VALİDEYN – ÖVLAD MÜNASİBƏTLƏRİNİN PEDAQOJİ XÜSUSİYYƏTLƏRİ

Cabbarova  Afaq  Mirzağa  qızı
Bakı  şəhəri  276 № -li  tam orta məktəbin müəllimi

Ailənin  qurulması  bir  uşaq  üçün  son  dərəcə  vacibdir.  Bir  uşaq  üçün  ailə  əsas  yaşayış  mühiti,  inkişafı  və  psixoloji  formalaşmasıdır.  Uşaq  ailədə  erkən  uşaqlıq  dövründə  dünyanı  öyrənməyi  öyrənir,  idrakın  əsas  mexanizmlərini,  insanlar  arasındakı  münasibətlərin  əsasını  dərk  edir.

          Körpə  dünyaya  gəldiyi  andan  etibarən  valideynlə  övlad  arasındakı  münasibətlərin  inkişafı  başlayır.  Kiçik  yaşlı  uşaqlarla  münasibətlər,  ümumiyyətlə,  asanlıqla  inkişaf  edir.  Uşaq  anadan  asılıdır,  həmişə  onunla  maraqlanır.  Aralarında  isti  və  güclü  əlaqə  var.  Valideyn  və  uşaqlar  gündəlik,  tez – tez  bir – biri  ilə  ünsiyyət  qururlar.  Bu  cür  təmaslar  inamın,  mənəvi  birliyin  inkişafına,  həyatda  hərəkətlərin  və  istəklərin  koordinasiyasına  kömək  edir.  M.Tsvetaevanın  bu  sətirləri  dərin  bir  məna  daşıyır:  “Uşaqlar  dünyanın  həssas  tapmacalarıdır  və  cavabı  tapmacaların  özündədir”. Doğrudan da, uşaq  ailənin  güzgüsü,  bəzəyidir.  Uşaq  özü  ilə  bərabər  ailəyə  təkcə  sevinc,  xoşbəxtlik  gətirmir,  eyni  zamanda  yeni — yeni  vəzifələr  də  gətirir. 

          İnsan  tərbiyəsində  və  onun  formalaşmasında  yaşadığı  mühitin,  insanların  və  müxtəlif  cür  danılmaz  amillərin  təsiri  vardır,  hansı  ki,  bu  amillərdən  ən  böyüyü  onun  valideynləridir.  Valideyn  övladının  formalaşmasında  çox  böyük  rol  oynayır. 

          Bu  gün  məktəblərdə  sıx – sıx  qarşılaşdığımız  mənzərələr  içərisində  valideyn – övlad  münasibətlərindəki  problemlərdir,  hansı  ki,  valideynlər  “uşağım  çox  aqressivdir,  sözümə  qulaq  asmır,  hər  şeyə  çox  məsuliyyətsiz  yanaşır,  dostları  ilə  tez – tez  dalaşır,  nalayiq  ifadələrdən  istifadə  edir  və  s.”  kimi  problemlərin  olduğunu  bildirir.

          Valideynlərlə  aparılan  söhbətlər  zamanı  aşkara  çıxır  ki,  bütün  bu  problemlər  ailədən  qaynaqlanır.  Buna  səbəb  ailədaxili  münaqişlərin  uşağın  gözü  önündə  yaşanması,  aqressiyanın,  şiddətin  şahidi  olmalarıdır.

          Ailədə  vacib  olan  nüanslardan  biri  və  ən  önəmlisi  valideyn – övlad  münasibətləridir  ki,  bu  münasibətlər  zamanı  bəzi  məqamlara  xüsusilə  diqqət  yetirmək  lazımdır.

          Bu  məqamlardan  ən  birincisi  və  ən  önəmlisi  valideyn  və  övlad  arasında  səmimi  münasibətin olmasıdır.  Əgər  ailədə  valideyn  və  övlad  arasında  səmimi  bir  münasibət  varsa,  deməli,  həmin  ailədə  inam  və  hörmət  də  vardır.  Əgər  uşaq  özünə  qarşı  valideynindən  səmimi  münasibət  hiss  edirsə,  bu  zaman  bütün  istək  və  arzularını  onunla  paylaşmağa,  valideyninə  daha  yaxın  olmağa  can  atır.  Nəticə  etibarı  ilə  valideyn  öz  övladının  istək  və  arzularına  bələd  olub,  onu  düzgün  bir  hədəf  uğrunda  istiqamətləndirir. 

          Diqqət  edilməli  məqamlardan  biri  də  valideynin  övladına  qayğı  və  sevgisini  biruzə  verməsidir.  Hamıya  birmənalı  şəkildə  məlumdur  ki,  biz  insanlar  və  xüsusilə  uşaqlar  daima  diqqət,  qayğı  və  sevgiyə  ehtiyac  duyuruq.  Uşaq  valideynləri  tərəfindən  diqqət,  qayğı  və  sevgi  münasibətini  gördükdə  və  ya  hiss  etdikdə  ailəyə,  valideynlərinə  daha  çox  bağlı  olur  və  onda  valideynlərinə  qarşı  hörmət  hissi  yaranır.

          Valideyn – övlad  münasibətlərində  təlim  və  tərbiyə  diqqət  edilməli  məqamlar  sırasındadır.  Hər  bir  valideyn  övladına  düzgün  tərbiyə  verməli  və  onun  təlimi  ilə  məşğul  olmalıdır. 

          Uşaq  tərbiyəsi  zamanı  əsas  götürülən  məqamlardan  biri  uşağın  düşdüyü  mühitdir.  Əgər  valideyni  uşağın  düşdüyü  mühit  qane  etmirsə,  bu  zaman  uşağı  həmin  mühitdən  ayırmağı  bacarmalıdır.  Valideyn  uşağın  düşdüyü  mühiti  bilməli,  ona  yaxşını  pisdən  ayırmağı  və  dost  seçimi  edərkən  hansı  məqamlara  diqqət  etməli  olduğunu  öyrətməlidir.  Amma çox – çox  təəssüflər  olsun  ki,  günümüzdə  elə  ailələr  var  ki,  nəinki  uşağın  düşdüyü  mühitlə  maraqlanmır,  həm  də  həmin  ailələrdə  yuxarıda  qeyd  edilən  məqamlara  toxunulmur  və  nəticədə  uşaqlar  öz  seçimlərini  edərkən  bir  çox  hallarda  yaxşını  pisdən,  səhvi  doğrudan  seçə  bilmirlər  və  bu  zaman  bir  sıra problemlər  əmələ  gəlir.

