ADPU-DA ÖZBƏKİSTAN MİLLİ UNİVERSİTETİNİN ƏMƏKDAŞLARI İLƏ GÖRÜŞ KEÇİRİLİB
Aprelin 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Özbəkistan Milli Universitetinin Psixologiya kafedrasının nümayəndələri ilə görüş keçirilib. Görüşdə Özbəkistan Milli Universitetinin əməkdaşları Dilbər Muxamedova, Ruxsora Kudratullayeva, Aziza Turakulova və Diyora Xodjakulova, eləcə də ADPU-nun Məktəbəqədər təhsil fakültəsinin dekanı dosent Nailə Hüseynova, Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Nərgiz Səfərova və fakültənin nümayəndələri iştirak ediblər. Görüş zamanı tərəflər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
Təhsil sahəsində təcrübə mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin təşkili, tələbə və müəllim mübadiləsi proqramlarının hazırlanması və həyata keçirilməsi kimi mövzuların müzakirə edildiyi görüşdə, həmçinin yaxın gələcəkdə qarşılıqlı anlaşma memorandumlarının və əməkdaşlıq müqavilələrinin imzalanması imkanları barədə fikir mübadiləsi aparılıb.
Tərəflər vurğulayıblar ki, qurulacaq akademik əməkdaşlıq hər iki universitetin tələbə və müəllim heyətinin elmi və pedaqoji inkişafına mühüm töhfə verəcəkdir. Görüşün sonunda gələcək addımların planlaşdırılması məqsədilə işçi qruplarının yaradılması barədə ilkin razılıq əldə olunub.
Aprelin 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsil Könüllüləri Tələbə Birliyinin (TKTB) təşkilatçılığı ilə Beynəlxalq Rəqs Gününə həsr edilmiş “StuDance” adlı bədii-əyləncəli tədbir keçirilib. Tədbirdə çıxış edən ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev qeyd edib ki, bu cür tədbirlər tələbələrin mədəni-estetik dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Pedaqoji Universitetin daxilində fəaliyyət göstərən ictimai təşkilatların hər zaman öz fəallıqları ilə fərqləndiklərini qeyd edən prorektor universitetdə yaradıcı və fəal tələbələrin artmasının sevindirici hal olduğunu vurğulayıb və bu təşəbbüsə görə təşkilatçılara təşəkkürünü bildirib. ADPU TKTB sədri Səidə Abulova çıxışında qeyd edib ki, birlik tələbələrin asudə vaxtının səmərəli keçirilməsi istiqamətində bir sıra fəaliyyətlər icra edir ki, bunlardan biri də təşkilatın daxilində fəaliyyət göstərən rəqs dərnəyidir. S.Abulova Beynəlxalq Rəqs Günü münasibətilə dərnəyin aktiv üzvlərinin iştirakı ilə təşkil edilmiş tədbirin əsas məqsədinin tələbələrin yaradıcılıq potensialını üzə çıxarmaq və onları müxtəlif sənət sahələrinə təşviq etmək olduğunu, eyni zamanda imtahan sessiyası qabağı tələbələr üçün əlavə motivasiya olacağını bildirib.
Bədii hissədə tanınmış skripka ifaçısı Nahid Rüstəmli ifaları ilə tədbirə rəng qatıb. “Ayna Band” qrupu tələbələrin qarşısında gənclər tərəfindən sevilən və dillər əzbəri olan mahnıları ilə çıxış ediblər. Gənclər tərəfindən böyük maraqla qarşılanan tədbir tələbələrin ifasında Azərbaycan milli filmlərindən səhnəciklərin, milli və dünya xalqlarının rəqslərindən təşkil edilmiş rəqs kompozisiyalarının nümayiş etdirilməsi ilə davam edib.
TƏKRAR ALİ TƏHSİL ALANLAR TƏLƏBƏ KREDİTİNDƏN YARARLANA BİLƏCƏK?
Pedaqoq.az xəbər verir ki, fasiləsiz təhsilin dəstəklənməsi məqsədilə Təhsil Tələbə Krediti Fondu (TTKF) təhsil almaq istəyən şəxslərə kredit imkanları təqdim edir. Bəs əlavə təhsil alan şəxslər bu imkandan yararlana bilərlərmi?
Əlavə təhsilə görə kredit kimlərə verilir?
TTKF-dən «Azərbaycan müəllimi»nin sorğusuna cavab olaraq bildirilib ki, təhsil krediti yalnız “təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili” istiqaməti üzrə əlavə təhsil alanlara verilir. Bu təhsil növünə qəbul iki şəkildə mümkündür:
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan qəbul imtahanı vasitəsilə;
Müsabiqədənkənar qəbul yolu ilə.
