COP-29 TƏDBİRİNİN ÖLKƏMİZ VƏ TƏHSİLİMİZ ÜÇÜN ƏHƏMİYYƏTİ

Qumru Vasif qızı Balaxanova

ADPU-nun Biologiya və onun tədrisi texnologiyası kafedrasının müəllimi, biologiya üzrə fəlsəfə doktoru

İqlim dəyişiklikləri bütün dünyanın üzləşdiyi bu problem kimi artıq hər birimizin gündəlik həyatına təsir edir. Bəşəriyyət olaraq bu dəyişikliklərin fəsadları ilə hər il daha çox qarşı-qarşıya gəlirik. Birləşmiş Millətlər Təşkilatının (BMT) təşkil etdiyi iqlim dəyişiklikləri ilə çərçivə konfransları da dünya liderlərini məhz eyni məqsəd uğrunda bir araya gətirir: iqlimi qorumaq, gələcək nəsillər üçün yaşana bilən yaşıl bir dünya yaratmaq!

Bu il də, yəni 2024-cü ildə COP-29 tədbiri bu mübarizənin növbəti böyük mərhələsi olduğu üçüb Azərbaycanın bu mötəbər tədbirə qatılması ölkəmizin ekoloji gələcəyi və bu sahədə ixtisaslaşan kadrların praktiki fəaliyyəti baxımından oldquca əhəmiyyətli bir addım hesab edirik. COP-29-un Azərbaycanda keçirilməsi ölkədəki təhsil sektoruna, xüsusilə ali təhsil müəssisələri və tələbələr üçün dəyərli fürsətlər yaradır. İqlim dəyişikliyi mövzusuna həsr olunan bu beynəlxalq tədbir çərçivəsində Azərbaycanın universitetləri və tələbələri iqlim elmi və dayanıqlı inkişaf sahələrində daha geniş biliklər əldə edərək iqlim dəyişikliklərinə qarşı qlobal səviyyədə mübarizəyə töhfə verə biləcəklər. Tədbir ərəfəsində, BMT-nin Davamlı İnkişaf Məqsədləri arasında mühüm yer tutan İqlim Dəyişikliyi ilə bağlı fəaliyyətlərdə universitetlərin rolu və gənc liderlərin bu dəyişiklikdə necə iştirak edə biləcəyi kimi mövzular diqqət mərkəzindədir. Bundan əlavə, tədbir tələbələrə həm yerli, həm də beynəlxalq alimlər və mütəxəssislərdən iqlim strategiyaları öyrənmək, həmçinin iqlim sahəsində aparılan tədqiqatları genişləndirmək üçün yeni biliklər əldə etmək imkanı yaradır. Tədbir zamanı universitetlər iqlim dəyişikliklərinə qarşı siyasət və tədqiqat fəaliyyətlərini gücləndirmək üçün öz strategiyalarını təkmilləşdirərək tələbələrinə bu sahədə geniş imkanlar təqdim etməyi planlaşdırır.

Bu baxımdan ölkəmizdə digər ixtisaslaşmış müəssisələrlə yanaşı, bu sahədə ixtisaslı kadr hazırlayan Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) də rolu olduqca əhəmiyyətlidir. ADPU ölkəmizin ekoloji gələcəyinə verdiyi əhəmiyyət çərçivəsində, Cənab Prezidentin 2024-cü ili «Yaşıl dünya» ili elan etməsi ilə bağlı bir sıra önəmli tədbirlər həyata keçirmişdir. Bu tədbirlər arasında ADPU-nun Kimya və biologiya fakültəsi və “Biologiya və onun tədrisi texnologiyası” kafedrası tərəfindən keçirilən silsilə ekoloji tədbirlər xüsusi əhəmiyyət kəsb edir.

ADPU-nun təşəbbüsü ilə təşkil olunan bu tədbirlər iqlim dəyişikliyi, ekosistemlərin qorunması və təmiz enerji kimi mövzulara həsr olunub və tələbələrin bu sahədə biliklərini artırmaq, ətraf mühitə qarşı məsuliyyət hissini aşılayaraq yaşıl dünya üçün təhsil vermək məqsədi daşıyır. Kimya və biologiya fakültəsi və “Biologiya və onun tədrisi texnologiyası” kafedrasının təşkil etdiyi seminarlar, təlimlər və açıq mühazirələr tələbələrə yalnız ekoloji biliklər verməklə qalmır, eyni zamanda təmiz texnologiyalar və davamlı inkişaf mövzularında praktiki biliklər əldə etmələri üçün əvəzsiz platforma yaradır.

Bu silsilə tədbirlər Azərbaycan Respublikasının ekoloji siyasətinə uyğun olaraq universitetin gənclər arasında ekoloji maarifləndirmə və ekoloji dəyərlərin formalaşmasında önəmli rol oynamasını təmin edir. ADPU, belə tədbirlər vasitəsilə tələbələrin təhsil prosesində öyrəndikləri bilikləri praktiki sahədə tətbiq etmələri üçün şərait yaradır və gələcək nəsillərin ekoloji məsuliyyət daşıyan fərdlər kimi yetişməsinə töhfə verir.

Bəs COP-29 bizə nə vəd edir? İlk növbədə, bu tədbir Azərbaycanın ekoloji siyasətlərini dünya qarşısında nümayiş etdirmək üçün əla bir fürsətdir. Son illərdə Azərbaycan ekoloji mövzularda beynəlxalq səviyyədəki mövqeyini gücləndirir, qlobal iqlim mübarizəsinə öz töhfəsini verir. COP 29 çərçivəsində Azərbaycan istixana qazlarının azaldılması, təmiz enerji mənbələrinin inkişafı və ekosistemlərin qorunması sahəsində gördüyü işləri dünyaya təqdim edir, digər dövlətlərlə əməkdaşlıq qurur və təcrübə mübadiləsi aparır.

COP-29-da Azərbaycanın zəngin külək və günəş enerjisi potensialı dünya ictimaiyyətinə yenidən tanıdılacaq. Bu tədbir, ölkəmizə təmiz enerji layihələri ilə maraqlanan xarici investorlarla əlaqə qurmaq üçün geniş imkanlar açır. İqtisadi baxımdan ölkəmizə fayda gətirəcək bu əməkdaşlıqlar həm də Azərbaycanın yaşıl enerjiyə keçidini daha da sürətləndirəcək və ətraf mühitin qorunması üzrə yeni təşəbbüslər və öhdəliklər də qəbul ediləcək ki, bu da gələcək nəsillərin ekoloji biliklərlə zənginləşməsi üçün vacib addımdır.

Azərbaycanın COP-29 çərçivəsində əhalinin ekoloji maarifləndirilməsinə dair öhdəliklər götürməsi, eyni zamanda, həm də gənclərin, xüsusi ilə biologiya və ekologiya ixtisasları üzrə təhsil alan tələbələrin bu məsələyə daha çox cəlb olunmasına təkan verəcək. COP-29 tədbirinin nəticələri iqlim təhsilinin genişlənməsinə və bu sahədə yeniliklərin müəllimlər arasında yayılmasına ciddi təsir göstərə bilər. Müəllimlər iqlim dəyişikliyi mövzusunda dərin biliklərə yiyələnmək və bu bilikləri daha effektiv şəkildə çatdırmaq üçün xüsusi təlimlərə cəlb oluna bilərlər. İqlim problemlərinin tədris prosesinə düzgün inteqrasiya edilməsi üçün müəllimlərə yeni materiallar, resurslar və metodologiyalar təqdim edilə bilər ki, bu da gələcək nəsillərdə ekoloji düşüncənin formalaşmasına təkan verəcək. ADPU-nun nümunəsində, ölkəmizin bir sıra təhsil müəssisələri də COP-29 kimi beynəlxalq tədbirlərdən sonra ekoloji cəhətdən davamlı fəaliyyəti təşviq edən siyasətlər qəbul edə bilər. Universitet və orta ümumtəhsil məktəbləri ekoloji biliklərin genişləndirilməsi və davamlılıq prinsipləri çərçivəsində müştərək çalışaraq ekoloji çevrəmizdə karbon izlərini azaltmaq üçün müxtəlif təşəbbüslər həyata keçirə bilərlər. Bu cür fəaliyyətlər təhsilalanlar üçün xüsusi bir model yaratmaqla onların iqlim dəyişiklikləri və ekoloji problemlər barədə biliklərini və məsuliyyətlərini dəfələrlə artıracaqdır.