          Münasibətlərdə  diqqət  edilməli  məqamlardan  ən  əsası  və  birincisi  uşağı  dinləməyi  bacarmaqdır.  Hər  bir  valideyn  uşağını  dinləməli,  onun  sözünə  əhəmiyyət  verməlidir.  Valideyn  hər  gün  uşaqla  söhbət  etmək  üçün  müəyyən  vaxt  ayırmalı,  onunla  söhbət  zamanı  başqa  heç  bir  işlə  məşğul  olmamalı,  uşaqla  danışan  zaman  onun  gözünün  içinə  baxmalı,  bir  mövzudan  digərinə  keçməməli,  onun  sözünü  kəsməməli və  mövzunu  dəyişdirməməlidir.  Əgər  valideyn  uşaqla  söhbət  zamanı  sadalananlara  əməl  etməsə,  bu  zaman  uşaq  öz  hisslərini  paylaşmaq  üçün  başqalarını  axtarıb  tapmağa  çalışacaq  ki,  bu  da  xoşagəlməz  hallarla  nəticələnə  bilər.

          Münasibətlərin  digər  bir  məqamlarından  biri  də  valideynin  uşağına  sevgi  göstərib  sığal  çəkməsidir.  Bəzən  elə  valideynlərlə  rastlaşırıq  ki,  həmin  valideynlər  övladlarına  nəinki  sevgi  göstərmək,  hətta  onların  başına  sığal  çəkməyə  belə  çəkinirlər.  Buna  səbəb  kimi  isə  uşağı  şıltaq  böyütmək  istəmədiklərini  göstərirlər.  Uşaq  üçün  sevildiyini  hiss  etmək  və  mehriban  münasibət  görmək  olduqca  vacibdir.  Hər  bir  valideyn  övladını  olduğu  kimi  sevməlidir.  Bu  zaman  uşaqda  özünəinam  hissi  güclü  olur. 

          Münasibətlər  zamanı  diqqət  yetirilməli  məqamlardan  biri  də  uşağın  valideynlər  tərəfindən  qorxudulmamasıdır.  Elə  valideynlərlə  rastlaşırıq  ki,  onlar  uşaqlarını  canavarla,  itlə,  həkimlə,  polislə  və  ya  digər  buna  bənzər  şeylərlə  qorxudurlar.  Həmin  valideynlərin  belə  fikirləşirlər  ki,  əgər  uşaq  qorxarsa,  bu  zaman  uşaq  daha  ağıllı  olar.  Amma  əksinə,  uşaqlar  daima  qorxu  ilə  yaşayacaqlar  və  bu  qorxu  onların  şüuraltında  öz  izini  buraxacaq  ki,  bu  da  gələcəkdə  onların  həyatına  öz  təsirini  göstərəcək.

          Münasibətlərə  diqqət  etsək  görərik  ki,  həmin  münasibətlər  içərisində  valideynin  övladlar  arasındakı  münasibətlərə  nəzarəti  xüsusi  əhəmiyyət  kəsb  edir.  Belə  ki,  iki  və  çox  uşaqlı  ailələrdə  uşaqlar  arasında  anlaşılmamazlıqların  şahidi  oluruq.  Hər  bir  valideyn  övladına  sevgi  və  məhəbbət  hissini,  dürüstlüyü,  ədalətli  olmağı  öyrətməlidir.  Çünki  bu  onların  həyatında  çox  önəmli  rol  oynayacaq. 

          Çox  təəssüf  ki,  son  zamanlar  valideyn – övlad  münasibətlərində  qarşılaşdığım  problemlər  içərisində  valideynlərin  övladları  arasında  ayrı – seçkilik  salamalarıdır  ki,  bu  zaman  valideyn – övlad  münasibətlərində  bir  uçurum  yaranır,  hansı  ki,  bunun  bərpası  demək  olar  ki,  mümkün  deyil.  Belə  bir  təcrübə  olmuşdur:  Turanə  (adı  şərtidir)  valideynlərinin  ona  qarşı  olan  münasibətlərinin  dəyişdiyini,  haradasa,  onu  heç  görmədiklərini,  problemləri  ilə  maraqlanmadığını,  qısaca,  onu  evdə  yox  saydıqlarını,  yalnız  bacısı  Almazla  (adı  şərtidir)  maraqlandıqlarını,  hər  şeyin  təzəsini  ona  aldıqlarını,  onun  hər  istəklərini  yerinə  yeirdiklərini  bildirmişdir.  Bu  məsələ  ilə  bağlı  valideyni  Nəzakət  xanımı  (adı  şərtidir)  məktəbə  dəvət  etdim.  Nəzakət  xanımla  söhbətimiz  zamanı  valideyn – övlad  münasibətlərində  olan  incə  nüanslara  toxunuldu,  problemin  aradan  qaldırılması  istiqamətində  valideynlə  profilaktik  söhbət  aparıldı.  Söhbətin  sonunda  Nəzakət  xanım  övladına  qarşı  olan  münasibətini  dəyişəcəyini  söyləsə  də,  heç  bir  dəyişiklik  müşahidə  olunmamışdır.  Şagird  bir  müddət  sonra  həmin  problem  ilə  bağlı  yenidən  müraciət  etmiş  və  problemin  bir  az  daha  dərinləşdiyini  bildirmişdir.  Bununla  bağlı  valideyn  yenidən  məktəbə  dəvət  olunmuş  və  onunla  profilaktik  iş  davam  edir.

