VALİDEYN – ÖVLAD MÜNASİBƏTLƏRİNİN PEDAQOJİ XÜSUSİYYƏTLƏRİ

Cabbarova  Afaq  Mirzağa  qızı
Bakı  şəhəri  276 № -li  tam orta məktəbin müəllimi

Ailənin  qurulması  bir  uşaq  üçün  son  dərəcə  vacibdir.  Bir  uşaq  üçün  ailə  əsas  yaşayış  mühiti,  inkişafı  və  psixoloji  formalaşmasıdır.  Uşaq  ailədə  erkən  uşaqlıq  dövründə  dünyanı  öyrənməyi  öyrənir,  idrakın  əsas  mexanizmlərini,  insanlar  arasındakı  münasibətlərin  əsasını  dərk  edir.

          Körpə  dünyaya  gəldiyi  andan  etibarən  valideynlə  övlad  arasındakı  münasibətlərin  inkişafı  başlayır.  Kiçik  yaşlı  uşaqlarla  münasibətlər,  ümumiyyətlə,  asanlıqla  inkişaf  edir.  Uşaq  anadan  asılıdır,  həmişə  onunla  maraqlanır.  Aralarında  isti  və  güclü  əlaqə  var.  Valideyn  və  uşaqlar  gündəlik,  tez – tez  bir – biri  ilə  ünsiyyət  qururlar.  Bu  cür  təmaslar  inamın,  mənəvi  birliyin  inkişafına,  həyatda  hərəkətlərin  və  istəklərin  koordinasiyasına  kömək  edir.  M.Tsvetaevanın  bu  sətirləri  dərin  bir  məna  daşıyır:  “Uşaqlar  dünyanın  həssas  tapmacalarıdır  və  cavabı  tapmacaların  özündədir”. Doğrudan da, uşaq  ailənin  güzgüsü,  bəzəyidir.  Uşaq  özü  ilə  bərabər  ailəyə  təkcə  sevinc,  xoşbəxtlik  gətirmir,  eyni  zamanda  yeni — yeni  vəzifələr  də  gətirir. 

          İnsan  tərbiyəsində  və  onun  formalaşmasında  yaşadığı  mühitin,  insanların  və  müxtəlif  cür  danılmaz  amillərin  təsiri  vardır,  hansı  ki,  bu  amillərdən  ən  böyüyü  onun  valideynləridir.  Valideyn  övladının  formalaşmasında  çox  böyük  rol  oynayır. 

          Bu  gün  məktəblərdə  sıx – sıx  qarşılaşdığımız  mənzərələr  içərisində  valideyn – övlad  münasibətlərindəki  problemlərdir,  hansı  ki,  valideynlər  “uşağım  çox  aqressivdir,  sözümə  qulaq  asmır,  hər  şeyə  çox  məsuliyyətsiz  yanaşır,  dostları  ilə  tez – tez  dalaşır,  nalayiq  ifadələrdən  istifadə  edir  və  s.”  kimi  problemlərin  olduğunu  bildirir.

          Valideynlərlə  aparılan  söhbətlər  zamanı  aşkara  çıxır  ki,  bütün  bu  problemlər  ailədən  qaynaqlanır.  Buna  səbəb  ailədaxili  münaqişlərin  uşağın  gözü  önündə  yaşanması,  aqressiyanın,  şiddətin  şahidi  olmalarıdır.

          Ailədə  vacib  olan  nüanslardan  biri  və  ən  önəmlisi  valideyn – övlad  münasibətləridir  ki,  bu  münasibətlər  zamanı  bəzi  məqamlara  xüsusilə  diqqət  yetirmək  lazımdır.

          Bu  məqamlardan  ən  birincisi  və  ən  önəmlisi  valideyn  və  övlad  arasında  səmimi  münasibətin olmasıdır.  Əgər  ailədə  valideyn  və  övlad  arasında  səmimi  bir  münasibət  varsa,  deməli,  həmin  ailədə  inam  və  hörmət  də  vardır.  Əgər  uşaq  özünə  qarşı  valideynindən  səmimi  münasibət  hiss  edirsə,  bu  zaman  bütün  istək  və  arzularını  onunla  paylaşmağa,  valideyninə  daha  yaxın  olmağa  can  atır.  Nəticə  etibarı  ilə  valideyn  öz  övladının  istək  və  arzularına  bələd  olub,  onu  düzgün  bir  hədəf  uğrunda  istiqamətləndirir. 

