KORNEL METODU VƏ ONUN TƏHSİLDƏ ÜSTÜNLÜKLƏRİ

Öyrənməyi öyrətmək anlayışı insan tarixində daim aktual olmuşdur. Sokrat dövründən bu yana saysız-hesabsız metod və texnikalar işlənib hazırlanmış, bəziləri effektivliyini sübut edərək dövrümüzə qədər gəlib çatmış, digərləri isə zamanla unudulmuşdur. Xüsusilə XX əsrin ortalarında pedaqoqlar müxtəlif ölkələrdə yeni öyrətmə üsullarını araşdıraraq təhsil prosesini daha effektiv etməyə çalışmışlar. Azərbaycanda da bu sahəyə maraq böyük olmuş, ötən əsrin 50-ci illərində «Azərbaycan məktəbi» jurnalında öyrənməyi öyrətmək məsələsinə xüsusi yer verilmişdir. Məsələn, professor Mərdan Muradxanovun 1952-ci ildə nəşr olunmuş «Dərs öyrətməyin yollarının şagirdlərə öyrədilməsi» adlı məqaləsi bu istiqamətdə mühüm töhfələrdən biri olmuşdur.

Kornel metodu nədir?

Öyrənmə prosesini daha effektiv hala gətirmək məqsədilə yaradılmış metodlardan biri də Kornel metodudur. Bu metod 1949-cu ildə ABŞ-nin Kornel Universitetinin professoru Uolter Paukun araşdırmaları nəticəsində inkişaf etdirilmişdir. Sadə görünməsinə baxmayaraq, Kornel metodu qeydlərin daha sistemli, səmərəli və effektiv aparılmasına imkan yaradır. Əsasən təhsilalanlar üçün nəzərdə tutulsa da, bu üsul zamanla müxtəlif sahələrdə də tətbiq edilmişdir.

Bəs Kornel metodu nə edir? Gəlin təsəvvür edək ki, bir dərsdə və ya darıxdırıcı bir görüşdəsiniz. Qeydlər aparırsınız, lakin bir neçə gün sonra qeydlərinizə baxanda yazdıqlarınızı anlamaqda çətinlik çəkirsiniz. Bu, hər kəsin qarşılaşdığı vəziyyətdir. Kornel metodu isə bu problemin qarşısını almaq üçün strukturlaşdırılmış yanaşma təklif edir.

Kornel metodunun 7 əsas addımı

Kornel metodundan istifadə edərək qeydlər aparmaq üçün aşağıdakı addımları izləmək kifayətdir:

  1. Kağızın yuxarı hissəsindən iki barmaq aşağıda üfüqi xətt çəkin.
  2. Kağızın aşağı hissəsindən üç barmaq məsafə saxlamaqla daha bir üfüqi xətt çəkin.
  3. Kağızın sol tərəfində vərəqin dörddə birini ayıran şaquli xətt çəkməklə bir sahə yaradın.
  4. Dərsin və ya görüşün başlığını, tarixini və digər təfərrüatlarını yuxarıdakı boşluğa yazın.
  5. Qeydlərinizin xülasəsini isə vərəqin alt hissəsindəki boşluğa qeyd edin.
  6. Sol sütunda mövzu ilə bağlı açar sözlər və suallar yazın.
  7. Sağ sütunun dörddə üçünü isə əsas qeydlər üçün istifadə edin.

Bu metod qeydlərin vizual olaraq səliqəli və sistemli aparılmasına kömək edir. Yuxarı hissədə qeyd olunan başlıq və tarix qeydlərin asanlıqla tapılmasını təmin edir. Sol sütundakı açar sözlər və suallar mövzunu tez başa düşməyə kömək edir, sağ sütundakı qeydlər isə materialın tam mənimsənilməsinə şərait yaradır. Aşağı hissədə yazılan xülasə isə təkrar zamanı öyrənməni sürətləndirir.

Kornel metodunun 6 əsas prosesi

Bu metod yalnız qeydlərin düzgün aparılması ilə məhdudlaşmır. Onun əsasını təşkil edən və öyrənməni daha səmərəli edən 6 əsas proses mövcuddur:

  1. Yazı – Dərs və ya görüş zamanı eşidilən mühüm fikirlərin qeyd edilməsi.
  2. Abreviatur və ya Qısaltmalar – Vacib məqamların daha tez və qısa şəkildə yazılması üçün qısaltmalardan istifadə.
  3. Təkrar – Sol sütundakı açar sözlərin və sualların nəzərdən keçirilməsi ilə məlumatın nə qədər yaxşı mənimsəndiyinin yoxlanılması.
  4. Proyeksiya – Qeydlərin doğru başa düşüldüyünü və mənalandırıldığını qiymətləndirmə prosesi.
  5. Nəzərdən Keçirmək – Qeydlərin müəyyən fasilələrlə oxunaraq yaddaşın təzələnməsi.
  6. Nümunə Götürmək – Öyrənilən məlumatın real nümunələrlə möhkəmləndirilməsi.

Bu proseslər uğurla tətbiq edildikdə, təhsilalanın istənilən sahədə daha yaxşı nəticə əldə etməsi mümkündür.

Kornel metodunun effektivliyi

Təhsil sahəsində aparılan müxtəlif araşdırmalar Kornel metodunun effektivliyini sübut etmişdir. «Psychological Science» veb-saytında bu mövzuda aparılan tədqiqatların təhlili nəticəsində məlum olmuşdur ki, dərs zamanı qeydlər aparan tələbələr mövzunu daha yaxşı mənimsəyir. Həmçinin, onların dostlarından və ya müəllimdən qeydləri götürərək öyrənənlərə nisbətən daha yüksək nəticə göstərdikləri aşkar edilmişdir.