          İl  ərzində  mütəmadi  olaraq  valideynlərlə  görüşlər  keçirilir,  uşaqların  problemləri  və  çıxış  yolları  haqqında  söhbətlər  aparılır,  tövsiyyələr  verilir.

          Hər  bir  valideyn  övladına  qarşı  məsuliyyətli  olmalı,  onun  qayğısına  qalmalı,  övladını  və  onun  psixi  sağlamlığını  qorumalı,  onun  tərbiyəsinə  və  təhsilinə  diqqət  yetirməli,  onunla  səmərəli  vaxt  keçirməli  (rəsm  çəkməli,  kitab  oxumalı  (Kitabı  seçərkən  uşağın  yaşını  mütləq  nəzərə  almaq  lazımdır.),  müxtəlif  oyunlar  təşkil  etməli,  uşaqla  birlikdə  bir  toxum  əkib  onun  böyüməsini  müşahidə  etməli,  cizgi  filmi  saatı  təşkil  etməli),  onun  həyatı  və  gələcəyi  barədə  düzgün  qərarlar  almalı,  övladı  ilə  sağlam  ünsiyyət  qurmalı,  mənəvi  cəhətdən  ona  dəstək  olmalıdır.  Valideynlər  uşaqla  ünsiyyətdə  olarkən  istifadə  etdikləri  cümlələrə,  sözlərə  fikir  verməlidirlər.  Valideynlər  uşağın  evdə  olduğu  müddətdə  rahat  və  xoşbəxt  vaxt  keçirmələrini  təmin  etməlidirlər.

          Valideynlər  uşaqla  bağlı  qərarları  birlikdə  verməli,  bir – birinin  hüquq  və  vəzifələrinə  hörmətlə  yanaşmalı,  aralarındakı  problemləri  uşağa  qarşı  olan  münasibətlərində  hiss  etdirməməlidirlər.  Hər  bir  valideyn  mütləq  surətdə  çalışmalıdır  ki,  uşaq  özünü  dəyərli  hiss  etsin.

          Valideynlər  uşaqlarla  davranışlarında:  Əgər  bir  də  sənin  belə  etdiyini  görsəm – sən  görərsən;  Heç  nə  edə  bilmirsən,  heç  nə  bacarmırsan,  səndən  adam  olmayacaq;  Al  götür,  təki  səsini  kəs;  Hamının  uşağı  uşaq  kimidir,  sən  isə  …  və  s.  kimi  ifadələri  əsla  işlətməməlidirlər.  Əgər  uşaqla  davranışında  bu  tip  ifadələrdən  istifadə  edərsə,  o  zaman  uşaqda  həm  özünəinam  hissi  azalacaq,  həm  valideynlə  uşaq  arasında  keçilməz  bir  körpü,  uçurum  əmələ  gələcək,  həm  də  uşaqda  valideynə  qarşı  nifrət  hissi  yaranacaq. Hər  bir  valideyn  nəzərə  almalıdır  ki,  əgər  uşaq  hər  hansısa  bir  işi  görmək  istəmirsə  və  yaxud  da  bunu  edə bilmirsə,  bu  zaman  uşağı  məcbur  etmək  olmaz. 

          Rus  psixoloqu  Y.B.Gippenreyter  deyir  ki,  uşaq  tez – tez  bu  sözləri  eşitməlidir:  “Nə  yaxşı  ki,  sən  bu  dünyada  varsan”,  “Biz  səni  görməyə  şadıq”  və  s.

          Çox  təəssüflər  olsun  ki,  tez – tez  uşaqlarını  çöp  qutularına  buraxan,  onlardan  imtina  edən  valideynlərlə  qarşılaşırıq.  Bu  addımı  atan  valideynlər  heç  düşünürlərmi  ki,  öz  övladlarına  necə  travma  yaşadırlar?  Atdıqları  bu  addım  onların  gələcək  həyatına  necə  təsirini  göstərəcək,  onların  həyatında  necə  iz  buraxacaq?  Onların  valideyni  olmalarına  rəğmən  övladlarının  həyatını  məhv  etmə  haqqına  sahib  olduqlarınımı  düşünürlər?

          Valideynləri  tərəfindən  tərk  edilmiş  uşaqlar  onların  sevgisinə,  nəvazişinə  ac  olub  həsrətlə  böyüyürlər.  Bu  da  onların  həyatında  öz  mənfi  izlərini  buraxır.  Axı  hər  bir  uşağın  haqqıdır  ki,  isti  evdə,  onu  sevən  valideynlərinin  yanında  böyüsün.  Axı  hər  bir  uşağın  haqqıdır  ki,  valideynlərinin  yanında  özünü  güvəndə  hiss  etsin.  Axı  hər  bir  uşağın  haqqıdır  ki,  onu  narahat  edən  məsələləri,  problemlərini  valideyni  ilə  bölüşsün.  Görəsən,  bu  addımı  atan  valideynlər  necə  böyük  günah  etdiklərini  heç  olmasa  bir  dəfə  olsun  düşünmüşlərmi?

          Həmişə  deyirik  ki,  uşaqlar  bizim  gələcəyimizdir.  Bəs  onda  biz  niyə,  nəyə  görə  gələcəyimizlə  bu  cür  davranırıq?  Bu  cür  davranışımızla  biz  öz  gələcəyimizi  məhv  etmirikmi?  Gəlin,  gələcəyimizi  məhv  etməyək! Əziz  valideynlər!  Uşaqla  davranışınız  zamanı  elə  xəyal  edin  ki,  sanki  ovuclarınızda  bir  quş  tutmusunuz.  Ovucunuzu  bərk  sıxsanız,  quşu  boğa  bilərsiniz.  Əgər  quşun  sizdən  tamamilə  ayrılmasını,  uçmasını  istəmirsinizsə,  o  zaman  ovcunuzu  çox  da  açmayın.  Elə  açın  ki,  quş  özünü  orada  güvəndə  hiss  etsin. Gəlin  unutmayaq  ki,  hər  şey  öz  qədərində  gözəldir  və  hər  şeyin  qədrini  bilməliyik.




ADPU-DA “İLİN GƏNC ALİMİ VƏ TƏDQİQATÇISI” MÜSABIQƏSİNİN QALİBLƏRİ MÜKAFATLANDIRILIB

Mayın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) gənc tədqiqatçıların elmi fəaliyyətini stimullaşdırmaq və onların nailiyyətlərini təşviq etmək məqsədilə keçirilmiş “İlin gənc alimi və tədqiqatçısı” adlı müsabiqənin mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, Müasir dövrdə ali təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdən biri təkcə keyfiyyətli tədris deyil, həm də elmi-tədqiqat fəaliyyətinin inkişafıdır. Bu baxımdan, gənc alimlərin elmə marağının artırılması və onların fəaliyyətinin qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Pedaqoji Universitet üçün gənc alimlərin inkişafını dəstəkləmək, onların elmi fəaliyyətini təşviq etmək bizim üçün strateji prioritetdir. Rektor bildirib ki, bütün sahələrdə olduğu kimi, elmi-tədqiqat sahəsində də gənclərin aktiv iştirakı olduqca vacib məsələdir və bu istiqamətdə  universitetdə sistemli işlər görülür.

Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov çıxışında müsabiqə haqqında məlumat verib. Prorektor vurğulayıb ki, müsabiqə ötən il fəal, səmərəli fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olmuş, nüfuzlu jurnallarda dərc edilmiş məqalələri, monoqrafiya, dərslik, dərs vəsaiti və digər əsərləri olan, eyni zamanda, ADPU-nun və filiallarının ictimai- siyasi həyatında fəaliyyəti ilə fərqlənmiş doktorant və tədqiqatçıların müəyyənləşdirilməsi və mükafatlandırılması məqsədi daşıyır.

Universitetin Gənc alimlər və tədqiqatçılar şurasının təşkilatçılığı ilə keçirilən müsabiqədə  ADPU və onun filiallarında pedaqoji fəaliyyət göstərən, yaşı 39-a qədər olan gəncləri əhatə edən müsabiqədə  2 nominasiya –  “Riyaziyyat və təbiət elmləri”  və “Humanitar, ictimai, pedaqoji-psixoloji elmlər” kateqoriyaları üzrə qaliblər müəyyən edilib. “Riyaziyyat və təbiət elmləri” kateqoriyası üzrə Riyaziyyatın ibtidai kursunun tədrisi texnologiyası kafedrasının müəllimi Aynur Məmmədova I, Biologiya və onun tədrisi texnologiyası kafedrasının müəllimi Qumru Bəlaxanova II yerə layiq görülüb. “Humanitar, ictimai, pedaqoji-psixoloji elmlər” kateqoriyası üzrə Azərbaycan tarixi kafedrasının baş müəllimi Cəfər Xanəliyev I, Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının baş müəllimi Ülkər Baxşıyeva II, Azərbaycan tarixi kafedrasının müəllimi Sahibə Musayeva və Şamaxı filialının Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Şəlalə Seyidova III yerin sahibi olub. Müvafiq olaraq, I yerin qalibləri 350 AZN, II yerin qalibləri 250 AZN, III yerin qalibləri isə 150 AZN pul mükafatı ilə mükafatlandırılıblar. Qeyd edək ki, müsabiqə ADPU-da gənc alimlərin elmi fəaliyyətə marağını artırmaq, onların cəmiyyət üçün faydalı elmi nəticələr əldə etməsinə stimul vermək məqsədi daşıyır. Universitet rəhbərliyi tərəfindən belə tədbirlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.




YER ÜZÜNDƏ MÜƏLLİM ADINDAN YÜKSƏK BİR AD TANIMAYAN LİDER

Rüfət Lətif oğlu Hüseynzadə
Pedaqoji elmlər doktoru, professor, Əməkdar Müəllim

      Bütün  tarixi dövrlərdə görkəmli şəxsiyyətlər, dövlət adamları  müəllimlik peşəsinə yüksək qiymət vermiş və müəllimliyi  cəmiyyətin ən  şərəfli  peşəsi hesab etmişlər.  XX əsrin dahi şəxsiyyəti, böyük dövlət xadimi Heydər Əliyevin müəllimlik peşəsi haqqında dediyi sözlər öz  xüsusi dəyəri, əhəmiyyəti və  peşəyə verdiyi yüksək qiyməti ilə qiymətli bir aforizmə çevrilmidşri:  “Mən yer üzündə müəllim adından yüksək bir ad tanımıram!”. Bu qiymətli sözlər Ulu Öndərmizin  müəllimlik peşəsi ilə daim sıx bağlı olmasından, bu peşəyə yaxından bələd olmasından, həmçinin ilk peşə ixtisasının da müəllimlik  olmasından irəli gəlməkdədir. 

       O bu barədə Azərbaycan Müəllimlərinin I qurultayındakı nitqində belə demişdir: “Doğrudur, siz məni də müəllim hesab edirsiniz. Burada müəyyən əsas var. Siz mənim təhsilimə əsaslanaraq bunu deyirsiniz… Bəli, mən 1939-cu ildə Naxçıvanda Pedaqoji Texnikumu bitirmişəm. Naxçıvan Pedaqoji Texnikumu məhz həmin dövrdə müəllim çatışmazlığına, ibtidai siniflərə, hətta orta məktəblərin 7-8-ci siniflərinə qədər dərs demək üçün müəllim olmadığına görə müəllim kadrları hazırlayırdı. Mən isə orta məktəbin 8-ci sinfini bitirdikdən sonra pedaqoji texnikuma daxil oldum. Məqsədim də o idi ki, müəllim olmaq, müəllim işləmək və ailəmə kömək etmək istəyirdim. … Pedaqoji texnikumun sonuncu kursunda bizə pedaqoji təcrübə dərsi verirdilər. Biz həftədə 2-3 dəfə gedib məktəblərin 2-ci, 3-cü, 4-cü siniflərində dərs deyirdik. Ona görə də mənim o vaxtdan dərs vermək təcrübəm olubdur…”.