DİM imtahanı ilə qəbul olunanlar üçün şərtlər
Əgər tələbə DİM-in imtahanı vasitəsilə qəbul olunub və birinci təhsil dövründə TTK-dan istifadə etməyibsə, təkrar təhsil dövründə bu imkandan yararlana bilər. Kredit şərtləri əvvəlki qaydalarla eynidir. Belə ki:
I kursun I semestrində tələbənin qəbul balı,
Sonrakı semestrlərdə isə akademik göstəriciləri nəzərə alınır.
Ali və orta ixtisas təhsili alanlar üçün ÜOMG (ümumi orta müvəffəqiyyət göstəricisi) minimum 71, peşə təhsili alanlar üçün isə aralıq qiymətləndirmə göstəricisi 71-dən aşağı olmamalıdır. Eyni zamanda, tələbənin akademik borcu olmamalıdır.
Müsabiqədənkənar qəbul olunanlar üçün fərqliliklər
Müsabiqədənkənar qəbul olunmuş tələbələr birinci semestrdə TTK-dan yararlana bilməzlər. Lakin birinci semestrin sonunda ÜOMG 71 və yuxarı olarsa, ikinci semestrdən etibarən TTK-dan istifadə hüququ əldə edirlər.
Geri ödəniş qaydaları
Əlavə təhsil üçün ayrılan təhsil krediti, təhsil müddəti bitdikdən sonra geri qaytarılır. Məzun olduqdan sonra tələbəyə 2 illik güzəşt dövrü verilir. Bu müddətdə məzun məşğulluğa cəlb olunmazsa, kreditin qaytarılması tələb edilmir və faiz hesablanmır. Əmək fəaliyyətinə başladıqdan sonra isə kredit 10 il ərzində bərabər hissələrlə ödənilir.
Faizsiz və güzəştli kredit imkanları
Təhsil müddətində akademik göstəriciləri yüksək olan tələbələrə faizsiz və ya güzəştli qaydada kreditin qaytarılması imkanı da var. Belə ki:
Sosial TTK üzrə ÜOMG 91 və yuxarı olan tələbələr kreditin 50%-dən,
Standart TTK üzrə isə 25%-dən azad olunur.
Bu mexanizm tələbələrin maliyyə yükünü azaldaraq onların əmək bazarına daha asan inteqrasiya olunmasına şərait yaradır.
Hüquqi baza
Qeyd edək ki, Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiqlənmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi” Qaydalarına əsasən, əlavə təhsil ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə, təkmilləşdirmə, təkrar təhsil və digər istiqamətləri əhatə edir.
AZƏRABAYCAN ELMİNİN YENİ İNKİŞAF MƏRHƏLƏSİ
Səyyarə İbadullayeva, AR ETN Botanika İnstitunun Baş direktoru, b.e.d., professor
Azərbaycan zəfərlərdən sonra öz tarixinin çiçəklənmə dövrünü yaşayır. Yeni dövrümüzdə ölkəmizin bütün sahələrdə inkişafını davamlı etməyin əsas şərtlərindən biri də elmin müasir çağrışlar əsasında təşkilini zəruri edir. Ölkədə, regionda və dünyada baş verən bugünkü hadisələri, sürətlə dəyişən şərtləri aydın görə bilən və gələcəyi təsəvvür edib düzgün və vaxtında çıxardığı qərarlarla tarixə düşən Möhtərəm Prezident İlham Əliyev Azərbaycan elminin inkişafını təmin edəcək mühüm sərancam imzalamışdır.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2025-ci il tarixində imzaladığı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamı vaxtında və elmi əsaslara söykənmiş addım, Azərbaycan elminin yeni inkişaf mərhələsinin başlanğıcıdır.
Son dövrlər Azərbaycan elmi mühitində müəyyən durğunluqlar yaranmışdır. Bunun bir sıra müxtəlif spektrli səbəbləri var idi. Əsas səbəblərdən biri də elmi tədqiqat institutlarının ənənəvi sistemdən qalmış qanunlar əsasında fəaliyyət göstərməsi olmuşdur. Bütün bunlar haqlı olaraq elmi ictimaiyyətdə çaşqınlıq və ruh düşkünlüyü yaradırdı. Təbiət, dəqiq elm sahələrinə aid institutların Elm və Təhsil Nazirliyinə birləşdirilməsi elmimizi yeni mərhələyə aparan ilk addım oldu. Prezidentin son sərəncamı isə elmimizin inkişafının yeni üfüqlərini aydın göstərir. Həqiqi, zəhmətkeş alimləri ruhlandırır. Düşünürəm ki, məlum sərəncamda bir sıra institutların birləşdirilməsinin məntiqi əsasları vardır:
birləşən institutların elmi tədqiqat obyektləri və metodları təxminən eynidir;
bu institutlarda fəaliyyət göstərən şöbələrin ya eyni adla, ya da çox yaxın istiqamətlərdə fəaliyyət göstərməsi yüksək nəticə vermir;
eyni sahə və ya çox oxşar sahədə çalışan alimlərin bir mərkəzdən, eyni istiqamətə fokuslanan tədqiqatlar və əməkdaşlıqlar daha çox fayda verə bilər.