          Diqqət  edilməli  məqamlardan  biri  də  valideynin  övladına  qayğı  və  sevgisini  biruzə  verməsidir.  Hamıya  birmənalı  şəkildə  məlumdur  ki,  biz  insanlar  və  xüsusilə  uşaqlar  daima  diqqət,  qayğı  və  sevgiyə  ehtiyac  duyuruq.  Uşaq  valideynləri  tərəfindən  diqqət,  qayğı  və  sevgi  münasibətini  gördükdə  və  ya  hiss  etdikdə  ailəyə,  valideynlərinə  daha  çox  bağlı  olur  və  onda  valideynlərinə  qarşı  hörmət  hissi  yaranır.

          Valideyn – övlad  münasibətlərində  təlim  və  tərbiyə  diqqət  edilməli  məqamlar  sırasındadır.  Hər  bir  valideyn  övladına  düzgün  tərbiyə  verməli  və  onun  təlimi  ilə  məşğul  olmalıdır. 

          Uşaq  tərbiyəsi  zamanı  əsas  götürülən  məqamlardan  biri  uşağın  düşdüyü  mühitdir.  Əgər  valideyni  uşağın  düşdüyü  mühit  qane  etmirsə,  bu  zaman  uşağı  həmin  mühitdən  ayırmağı  bacarmalıdır.  Valideyn  uşağın  düşdüyü  mühiti  bilməli,  ona  yaxşını  pisdən  ayırmağı  və  dost  seçimi  edərkən  hansı  məqamlara  diqqət  etməli  olduğunu  öyrətməlidir.  Amma çox – çox  təəssüflər  olsun  ki,  günümüzdə  elə  ailələr  var  ki,  nəinki  uşağın  düşdüyü  mühitlə  maraqlanmır,  həm  də  həmin  ailələrdə  yuxarıda  qeyd  edilən  məqamlara  toxunulmur  və  nəticədə  uşaqlar  öz  seçimlərini  edərkən  bir  çox  hallarda  yaxşını  pisdən,  səhvi  doğrudan  seçə  bilmirlər  və  bu  zaman  bir  sıra problemlər  əmələ  gəlir.

          Münasibətlərdə  diqqət  edilməli  məqamlardan  ən  əsası  və  birincisi  uşağı  dinləməyi  bacarmaqdır.  Hər  bir  valideyn  uşağını  dinləməli,  onun  sözünə  əhəmiyyət  verməlidir.  Valideyn  hər  gün  uşaqla  söhbət  etmək  üçün  müəyyən  vaxt  ayırmalı,  onunla  söhbət  zamanı  başqa  heç  bir  işlə  məşğul  olmamalı,  uşaqla  danışan  zaman  onun  gözünün  içinə  baxmalı,  bir  mövzudan  digərinə  keçməməli,  onun  sözünü  kəsməməli və  mövzunu  dəyişdirməməlidir.  Əgər  valideyn  uşaqla  söhbət  zamanı  sadalananlara  əməl  etməsə,  bu  zaman  uşaq  öz  hisslərini  paylaşmaq  üçün  başqalarını  axtarıb  tapmağa  çalışacaq  ki,  bu  da  xoşagəlməz  hallarla  nəticələnə  bilər.

          Münasibətlərin  digər  bir  məqamlarından  biri  də  valideynin  uşağına  sevgi  göstərib  sığal  çəkməsidir.  Bəzən  elə  valideynlərlə  rastlaşırıq  ki,  həmin  valideynlər  övladlarına  nəinki  sevgi  göstərmək,  hətta  onların  başına  sığal  çəkməyə  belə  çəkinirlər.  Buna  səbəb  kimi  isə  uşağı  şıltaq  böyütmək  istəmədiklərini  göstərirlər.  Uşaq  üçün  sevildiyini  hiss  etmək  və  mehriban  münasibət  görmək  olduqca  vacibdir.  Hər  bir  valideyn  övladını  olduğu  kimi  sevməlidir.  Bu  zaman  uşaqda  özünəinam  hissi  güclü  olur. 

          Münasibətlər  zamanı  diqqət  yetirilməli  məqamlardan  biri  də  uşağın  valideynlər  tərəfindən  qorxudulmamasıdır.  Elə  valideynlərlə  rastlaşırıq  ki,  onlar  uşaqlarını  canavarla,  itlə,  həkimlə,  polislə  və  ya  digər  buna  bənzər  şeylərlə  qorxudurlar.  Həmin  valideynlərin  belə  fikirləşirlər  ki,  əgər  uşaq  qorxarsa,  bu  zaman  uşaq  daha  ağıllı  olar.  Amma  əksinə,  uşaqlar  daima  qorxu  ilə  yaşayacaqlar  və  bu  qorxu  onların  şüuraltında  öz  izini  buraxacaq  ki,  bu  da  gələcəkdə  onların  həyatına  öz  təsirini  göstərəcək.

          Münasibətlərə  diqqət  etsək  görərik  ki,  həmin  münasibətlər  içərisində  valideynin  övladlar  arasındakı  münasibətlərə  nəzarəti  xüsusi  əhəmiyyət  kəsb  edir.  Belə  ki,  iki  və  çox  uşaqlı  ailələrdə  uşaqlar  arasında  anlaşılmamazlıqların  şahidi  oluruq.  Hər  bir  valideyn  övladına  sevgi  və  məhəbbət  hissini,  dürüstlüyü,  ədalətli  olmağı  öyrətməlidir.  Çünki  bu  onların  həyatında  çox  önəmli  rol  oynayacaq. 

          Çox  təəssüf  ki,  son  zamanlar  valideyn – övlad  münasibətlərində  qarşılaşdığım  problemlər  içərisində  valideynlərin  övladları  arasında  ayrı – seçkilik  salamalarıdır  ki,  bu  zaman  valideyn – övlad  münasibətlərində  bir  uçurum  yaranır,  hansı  ki,  bunun  bərpası  demək  olar  ki,  mümkün  deyil.  Belə  bir  təcrübə  olmuşdur:  Turanə  (adı  şərtidir)  valideynlərinin  ona  qarşı  olan  münasibətlərinin  dəyişdiyini,  haradasa,  onu  heç  görmədiklərini,  problemləri  ilə  maraqlanmadığını,  qısaca,  onu  evdə  yox  saydıqlarını,  yalnız  bacısı  Almazla  (adı  şərtidir)  maraqlandıqlarını,  hər  şeyin  təzəsini  ona  aldıqlarını,  onun  hər  istəklərini  yerinə  yeirdiklərini  bildirmişdir.  Bu  məsələ  ilə  bağlı  valideyni  Nəzakət  xanımı  (adı  şərtidir)  məktəbə  dəvət  etdim.  Nəzakət  xanımla  söhbətimiz  zamanı  valideyn – övlad  münasibətlərində  olan  incə  nüanslara  toxunuldu,  problemin  aradan  qaldırılması  istiqamətində  valideynlə  profilaktik  söhbət  aparıldı.  Söhbətin  sonunda  Nəzakət  xanım  övladına  qarşı  olan  münasibətini  dəyişəcəyini  söyləsə  də,  heç  bir  dəyişiklik  müşahidə  olunmamışdır.  Şagird  bir  müddət  sonra  həmin  problem  ilə  bağlı  yenidən  müraciət  etmiş  və  problemin  bir  az  daha  dərinləşdiyini  bildirmişdir.  Bununla  bağlı  valideyn  yenidən  məktəbə  dəvət  olunmuş  və  onunla  profilaktik  iş  davam  edir.

          İl  ərzində  mütəmadi  olaraq  valideynlərlə  görüşlər  keçirilir,  uşaqların  problemləri  və  çıxış  yolları  haqqında  söhbətlər  aparılır,  tövsiyyələr  verilir.

          Hər  bir  valideyn  övladına  qarşı  məsuliyyətli  olmalı,  onun  qayğısına  qalmalı,  övladını  və  onun  psixi  sağlamlığını  qorumalı,  onun  tərbiyəsinə  və  təhsilinə  diqqət  yetirməli,  onunla  səmərəli  vaxt  keçirməli  (rəsm  çəkməli,  kitab  oxumalı  (Kitabı  seçərkən  uşağın  yaşını  mütləq  nəzərə  almaq  lazımdır.),  müxtəlif  oyunlar  təşkil  etməli,  uşaqla  birlikdə  bir  toxum  əkib  onun  böyüməsini  müşahidə  etməli,  cizgi  filmi  saatı  təşkil  etməli),  onun  həyatı  və  gələcəyi  barədə  düzgün  qərarlar  almalı,  övladı  ilə  sağlam  ünsiyyət  qurmalı,  mənəvi  cəhətdən  ona  dəstək  olmalıdır.  Valideynlər  uşaqla  ünsiyyətdə  olarkən  istifadə  etdikləri  cümlələrə,  sözlərə  fikir  verməlidirlər.  Valideynlər  uşağın  evdə  olduğu  müddətdə  rahat  və  xoşbəxt  vaxt  keçirmələrini  təmin  etməlidirlər.

          Valideynlər  uşaqla  bağlı  qərarları  birlikdə  verməli,  bir – birinin  hüquq  və  vəzifələrinə  hörmətlə  yanaşmalı,  aralarındakı  problemləri  uşağa  qarşı  olan  münasibətlərində  hiss  etdirməməlidirlər.  Hər  bir  valideyn  mütləq  surətdə  çalışmalıdır  ki,  uşaq  özünü  dəyərli  hiss  etsin.

          Valideynlər  uşaqlarla  davranışlarında:  Əgər  bir  də  sənin  belə  etdiyini  görsəm – sən  görərsən;  Heç  nə  edə  bilmirsən,  heç  nə  bacarmırsan,  səndən  adam  olmayacaq;  Al  götür,  təki  səsini  kəs;  Hamının  uşağı  uşaq  kimidir,  sən  isə  …  və  s.  kimi  ifadələri  əsla  işlətməməlidirlər.  Əgər  uşaqla  davranışında  bu  tip  ifadələrdən  istifadə  edərsə,  o  zaman  uşaqda  həm  özünəinam  hissi  azalacaq,  həm  valideynlə  uşaq  arasında  keçilməz  bir  körpü,  uçurum  əmələ  gələcək,  həm  də  uşaqda  valideynə  qarşı  nifrət  hissi  yaranacaq. Hər  bir  valideyn  nəzərə  almalıdır  ki,  əgər  uşaq  hər  hansısa  bir  işi  görmək  istəmirsə  və  yaxud  da  bunu  edə bilmirsə,  bu  zaman  uşağı  məcbur  etmək  olmaz. 

          Rus  psixoloqu  Y.B.Gippenreyter  deyir  ki,  uşaq  tez – tez  bu  sözləri  eşitməlidir:  “Nə  yaxşı  ki,  sən  bu  dünyada  varsan”,  “Biz  səni  görməyə  şadıq”  və  s.

          Çox  təəssüflər  olsun  ki,  tez – tez  uşaqlarını  çöp  qutularına  buraxan,  onlardan  imtina  edən  valideynlərlə  qarşılaşırıq.  Bu  addımı  atan  valideynlər  heç  düşünürlərmi  ki,  öz  övladlarına  necə  travma  yaşadırlar?  Atdıqları  bu  addım  onların  gələcək  həyatına  necə  təsirini  göstərəcək,  onların  həyatında  necə  iz  buraxacaq?  Onların  valideyni  olmalarına  rəğmən  övladlarının  həyatını  məhv  etmə  haqqına  sahib  olduqlarınımı  düşünürlər?

          Valideynləri  tərəfindən  tərk  edilmiş  uşaqlar  onların  sevgisinə,  nəvazişinə  ac  olub  həsrətlə  böyüyürlər.  Bu  da  onların  həyatında  öz  mənfi  izlərini  buraxır.  Axı  hər  bir  uşağın  haqqıdır  ki,  isti  evdə,  onu  sevən  valideynlərinin  yanında  böyüsün.  Axı  hər  bir  uşağın  haqqıdır  ki,  valideynlərinin  yanında  özünü  güvəndə  hiss  etsin.  Axı  hər  bir  uşağın  haqqıdır  ki,  onu  narahat  edən  məsələləri,  problemlərini  valideyni  ilə  bölüşsün.  Görəsən,  bu  addımı  atan  valideynlər  necə  böyük  günah  etdiklərini  heç  olmasa  bir  dəfə  olsun  düşünmüşlərmi?

          Həmişə  deyirik  ki,  uşaqlar  bizim  gələcəyimizdir.  Bəs  onda  biz  niyə,  nəyə  görə  gələcəyimizlə  bu  cür  davranırıq?  Bu  cür  davranışımızla  biz  öz  gələcəyimizi  məhv  etmirikmi?  Gəlin,  gələcəyimizi  məhv  etməyək! Əziz  valideynlər!  Uşaqla  davranışınız  zamanı  elə  xəyal  edin  ki,  sanki  ovuclarınızda  bir  quş  tutmusunuz.  Ovucunuzu  bərk  sıxsanız,  quşu  boğa  bilərsiniz.  Əgər  quşun  sizdən  tamamilə  ayrılmasını,  uçmasını  istəmirsinizsə,  o  zaman  ovcunuzu  çox  da  açmayın.  Elə  açın  ki,  quş  özünü  orada  güvəndə  hiss  etsin. Gəlin  unutmayaq  ki,  hər  şey  öz  qədərində  gözəldir  və  hər  şeyin  qədrini  bilməliyik.