Bu araşdırmalar göstərir ki, qeydlərin səmərəli aparılması təhsilin keyfiyyətini artırır. Kornel metodu isə bu prosesi daha da asan və sistemli hala gətirir. Bu səbəbdən, təhsilalanlar və peşəkarlar üçün Kornel metodu vacib bir vasitə hesab olunur.

Nəticə olaraq, Kornel metodu həm tələbələr, həm də iş dünyasında effektiv işləmək istəyənlər üçün faydalı bir texnikadır. Əgər siz də qeydlərinizi daha sistemli və yadda qalan etmək istəyirsinizsə, bu metoddan istifadə etməyi sınaya bilərsiniz.

Günel Əliyeva




ADPU MOLEKULYAR BİOLOGİYA VƏ BİOTEXNOLOGİYALAR İNSTİTUTU İLƏ ƏMƏKDAŞLIĞA BAŞLAYIR

Martın 17-də Azərbaycan Dövlət Pedaqoji Universiteti və  (ADPU) ilə Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun rəhbərliyi arasında əməkdaşlıq görüşü keçirilib. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda baş tutan görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov və  İnstitutun baş direktoru akademik İradə Hüseynova rəhbərlik etdikləri müəssisələrin fəaliyyətləri barədə məlumat təqdim ediblər. Qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.

Görüşün davamında ADPU və Biologiya və Biotexnologiyalar İnstitutu arasında əməkdaşlığın möhkəmləndirilməsi, kadr hazırlığı sahəsində əməkdaşlıq, elmi-tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutan memorandum imzalanıb.

Görüşdə həmçinin İnstitutun icraçı direktoru dosent Ələmdar Məmmədov, elmi katib dosent Durna Əliyeva, ADPU Kimya və biologiya fakültəsinin dekanı dosent Reyhan Ağayeva, dekan müavini dosent Bəsti Əsədova, Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri dosent Anaxanım Yusifova da iştirak ediblər.




BOTANİKA İNSTİTUTUNDA TƏLƏBƏLƏRƏ TƏCRÜBİ DƏRS KEÇİRİLİB

AR ETN Botanika İnstitutunun Eksperimental botanika şöbəsində Xəzər Universitetinin tələbələri üçün laboratoriya dərsi keçirilib.  Biologiya ixtisası üzrə 3-cü kurs tələbələri üçün təşkil olunan dərsin məqsədi tələbələrə laboratoriya şəraitində müşahidə və tədqiqat aparmaq, onları müasir texnologiyalarla və digər yeniliklərlə tanış etmək, elmi araşdırma mərhələlərini öyrətmək olub.

Şöbənin elmi işçisi Fidan Ələskərova tələbələrə bitkinin rizosferindən toplanmış torpaq nümunələrində ph və EC (elektrikkeçiriciliyi) təyini, bitkinin cücərdilməsi üçün lazım olan müxtəlif qidalı mühitin hazırlanması üsulları, toxumların cücərmə enerjisi və cücərmə faizinin ölçülmə qaydaları, eyni zamanda  bitki nümunələrində ümumi, zülali və qeyri-zülali azotun təyini metodlarını izah edib.




PEDAQOJİ UNİVERSİTETDƏ TƏLƏBƏPLUS KARTI İLƏ BAĞLI İNFOSESSİYA KEÇİRİLİB

Martın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev “Tələbə Plus” layihəsinin tələbələr üçün yaratdığı imkanların əhəmiyyətini vurğulayıb. O, bildirib ki, bu kart tələbələrə müxtəlif güzəştlər və üstünlüklər təqdim etməklə yanaşı, onların akademik və sosial həyatını daha da asanlaşdırmağa xidmət edir. Prorektor universitet olaraq bu təşəbbüsü yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb, Təhsilin İnkişafı Fondu və tərəfdaşlarına təşəkkürünü bildirib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədrinin müavini Xanım Daşdəmirova “Tələbə Plus” layihəsinin yaranma ideyasını və məqsədini təqdim edərək, layihənin tələbələrə eyni güzəşt və endirimlər təqdim etməklə yanaşı, onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıdığını bildirib. X.Daşdəmirova əməkdaşlıq müqaviləsi imzalanmış 23 universitet üzrə bakalavriat, magistratura və doktorantura pillələrində təhsil alan 190.000 tələbənin TələbəPlus kartı ilə təmin edilməkdə olduğunu diqqətə çatdıraraq, bu siyahıya Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda yerləşən ali təhsil müəssisələrin də daxil olduğunu bildirib.

Daha sonra, “Code Academy”nin Qəbul və tələbə işləri departamentinin rəhbəri Xatirə Cəfərova çıxış edərək, akademiyanın fəaliyyətindən bəhs edib. O, akademiyanın tələbələrə proqramlaşdırma, dizayn, rəqəmsal marketinq, kibertəhlükəsizlik, data analitika və digər texnoloji sahələrdə geniş çeşidli kurslar və proqramlar təqdim etdiyini vurğulayıb. Xatirə Cəfərova, “Code Academy”nin “TələbəPlus” layihəsinin tərəfdaşı olaraq, tələbələrə sadalanan kurslardan daha əlverişli şərtlərlə yararlanma imkanı yaratdıqlarını qeyd edib. O, bu əməkdaşlığın tələbələrin təhsil həyatını daha əlçatan və səmərəli etməyə xidmət etdiyini bildirib.

Qeyd edək ki, “TələbəPlus” layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilir. Layihənin məqsədi tələbələrə eyni güzəşt və endirimlər təqdim etməklə yanaşı, onların tələbəlik dövründən maliyyə əlçatanlığını təmin etmək, gündəlik xərclərini daha səmərəli şəkildə izləmək fürsəti, həmçinin onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır.