BOTANİKLƏRİN HƏMMÜƏLLİFİ OLDUĞU MƏQALƏ STEROIDS JURNALINDA ÇAP OLUNUB
AR ETN Botanika İnstitutu və Pakistanın Karaçi şəhərindən Dr. Panjwani Molekulyar Tibb və Dərman Tədqiqatları Mərkəzi, H.E.J. Tədqiqat Kimya İnstitutu, Beynəlxalq Kimya və Biologiya Elmləri Mərkəzi və Lahor şəhərindən Molekulyar Biologiya və Biokimya İnstitutunun əməkdaşlarının (Yusifova Y., tul-Wahab A., Choudhary M.I., Siddiqui M., Khan N., Atif M., Zafar H., Ibadullayeva S.I., Aghayeva D.N.) birgə səyi nəticəsində Azərbaycanda meşə ağaclarında bitən Laetiporus sulphureus (Bull.) Murrill göbələk kulturalarından əldə edilən ikinci metabolitlər və onların döş xərçəngi dərmanı eksemestanının biotransformasiyası üçün katalizator kimi istifadə imkanları öyrənilmiş və nəticələr istinad əmsalı 4.3 və İmpact faktoru 2.4 olan “STEROIDS” jurnalında dərc olunmuşdur. Məlumdur ki, hazırda bəzi göbələklər dadına və müxtəlif vacib vitaminlərin, mineralların və ikincil metabolitlərin mövcudluğuna görə aşağı kalorili qida əlavələri kimi istifadə olunur. Eyni zamanda onların bəziləri müalicəvi əhəmiyyətə malikdir və ənənəvi tibbdə istifadə olunur.
Məqalədə əks olunan tədqiqat işində göbələk hüceyrələri üzvi birləşmələrin törəmələrinin alınması üçün biokatalizator kimi istifadə edilmiş və nəticə olaraq (1) L. sulphureus göbələyindən 3β-hidroksi-24-metilenelanost-8-en-21-oik turşusu ayrılmış, (2) göbələyin hüceyrə kulturası döş xərçəngi dərmanı olan eksemestanın yeni metabolitə biotransformasiyası üçün istifadə edilmiş və beləliklə (3)18-hidroksi-6-metilen-androsta1,4-dien-3,17-dion yeni metaboliti əldə edilmişdir.
Tədqiqat işində iki maddə müxtəlif xromatoqrafik üsullardan istifadə edilərək təmizlənmiş, 1D- və 2D-NMR, HREI-MS və IR-spektroskopik üsulların köməyi ilə strukturları müəyyən edilmişdir. Maddə 1 steroidal skeletə malik olub yeni çevrilmə ilə alınan digər məhsulu (aromatazı) inhibə etmə potensialına görə qiymətləndirilmişdir. Aromataz estrogen biosintezində mühüm rol oynayır ki, bu da onun inhibəsini estrogen reseptor-pozitiv (ER+) döş xərçənginin müalicəsi üçün əsas terapevtik strategiyaya çevirir.