AVROPALI BOTANİKLƏR BOTANİKA İNSTİTUTUNDA OLUBLAR

Hollandiyanın Hortus Botanicus Leiden Universitetinin botanikləri Rogian van Vugt, Petra Sonius, eləcə də Belçikadan olan botanik Marc Verbeeck Azərbaycanın İsmayıllı, Şəki, Qax və s. rayonlarından topladıqları səhləb növlərinin müzakirəsi məqsədilə AR ETN Botanika İnstitutunda olublar. Botanika İnstitutunun alimlərinin iştirakı ilə keçirilən görüş zamanı baş direktor, professor Səyyarə İbadullayeva qonaqlara İnstitutun elmi-tədqiqat fəaliyyəti çərçivəsində endemik növlərin statusunun müəyyənləşdirilməsi mövzusunda ətraflı məlumat verib. Səhləbkimilər (Orchidaceae Juss.) fəsiləsinə daxil olan “Xarıbülbül” bitkisi haqqında geniş müzakirə aparılıb.  

Qonaqlar İnstitutun laboratoriyaları, Botanika Muzeyi və Herbari Fondunu ziyarət ediblər. Onlar Azərbaycanın flora müxtəlifliyinin elmi əsaslarla sənədləşdirilməsi və qorunması istiqamətində görülən işləri yüksək qiymətləndirərək, Hortus Botanicus Leiden Universiteti ilə Botanika İnstitutu arasında əməkdaşlıq əlaqələrinin yaradılması üçün müraciət ediblər.

Sonda Marc Verbeeck öz sosial şəbəkə hesabında Botanika İnstitutunun rəhbərliyinə və əməkdaşlarına təşəkkür edərək, “Böyük Avropada qiymətli səhləblərimizə Azərbaycan qədər hörmət edən ikinci ölkə yoxdur” fikrini paylaşıb.