Yaradılacaq yeni, böyük institutlar içərisində Botanika İnstitutunun da olması Prezident İlham Əliyevin təbiətə, floraya və biomüxtəlifliyə qayğısının, sevgisinin və verdiyi böyük qiymətin göstəricisidir. Eyni zamanda Azərbaycan dövlətinin biomüxtəlifliyi, bitki aləmini qorumağın, ekoloji tarazlığı sabit saxlamağın diqqət mərkəzində olmasının bariz nümunəsi, beynəlxalq aləmdə bu istiqamətdə götürdüyü öhdəliklərə sadiqliyinin nümunəsidir.
Botanika və Dendrologiya institutlarının əsasında Botanika İnstitutu Publik Hüquqi Şəxsin yaradılması botanik alimləri bir araya gətirəcəkdir. Botanika elminin mühüm sahəsi olan dendrologiya elminin inkişafı institutda yaradılması nəzərdə tutulan “Meşəçilik” şöbəsində birgə fəaliyyətin daha səmərəli olacağından əminlik duyuruq. Qeyd etmək yerinə düşərdi ki, Botanika İnstitutunda “Meşəçilik” şöbəsinin yaradılması üçün 6 ay öncə Elm və Təhsil Nazirliyi qarşısında Elmi Şura adından vəsatət qaldırılmışdır. Bu həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzdində vaxtılə fəaliyyət göstərən “Meşəçilik İnstitutunun” ləğvi ilə əlaqədar idi. Çünki, Azərbaycan meşə sahələrinin bioloji müxtəlifliyinin öyrənilməsi və mühafizəsi ayrıca tədqiqat tələb edir.
Dünyada, o cümlədən də Qafqazda meşələr qeyri proporsional yayılmışdır. Dünyada meşələrin ümumi sahəsi 4 milyard hektardır. Bunun təxminən yarısı 4 ölkənin payına düşür: Rusiya Federasiyasında 809 milyon ha., Braziliyada 478 milyon ha., Kanadada 310 milyon ha., ABŞ-da 303 milyon hektar meşə ərazisi vardır. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalmışdır.
Azərbaycanda meşələrin ümumi sahəsi 1021 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,8%-ni təşkil edir. Bu rəqəm Rusiya Federasiyasında 44%, Latviyada 41%, Gürcüstanda 39% təşkil edir. XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olmuşdur. Azərbaycanda adambaşına hazırda 0,12 ha meşə sahəsi düşür. Azərbaycan Respublikası “ən az meşə örtüyü olan ölkələr” qurupunda yer alır.
Buna baxmayraq Azərbaycanın dendroflorası növ tərkibi etibarilə zəngindir. Respublikamızın yabanı florasında 4750 növ ali bitki yayılmışdır. Bunların da 435 növü ağac və kol bitkiləridir. Dendrofloranın 328 növü kol (75 %), 107 növü (25%) ağacdır. Ağac və kollar 48 fəsilədə və 135 cinsdə birləşir. Azərbaycanda olan 144 adda endemik növün, 50-dən çoxu ağac və kollardır (ümumi ağac və kolların 16 %-i).
Hazırda qlobal iqlim dəyişiklikləri və antropogen təsirlər nəticəsində Azəbaycanda meşələrin ümumi vəziyyəti “ekoloji gərgin” hesab edilir. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalmışdır. YUNESKO-nun qiymətləndirməsinə görə son dövrlər yararlı əkin sahələrinin hər il 6 mln. hektarı səhralaşma nəticəsində yararsız hala düşür. 10-12 milyon hektar meşə sahəsi məhv olur.
Respublikamızda ekoloji gərgin rayonlardan hesab edilən Böyük Qafqazın cənub yamaclarında meşələrin yuxarı sərhəddi 200-500 m aşağı enmiş, antropogen amillərin təsirindən torpaq eroziyası sürətlənmişdir. Aparılan təhlillərə görə 1975-ci ildə Azərbaycanda 24, 1984-cü ildə 28, 1989-cu ildə isə 45 növ nadir və nəslikəsilməkdə olan ağac və kol bitkiləri müəyyən edilmişdir.
