QARABAĞ UNIVERSİTETİ ALİMLƏRİNDƏN AKADEMİK NAİLİYYƏT

Azərbaycan elmi beynəlxalq akademik mühitdə daha bir mühüm uğura imza atıb. ABŞ-ın nüfuzlu Miçiqan Universitetinin Ross Biznes Məktəbinin həmdirektoru, professor John Branch, Qarabağ Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, dosent Fariz Əhmədov və Azərbaycanın ilk qadın siyasi alimi Nərgiz Hacıyevanın həmmüəllifi olduğu elmi əsər məşhur «Elsevier» nəşriyyatına məxsus olan, Scopus və Web of Science indeksli, Q1 kvartilli Böyük Britaniyanın nüfuzlu «International Journal of Educational Development» jurnalında tam ödənişsiz nəşr olunub.

«Science and Education as Pillars of Post-Conflict Recovery: Lessons from Azerbaijan’s Karabakh Region» adlı bu elmi məqalə post-konflikt cəmiyyətlərdə elmin və təhsilin strateji rolunu araşdırır. Müəlliflər qeyd edirlər ki, münaqişədən sonrakı dövrlərdə təhsil yalnız bilik ötürmək funksiyasını yerinə yetirmir, həm də ictimai düşüncənin formalaşması və sosial inteqrasiyanın təmin olunmasında mühüm rol oynayır. Qarabağ nümunəsi üzərində aparılan tədqiqatlar göstərir ki, təhsilin inkişafı sülh və sabitliyin bərqərar edilməsində, milli identikliyin gücləndirilməsində və dayanıqlı inkişafın təmin olunmasında əsas vasitələrdən biridir.

Tədqiqatın mühüm nəticələrindən biri Qarabağ Universitetinin nümunəsində Azərbaycan mövqeyini beynəlxalq akademik diskursda elmi əsaslarla təqdim etməsidir. Müəlliflər vurğulayırlar ki, işğaldan azad olunmuş ərazilərdə təhsilin rolu ilə bağlı çoxsaylı tədqiqatlar aparılsa da, bu araşdırmaların əksəriyyəti spesifik regional xüsusiyyətləri nəzərə almadan ümumiləşdirilmiş yanaşmalara üstünlük verir. Halbuki, hər bir post-konflikt bölgəsi unikal sosial-siyasi və mədəni kontekstə malikdir və ona uyğunlaşdırılmış təhsil siyasətinə ehtiyac duyur. Qarabağ Universitetinin alimlərinin bu elmi əsəri post-konflikt dövrlərində dayanıqlı inkişafın təmin olunması və sülhün möhkəmləndirilməsi baxımından yeni yanaşmalar təqdim edir.

Bu mühüm elmi araşdırma dünyanın aparıcı universitetlərində təhsil menecmenti, siyasi elmlər, konfliktologiya, iqtisadiyyat və digər sosial elmlər üzrə dərs vəsaiti kimi istifadə olunacaq. Bu nailiyyət həm Azərbaycan elminin beynəlxalq səviyyədə tanınması, həm də Qarabağ məsələsinin akademik müstəvidə adekvat şəkildə təqdim edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Azərbaycanın post-konflikt bərpa modelinin dünya elmi arenasında geniş müzakirə edilməsi, Qarabağ Universitetinin nüfuzlu elmi dairələrdə qəbul olunması və ölkəmizin elmi potensialının beynəlxalq akademik diskursda möhkəmlənməsi istiqamətində bu tədqiqatın verdiyi töhfə xüsusilə dəyərlidir. Belə elmi nailiyyətlər Qarabağın bərpasında və onun beynəlxalq ictimaiyyətə tanıdılmasında mühüm rol oynayır.