TƏKRAR ALİ TƏHSİL ALANLAR TƏLƏBƏ KREDİTİNDƏN YARARLANA BİLƏCƏK?
Pedaqoq.az xəbər verir ki, fasiləsiz təhsilin dəstəklənməsi məqsədilə Təhsil Tələbə Krediti Fondu (TTKF) təhsil almaq istəyən şəxslərə kredit imkanları təqdim edir. Bəs əlavə təhsil alan şəxslər bu imkandan yararlana bilərlərmi?
Əlavə təhsilə görə kredit kimlərə verilir?
TTKF-dən «Azərbaycan müəllimi»nin sorğusuna cavab olaraq bildirilib ki, təhsil krediti yalnız “təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili” istiqaməti üzrə əlavə təhsil alanlara verilir. Bu təhsil növünə qəbul iki şəkildə mümkündür:
- Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan qəbul imtahanı vasitəsilə;
- Müsabiqədənkənar qəbul yolu ilə.
DİM imtahanı ilə qəbul olunanlar üçün şərtlər
Əgər tələbə DİM-in imtahanı vasitəsilə qəbul olunub və birinci təhsil dövründə TTK-dan istifadə etməyibsə, təkrar təhsil dövründə bu imkandan yararlana bilər. Kredit şərtləri əvvəlki qaydalarla eynidir. Belə ki:
- I kursun I semestrində tələbənin qəbul balı,
- Sonrakı semestrlərdə isə akademik göstəriciləri nəzərə alınır.
Ali və orta ixtisas təhsili alanlar üçün ÜOMG (ümumi orta müvəffəqiyyət göstəricisi) minimum 71, peşə təhsili alanlar üçün isə aralıq qiymətləndirmə göstəricisi 71-dən aşağı olmamalıdır. Eyni zamanda, tələbənin akademik borcu olmamalıdır.
Müsabiqədənkənar qəbul olunanlar üçün fərqliliklər
Müsabiqədənkənar qəbul olunmuş tələbələr birinci semestrdə TTK-dan yararlana bilməzlər. Lakin birinci semestrin sonunda ÜOMG 71 və yuxarı olarsa, ikinci semestrdən etibarən TTK-dan istifadə hüququ əldə edirlər.
Geri ödəniş qaydaları
Əlavə təhsil üçün ayrılan təhsil krediti, təhsil müddəti bitdikdən sonra geri qaytarılır. Məzun olduqdan sonra tələbəyə 2 illik güzəşt dövrü verilir. Bu müddətdə məzun məşğulluğa cəlb olunmazsa, kreditin qaytarılması tələb edilmir və faiz hesablanmır. Əmək fəaliyyətinə başladıqdan sonra isə kredit 10 il ərzində bərabər hissələrlə ödənilir.
Faizsiz və güzəştli kredit imkanları
Təhsil müddətində akademik göstəriciləri yüksək olan tələbələrə faizsiz və ya güzəştli qaydada kreditin qaytarılması imkanı da var. Belə ki:
- Sosial TTK üzrə ÜOMG 91 və yuxarı olan tələbələr kreditin 50%-dən,
- Standart TTK üzrə isə 25%-dən azad olunur.
Bu mexanizm tələbələrin maliyyə yükünü azaldaraq onların əmək bazarına daha asan inteqrasiya olunmasına şərait yaradır.
Hüquqi baza
Qeyd edək ki, Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiqlənmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi” Qaydalarına əsasən, əlavə təhsil ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə, təkmilləşdirmə, təkrar təhsil və digər istiqamətləri əhatə edir.