Heydər Əliyev Naxçıvanda orta məktəbi “əla” qiymətlərlə başa vurduqdan sonra   Naxçıvan Pedaqoji Texnikumuna daxil olmuş və burada təhsil aldığı dövrdə  ən fəal və əlaçı tələbə olmuş, ictimai işlərdə fəal iştirak etmiş, idman yarışlarında birincilik qazanmış, incəsənətlə — rəssamlıqla, aktyorluqla məşğul olmuş, daim mütaliə etmiş, kitablar oxumuş və hərtərəfli inkişaf  etmiş, fiziki cəhətdən güclü qamətli, yaraşıqlı bir gənc olmuşdur. Texnikumun peşəkar, tələbkar müəllimləri Heydər Əliyevin ən sevimli müəllimləri olmuş və özünün dediyi kimi: “…39-cu ildə burаdа pеdаqоji tехnikumu qurtаrmışаm. О dövrdə аldığım təhsil gələcək həyаtımın bütün mərhələlərin­də mənə yаrdım еdibdir… Nахçıvаn məktəbində müəl­limlə­rimin mənə vеrdiyi dərslər, о cümlədən bаşqаlаrı ilə bərаbər аnа dili, ədəbiyyаt dərsləri mənim bu günkü dilimin əsаsını təşkil еdir. Оnа görə mən öz müəllimlərimi həmişə хаtırlаyırаm…Pеdаqоji tехnikumdа  bizə Аzərbаycаn dilinin incəliklərini öyrədən, Аzərbаycаn dilinin qrаmmаti­kа­sını, ədəbiyyаtı öyrədən gözəl müəllimlərimiz vаr idi. Аmmа bu müəllimlərin içərisində Lətif Hüsеynzаdə хüsusi yеr tuturdu…О sinifdə lövhədə Аzər­bаycаn dilinin qrаmmаtikаsındаn sözləri yаzırdı,  hər bir sözün düzgün yаzılışını və mənasını izah edirdi… Bir də Аzərbаycаn ədəbiyyаtını-şаirləri­mizi, yаzıçılаrımızı çox  yaxşı öyrədirdi… O, ədəbiyyatı, tarixi  çox dərindən bilən adamdır.. o canlı bir tarixdir”...”

Heydər Əliyev müəllimlik adını çox yüksəkdə tutmuş və  ona  müqəddəs bir peşə kimi baxmışdır.  “ …Mən Аzərbаycаnın sаdə vətəndаşıyаm. Bu аddаn yük­sək аd yохdur. Аncаq bundаn dа yüksək аd müəllimlikdir…”-demişdir.

        Heydər Əliyev harada təhsil almışdırsa  yalnız “Əla” qiymətlər almış, hər yerdə ən qabaqcıl, fəal lider olmuşdur.  O hələ Naxçıvanda orta məktəbdə oxuduğu illərdə “Əla” qiymətlərlə oxumuş, daha sonrakı təhsil illərində də yalnız “əla” qiymətlərlə oxumuş,  həmişə də öz müəllimlərinə böyük hörmət və ehtiramla yanaşmış, onları daim minnətdarlıqla xatırlamışdır: “Mən həmişə Naxçıvanda təhsil aldığım illəri xatırlayıram. Bu illər mənim yaddaşımdan heç vaxt silinməyəcək… Mən indi də — on illər keçib üstündən – müəllimlərimi heç vaxt unutmamışam  və ömrümün son dəqiqəsinə qədər unutmayacağam. Mənim üçün müəllim adı həmişə ən ülvi, ən şərəfli bir  məfhum olubdur. Mən bu gün müəllim qarşısında  baş əyirəm, müəllimə hörmət və ehtiramımı bildirir, Azərbaycan müəllimlərinə bundan sonra da öz işlərində uğurlar arzulayır, cansağlığı və səadət diləyirəm” .

     Ulu öndər  müəllimlərini heç zaman unutmadı, onları yüksək qiymətləndirdi, onların hər  biri haqqında,  onların pedaqoji məharəti, pedaqoji ustalığı haqqında çox dəyərli fikirlər söylədi.

    Yeri gəlmişkən qeyd edək ki, Naxçıvan Pedaqoji Texnikumu öz məzunları və müəllimləri ilə məktəb və  pedaqoji fikri tariximizdə çox layiqli yer tutmuş və  Azərbaycan pedaqoji kadrlarının hazırlanmasında müühm xidmətləri olmuşdur. Texnikumun məzunları çox dəyərli, ləyaqətli, vətənpərvər məzunlar olmuşlar ki,  onları Qori Müəllimlər Seminariyasının məzunları ilə də  müqayisə etmək olar. Burada dərs deyən müəllimlər də çox təcrübəli, bilikli, peşəkar müəllimlər olmuşlar, dövrün hər cür çətinliklərinə baxmayaraq  həvəslə, fədakarlıqla çalışmışlar.  Onların bir çoxu Qori Müəllimlər Seminariyasını, İrəvan Müəllimlər Seminariyasını bitirmiş, bəziləri də Rusiya  universitetlərində təhsil almış həvəslə çalışan, peşəkar müəllimlər olmuşlar.

         Heydər Əliyеvin müəllimlik peşəsinə оlаn münаsibətində həmişə bir müdriklik, qаyğıkеşlik, bu sənətə böyük hörmət və ehtiramı görünməkdədir. Onun insanlara yanaşma tərzi, onlarla ünsiyyət və münasibəti, hər bir adamın “öz dilində danışması” ulu öndərimizin pedaqoji məharətindən, psixoloji, etik, estetik biliklərə dərindən yiyələnməsindən, geniş dünyagörüşündən, çevik və hərtərəfli bilik və məlumatlılığa  malik olmasından, “Heydər Əliyev pedaqogikası”ndan xəbər  verir.

        Ulu Öndərimiz Heydər Əliyev özlərini vətən torpağının bir zərrəsi sayan gənc­lərin tərbiyə edilib yetişdirilməsində müəllim əməyinə, onun şəxsiyyətinə yüksək qiymət vermişdir. Heydər Əliyev deyirdi ki, müəllim adı şərəfli addır, müəllim adı yüksək addır. Müəllim vəzifəsi ona görə şərəflidir ki, o, səmiyyət üçün ən dəyərli, bilikli, zəkalı, tərbiyəli, vətənpərvər vətəndaş hazırlayır. Müəllim dünyada yeganə şəxsiyyətdir ki, cəmiyyət öz gələcəyini — uşaqlarının tərbiyəsini yalnız ona etibar edir.

       Pedaqoji texnikumda təhsil aldığı illərdə Heydər Əliyev rəssamlıqla məşğul olmuş, musiqi ilə məşğul olmuş, teatr tamaşalarına kollektiv baxışlar təşkil etmiş və özü  də aktyor kimi çıxış edərək tamaşalar göstərmişdir. O vaxtlar Pionerlər evinə getmiş tar dərnəyində tar çalmış, idmanla, üzgüçülüklə ciddi məşğul olmuş, daim mütaliə etmiş, kitablar oxumuşdur. Bütün bu işlərdə Heydər Əliyev hər zaman öndə olmuş, birinci olmuş, uğurlu olmuş və həyatda həmişə fəal mövqe tutmuşdur.

          Heydər Əliyevin çıxışları, nitqləri həmişə öz zənginliyi, məna dolğunluğu ilə, pozitiv, emosional təsiri ilə seçilirdi. O,  özünün əzəmətli görkəmi, baxışı, səsinin ahəngi ilə auditoriyanın diqqətini özünə cəlb edirdi. Dahi natiq insanlarla ünsiyyətə girir, sual verib, cavab alırdı. Bu dahi şəxsiyyətin nitqindəki məna ardıcıllığı və məntiqilik bütün çıxışlarında özünü göstərirdi.

         Heydər Əliyev çıxış edərkən bütün varlığı və inamı ilə danışır və hamı ona diqqətlə qulaq asırdı. Heydər Əliyevin Naxçıvan Pedaqoji Texnikumunda təhsil illərindəki fəaliyyətini  xatırlayan “İstiqlal” ordenli, Əməkdar Müəllim, dos.Lətif Hüseynzadə o illəri xatırlayaraq yazırdı ki, “Heydər Əliyev sinifdə  dərs  danışarkən sinfə tam sükut köçürdü. Onun məntiqli danışığı, işlətdiyi sözlər, ifadələr fərqli və çox diqqətçəkici idi…”. Heç şübhəsiz Heydər Əliyevin bu natiqlik qabiliyyəti, liderlik qabiliyyəti onun hərtərəfli hazırlığından, təhsil illərindəki uğurlu təhsilindən, mütaliəçi olmasndan irəli gəlmiş və sonrakı fəaliyyətində də daha təkmil şəkildə özünü göstərmişdir.    

          Ulu Öndər, milli liderimiz daha sonra Leninqradda (Sankt-Peterburq) DTK məktəbində təhsil aldığı illərdə, daha sonra da Bakı Dövlət Universitetindən məzun olduğu zaman onun təhsil haqqında sənədlərində yalnız “Əla” qiymətlər olmuşdur.O bütün fəaliyyət növlərində ən fəal, ən qabaqcıl olmuş, daim yoldaşlarına kömək etmiş, qayğısına qalmış birinciliyi, liderliyi heç zaman əldən verməmişdir.

   Onun bütün fəaliyyəti – uşaqlıq, yeniyetməlik, gənclik  həyatı və siyasi fəaliyyəti gənc nəslimizə nümunə olmaldıır. Liderliyi ondan öyrənməli, onun liderlik məktəbini öyrənmək lazmdır.                 

       Hazırda ölkəmiz iqtisadiyyatın inkişafı sahəsində, hərbi texnika sahəsində lider ölkələr sırasındadır. Ölkəmiz 44 günlük Vətən müharibəsində ölkə başçısının komandanlığı, müdrik siyasəti, “Dəmir yumruq” hərbi əməliyyatı  ilə işğal olunmuş torpaqlarımız azad edildi, xalqımız tarixi Zəfər qazandı. 

           Əsgərlərimiz qəhrəmanlıq və şücaət göstərmiş, ordumuz hərb tarixində görünməmiş qələbələr qazandı, ən yeni hərbi texnika nümayiş etdirdi,  düşmənə hərb tarixində ağır zərbələr vurdu, xüsusi hazırlıq görmüş əsgərlərimiz əlbə-yaxa döyüşlərdə, çətin şəraitdə qələbə çaldılar. Bütün bunlar  hazırda bir çox ölkələrdə Azərbaycanın hərb üsul-idarəsi, qələbə əzmkarlığı, hərbi texnikası öyrənilməkdədir.

       Bütün bu uğurların müəllifi xalqımızın yeni əsrdə, yeni lideri Heydər Əliyevin liderlik siyasi məktəbinin layiqli davamçısı İlham Əliyevdir. Prezident İlham Əliyev mili ruhlu, xəlqi xislətli, qətiyyətli, iradəli, cəsarətli, pozitiv təsirli,  praqmatik dünya siyasətçisidir. Böyük Türk şairi Ziya Paşanın dediyi kimi:

Ayinəsi işdir kişinin, lafa baxılmaz,
Şəxsin görünür, rütbeyi əqli əsərində

      O bir neçə dildə sərbəst danışır, nitq söyləyir, xarici jurnalistlərə müsahibələr verir, eyhamlı, təxribatçı suallara tutarlı cavablar  verir, bəzən  zarafatla, bəzən yumorla tərəfkeşlik edən jurnalistə də yerini göstərir. O, özünün dediyi kimi, nəyin,  nə  vaxt edəcəyini, nə zaman deyəcəyini  yaxşı bilir.  Budur Liderlik, budur,  birinci olmaq.           Beləliklə, Ulu öndərizmiz, milli liderimiz,  XX əsrin dünya lideri Heydər Əliyevin və XXI əsr Azərbaycan Respiblikasının Prezidenti, müzəffər ordumuzun Ali Baş Komandanı İlham Əliyevin liderliyi haqqında müxtəsər məlumat verərək, liderliyi onlardan öyrənməli, onlardan nümunə götürməliyik.