261 min hektar meşə fondu 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən işğal altında qalmışdır. Şərqi Zəngəzur və Qarabağ zonaları Azərbaycan, həmçinin Qafqaz florasının növ müxtəlifliyi ilə zəngin bölgələrindəndir. Ümumi sahəsi 8 min hektardan çox olan palıd, ardıc, fıstıq, vələs, şam, göyrüş və qozdan ibarət qiymətli və çoxillik sıx meşələrdən ibarət bənzərsiz bir ekosistemin məhv edilməsi endemik biomüxtəlifliyə ən ağır zərbə olub. Bununla da Ermənistan qoşulduğu ekologiya və ətraf mühitlə bağlı beynəlxalq konvensiyaları, o cümlədən, “Ətraf mühitin dəyişdirilməsi üsullarının hərbi və ya hər hansı başqa düşmənsayağı istifadəsinin qadağan edilməsi” haqqında BMT konvensiyasını pozub. Belə ki, floranın ən qiymətli ağacları ilə zəngin olan Qarabağ meşələri qırılıb və xaricə daşınıb. Təbiətin müvazinəti, balansı pozulub, torpağın eroziyası başlanıb. 30 il erməni işğalında qalmış 43 min hektar sahəsi olan xüsusi mühafizə olunan təbiət ərazilərində — Bəsitçay və Qaragöl dövlət təbiət qoruqlarında, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarında “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş 24 fauna və 69 flora növü qorunurdu ki, bunların da əksəriyyəti artıq məhv edilib.
Qarabağın dağlıq əraziləri 6 silsilədən ibarətdir, lakin 3 silsiləsi — Qarabağ, Zəngəzur və Dərələyəz silsilələri florası uzun illərdən bəri işğal altında olmuşdur. Qarabağın meşə fondu 247352 ha, o cümlədən 13197,5 ha qiymətli meşə sahələri, 152 ədəd təbiət abidəsi, 5 ədəd geoloji obyekt öncədən var idi. Qiymətli ağac növlərindən ibarət 986 ha dövlət meşə fondu, 560 ha Tuqay meşələri (çaykənarı meşələr) və 710 ha kolxoz meşələri işğal zamanı törədilən yanğınlar nəticəsində məhv edilmiş və bu günə yerində heç nə qalmamışdır. Ağdam şəhərində yaşı 150-250 il arasında 6 ədəd, Şelli, Seyidli, Sarıhacılı, Əliağalı kəndlərində yaşı 200-250 il olan 8 ədəd, Boyəhmədli kənd ətrafında yaşı 400 ilə çatan 71 ədəd təbiət abidəsi kimi qorunan, pasportlaşmış çinar (Platanus orientalis) növü məhv edilmişdir. Laçın, Kəlbəcər, Ağdərə rayonlarında 26000 ha meşə ərazisində qiymətli fıstıq, cökə, vələs, palıd ağacları qırılaraq yandırılmış, meşələrimiz məhv edillmişdir. Avropada yeganə təbii çinar (Platanus orientalis ) meşəsi Kiçik Qafqazın qərbində Zəngilan rayonundadır, lakin 27 il durmadan 117 hektar ərazidə yayılan çinarlar məhv edilmiş, ətrafında ağac emalı zavodu tikilmişdir. Elə bitkilər var ki, onların areal diapazonu yalnız Qarabağla məhdudlaşır.
Meşələrin əhəmiyyətini və müasir “ekoloji gərgin” vəziyyətini, ölkəmizdə meşə sahələrinin elmi əsaslarla fundamental tədqiq edən institut və ya şöbənin olmaması təəccüb doğurar. Bundan başqa Azərbaycanın meşələrinin keçən əsrin 80-ci illərinin sonlarından etibarən müasir elmi üsullarla, botaniki, taksonomik, dendroloji, meşəçilik və s. yanaşmalarla fundamental, sistemli tədqiq olunmaması, “Meşəçilik” sahəsində uzun illərlə formalaşmış elmi məktəblərin, elmi irsin sıradan çıxmaq təhlükəsi qarşısında qalması, Botanika İnstitutunda “Meşəçilik” şöbəsinin fəaliyyətə başlamasını zəruri edir. Nəzərə alsaq ki, İnstututda əvvələr belə şöbə olub və akademik İbrahim Səfərov kimi görkəmli alimlərimiz Azərbaycan meşələrinin müxtəlif aspektlərdən öyrənilməsində müstəsna rol oynayıblar.Yaradılması nəzərdə tutulan “Meşəçilik” şöbəsinin fəaliyyətinin əsas məqsədi aşağıdakılardan ibarətdir:
qlobal iqlim dəyişmələrinin və antropogen amillərin meşə ekosistemlərinə təsirini öyrənmək;
texnogen çirklənmə şəraitində davamlı növlərin adaptasiya qanunauyğunluqlarını təhlil etmək;
işğaldan azad olunmuş ərazilərdəki meşələrin müasir vəziyyətini tədqiq edərək bərpa fəaliyyətinə başlamaq;
Azərbaycanın meşə örtüyündə yayılan yabanı meyvələrin məhsuldarlığının tədqiqi və istifadəsini öyrənmək;
Azərbaycan dendroflorasının endemik, relikt və nadir fərdlərinin sayı azalmqda olan növlərin müasir vəziyyətini analiz etmək, statusunu müəyyənləşdirmək, mühafizə tədbirlərini hazırlamaq;
son zamanlar müşahidə edilən dağətəyi meşə qurşaqlarında aridləşmə, orta qurşaqlarda qiymətli cinslərin seyrəkləşməsi, az qiymətli cinslərlə əvəz edilməsi, yuxarı qurşaqlarda sərhəddin aşağı enməsi, bu səbəbdən digər bitki formasiyalarında, biogenosenzlarda baş verən suksessiya dəyişmələrinin səbəblərini, biotik və abiotik antropogen amillərin rolunu təhlil etmək, çıxış yollarını araşdırmaq günün ən aktual məsələlərindən biridir.
Botanika instututunda yaradılması nəzərədə tutulan “Meşəçilik” şöbəsində fəaliyyət göstərəcək təcrübəli alimlərimiz vardır. Şöbə və laboratoriyaların fəaliyyət istiqamətləri yenidən dəyərləndiriləcək, qarşıya qoyulan əsas məqsədə çatmaq üçün təkliflər hazırlanaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təqdim ediləcəkdir.
Biz ümidvarıq ki, cənab Prezidentin vaxtında imzaladağı sərəncamla Azərbaycan elmi, o cümlədən də Botanika elmi yeni inkişaf mərəhələsinə qədəm qoyacaqdır.
BAKI TÜRK ANADOLU LİSEYİNİN ŞAGİRDLƏRİ BOTANİKA İNSTİTUTUNDA OLUB
Bakı Türk Eytim Müşavirliyi nəzdində olan Bakı Türk Anadolu Liseyinin şagirdləri AR ETN Botanika İnstitutunu ziyarət ediblər. Biologiya müəllimi Ayşe İlerinin koordinatoru olduğu “Etnobotanika layihəsi” çərçivəsində liseyin 10-cu sinif şagirdlərinə biologiya fənninə maraqlarının artırılması məqsədilə açıq dərs təşkil olunub. Məktəblilərə İnstitutun mütəxəssiləri tərəfindən Azərbaycan florasına aid endem, nadir və dərman bitkilərinin, o cümlədən ibtidai birkilərin təbii yayılma əraziləri, əhəmiyyəti, mühafizə problemləri barədə ətraflı məlumat verilib. Herbari Fondunda saxlanılan nüsxələr, Botanika Muzeyində nümayiş olunan eksponatlar məktəblilərdə böyük maraq yaradıb.
ZƏNGƏZUR DƏHLİZİ — TÜRK DÜNYASINI BİRLƏŞDİRƏN SÜLH KÖRPÜSÜ
Radə Adıgözəlova, Abşeron rayonu Saray qəsəbə 1 nömrəli tam orta məktəbin fizika müəllimi
Qüdrətli və ulu Azərbaycan xalqını tarix boyu böyük imperialist dövlətlər hissələrə parçalamışlar. Bir parçası qərbdə, bir parçası cənubda qaldı Ulu Vətənim! Şərqdə Xəzərlə əhatə olunan bu qədim diyarın sahilləri min illər boyu dəniz dalğaları kimi coşqun tarixə şahidlik etdi, mədəniyyət beşiyi oldu, qəhrəman oğul və qızlar yetirdi. Özüm də daxil olmaqla neçə-neçə ziyalımız üçün tarixi torpaqlarımızın qürbətdə qalması ürəyimizin qubar bağlamasına, qəlbimizin yaralanmasına səbəb oldu. Müəllim kimi şagirdlərimizə milli-mənəvi dəyərlərimizi aşılayarkən, tariximizi, dilimizi, milli dəyərlərimizi öyrədərkən hər zaman bu nisgili içimizdə daşıdıq. Vətən sevgisinin şirinliyini, nənə-babalarımızın dilindən eşitdiyimiz o müqəddəs nağıllarda, laylalarda, dastanlarda hiss etdik. Lakin zaman keçdikcə, torpaqlarımızın parçalanması, dəyərlərimizin unudulması qorxusu daxilimizi bürüdü. Hər dərsdə, hər sözdə, hər baxışda biz bu nisgili ifadə etməyə çalışdıq. Çünki biz bilirdik: Vətən yalnız bir torpaq deyil, o, ruhumuzun mayası, kimliyimizin, varlığımızın təməlidir. Bu nisgili qəlbimdən qopan şeirimlə ifadə etmək mənim üçün bəzən sözlə ifadə etməkdən daha təsirli olur. Çünki şeir qəlbin səsi, ruhun fəryadı, nisgilin göz yaşıdır.
