ELM VƏ TƏHSİLİN İNKİŞAFI ÖLKƏNİN SOSİAL-İQTİSADİ STRATEGİYASININ PRİORİTET SAHƏSİ KİMİ

Hümeyir ƏHMƏDOV

Təhsil İnstitutunun Elmi-pedaqoji kadrların hazlırlanması şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor, Rusiya Təhsil Akademiyasının xarici üzvü, RTA-nın əməkdar elm və təhsil xadimi

Təhsil sisteminin modernləşdirilməsi strateji insan kapitalının inkişafında prioritet sahələrdən biridir

Azərbaycanda elm və təhsilin təkmilləşdirilməsi və inkişafı istiqamətində aparılan islahatlar mühüm əhəmiyyət kəsb edir. Burada əvəzolunmaz halqa elm və təhsilin inteqrasiyasıdır. Dünyada elmin, xüsusən də fundamental elmin inkişafı daha çox ali təhsil ocaqlarında aparılan tədqiqatlardan asılı olduğu üçün, Azərbaycanda elm və təhsil siyasətinin birgə əlaqələndirilməsi müasir dövrün başlıca tələblərindən biridir. Azərbaycanda elm və təhsilin vəhdətinin ölkənin gələcək inkişafına verdiyi töhfə çox önəmlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahədə həyata keçirdiyi islahatlar ölkədə tədqiqat universitetlərinin inkişafı üçün dövlət səviyyəsində atılan mütərəqqi addımlardan ən önəmlisidir. Təhsil sisteminin elmi gücünü artırmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının potensialından səmərəli istifadə edilməsi müsbət nəticələr verəcəkdir. Elm və təhsilin inteqrasiyası sahəsində zəruri vəzifələrdən biri də ölkəmizin ali təhsil müəssisələrinin tədris proqramına müasir elm sahələri ilə bağlı fənlərin daxil edilməsidir.

Sosial-iqtisadi inkişafın başlıca meyarları

Hər bir ölkənin sosial-iqtisadi inkişafının mühüm meyarı da vardır. İctimai təfəkkürdə, inzibati, sosial və elm-təhsil müstəvisində baş verən dəyişikliklər, insan resurslarının inkişafı, gəlirlərin artması, əhalinin sağlamlıq göstəricilərinin yaxşılaşması və onun təhsil potensialının yüksəldilməsi kimi komponentlər sosial-iqtisadi inkişafın əsas göstəriciləridir. Eyni zamanda insan hüquq və azadlıqlarının inkişafı, xüsusilə iqtisadi azadlığın təmin olunması cəmiyyətin inkişafında rol oynayan əsas amillərdəndir. Beynəlxalq təcrübədə qəbul olunmuş anlayışa görə, cəmiyyətin intellektual potensial indeksi əhalinin savadlılıq dərəcəsini və ölkədə elmin inkişaf səviyyəsini özündə əks etdirir. Ölkənin iqtisadi inkişaf dərəcəsini müəyyən edən ənənəvi göstəricilərdən biri də təhsilin inkişafıdır. Beləliklə, əhalinin sosial-iqtisadi inkişafı təhsilin inkişafı ilə, təhsilin inkişafı isə əhalinin sosial-iqtisadi rifahı ilə sıx bağlıdır. Bu iqtisadi və intellektual münasibətlər zənciri ilk növbədə ölkənin maliyyə potensialına təsir edir. Savadlı və zəngin cəmiyyət hər bir dövlətin sahib olmaq istədiyi milli və bəşəri dəyərdir. Ümumilikdə ölkənin inkişafı dedikdə, ilk növbədə iqtisadi sahədə baş verən müsbət dəyişikliklər nəzərdə tutulur. Kəmiyyət baxımından dəyişikliklər maddi gəlir mənbələrinin artması kontekstində iqtisadi inkişaf olaraq adlandırılır. Keyfiyyət baxımından dəyişikliklər yeni ictimai xüsusiyyətlərə malik iqtisadi sistemin əldə olunmasından ibarətdir və sosial-iqtisadi inkişaf olaraq qəbul edilir.

Təsadüfi deyildir ki, dövlət başçısının 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə görə, rəqabətə davamlı təhsil sisteminin davamlı inkişafı təmin edilməli, dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalı, ölkədə rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı formalaşdırılmalıdır.

Təqdirəlayiq haldır ki, “Milli Prioritetlər”in icrasını təmin etmək məqsədilə 22 iyul 2022-ci il tarixli Sərəncam ilə “Azərbaycan Respublikasının 2020-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiq olunmuşdur. Həmin Strategiyanın “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı üzrə çərçivə” bölməsində qarşıdakı illərdə elm və təhsilin inkişafı üzrə strateji hədəflər (məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, ümumi təhsildə səriştəəsaslı məzmunun yaradılması, peşə təhsilinin əhatə dairəsi və keyfiyyətinin artırılması, gəlirindən asılı olmayaraq bütün ailələrin övladları üçün ali təhsilə əlçatanlığın təmin olunması, elmin müxtəlif sahələri üzrə tədqiqatların genişləndirilməsi. innovativ və rəqəmsal bacarıqlar üzrə təhsilin inkişafı və b.) müəyyənləşdirilmişdir.

Təhsil xidmətlərinin ictimai və sosial əhəmiyyəti

Təhsil sahəsində xidmətlərin göstərilməsi istər icbari təhsil, istərsə də ödənişli və könüllü təhsil istiqamətlərində yalnız bazar dəyərlərinə və iqtisadi fəaliyyət meyarlarına xidmət göstərə bilməz. Cəmiyyətin mədəni və demokratik inkişafı üçün təhsil sisteminin hər bir fərd üçün əlçatan olması önəmlidir. Azərbaycanda cəmiyyətin bütün təbəqələri üçün əlçatan təhsil sisteminin təşkili ölkəmizi əhalinin savadlılıq dərəcəsinə görə dünyanın qabaqcıl ölkələrindən birinə çevirmişdir. Lakin təkcə bu göstərici ilə kifayətlənmək olmaz. Məhz bununla əlaqədar olaraq, dövlət başçısı tərəfindən 2015-ci ildə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı” na əsasən təhsilin uzunmüddətli və mərhələli inkişafına dövlət dəstəyi çərçivəsində vəsait qoyuluşu nəzərdə tutulmuşdur. Bu “Fəaliyyət planı”nın mühüm strateji istiqamətlərindən biri də təhsilin dayanıqlı və müxtəlif mənbələrdən maliyyələşdirilməsinin yeni mexanizminin yaradılmasıdır. Təhsil sahəsində xidmətlərin təkmilləşdirilməsi üçün maliyyələşmə proseduru ən önəmli amillərdən  biridir. Bu maliyyələşmə proseduru təhsil strategiyasının iqtisadi əsasını təşkil edir. Burada mühüm strateji istiqamətlərdən biri kimi  təhsilin maliyyələşdirilməsi xərclərinin ümumi daxili məhsula nisbətinin mərhələlərlə 5-6 faizə çatdırılması nəzərdə tutulur. Bu addım bütün inkişaf etmiş ölkələrin təhsil strategiyasının mühüm komponentini təşkil edir. Təhsil sahəsində xidmətlərə qoyulan vəsait gələcəkdə ölkənin sosial rifahının yaxşılaşdırılmasında katalizator rolunu oynayacaqdır.