HEYDƏR ƏLİYEVİN EKOLOJİ SİYASƏTİ: KONSTİTUSİYA, SUVERENLİK VƏ DAYANIQLI İNKİŞAF KONTEKSTİNDƏ STRATEJİ BAXIŞ

b.ü.f.d. Balaxanova Qumru Vasif qızı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
“Biologiya və onun tədrisi texnologiyası” kafedrasının müəllimi

 “Mən hər bir azərbaycanlının fəxr etməyə haqqı olan bir Azərbaycan yaratmağa çalışıram.”Heydər Əlirza oğlu Əliyev

Bu gün – 10 may tarixində, müstəqil Azərbaycanın memarı və qurucusu, dahi dövlət xadimi Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 102-ci ildönümünü dərin ehtiramla yad edirik. Onun zəngin dövlətçilik irsi bu gün də Azərbaycanın siyasi, hüquqi, iqtisadi və ekoloji inkişafında istiqamətverici qüvvə kimi çıxış edir. 2025-ci ilin ölkə başçısı cənab İlham Əliyev tərəfindən “Konstitusiya və Suverenlik İli” elan edilməsi Heydər Əliyev irsinin kompleks təhlili üçün strateji imkan yaratmışdır. Bu kontekstdə Ulu Öndərin ekoloji siyasəti, onun dövlət quruculuğu fəlsəfəsinin ayrılmaz hissəsidir.

Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyası — Heydər Əlirza oğlu Əliyevin siyasi iradəsi ilə formalaşan bu hüquqi sənəd — ilk dəfə olaraq vətəndaşların təmiz ətraf mühitdə yaşamaq hüququnu dövlət səviyyəsində təsbit etmişdir. Bu, hüquqi dövlətçiliyin ekoloji ölçüsünü təmin edən fundamental addım idi. Konstitusiyanın bu müddəası təkcə hüquqi norma deyil, həm də Ulu Öndərin insan, təbiət və dövlət arasında balans yaratmaq fəlsəfəsinin əyani təcəssümüdür.

Heydər Əliyevin ekoloji siyasəti yalnız daxili məsələlər çərçivəsində qalmamış, ekoloji suverenlik anlayışını formalaşdıraraq Azərbaycanın milli təhlükəsizlik sistemində ətraf mühitin qorunmasını prioritet sahəyə çevirmişdir. Onun təşəbbüsü ilə qəbul edilən “Ətraf Mühitin Mühafizəsi haqqında”, “Ekoloji Təhlükəsizlik haqqında” və digər qanunvericilik aktları ölkəmizdə ekoloji hüququn institusional əsaslarını yaratmışdır.

Davamlı inkişaf ideyasını öz siyasətində önə çıxaran Ulu Öndər Heydər Əlirza oğlu Əliyev deyirdi: “Təbiəti qorumaq təkcə ekologiya məsələsi deyil, milli şüurun təzahürüdür.” Bu yanaşma, bugünkü yaşıl inkişaf strategiyalarının, “yaşıl enerji” təşəbbüslərinin və işğaldan azad olunmuş ərazilərin ekoloji reabilitasiyasının ideoloji başlanğıc nöqtəsidir.

Məhz onun əsasını qoyduğu bu strateji xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən ekoloji və urbanistik layihələr – «yaşıl zona», bərpaolunan enerji və ekosistem əsaslı planlaşdırma – Heydər Əliyev irsinin müasir dövrə uyğun şəkildə gerçəkləşdirildiyinin göstəricisidir.

2025-ci ildə Konstitusiyanın və Suverenliyin dərin mahiyyətini təhlil edərkən, ekoloji siyasətin bu anlayışlarla vəhdət təşkil etdiyini aydın şəkildə görürük. Çünki suverenlik təkcə siyasi sərhədlərin deyil, ekoloji sərhədlərin, təbii resursların və gələcək nəsillərin hüquqlarının da qorunması deməkdir.

Bu əziz gündə, Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin doğum günündə, onun əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edir, təbii sərvətlərin qorunmasına və hüquqi dövlətin ekoloji dayaqlarının möhkəmləndirilməsinə xidmət edən strateji baxışını bir daha vurğulayırıq.

Heydər Əlirza oğlu Əliyev – müstəqil Azərbaycanın, hüquqi dövlətçiliyin və ekoloji düşüncənin təməl memarıdır.




BOTANİKA İNSTİTUTUNDA “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN TƏBİƏTİ” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB

AR ETN Botanika İnstitutunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda seminar keçirilib. Tədbiri Botanika İnstitutunun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva açaraq Ümummilli lider Heydər Əliyevin Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğundan, o cümlədən müstəqil ölkəmizdə təbiətin mühafizəsi və yaşıllığın artırılması üzrə misilsiz xidmətlərindən danışıb.

Professor qeyd edib ki, Ulu öndər Heydər Əliyevin fəaliyyətində ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə məsələləri həmişə xüsusi diqqət mərkəzində dayanmışdır. Onun rəhbərliyi ilə ekologiya və ətraf mühitin mühafizəsi sahəsində mühüm qanunlar, qərarlar qəbul edilmiş, bu sahədə çox böyük dəyişikliklər həyata keçirilmişdir. S.İbadullayeva Ulu öndərin müdrik siyasətini uğurla davam etdirən Prezident cənab İlham Əliyevin imzası ilə olkədə həyata keçirilən təbiətin mühafizəsi proqramlarnı xüsusi vurğulayıb.

