqatların aparılması, tədqiqat nəticələrinin çapı və beynəlxalq müzakirələrin təşkili növbəti konfransların da strateji hədəfini təşkil edəcəkdir.