Beynəlxalq təcrübəyə əsaslanan maliyyə mexanizmləri

Dövlət və bələdiyyə təhsil müəssisələrində özünümaliyyələşdirmə prinsiplərinin təşviqi, ödənişli təhsil xidmətlərinin göstərilməsinin dəstəklənməsi qeyd etdiyimiz iqtisadi azadlığın təmin olunması istiqamətində mühüm addımlardan biridir. Son dövrlər bir sıra ali təhsil ocaqlarının publik hüquqi şəxsə çevrilməsi buna əyani sübutdur. Bu gün bütün dünyada biznes klasteri daxilində yüksək texnoloji klasterlərin yaradılması elm və təhsilin inkişafında, həmçinin ölkənin bütövlükdə iqtisadi inkişafında mühüm rol oynayan amillərdəndir. Yüksək texnologiyalara hesablanmış, bilik iqtisadiyyatına uyğunlaşdırılmış və mahiyyət etibarilə təhsil ocaqlarının elmi-tədqiqatlarına söykənən şirkətlərin cəmləşdiyi qruplardan təkcə ABŞ-da yerləşən “Silikon Vadisi”ni qeyd etmək kifayət edər. Dünya texnologiyasına böyük ölçüdə təsir göstərən bu klaster məhz təhsilə və biliyə (elmə) qoyulan vəsait hesabına bu gün texnologiya bazarında hegemon mövqelərdən birini tutur. Qardaş Türkiyədə də bu modelə rast gəlmək mümkündür. Rəqəmsal biznes klasterlərindən biri olaraq bilinən “Bilişim Vadisi” adlı bu texnoloji nəhəng məhz elm və iqtisadiyyatın vəhdəti üzərində qurulub. Azərbaycanın iqtisadi potensialı daxilində bu beynəlxalq nümunələrin kiçik də olsa modellərinin yaradılması elm və təhsilin gələcəkdə ölkəmizin sosial-iqtisadi inkişafında böyük ölçüdə pay sahibi olmasına rəvac verə bilər. “Yüksək Texnologiyalar Parkı”, Müdafiə Sənayesi Nazirliyinin istehsal müəssisələri, kənd təsərrüfatı sahəsində yaradılan tədqiqat mərkəzləri bu istiqamətdə atılan ilk addımlardandır. Hamıya bəllidir ki, bu müəssisələrdə aparılan tədqiqatların mütləq əksəriyyəti dövlət sifarişi hesabına həyata keçirilir.

Elm və təhsil sahəsində qarşıda duran sosial-iqtisadi vəzifələr

Hər bir dövlətin ən mühüm strateji ehtiyatı insan kapitalıdır. Elm və təhsil sahəsində insan kapitalının inkişafı bu sahəyə ayrılan vəsaitin həcmindən və səmərəli istifadəsindən asılıdır. Bunun üçün təhsilin modernləşdirilməsi çərçivəsində prioritet mövqedə olan elm sahələrinin tədrisi və təhsil müəssisələrinin məhz keyfiyyət göstəricilərinə əsaslanan investisiya xərcləri sisteminin müəyyən olunması və tətbiqi çox önəmlidir. Ümumi təhsil müəssisələrindən başlayaraq, tətbiq olunan bu strategiya dövlət tərəfindən müxtəlif kredit və qrantların tətbiqini labüd edir. Eyni zamanda təhsil sahəsinə özəl sektordan və xaricdən investisiya qoyuluşunun cəlb olunması gələcəkdə “beyin axını”nın qarşısını ala biləcək mühüm önləyici amillərdəndir. Bütün bu mexanizmlərin tətbiqi zamanı mütləq şəkildə insan amili, onun sosial şəraiti, gəlirləri və yaşam meyarları nəzərə alınmalıdır. Regionlarda təhsil ocaqlarının yaradılması, təmiri və bərpası, zəruri avadanlıqlarla və peşəkar müəllim heyəti ilə təmin olunması təkcə dövlətin qarşısında duran vəzifə deyil. Regionların sosial-iqtisadi inkişafında, xüsusilə aqrar sahədə mütəxəssislərin yetişməsində təhsilə ayrılan vəsaitin qeyd etdiyimiz istifadə meyarları (həcmi və səmərəli istifadəsi) çox önəmlidir. Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə yeni yaradılan Elm və Təhsil Nazirliyi tərkibində yer alan agentliklər ölkənin elmi elitası ilə ictimaiyyət arasında bir növ körpü rolunu da oynayaraq, elm və təhsilin qarşısında duran sosial-iqtisadi vəzifələrin həllinə böyük ölçüdə yardım edə bilər. 44 günlük Vətən müharibəsindən sonra postkonflikt ərazilərin bərpasına yönəlmiş layihələrdən biri də smart tipli yaşayış məntəqələrinin tikintisidir. Burada beynəlxalq təşkilatların və transmilli şirkətlərin marağını və investisiya dəstəyini cəlb edə biləcək bir çox amillər var: yeni geoloji yataqların kəşfi; işğaldan azad olunmuş ərazilərin su və külək enerjisi ehtiyatlarından səmərəli istifadə; son iki yüz ildə burada aparılmış elmi tədqiqatların fundamental bazası əsasında müasir texnologiyaların köməyi ilə yeni tədqiqatların aparılması; ərazinin antropoloji identikliyinin müəyyən edilməsi və milli-mədəni potensialının (muğam sənətinin və sənətkarlıq nümunələrinin inkişafı) dünyaya çatdırılması  və s. Bütün bu amillər təkcə lokal çərçivədə elm və təhsilə qoyulan vəsaitin hansı ölçüdə ölkə büdcəsinə geri dönüş edə biləcəyini əyani şəkildə sübut edir.

Təhsil strategiyasının əmək bazarına təsiri

Təhsil strategiyasının önəmli komponentlərindən biri əmək bazarı ilə qarşılıqlı əlaqədir. Burada tələb və təklif balansı çox önəmlidir. Elmi-texniki inkişafın fonunda əmək bazarının işçi qüvvəsinə olan tələbini məhz təhsil strategiyası müəyyən edir. Azərbaycanda bu istiqamətdə bir sıra problemlərin mövcudluğu müəyyən amillərə əsaslanır: ölkə üzrə peşə məktəblərinin fəaliyyəti əl əməyi sahəsində əmək bazarı tələbini tam ölçüdə qarşılaya bilmir. Dünyada isə formal tədris üsullarından daha çox informal tədris üsullarına meyllilik sürətli şəkildə davam etməkdədir; yəni ənənəvi bir neçə illik bakalavr və magistr təhsilindən daha çox qısamüddətli kurslarda bilik və bacarıqların əldə olunması tendensiyası sürətlə inkişaf etməkdədir. Bu prosesin iki cəlbedici tərəfi vardır: birinci müsbət tərəf təhsilə ayrılan zaman və qüvvənin daha qısamüddətli olmasıdır; ikinci müsbət tərəf isə daha çox gəlir gətirən sahələrlə bağlı kursların və seminarların təşkilidir. Müasir dünya gəncliyi sosial şəbəkələrin gücü vasitəsilə daha çox və tez bir şəkildə gəlir əldə etmək üçün qısamüddətli tədrisə meyl edirlər. Lakin bütün bunlar uzunmüddətli inkişaf baxımından böyük fəsadlara da yol aça bilər. Fundamental peşələr üzrə biliklərə yiyələnmək daha çox zaman tələb edən bir prosesdir. Bu sahədə reqressiyanın sürətli şəkildə getməsi gələcəkdə fundamental peşələr üzrə mütəxəssis çatışmazlığına böyük ölçüdə yol aça bilər. Məsələn, kənd təsərrüfatı sahəsində yüksəkixtisaslı aqronomların yetişməməsi gələcəkdə ölkəni kənd təsərrüfatı məhsulları və heyvandarlıq sahəsində digər ölkələrdən asılı vəziyyətə sala bilər. Yaxud neft-qaz sektorunda çalışan mütəxəssislərin müasir qazma və emal texnologiyaları ilə tanışlığında yarana biləcək boşluqlar daha sürətli istehsal potensialını zəiflədə bilər. Təbii ki, bütün bu amillər Azərbaycan dövləti, xüsusilə də ölkə rəhbərliyi tərəfindən daim nəzarətdə saxlanılır. Əmək bazarında ali təhsilə olan tələbatın statistikasını müəyyən etmək üçün ən mühüm faktor istehlakçıların tələbini mütəmadi olaraq öyrənməkdir. Burada tələb və təklif regionlar, təşkilatlar, ətraf mühit üzrə dəyişə bilər. Məsələn, urbanizasiya prosesinin sürətlə getdiyi bir mühitdə istehlak tələbləri şəhər həyatına uyğun təmin olunmalıdır. Burada təhsilin sosial-iqtisadi inkişaf strategiyasının regional bölgü prinsipi ön plana çıxır. Ali təhsil müəssisələri məzunlarının gələcəkdə əmək bazarına inteqrasiyası hər bir dövlət qarşısında duran çətin, lakin  önəmli prosesdir. Burada inklüziv təhsil sistemi və bu kriteriyalar üzrə təhsil alanların əmək bazarına inteqrasiyası xüsusilə qeyd edilməlidir. Sağlamlıq imkanları dərəcəsindən asılı olmayaraq, hər bir vətəndaşın ictimai əmək bölgüsünə layiqli inteqrasiyası dövlətin bu sahədə başlıca sosial siyasətini təşkil edir. Azərbaycanda təhsilin idarə edilməsində dövlət və əmək bazarı tənzimləyicilərinin balanslaşdırılmış birləşməsinə əsaslanan təşkilati və iqtisadi mexanizmlər, təhsil sənayesində iqtisadi vəziyyətin sabitləşməsini və bazar münasibətlərinin formalaşması şəraitində onun innovativ inkişafını təmin edir.

Elm və təhsilin inteqrasiyası iqtisadi inkişafın tərkib hissəsi kimi

Hər bir ölkənin iqtisadi qüdrəti onun regional və beynəlxalq hadisələrə təsir rıçaqlarının önündə gəlir. İqtisadiyyatı güclü olan dövlət daim geopolitik müstəvidə öz sözünü diqtə etmək səlahiyyətinə malikdir. Maddi dəyərlər bolluğunun üstünlük təşkil etdiyi bir dövrdə, mənəviyyatın və milli kimliyin daim diqqətdə saxlanılması strateji insan kapitalının artması ilə düz mütənasiblik təşkil edir. Yəni yüksək mənəvi keyfiyyətlərə malik, milli kimliyini unutmayan və iqtisadi müstəqilliyə sahib olan cəmiyyət daim digər cəmiyyətlər arasında üsünlüyü ilə seçiləcəkdir. Elm və texnologiyanın bütün fiziki sərhədləri aşdığı bir dövrdə ölkələr təkcə öz hərbi və sənaye gücü ilə deyil, həm də elmi potensialı ilə də diqqət mərkəzində ola bilər. Ölkəmizin elmi tədqiqat potensialının yüksəldilməsində dünya elminə inteqrasiya çox önəmli rol oynayır. Azərbaycanın elm xadimlərinin müxtəlif beynəlxalq qrant layihələrində iştirakı ilə yanaşı, əcnəbi mütəxəssislərin marağını cəlb edə biləcək elmi layihələrin Azərbaycan dövləti tərəfindən reallaşdırılması da öz müsbət təsirini göstərəcəkdir. Elm və təhsilin inteqrasiyası təkcə ölkə daxilində yeni müsbət göstəricilərin yaranması ilə deyil, beynəlxalq elmi cəmiyyətə inteqrasiya ilə də paralel şəkildə aparılmalıdır. Gənclərin elmə marağının artırılması üçün müxtəlif təşviqedici layihələrin yaradılması və ən əsas bu istiqamətdə ayrılan investisiyanın səmərəli şəkildə istifadəsinə nəzarət mexanizmlərinin də təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Elm və təhsilə ictimai nəzarətin gücləndirilməsi bu sahədə ilkin addımlardan biridir. İqtisadiyyatda istehsal nəzəriyyəsini elmi müstəvidə nəzərdən keçirdiyimiz zaman keyfiyyət göstəricilərini daim diqqət mərkəzində saxlamaq başlıca vəzifələrdəndir. Hər hansı tətbiqi elm sahəsində güclü mütəxəssisin yetişməsi yetərli deyil. Həmin mütəxəssisin əldə etdiyi bilik və bacarıqların pedaqoji yöndən paylaşılması da inteqrativ inkişafın əsas göstəricisidir. İqtisadiyyatın tərkib hissəsi olaraq elm və təhsilin maliyyəşdirilməsi ilə bağlı həll yolları bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də öyrənilməkdədir. İqtisadiyyatın “dövlət-özəl” sektorları arasında innovativ tərəfdaşlığın genişləndirilməsinə diqqət yetirməklə gəlir mənbələrinin şaxələndirilməsi probleminin həlli maliyyə idarəetməsinin nəzəri müddəalarının və metodlarının işlənib hazırlanmasında və tətbiqində, göstəricilər və meyarlar sisteminin qurulmasında axtarılmalıdır. Dövlətin müasir iqtisadi, sosial və maliyyə siyasətini tam şəkildə həyata keçirməyə qadir olan, artan peşə təhsilinin gəlir bazasının, habelə təhsil sisteminin gəlirlərinin artırılması üçün potensial imkanları olan təhsil ocaqlarının adekvat qiymətləndirilməsi və digər təhsil müəssisələri üçün bir növ model rolunu oynaması çox önəmlidir. Burada əsas məqsəd təhsil müəssisəsinin bir neçə istiqamətdən maliyyələşdirilməsidir. Bu, həm dövlətin iqtisadi yükünü azalda, həm də təhsilə olan iqtisadi marağı daha da artıra bilər. Bu gün Azərbaycanda istər əcnəbi mütəxəssislərin bilavasitə yardımından istifadə edən, istərsə də beynəlxalq təhsil təcrübəsinin ölkəmizdə tətbiqi üçün şərait yaradan xeyli sayda təhsil ocağı mövcuddur. Daha bir vacib məsələ isə özəl sahədən gələn maliyyə axınının davamlı və etibarlı olmasını təmin etməkdir. Bunun üçün maliyyə xərclərini qarşılayan tərəfin iqtisadi marağı mütləq şəkildə nəzərə alınmalıdır. Ali təhsil müəssisələrinin nəzdində maliyyə menecmentinin səmərəli təşkili və müstəqil bazaya əsaslanmaqla ictimai və dövlət nəzarətində saxlanılması bu gün dünyada tətbiq olunan önəmli layihələrdəndir. Təhsil müəssisələrinin gəlir və xərclərinin müəyyənləşdirilməsində vahid rəqəmsal maliyyə menecmentinin formalaşdırılması istər biznes sektoru üçün, istərsə də təhsilin inkişafında maraqlı olan dövlət üçün hərtərəfli fayda gətirə bilər. Tələbələrin mütəmadi olaraq müxtəlif sahələrdə yer alan uğurlu biznes strukturlarının rəhbərləri və mütəxəssisləri ilə görüşlərinin təşkili təhsilin sosial-iqtisadi inkişafında, həm də ölkənin kadr potensialının təkmilləşdirilməsində müsbət addımdır. Həm tələbələr gələcəkdə iş yerlərinin müəyyənləşdirilməsi üçün müəyyən meyarları anlamış olurlar, həm də biznes mühitinin nümayəndələri gələcəyin peşəkar mütəxəssislərinin müəyyənləşdirilməsi istiqamətində müəyyən dividentlər əldə edirlər. Təhsil sisteminin maliyyə mexanizminin müasirləşdirilməsi məqsədilə “dövlət-özəl” sektor tərəfdaşlığı çərçivəsində bazar iqtisadiyyatı subyektləri arasında qarşılıqlı fəaliyyətin əsas istiqaməti müəyyən olunmalıdır. Eyni zamanda sənaye müəssisələri, kommersiya bankları, büdcə təşkilatları, rayon idarələri təhsilin inkişafı proqramlarının hazırlanmasına və kadr hazırlığı sisteminin idarə edilməsinə, sosial tərəfdaşlıq haqqında vahid təhsil müqaviləsi əsasında təhsil müəssisələri haqqında məlumat bankının yaradılmasına cəlb olunmalıdır. Təhsil sisteminin müasirləşdirilməsi mərhələsində “dövlət — özəl” sektor tərəfdaşlığına əsaslanan maliyyə mexanizminin tətbiqi təlim prosesinin yaradıcı təhsil texnologiyası metoduna keçirilməsinin ən vacib şərtidir. Yəni burada praktiki təlimlərin, mütəmadi kursların təşkil olunması praktiki biliklərin əldə olunmasına zəmin yaradır. Elm və texnologiyanın imkanlarından istifadə etməklə 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Ordusunun mürəkkəb döyüş şəraitində az itkilərlə böyük uğurlar əldə etdiyini dünyanın aparıcı hərbi, elmivə təhsil müəssisələri bu gün də öyrənməkdədir. Şanlı ordumuzun döyüş taktikası və texnoloji imkanlardan vəhdət şəklində istifadə etməsi dünya hərb tarixi dərsliklərinə salınmışdır. Elmi və texnoloji cəhətdən yüksək inkişaf etmiş ölkələrin belə bu prosesi öyrənmək cəhdləri Azərbaycan xalqının zəka üstünlüyü və elmi inkişaf potensialını bir daha nümayiş etdirir. Elm və təhsilin iqtisadi inkişafdakı əsas rolu məhz burada özünü göstərir: sadə istehsal proseslərindən kosmik araşdırmalaradək bütün elmi tədqiqat sahələrində innovativ yanaşma ölkənin iqtisadi gücünə güc qatmaqdadır.     

Qeyd edilən bütün amillər, Azərbaycanda elm və təhsilin inkişafı üzrə strategiya ölkəmizin gələcək inkişafına və sosial rifahına hesablanmış sosial-iqtisadi inkişaf üzrə dövlət strategiyasının aparıcı tərkib hissəsi olduğunu bir daha sübut edir.

İnanırıq ki, “Azərbaycan Respublikasının 2020-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda elm və təhsilin inkişafı üzrə müəyyən olunan hədəflərə çatmaq yolu ilə ölkəmizdə XXI əsrin tələblərinə uyğun müasir təhsil sisteminin formalaşdırılması təmin ediləcək, rəqabətədavamlı insan kapitalının davamlı inkişafı mümkün olacaqdır.




AZƏRBAYCANIN ELMMETRİK GÖSTƏRİCİLƏRİ MÜASİR QLOBAL ELMMETRİYA ÇAĞIRIŞLARI İŞIĞINDA

Hümeyir ƏHMƏDOV

Pedaqogika üzrə elmlər doktoru, professor, Rusiya Təhsil Akademiyasının xarici üzvü, RTA-nın Əməkdar elm və təhsil xadimi Azərbaycan Respublikası Təhsil İnstitutunun Elmi-pedaqoji kadr hazırlığı şöbəsinin müdiri

Hər bir ölkənin iqtisadi, siyasi və sosial fəaliyyətinin statistik hesabatlarının aparılması və bu konteksdən yola çıxaraq fəaliyyətin qiymətləndirilməsi müasir dövrün prioritet çağırışlarındandır. Məhz bu tipli göstəricilər hesabına bu və ya digər sahədə inkişaf tempini müəyyənləşdirmək olur, mövcud olan problemləri aradan qaldırmaq daha sürətli və səmərəli nəticələrə yol açır. Elm sahəsində də bu cür göstəricilərin hesablanması ölkələr və ictimai-siyasi birliklər üzrə müqayisəli təhlillərin aparılmasına bir növ yardımçı olur. Müasir dövrdə istənilən ölkədə və ictimai toplumda elmi göstəricilərin müsbət inkişafı elmin cəmiyyətə təsir mexanizminin dərk edilməsi ilə bilavasitə bağlıdır. Əgər cəmi 70-80 il bundan əvvəl elmin göstəricilərinin müəyyən edilməsi qeyri-ənənəvi problem olaraq yalnız fəlsəfi analiz müstəvisində qalırdısa, sonrakı onilliklərdə elmin fəlsəfəsi dəyişmiş, elm haqqında elm formalaşmış, elmi göstəricilər dəqiq riyazi hesablamalar, statistik təhlillər və indeksləmə hesabına aparılmağa başlanmışdır. Burada qiymətləndirmə parametrlərinin bir neçə təməl prinsipləri  vardır; müəyyən elm sahəsi üzrə dövrü elmi nəşrlərin sayı, istinad göstəriciləri və digər elmi məhsuldarlıq parametrləri qiymətləndirmə nəzəriyyəsi ilə tam bağlılıq içərisindədir. Hər şeydən öncə, qeyd edilən parametrlərin səmərəlilik dərəcəsinə diqqət yetirilməlidir. “Elmmetriya” nədir? Elmmetriya (Scientometrics) — elmin təkamülünü və vəziyyətini, o cümlədən elmi fəaliyyətin struktur və dinamikasını, elmi informasiya axınını və massivlərini çoxsaylı riyazi-statistik hesablamalar və digər kəmiyyət-keyfiyyət göstəriciləri üzrə öyrənən elm sahəsidir. Elmi informasiya — təbiət qanunları və hadisələrinin, cəmiyyət və təfəkkürün elmi dərketmə prosesi zamanı əldə olunan məntiqi təşkil edilmiş informasiyadır. Elmmetriyanı “elm haqqında elm” də adlandırmaq mümkündür.

Elm fəlsəfəsi nələri öyrənir:

  • * elmin fəaliyyət və inkişafının biliklər sistemi və sosial institutlar kimi qanunauyğunluqlarını;
  • * elmin digər sosial institutlar, cəmiyyətin maddi və mənəvi sahələri ilə qarşılıqlı əlaqəsini;
  • * elmi fəaliyyətin struktur dinamikasını öyrənən fəndir.

İnfometriyanın əsasını təşkil edən elmmetriya elmşünaslığın bir qolu kimi yeni formalaşsada, elmi məlumatların ölçülməsinə və şərh edilməsinə maraq hələ XIX əsrin ikinci yarısından, elmi statistikanın yarandığı vaxtlardan mövcud olmuşdur. Lakin elmmetriyanın müstəqil bir elm sahəsi kimi formalaşmağa başlaması az qala bir əsr sonraya, İkinci Dünya müharibəsi dövrünə təsadüf edir. Məhz o illərdə, dünyada elmə maraq kəskin şəkildə artmış, elmin müxtəlif parametrlər üzrə təhlili zamanı yaradıcı əqli məhsuldarlığın inkişafına təsir edən dayanıqlı statistik qanunauyğunluqlar (Zipf-Lotk-Pareto bölgüsü üzrə) aşkar olunmuşdur. Sonrakı illərdə Böyük Britaniyada C.Bernalın (“Elmin sosial funksiyaları”, 1939), ABŞ-da D.C.Praysın (“Elmi təhlilin kəmiyyət metodu”, 1960), SSRİ-də V.Nalimov və Z.Mulçenkonun (“Elmmetriya”, 1969) rəhbərliyi altında elmi fəaliyyətin nəticələrinin qiymətləndirilməsi üzrə müxtəlif tədqiqatlar aparılsa da, artıq qeyd etdiyimiz kimi, bu sahədə Yucin Harfildin araşdırmaları və fəaliyyətləri daha əhəmiyyətli olmuşdur. “Elmmetrik təhlil” dedikdə, elmi müəssisə və ya tədqiqatçının fəaliyyətinin 2 əsas parametr üzrə qiymətləndirilməsi başa düşülür: 1. Qiymətləndirmək istədiyimiz parametrlər üzrə, 2) Bilavasitə qiymətləndirilə bilən parametrlər üzrə. Qiymətləndirmək istədiyimiz parametrlər elmi tədqiqat İnstitutunun və ya alimin məhsuldarlığıdır. Əfsuslar olsun ki, bu parametrlər üzrə bilavasitə hesablama aparmaq çox çətindir. Başqa sözlə, məsələn bir alimin bütün elmi imkanlarını, elmi istedadını, onun müxtəlif formalarda əksini tapmış fikir və rəylərini, elmin inkişafına təkan verən ideyalarının yayılma arealını, elmi təhlillərinə, baxışlarına biblioqrafik təsvir verilmədən edilmiş istinadları və s. tam şəkildə aşkara çıxarmaq, hesablamaq mümkün deyil. Məsələn, Albert Eynşteynin “dünyada hər şey nisbidir” kəlamını elmi məqaləsində istifadə edən minlərlə tədqiqatçı yazısında həmin fikrin Eynşteynə məxsus olduğunu bildirirsə də, kəlamın əks olunduğu mənbəni ədəbiyyat siyahısına daxil etmir, əsər adı, səhifə göstərmir. Halbuki, həmin fikirdən konkret mənbəyə istinad edilərək istifadə olunsaydı, görkəmli fizikin məhsuldarlıq göstəriciləri daha fərqli olardı. Göstərici və ya indikator adlanan ikinci parametr üzrə qiymətləndirmə isə daha rahatdır. Bu zaman əsas təhlillər məqalə sayına və onlara edilən istinad göstəricilərinə görə aparılır. Yeri gəlmişkən, tədqiqatçıların nəşr aktivliyinin nəticələrini hesablamaq üçün müxtəlif elmi-statistik təşkilatların, ayrı-ayrı fiziklərin, riyaziyyatçıların, linqvistlərin və s. özünəməxsus metodları var. Biz həmin metodları 2 qrupa bölməyi daha məqsədəuyğun hesab edirik: 1.Lokal hesablama metodu; 2.Qlobal hesablama metodu. İstənilən elm və ya təhsil müəssisəsi heç bir elmmetrik bazaya, indikatora əsaslanmadan öz əməkdaşlarının məqalə statistikasını apara, toplanmış informasiyanı qiymətləndirə bilər. Elə tədqiqatçının özü də öz məqalələrinə edilən istinadları adi bibliometrik müşahidə yolu ilə axtarıb tapa, şəxsi istifadə üçün bundan yararlana bilər. Biz bunu lokal hesablama üsulu adlandırırıq. Belə özünəqiymətin nəticəsi bu və ya digər elmi müəssisənin, alimin reytinqini ancaq özü üçün faydalı edə bilər. Məsələn, elmi əxlaqa riayət edən  məhsuldar bir alimin 10 monoqrafiyası, 200-dən artıq elmi məqaləsi varsa və məsələn, lokal hesablama yolu ilə onun işlərinə yerli elmi jurnallardan 500-dən artıq istinadın olduğu təsbit olunubsa, bu, o deməkdir ki, həmin tədqiqatçı lokal coğrafiyada (öz ölkəsində) təmsil etdiyi elm sahəsinin aparıcı alimidir. Lakin heç kəsə sirr deyil ki, qloballaşan dünyada mədəniyyətlərarası, cəmiyyətlərarası inteqrasiya təkcə milli identikliyi qorumaqla dünyəvi dəyərlərin yaranmasında iştirak etmək deyil, həm də beynəlxalq səviyyədə elmi biliklərin mübadiləsi, elmi fəaliyyət nəticələrinin tutuşdurulması, müqayisə edilməsi, hamı tərəfindən qəbul olunan şəkildə təftiş edilib qiymətləndirilməsidir. Hazırda dünyada elə bir ictimai-mədəni, elmi-intellektual, sosial-iqtisadi fəaliyyət sahəsi tapılmaz ki, orada yalnız lokal, tam təcrid edilmiş yanaşmalar, hesablamalar, həllər tətbiq olunsun. İqtisadiyyat, maliyyə, standartlaşdırma, elm, kino, ədəbiyyat, musiqi, bir sözlə, istənilən fəaliyyət sahəsində beynəlxalq qiymətləndirmənin olması onu göstərir ki, fərdlər və ya müəssisələr özlərinə beynəlxalq reytinq, əmsal təyin edə bilməzlər.

Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə aparılan uğurlu islahatlardan danışarkən təkcə milli təhlillərə söykənmir, eyni zamanda Dünya Bankının “Doing Business” adlanan hesabatlarına da istinad edir və o əsasda bildirir ki, Azərbaycan inkişaf templərinə görə dünyada ən yüksək yerlərdən birinə — 25-ci yerə yüksəlib. Yəni sadəcə özünüqiymətləndirmə, refleksiya ilə bütün dünyanın qəbul edəcəyi göstəriciləri təsbit etmək mümkün olsaydı, istənilən ölkə özünü sosial-iqtisadi cəhətdən ən güclü elan edərdi. Nəşr göstəriciləri dəqiq elmmetrik qiymətləndirmənin təməl bazasıdır. Elmin sistemli təhlili, prinsipcə, istənilən semiotik obyektlər üzərində aparıla bilər, çünki onların davranışındakı fərqlər keyfiyyət deyil, kəmiyyət xarakterlidir. Eyni zamanda, elmi nəşr semiotik obyekt kimi bir sıra sabit xüsusiyyətlərə malikdir. Vacib olan fakt budur ki, elmi arxiv insan yaddaşından fərqli olaraq, elmi fəaliyyətin bütün məhsullarını özündə saxlayır, monoqrafiya və elmi jurnalların fayllarından istifadə etməklə elm həyatının istənilən dövrünün mənzərəsini bərpa etməyə imkan verir. Eyni zamanda nəşrlərarası əlaqələr, bəzi nəşrlərin digərlərinin yaranmasındakı iştirakı, nəşrlərin elm adamları, jurnallar, elm sahələri, ölkələr üzrə qeyri-bərabər paylanması, həmçinin, etibarlı və dolğun material üzərində bir çox digər kəmiyyət göstəricilərinin araşdırılmasının mümkünlüyü elmi nəşrləri elmmetriyanın əsas tədqiqat obyektinə çevirir. Məhz nəşr göstəriciləri istənilən ölkənin bu və ya digər elm sahəsində üstünlüklərini aşkar etməyə kəmiyyət etibarilə imkan verir. Burada xüsusilə qeyd etmək lazımdır ki, elmmetrik hesablamalar təkcə bu və ya digər ölkənin elmi göstəricilərini deyil, zamanın çağırışlarına uyğun olaraq hansı elm sahəsinə daha çox tələb duyulduğunu da müəyyən etməyə imkan verir. Elmi nəşrlər eyni zamanda müxtəlif ölkələrin alimləri arasında istinad meyarlarına görə də qarşılıqlı əlaqələrin yaranmasına və inkişafına təkan verir. Elmmetriya sahəsində müəyyən nəzəri və praktiki problemlər qalmaqdadır.

Hər bir elm sahəsində olduğu kimi, elmmetriyada da müsbət amillərlə yanaşı, bir sıra mənfi xüsusiyyətlər də yer almaqdadır. Bu problemi bir neçə istiqamətdə ələ almaq mümkündür. İlk öncə qeyd etməliyik ki, elmmetriya kəmiyyət üzərindən keyfiyyət ölçümünə daha çox diqqət yetirməkdədir. Yazılmış hər hansı bir elmi nəşrin elmmetrik göstəricilərində dəqiq hesablamalarla yanaşı, subyektiv amillər də yer ala bilər. Elmmetriyanın qiymətləndirmə nəzəriyyəsi ilə sıx əlaqədə olduğunu nəzərə alsaq, burada nəşrlərin sayı və tematikası, biblioqrafik istinadlar, mətnin həcmi və digər amillər əsas götürülür. Bu da bir sıra keyfiyyət göstəricilərinə mənfi təsir göstərə bilər. Örnək olaraq, hər hansı bir elmi sahə üzrə qələmə alınmış qısa və lakonik məqalə, alimin tamamilə yeni fikir və nəzəriyyələrinə yol aça bilər. Bu da elmin daha sonrakı inkişafı baxımından böyük əhəmiyyətə malikdir. Çünki bir elmi kəşf yaranmamışdan öncə, onun ətrafında müəyyən nəzəriyyə formalaşır ki, bu da bir neçə alimin eyni məsələ ətrafında yaradıcı düşüncəsi ilə meydana gələ bildiyi kimi, hər hansı təbii katalizator sayəsində fərdi olaraq da formalaşa bilər. Məsələn, alovun kəşfi bir sıra inqilabi yeniliklərə yol açdığı zaman, bu inqilabi yeniliklərin kəmiyyət göstəricilərinin hesablanması keyfiyyətə elə də təsir göstərmədiyi kimi, müasir dövrdə də bir sıra elmi kəşf və ixtiralar fərdi hal olaraq meydana gələ bilir. Həmçinin, müasir dövrdə elmmetrik göstəricilərdə daha çox təbiət və dəqiq elmlər sahəsində yüksək qiymətləndirmə meyarları əldə edilir ki, bu da humanitar və ictimai elmlərlə təbiət və dəqiq elmlər arasında böyük bir fərqin meydana gəlməsinə səbəb olur. Örnək olaraq, dövrün ultramüasir elmləri sırasında molekulyar biologiya, kibernetika, informatika və s. ilə uzlaşmış şəkildə riyaziyyat, fizika, kimya və biologiya elmləri üzrə elmmetrik göstəricilər çox yüksək olduğu halda, ədəbiyyatşünaslıq, dilçilik, fəlsəfə, folklor və digər sahələrdə kəmiyyət göstəriciləri o qədər də əhəmiyyətli dərəcəyə çatmamaqdadır. Bu amili zamanın tələbi olan elm sahələri ilə izah etmək olar; Məsələn, iqtisadiyyat, arxeologiya, politologiya, psixologiya, sosiologiya, pedaqogika və s. ictimai elmlərə də tələbat yüksəkdir. Ancaq unutmaq olmaz ki, hər bir ölkənin, dövlətin ən mühüm milli təhlükəsizlik qarantı olan strateji insan kapitalının formalaşmasında milli-mənəvi dəyərlərin öyrənilməsinə zəmin yaradan ictimai elmlərin də rolu az deyil. Bir faktı da qeyd etmək lazımdır ki, Web of Science bazasında qeyd edilən humanitar və ictimai elmlər üzrə ayrıca sitat gətirmə istinad indeksi (A&HCI) mövcuddur. Elmmetriyanın praktiki problemlərinə isə İmpakt faktoru meyarı ilə bağlı bir sıra amillər daxildir. Bəllidir ki, kimi İmpakt faktoru elmi jurnalların göstəricilərinin üçillik dövr üzrə (bəzi hallarda ikiillik) hesablanmasına əsaslanır. Burada mövcud olan mənfi amillərdən ən başlıcası tədqiqatın keyfiyyəti ilə bağlıdır. İstənilən elmi jurnala istinad sayı və nəşr göstəricisi bu keyfiyyətə təsir göstərməyə bilər. Daha öncə qeyd etdiyimiz elm sahələri arasındakı göstərici fərqi impakt faktoruda aiddir. Məsələn, biologiya sahəsinə aid jurnalların İmpakt faktoru filologiyaya aid jurnalların İmpakt faktorundan daha yüksək olur. Son otuz ildə İmpakt faktoru yalnız bir müəssisə (Thomson Reuters Scientific) tərəfindən hesablanır ki, bu da rəqabətlilik baxımından həmin göstəricilərin obyektivliyini şübhə altına alır. Son dövrlər bir sıra tədqiqatçılar (Lariviyer, Kyermer, Teylor, Paterson, Kallavey) elmi jurnalın İmpakt faktoru göstəriciləri ilə bağlı kəmiyyət hesablamasının bir sıra hallarda keyfiyyətə tərs mütənasib olması haqqında bəyanatlarla çıxış edirlər. Bu fikri müdafiə edənlərin sayı isə artmaqdadır. Bütün bunlara baxmayaraq, elmmetriyanın müasir elmin inkişafında rolu danılmazdır və dünyada sistemli bir mexanizm üzrə hərəkət etməsinə bilavasitə təkan verən əsas meyarlardan biridir.

Təqdirəlayiq haldır ki, son illərdə Azərbaycanda da elmmetriyanın mahiyyəti, tarixi, qloballaşan dünyanın çağırışları sahəsində ölkəmizdə qarşıda duran vəzifələrə dair akademik Rasim Əliquliyevin rəhbərliyi ilə müəlliflər kollektivi (Rasim Əliquliyev, Təhmasib Fətəliyev və Rəhilə Həsənova) “Elmmetriya: mövcud vəziyyətləri və imkanları” adlı çox dəyərli kitabça nəşr edilmiş, ilk dəfə olaraq elmmetriya ilə bağlı qiymətli fikirlər elmi ictimaiyyətə çatdırılmışdır.