Seminarda çıxış edən biologiya üzrə fəlsəfə doktoru Nigar Mürsəl qızı, biologiya elmləri doktoru, professor Aydın Əsgərov, biologiya üzrə fəlsəfə doktoru Nuri Mövsümova, biologiya elmləri doktoru Lətafət Mustafayeva və biologiya üzrə fəlsəfə doktoru Sadıq Qarayev öz məruzələrində Ulu Öndərin Azərbaycanın inkişafı naminə gördüyü böyük və əvəzedilməz işlərdən, ölkəmizin bu günü və gələcəyi üçün qoyduğu zəngin irsdən bəhs ediblər. Seminarın sonunda Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi olub və kollektiv Fəxri xiyabana gedərək xalqımızın Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib.




ADPU RƏHBƏRLİYİ HACETTEPE VƏ ÇANKAYA UNİVERSİTETLƏRİNDƏ OLUB

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəhbərliyinin Türkiyə Respublikasına işgüzar səfəri davam edir. Səfər çərçivəsində ADPU-nun rektoru professor Cəfər Cəfərovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən olan Hacettepe və Çankaya universitetlərində rəsmi görüşlər keçirib. Səfərin əsas məqsədi ADPU ilə Türkiyə universitetləri arasında elmi-pedaqoji əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin icrası, habelə təhsil və tədqiqat sahəsində təcrübə mübadiləsi barədə müzakirələrin aparılmasıdır.

Görüşlər zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, əməkdaşlığa dair bir sıra ilkin razılaşmalar əldə olunub. Görüş çərçivəsində ADPU nümayəndə heyəti Hacettepe və Çankaya universitetlərinin tədris prosesi ilə yaxından tanış olublar.




PROF. MAHİRƏ HÜSEYNOVA BZT TURAN AKADEMİYASININ TÜRK DÜNYASI ALİM QADINLAR ŞURASININ SƏDRİ SEÇİLİB

3 May — Türk Millətçiliyi Günü münasibətilə Bakı şəhərində BZT Turan Akademiyasının təşkilatçılığı ilə Türk dünyasının elmi, mədəni və pedaqoji əməkdaşlığını daha da gücləndirməyi hədəfləyən toplantı keçirilib. Toplantıda Özbəkistanın 15-ə qədər nüfuzlu universitetindən — STARS Beynəlxalq Universiteti, Jurnalistika və Kütləvi Kommunikasiya Universiteti, Milli Tədqiqatlar Universiteti, Daşkənd İrriqasiya və Aqrotexnika Avtomatlaşdırma İnstitutu, Özbəkistan-Finlandiya Pedaqogika Universiteti, Səmərqənd Dövlət Xarici Dillər Universiteti, Buxara Dövlət Universiteti, Əbu Əli İbni Sina adına Buxara Dövlət Tibb İnstitutu, İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universiteti, Daşkənd Tibb Akademiyası, Vebster Universiteti (Daşkənd), Turin Politexnik Universitetinin Daşkənd Filialı, Kokand Pedaqoji Universiteti, Daşkənd Əczaçılıq Universiteti və Daşkənd Dövlət İqtisadiyyat Universitetindən nümayəndə heyətləri qatılıb.

Toplantıda, eyni zamanda Türkiyə Respublikasından da çoxsaylı elm adamları iştirak ediblər. Toplantı zamanı Özbəkistanın Məmun Universiteti və Ürgənc Dövlət Pedaqoji Universitetinin təklifi ilə irəli sürülən namizədlər arasından Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Türk dünyasının önəmli tədqiqatçılarından biri olan professor Mahirə Hüseynova Türk Dünyası Alim Qadınlar Şurasının sədri seçilib. BZT Turan Akademiyasının Türkiyə üzrə rəhbəri Baha Əhməd Yılmaz və Azərbaycan üzrə rəhbəri Niyaməddin Şükürov prof. Mahirə Hüseynovaya Türk dünyası ziyalılarının inkişafına, əməkdaşlığına verdiyi töhfə üçün dərin minnətdarlıqlarını çatdırıblar.

Qeyd edək ki, 2019-cu ildən etibarən bir qrup gənc və təşəbbüskar alim tərəfindən təsis edilən BZT Turan Akademiyası 27 fərqli ölkədən 68-dən çox elmi qurumla tərəfdaşlıq edərək, beynəlxalq konqreslər, simpoziumlar, təlimlər və elmi layihələr vasitəsilə bütün dünyadakı tədqiqatçıları bir araya gətirməyi qarşısına məqsəd qoyub.




AVROPALI BOTANİKLƏR BOTANİKA İNSTİTUTUNDA OLUBLAR

Hollandiyanın Hortus Botanicus Leiden Universitetinin botanikləri Rogian van Vugt, Petra Sonius, eləcə də Belçikadan olan botanik Marc Verbeeck Azərbaycanın İsmayıllı, Şəki, Qax və s. rayonlarından topladıqları səhləb növlərinin müzakirəsi məqsədilə AR ETN Botanika İnstitutunda olublar. Botanika İnstitutunun alimlərinin iştirakı ilə keçirilən görüş zamanı baş direktor, professor Səyyarə İbadullayeva qonaqlara İnstitutun elmi-tədqiqat fəaliyyəti çərçivəsində endemik növlərin statusunun müəyyənləşdirilməsi mövzusunda ətraflı məlumat verib. Səhləbkimilər (Orchidaceae Juss.) fəsiləsinə daxil olan “Xarıbülbül” bitkisi haqqında geniş müzakirə aparılıb.  

Qonaqlar İnstitutun laboratoriyaları, Botanika Muzeyi və Herbari Fondunu ziyarət ediblər. Onlar Azərbaycanın flora müxtəlifliyinin elmi əsaslarla sənədləşdirilməsi və qorunması istiqamətində görülən işləri yüksək qiymətləndirərək, Hortus Botanicus Leiden Universiteti ilə Botanika İnstitutu arasında əməkdaşlıq əlaqələrinin yaradılması üçün müraciət ediblər.

Sonda Marc Verbeeck öz sosial şəbəkə hesabında Botanika İnstitutunun rəhbərliyinə və əməkdaşlarına təşəkkür edərək, “Böyük Avropada qiymətli səhləblərimizə Azərbaycan qədər hörmət edən ikinci ölkə yoxdur” fikrini paylaşıb.