Nə şirin olurmuş Vətən sevgisi! Yaradan nədir ki, bizdə bu hissi? Bəlkə anaların həzin laylası?! Bəlkə nənələrin nağıl dünyası?!
Vətən dediyimiz doğma ocaqdır. Vətən dediyimiz isti qucaqdır. Vəfasız olsan da, sən, onu bil ki, Yenə Vətən sənə köks açacaqdır.
Dünyada görmədim bunca ətirli Vətən çörəyidir ən bərəkətli. Qaymağı, nehrəsi, həm fəsəlisi, Bunlardan yoğrulmuş Vətən sevgisi.
Olsa da qızıldan taxtı-tacımız Qürbət el, həsrətdən yanar canımız. Atalardan qalma bir misalımız, Ölməyə Vətəndir – qibləgahımız!
Bu nisgil dolu misralar hər bir vətən övladının qəlbində közərən bir həqiqəti anladır: qürbətdə olmağın, doğma torpaqlardan uzaqda yaşamağın acısı heç nə ilə əvəz olunmaz. Lakin həsrət nə qədər dərin olsa da, bu xalqın iradəsi ondan da güclüdür. Vətən sevgisi sınmaz bir körpü kimi nəsildən-nəslə ötürülür, zamanın sərt küləklərinə, taleyin çətin sınaqlarına baxmayaraq, xalqımızın ruhunu yaşadır. Məhz bu səbəbdəndir ki, Azərbaycan xalqı tarixin ən çətin dönəmlərində belə birliyini, kimliyini və mədəni dəyərlərini qoruyub saxlaya bilib. Bu torpaq sadəcə bir coğrafi məkan deyil, o, xalqın ruhunun aynası, keçmişi və gələcəyinin təməlidir. Lakin bu parçalanmaya baxmayaraq, Azərbaycan xalqı heç vaxt ruhən bölünmədi, heç vaxt öz milli kimliyini, mədəniyyətini və tarixini unutmadı. Çünki bu torpaq təkcə coğrafi ərazi deyil, əsrlərdən süzülüb gələn mədəniyyətin, qəhrəmanlığın və iradənin məskənidir. Bu odlar yudru min illərlə şanlı tarixə malik oldu, mədəniyyət beşiyi oldu, qəhrəman oğul və qızlar yetişdirdi. Oğuz türklərinin ilk izlərini qoyduğu bu torpaqlar Dədə Qorqud yurdu, Nizami Gəncəvinin qələmindən süzülən hikmətlər məkanı, Şah İsmayıl Xətainin qurduğu qüdrətli dövlətin beşiyidir. Bu torpaqlar Cavanşirin, Babəkin, Koroğlunun, Xətainin, Natəvanın, Üzeyir Hacıbəylinin, Heydər Əliyevin və daha neçə-neçə böyük şəxsiyyətlərin yurdu kimi tarixə həkk olundu. Bu torpaq tarix boyu düşmən tapdağına məruz qalsa da, heç zaman öz kimliyini itirmədi. O, işğallara, basqınlara, sürgünlərə, soyqırımlara sinə gərdi, amma heç vaxt məğlub olmadı! Azərbaycan xalqı həmişə bir amal uğrunda mübarizə apardı – öz torpağını qorumaq, azadlığını bərpa etmək və birliyini möhkəmləndirmək! İllər, əsrlər keçsə də, Azərbaycan xalqının əzmi sarsılmadı, onun birliyi, iradəsi və qüruru heç zaman yox olmadı. Prezidentimiz və Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi, qazi və şəhidlərimizin şücaət və qəhrəmanlığı sayəsində Azərbaycan öz suverenliyini əbədi bərpa etdi. Biz öyrəndik ki, Vətənimizin hər guşəsi bir bütövün ayrılmaz hissəsidir… Və bir gün bu həsrət sona çatacaq – gün gələcək ki, doğma yurd-yuvalarından didərgin salınan məcburi köçkünlərimiz Qarabağa qayıtdığı kimi, dədə-baba torpaqlarından deportasiya olunmuş qaçqınlarımız da Vətənə – Qərbi Azərbaycana Zəngəzur dəhlizi ilə geri dönəcəklər.
Bəli! Qərbi Azərbaycana… Bu ad hər bir azərbaycanlının qəlbində həsrət, nisgil və qürur dolu duyğular oyadır. Bu, təkcə coğrafi bir ərazi deyil, Türk dünyasının qapısı, ortaq mədəniyyətimizin mühüm beşiyi, tarixi varlığımızın bir hissəsidir. Uzun illərdir ki, bu torpaqlar yad əllərdə qalıb, lakin orada ruhumuz, mədəniyyətimiz, tariximiz yaşayır. Bir çoxları Qərbi Azərbaycanı sadəcə keçmişin bir xatirəsi kimi görmək istəyir. Amma bu, unudulmuş bir məkan deyil – bu, bir millətin haqqı olan torpaqdır. Bu torpaqlarda doğulan babalarımızın, nənələrimizin keçmişi bizə əmanətdir və bu əmanəti qorumaq, gələcək nəsillərə ötürmək bizim borcumuzdur.
Tarix boyu erməni millətçiləri bu torpaqlarda yaşayan türkləri sıxışdırmaq, onların izlərini silmək üçün saysız-hesabsız işlər görüblər. Məcburi köçlər, soyqırımlar, mədəni irsin məhv edilməsi bu siyasətin tərkib hissəsidir. Ancaq bir həqiqət var ki, tarixi saxtalaşdırmaq mümkün deyil. O torpaqların hər daşında, hər suyunda türkün izi, nəfəsi var. Bəs nə etməliyik? İlk növbədə, biz Qərbi Azərbaycan gerçəyini dünya ictimaiyyətinə çatdırmalıyıq. Tariximizi daha dərindən öyrənməli, gənc nəsillərə ötürməliyik. Mədəniyyətimizi yaşatmaq, tariximizi qorumaq üçün hər birimiz üzərimizə düşən vəzifəni yerinə yetirməliyik.
Zəngəzur dəhlizi təkcə bir keçid deyil – bu, Azərbaycanın və bütövlükdə Türk dünyasının gələcəyini formalaşdıracaq tarixi bir gerçəklikdir və Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinin daha da möhkəmlənməsi, regionun geostrateji xəritəsinin yenidən formalaşması baxımından böyük əhəmiyyətə malikdir. Bu gerçəkliyin ideya müəllifi və təşəbbüskarı Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunun davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarıdır. Onun güclü siyasi iradəsi, uzaqgörənliyi və diplomatik məharəti nəticəsində Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycanın yox, bütövlükdə Türk dövlətlərinin iqtisadi, siyasi və mədəni inteqrasiyasını daha da gücləndirəcək, tarixi İpək Yolunun mühüm hissəsinə çevrilərək, Şərqlə Qərb arasında körpü rolunu oynayacaq. Azərbaycan regionda mühüm nəqliyyat və ticarət mərkəzi statusunu daha da gücləndirəcək. Həmçinin, bu dəhlizin açılması Türk dünyasının vahid bir coğrafi və iqtisadi məkan kimi formalaşmasına təkan verəcək və türk dövlətləri arasında əməkdaşlığı daha da dərinləşdirəcək.
Zəngəzur dəhlizi, eyni zamanda, tarixi ədalətin bərpası istiqamətində atılmış mühüm addımlardan biridir. Bu gün İlham Əliyevin qətiyyətli liderliyi və uzaqgörən siyasəti sayəsində Azərbaycan öz strateji maraqlarını uğurla həyata keçirir, regional və qlobal miqyasda nüfuzunu artırır. Zəngəzur dəhlizinin gerçəkləşməsi ölkəmizin iqtisadi inkişafını daha da sürətləndirən, yeni ticarət imkanları yaradan və Azərbaycanı beynəlxalq logistika mərkəzinə çevirən bir yoldur. Bu yol həm də Azərbaycanın gələcəyinə, Türk dünyasının birliyi, regionun sabitliyi və əmin-amanlığı istiqamətində atılan mühüm addımdır.
BU İNSTİTUTLAR BİRLƏŞDİRİLİR – SİYAHI
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, birləşdirilən elmi müəssisələrin əsasında aşağıdakı publik hüquqi şəxslər yaradılacaq:
Geologiya və Geofizika İnstitutunun və Neft və Qaz İnstitutunun əsasında Geologiya İnstitutu;
Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əsasında Coğrafiya İnstitutu;
Fizika İnstitutunun və Radiasiya Problemləri İnstitutunun əsasında Fizika İnstitutu;
Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun əsasında Kimya İnstitutu;
İdarəetmə Sistemləri İnstitutunun və Riyaziyyat və Mexanika İnstitutunun əsasında Riyaziyyat İnstitutu;
Botanika İnstitutunun və Dendrologiya İnstitutunun əsasında Botanika İnstitutu;
Zoologiya İnstitutunun və Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əsasında Canlı Sistemlərin Tədqiqi İnstitutu;
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun, Mikrobiologiya İnstitutunun və Biofizika İnstitutunun əsasında Molekulyar Biologiya İnstitutu.
SOSİAL PEDAQOQLARIN HAZIRLANMASINA EHTİYAC VAR
Hikmət Əlizadə, pedaqoji elmlər doktoru, BDU-nun professoru
Ümumtəhsil müəssisələrində fəaliyyət göstərən sosial pedaqoqlar təhsilalanların sosial-psixoloji ehtiyaclarının təmin edilməsində mühüm rol oynayırlar. Bu peşənin sahibləri şagirdlərin öyrənmə deyil, daha çox ümumi inkişafı və cəmiyyətə inteqrasiyası prosesində məktəb və ailə arasında tənzimləyici funksiyanı yerinə yetirirlər.
Şagirdlərin müxtəlif sosial və mədəni mühitlərə uyğunlaşması üçün pedaqoji yeniliklər, müasir metodlar tətbiq edilməlidir. Sosial pedaqoqlar da məktəb mühitində azyaşlıların sosial-psixoloji problemlərini həll etmək üçün onların psixoloji vəziyyətinə uyğun yanaşmalar təklif edirlər. Onların fəaliyyəti mövcud problemlərin həlli ilə məhdudlaşmır, həm də sosial yeniliklər və təşəbbüslərin tətbiqini ehtiva edir.
Məktəblərimizdə tərbiyə işi bu sahəyə məsul olan tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və sinif rəhbərləri tərəfindən həyata keçirilir. Onlar fəaliyyətlərində tərbiyə məsələlərinə ümumi istiqamətdən yanaşır və məktəbdə tərbiyəedici mühitin yaradılmasında böyük rol oynayırlar. 44 gün davam edən Vətən müharibəsi və antiterror əməliyyatları zamanı gənclərimizin göstərdikləri qəhrəmanlıqlarda tərbiyə işləri üzrə direktor müavinlərinin (təşkilatçıların) və sinif rəhbərlərinin ideoloji tərbiyə istiqamətində həyata keçirdiyi işlərin rolu böyük olub.
Müasir dövrdə dünyanın inkişaf etmiş ölkələrində məktəblərdə sosial pedaqoqlar fəaliyyət göstərirlər. Sosial pedaqoqların fəaliyyəti şagirdlərin tərbiyəsi və inkişafına istiqamətlənib. Lakin sosial pedaqoqlar tərbiyə məsələlərinə tərbiyə işləri üzrə direktor müavini və sinif rəhbərləri kimi ümumi istiqamətdən deyil, sosial qruplar müstəvisində yanaşırlar. Bu istiqamətdə sosial pedaqoqlar tərbiyə işləri üzrə direktor müavini və sinif rəhbərlərinin pedaqoji fəaliyyəti ilə ziddiyyət təşkil etmir, əksinə, onların işinin səviyyəsinin artmasına xidmət edir.
Məktəbdə şagirdləri müxtəlif meyarlar əsasında qruplara bölmək olar. Məktəbliləri ailənin demoqrafik vəziyyəti baxımından qruplara böldükdə onlar şəhid, qazi, qaçqın, köçkün, natamam, nuklear, mürəkkəb, təkuşaqlı və s. ailələrdən olan şagirdlər sayıla bilərlər. Valideynlərin peşə-təhsil səviyyəsinə görə böldükdə dünyagörüşünə görə fərqlənən, uşağın tərbiyəsi və inkişafı məsələlərini prizmanın müxtəlif bucaqlarından dəyərləndirən valideynlərin övladları, şagirdin inkişaf səviyyəsinə görə böldükdə istedadlı, təlimdə geridə qalan, çətin tərbiyə olunan, iddialı, iddiasız, lider, təcrid olunmuş və s. şagirdlər olur. Qeyd olunan qruplara daxil olan şagirdlərin hər birinin tərbiyəsi və inkişafı özünəməxsus yanaşma tələb edir. Bu məsələ məktəbdə sosial pedaqoqlar tərəfindən həll edilir.
Onlar müxtəlif sosial qruplara daxil olan şagirdlərin tərbiyəsi və inkişafı baxımından zəruri olan metodika hazırlayır və həyata keçirirlər. Məsələn, istedadlı uşağın yaradıcı təfəkkürünün inkişaf etdirilməsi, geridə qalan şagirddə təlim motivasiyasının yaradılması, təcrid olunmuş şagirdin sinif daxili münasibətlərə daxil edilməsi və s. istiqamətlərdə fərdi metodika hazırlayırlar. Bu, şagirdlərin daha yüksək səviyyədə inkişafı üçün yeni üfüqlər açır”.
Uzun illər bu məsələ məktəblərdə fərdi yanaşma prinsipinin tələbləri çərçivəsində həyata keçirilirdi. Lakin müasir dövrdə fərdi yanaşma prinsipi müstəvisində bu məsələlərin həll edilə bilməsi çətin görünür. Buna görə də məktəblərdə sosial pedaqoqların fəaliyyət göstərməsi zamanın ehtiyacı kimi dəyərləndirilməlidir. Məsələyə bu istiqamətdən yanaşanda sosial pedaqoq kadrlarının hazırlanması məsələsi aktuallaşır.