Ölkəmizdə elmi fəaliyyətin stimullaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər, eyni zamanda, 2015-ci ildə dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı olan “Clarivate Analytics” şirkəti və Təhsil Nazirliyi arasında  bağlanmış sazişə əsasən, ölkəmizin ali təhsil müəssisələrinin “Web of Science” elmi məlumat platformasına çıxışının təmin edilməsi ilə başlanan uğurlu əməkdaşlıq öz müsbət nəticələrini verməkdədir. Belə ki, qlobal elmi bazadan istifadə aktivliyinin dinamikasında 2017-ci ildə əvvəlki illə müqayisədə 75 faiz artım, impakt faktorlu jurnallarda çap olunmuş məqalələrin sayında isə son 4 ildə 68 faiz artım qeydə alınmışdır. Nəşr  aktivliyinin son 3 ildə artım dinamikasına görə Azərbaycan regionda birinci yerə çıxmışdır. 2017-ci ildə nəşrlərin  sayı 1160 olmaqla son 25 ilin ən yüksək göstəricisi qeydə alınmış, onların, təxminən, 43 faizi ali təhsil müəssisələrinin payına düşmüşdür. Bununla belə, bu sahədə mövcud olan potensial imkanlardan daha səmərəli istifadə istiqamətində səylər daha da gücləndirilməlidir. Sevindirici haldır ki, həmin sazişin davamı olaraq 2018 — ci ilin dekabrın 5-də Təhsil Nazirliyi ilə “Clarivate Analytics”şirkəti arasında 2019-2021-ci illəri əhatə edən əməkdaşlığa dair müqavilə imzalanıb. Bu müqavilə mövcud əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi, “Web of Science @” platformasının rusdilli elmi nəşrlərin bazasına və ölkə üzrə elmi fəaliyyətin əhatəli təhlilinə imkan verən İnCites platformasına çıxışın təmin edilməsini nəzərdə tutur.

Azərbaycanda elm və təhsil müəssisələrinin dünyanın aparıcı elmmetrik  bazası olan Web of Science — e çıxışı nəticəsində elmi məhsuldarlıq artmış, elmi tədqiqat işlərinin effektivliyi yüksəlmişdir. Təkcə 2018-ci ildə Azərvaycan üzrə 1482 elmi tədqiqat işi qeydə alınmışdır (son 25 ildə Azərbaycan üzrə publikasiya sayının rekord həddi).

Bu sahədə uğurlu fəaliyyətin davam etdirilməsi məqsədilə dünyanın ən böyük elmmetrik bazası olan “Scopus”a çıxış üçün Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyətin Təminatı Agentliyi ilə həmin şirkətin təmsilçisi olan “Elsevıer” şirkəti arasında müqavilə 14 iyun 2023-cü ildə imzalanıb.

Azərbaycanda elmmetrik göstəricilərin ümumi aspektləri yeni qlobal çağırışlar qarşısındadır.

Azərbaycan elminin müasir elmmetrik göstəriciləri istər elm sahələri baxımından, istərsə də hüquqi aspektdən dünyada mövcud olan elmmetrik göstəricilərlə uzlaşmaqdadır. Ölkəmizin sovet elmi mirasından yola çıxaraq, müasir qlobal elmi çağırışlara uyğun şəkildə formalaşması üçün istər qanunvericilik baxımından, istərsə də elmi mühit tərəfindən bir sıra yeni islahatlar aparılmaqdadır. Bu islahatlar içərisində Azərbaycan elminin elmmetrik göstəricilərinin yaxşılaşdırılması mühüm yerlərdən birini tutur. Bu göstəricilərin ümumi aspektlərini müəyyən etmək üçün bir neçə metod və yanaşmaya müraciət etmək lazımdır. Bunlar içərisində inteqrativ yanaşma əsas faktorlardan biridir. Azərbaycan elminin qlobal elmə inteqrasiyası zamanı bir sıra amillər mütləq nəzərə alınmalıdır: ölkəmizdə uzun müddət formalaşmış elmi identikliyin qorunub saxlanılması, elmi məlumat baza sisteminin təkmilləşdirilməsi, baza formalaşdırarkən digər ölkələrin son illərdə tətbiq etdiyi mütərəqqi yeniliklərdən istifadə imkanları və s. Məsələn, qardaş Türkiyədə akademik qurumların bir-birilə sıx təmasını həyata keçirmək, eyni zamanda dünya elminə səmərəli inteqrasiyasını təmin etmək üçün Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası (TÜBİTAK) nəzdində Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzi (ULAKBİM) yaradılmışdır. Bu Mərkəz Türkiyədəki bütün akademik müəssisələri bir-biri ilə və qlobal tədqiqat şəbəkələri ilə birləşdirən Milli Akademik Şəbəkə infrastrukturunu idarə edir və bu şəbəkə üzərindən tədqiqat və inkişaf meyarlarını müəyyənləşdirir. Ötən əsrin 90-cı illərində yaradılan bu qurum günümüzdə Türkiyənin 100-dən çox ali təhsil ocağında 1300-dən artıq tədqiqatçıya müasir tədqiqatlar aparmağa imkan verən Türk Milli Elmi Elektron infrastrukturuna sahibdir. Bu qurum xüsusilə qlobal pandemiya dövründə distant təhsil, eləcə də qarşılıqlı elmi araşdırmaların onlayn platforma üzərindən aparılmasına geniş imkanlar yaratmışdır. Azərbaycan da qardaş ölkənin bu elektron elmi sistemindən istifadə edərək, müvafiq dövlət qurumlarının koordinasiyalı fəaliyyəti nəticəsində bənzər mexanizmə sahib ola bilər. Yaxın gələcəkdə bu amil Azərbaycan elminə xarici investisiyaların cəlb olunmasında önəmli rol oynaya bilər.

Elmmetrik göstəricilərin ümumi aspektlərinə digər yanaşma müqayisəli-təhlil metodundan istifadədir. Azərbaycan elmi ötən əsrdə 70 ilə yaxın bir müddətdə vahid nəhəng sovet elmi sisteminin tərkib hissəsi kimi inkişaf etsə də, müstəqil Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə 2015 və 2018-ci illərdə “Clavirate Analytics” şirkəti arasında bağlanmış saziş dünyanın bir çox elmi nailiyyətlərinə öz mühüm töhfələrini vermişdir. Məhz bununla əlaqədar olaraq, müqayisə və təhlil apararkən öncə, postsovet ölkələrinin müstəqillik illərində paralel inkişaf parametrlərinə nəzər salmaq lazımdır. Rusiya Federasiyasında dünya indeksasiya sistemlərindən biri olan Rusiya Elmi İstinad İndeksi (RİNS) yaradılmışdır. Bu indeksin “Web of Science” və “Scopus” indeks bazaları ilə bir sıra fərqli və oxşar cəhətləri vardır. Oxşar müəyyənləşdirmə metodlarına elmi nəşrlərinin axtarılması, alimin istinad indeksinin müəyyən edilməsi, təşkilatın nəşrlərinin axtarılması, alimin “Hirş indeksi”-nin müəyyən edilməsi, jurnalın “İmpakt faktoru”nun təyini və digər metodlar daxildir.

Azərbaycanda da müəyyən daxili platforma üzərində elmi istinad indeksinin yaradılması, daha sonra bu platformanın qlobal istinad indeksləri ilə müqayisəli şəkildə inkişaf etdirilməsi mümkündür. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutu tərəfindən yaxın günlərdə açıqlanan Fizika, Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə AMEA-nın üzvlərinin “Google Scholar”da “Hirş indeks”-lərinə nəzər saldıqda ən yüksək H-indeks-in 35 olduğunu görmək mümkündür. Digər elm sahələri üzrə göstəricilər açıqlanmasa da, bu göstəricilərin ümumi nisbətdə daha aşağı ola biləcəyini ehtimal etmək mümkündür. Burada bir neçə vacib məqam vardır: xarici dil biliyinin, xüsusilə ingilis dilindən istifadənin inkişaf etməməsi, həmçinin, daha əlçatan olması baxımından alimlərimiz məqalələrini əsasən yerli jurnallarda nəşr etdirirlər ki, bu jurnalların böyük əksəriyyəti dünya indeksləşdirmə məlumat bazalarına daxil deyildir; nisbətən qısa müddətdə verilənlər bazasında qeydiyyata alındıqlarından xarici həmkarları ilə rəqabət aparmaq qeyri-mümkün olur; bəzi indeks bazalarının tətbiq etdiyi yüksək abunəlik haqqına görə (istər elm sahəsi üzrə digər məqalələrin oxunması, istərsə də yeni məqalələrin yerləşdirilməsini də nəzərə alsaq) beynəlxalq istinad sistemlərinə qoşulmaq o qədər də həvəsləndirici görünmür. Azərbaycanın elmmetrik göstəricilərinin müəyyən olunduğu digər sahə yerli jurnalların İmpakt faktoru amilidir.

Azərbaycanın hazırda ən yüksək reytinqə malik impakt faktor-lujurnalı “Applied and Computational Mathematics” jurnalıdır ki, beşillik ortalama İmpakt faktoru 3.172, “Scimago” jurnal reytinqi üzrə ən yüksək göstəricisi isə 1.130-dur (2021). Ümumilikdə bu göstərici bazasında (2021-ci il üzrə) 11 Azərbaycan jurnalı yer alır ki, bunlardan ikisi Q1 kateqoriyalı, ikisi Q2 kateqoriyalı, biri Q3 kateqoriyalı, beşi Q4 kateqoriyalı, biri isə kateqoriyasız jurnaldır. Ümumiyyətlə, ölkəmiz 138 h-indeksi ilə 242 ölkə və birlik arasında 94-cü yerdə qərarlaşır ki, bu göstəriciyə görə postsovet ölkələri arasında Qırğızıstan, Tacikistan, Türkmənistan və Moldovanı qabaqlayır.

Qeyd edilən amillər Azərbaycanın elmmetrik göstəricilərinin yaxşılaşdırılması istiqamətində zəruri addımların atılmasına ehtiyac olduğunu göstərməkdədir. Hesab edirik ki, burada ilk mühüm məqam elmi tədqiqatların mobilliyinin artırılmasıdır. Eyni elm sahəsi üzrə tədqiqatların daha çevik və sürətli aparılması üçün ali təhsil müəssisələri çərçivəsində müxtəlif elmi mərkəzlərin yaradılması və mövcud mərkəzlərin fəaliyyətinin genişləndirilməsi, vahid elektron resurs habının yaradılması bu istiqamətdə atılacaq mütərəqqi addımlardan hesab oluna bilər. Eyni zamanda elmmetriya ilə bağlı praktiki təlimlərin aparılması, alimlərimizin bu istiqamətdə bir sıra beynəlxalq treninqlərdə iştirakına şərait yaradılması da məqsədəuyğun olardı. Azərbaycanda qələmə alınan elmi əsərlərin sayı, növü və yayılması ilə bağlı bibliometrik indikatorların empirik tədqiqinə töhfə verə biləcək əsərlərin qələmə alınması, bu sahədə digər dillərdə olan əsərlərin ana dilimizə tərcümə edilərək yayılması da mühüm şərtlərdən biridir. Azərbaycanın elmi tədqiqatlarının qlobal akademik dil bazasına uyğunlaşdırılması üçün xarici dildə praktiki biliklərə yiyələnməkdən əlavə, dünya elminə faydalı olan elmi əsərlərin xarici dilə tərcüməsi ilə bağlı stimullaşdırıcı dəstəyin verilməsində mühüm rolu vardır.

Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas hədəflərindən biri (“1.4. Ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən və rəqabətqabiliyyətli mütəxəssis hazırlığını təmin edən ali təhsil standartlarının  tətbiqi”) — də birbaşa elmmetriyaya xidmət edir.

Elmmetrik bazalarla yenicə tanış olan və bu bazaların istər yerli, istərsə də beynəlxalq müstəvidə təhlilinə qatılmağa çalışan bir sıra ölkələr bu prosesin sürətləndirilməsi üçün müəyyən təkliflər irəli sürür. Bu təkliflərdən biri avtomatlaşdırılmış sistem-idrak təhlilinin elmmetrik göstəricilərin yer aldığı bazalara tətbiq olunmasıdır. Bu təklifin praktiki tərəfi informasiya-kommunikasiya texnologiyaları ilə bağlı olsa da, nəzəri tərəfi mütləq mənada alimlərin fəlsəfi-empirik və epistomoloji görüşlərinə də dayanır. Belə ki, elmi göstəricilərin hansı meyarlar əsasında təyin olunması sadaladığımız bir sıra subyektiv səbəblərdən dolayı mütləq mənada yalnız riyazi hesablamalara dayana bilməz. Bu zaman keyfiyyət anlayışı alqoritm üzərində qurulacaqdır.

Qlobal müstəvidə Azərbaycanın elmmetrik göstəricilərinin birqütblü olaraq (əsasən Qərb institutlarına istinadən) inkişaf etməsini önləmək üçün daha bir elmmetrik platformadan çıxış etməsi də zəruridir. Belə bir təşəbbüs 2008-ci ildə İslam Ölkələri Təhsil Nazirlərinin Bakıda keçirilən IV toplantısında İslam Dünyasının Elmi İstinad Mərkəzinin yaradılması ilə irəli sürülmüşdür. Dünyanın aparıcı istinad sistemlərindən hesab olunan həmin Mərkəzin istinad sistemi alternativ istinadların mümkünlüyünü də ortaya qoymaqdadır. Bu təşəbbüsdən yola çıxaraq Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına bağlı olan yeni bir elmmetrik mərkəzin yaradılması və vahid istinad sisteminin qurulması elmmetrik göstəricilərin daha şəffaf və səmərəli aparılmasına böyük ölçüdə fayda verə bilərdi. Belə bir vahid konsepsiyanın hazırlanması həm Azərbaycan alimlərinin dəyərli tədqiqatlarının dünya arenasına  çıxarılmasına, həm də yeni elmmetrik terminlərin yaranması və formalaşmasına təkan verə bilər.

İnanırıq ki,XXI əsrin qlobal çağırışlarından biri olan elmmetriya kimi faydalı elmi güc platforması yeni yanaşma metodları ilə dünya alimlərinin elmi mübadilə potensialını qat-qat gücləndirəcəkdir. Saxta mənbələrin, istinadların dəqiq aşkarlanması, gələcəkdə müxtəlif tədqiqatçıların fərdi meyarlarla ələ aldığı jurnal və məqalələrlə bağlı araşdırmaların (Cefri Bill, Con Boannon) daha obyektiv göstəricilər əsasında müəyyən edilməsi elmin kəmiyyət, kəmiyyət üzərindən keyfiyyət və üstün keyfiyyət göstəricilərinin daha da yaxşılaşdırılmasına yol açacaqdır. Yekun olaraq əldə edilən nəticə budur ki, müasirAzərbaycan elmi mühitinin dünyaya açılan pəncərəsi məhz qlobal elmmetrik inteqrasiyadan başlamaqdadır.

Son illərdə ölkə Prezidentinin sərəncamı ilə AMEA-nın dəqiq və təbiət elmləri bölmələrinin ETN-ə verilməsi bu istiqamətdə mühüm addım kimi dəyərləndirilməlidir. İnanırıq ki, bu amil ölkəmizdə elm və təhsilin dünyaya inteqrasiyasına, elmmetriyanın davamlı inkişafına böyük töhfə verəcəkdir.