SOSİAL PEDAQOQLARIN HAZIRLANMASINA EHTİYAC VAR

Hikmət Əlizadə,
pedaqoji elmlər doktoru, BDU-nun professoru

Ümumtəhsil müəssisələrində fəaliyyət göstərən sosial pedaqoqlar təhsilalanların sosial-psixoloji ehtiyaclarının təmin edilməsində mühüm rol oynayırlar. Bu peşənin sahibləri şagirdlərin öyrənmə deyil, daha çox ümumi inkişafı və cəmiyyətə inteqrasiyası prosesində məktəb və ailə arasında tənzimləyici funksiyanı yerinə yetirirlər.

Şagirdlərin müxtəlif sosial və mədəni mühitlərə uyğunlaşması üçün pedaqoji yeniliklər, müasir metodlar tətbiq edilməlidir. Sosial pedaqoqlar da məktəb mühitində azyaşlıların sosial-psixoloji problemlərini həll etmək üçün onların psixoloji vəziyyətinə uyğun yanaşmalar təklif edirlər. Onların fəaliyyəti mövcud problemlərin həlli ilə məhdudlaşmır, həm də sosial yeniliklər və təşəbbüslərin tətbiqini ehtiva edir.

Məktəblərimizdə tərbiyə işi bu sahəyə məsul olan tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və sinif rəhbərləri tərəfindən həyata keçirilir. Onlar fəaliyyətlərində tərbiyə məsələlərinə ümumi istiqamətdən yanaşır və məktəbdə tərbiyəedici mühitin yaradılmasında böyük rol oynayırlar.
44 gün davam edən Vətən müharibəsi və antiterror əməliyyatları zamanı gənclərimizin göstərdikləri qəhrəmanlıqlarda tərbiyə işləri üzrə direktor müavinlərinin (təşkilatçıların) və sinif rəhbərlərinin ideoloji tərbiyə istiqamətində həyata keçirdiyi işlərin rolu böyük olub.

Müasir dövrdə dünyanın inkişaf etmiş ölkələrində məktəblərdə sosial pedaqoqlar fəaliyyət göstərirlər. Sosial pedaqoqların fəaliyyəti şagirdlərin tərbiyəsi və inkişafına istiqamətlənib. Lakin sosial pedaqoqlar tərbiyə məsələlərinə tərbiyə işləri üzrə direktor müavini və sinif rəhbərləri kimi ümumi istiqamətdən deyil, sosial qruplar müstəvisində yanaşırlar. Bu istiqamətdə sosial pedaqoqlar tərbiyə işləri üzrə direktor müavini və sinif rəhbərlərinin pedaqoji fəaliyyəti ilə ziddiyyət təşkil etmir, əksinə, onların işinin səviyyəsinin artmasına xidmət edir.

Məktəbdə şagirdləri müxtəlif meyarlar əsasında qruplara bölmək olar. Məktəbliləri ailənin demoqrafik vəziyyəti baxımından qruplara böldükdə onlar şəhid, qazi, qaçqın, köçkün, natamam, nuklear, mürəkkəb, təkuşaqlı və s. ailələrdən olan şagirdlər sayıla bilərlər. Valideynlərin peşə-təhsil səviyyəsinə görə böldükdə dünyagörüşünə görə fərqlənən, uşağın tərbiyəsi və inkişafı məsələlərini prizmanın müxtəlif bucaqlarından dəyərləndirən valideynlərin övladları, şagirdin inkişaf səviyyəsinə görə böldükdə istedadlı, təlimdə geridə qalan, çətin tərbiyə olunan, iddialı, iddiasız, lider, təcrid olunmuş və s. şagirdlər olur. Qeyd olunan qruplara daxil olan şagirdlərin hər birinin tərbiyəsi və inkişafı özünəməxsus yanaşma tələb edir. Bu məsələ məktəbdə sosial pedaqoqlar tərəfindən həll edilir. 

Onlar müxtəlif sosial qruplara daxil olan şagirdlərin tərbiyəsi və inkişafı baxımından zəruri olan metodika hazırlayır və həyata keçirirlər. Məsələn, istedadlı uşağın yaradıcı təfəkkürünün inkişaf etdirilməsi, geridə qalan şagirddə təlim motivasiyasının yaradılması, təcrid olunmuş şagirdin sinif daxili münasibətlərə daxil edilməsi və s. istiqamətlərdə fərdi metodika hazırlayırlar. Bu, şagirdlərin daha yüksək səviyyədə inkişafı üçün yeni üfüqlər açır”.

Uzun illər bu məsələ məktəblərdə fərdi yanaşma prinsipinin tələbləri çərçivəsində həyata keçirilirdi. Lakin müasir dövrdə fərdi yanaşma prinsipi müstəvisində bu məsələlərin həll edilə bilməsi çətin görünür. Buna görə də məktəblərdə sosial pedaqoqların fəaliyyət göstərməsi zamanın ehtiyacı kimi dəyərləndirilməlidir. Məsələyə bu istiqamətdən yanaşanda sosial pedaqoq kadrlarının hazırlanması məsələsi aktuallaşır.




KEYFİYYƏTLİ MÜƏLLİM UĞURLU TƏHSİLİN ƏSASIDIR

Hikmət Əlizadə
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, BDU-nun professoru

Müəllimliyin qüdrətini insanlar hələ qədim dövrlərdə kəşf ediblər. Hər adam müəllimlik etməyib, yalnız cəmiyyətdə seçilən insanlar bu ağır missiyanı öz üzərlərinə götürüblər. Elə onların adı ilə də məktəblər yaranıb: — Pifaqorun məktəbi, Sokratın məktəbi, Tusinin məktəbi, İbn Sinanın məktəbi və s. Belə təhsil ocaqlarının sayı o qədər də çox olmayıb, əvəzində bu məktəblərdə dövrün nəhəng mütəfəkkirləri, sərkərdələri, şairləri, bir sözlə, cəmiyyət həyatına nəzərəçarpacaq dərəcədə təsir edə biləcək insanlar yetişiblər. Təhsilin yaddaşı belə məktəblərlə və onların fəaliyyəti ilə zəngindir.

Orta əsrlərdə cəmiyyətin inkişafı axarında yeni-yeni məktəblər yaranıb. Həmin məktəblərdə dərs deyən müəllimlər də cəmiyyətdə inkişaf səviyyələri ilə fərqlənən insanlar olublar. Onların yetirmələri xalqın əqli, mənəvi və mədəni inkişafı uğrunda mübarizə aparıblar. Yeni dövrdə sənayenin inkişafı ilə bağlı olaraq məktəblərin sayı böyük sürətlə artmağa başlayıb. Bu zaman müəllim kadrlarına ehtiyac artıb, onların pedaqoji fəaliyyəti hər bir ölkənin taleyüklü strateji pedaqoji məsələlərindən biri kimi dəyərləndirilməyə başlanıb. Cəmiyyət həyatında müəllimin rolunun mahiyyəti dərk ediləndə orta ixtisas və ali pedaqoji təhsil ocaqları yaradıldı və müəllim kadrlarının hazırlanması bu müəssisələrdə həyata keçirilməyə başlandı.

Haşiyə: Əgər əvvəllər özündə müəllimlik qüdrəti hiss edən nəhəng insanlar müəllimlik fəaliyyəti ilə məşğul olurdusa, XX əsrdə pedaqoji təhsil alan insanlara müəllimlik fəaliyyəti ilə məşğul olmaq hüququ verildi.

Beləliklə, müəllim kadrlarının hazırlanması pedaqoji təhsil müəssisələrində həyata keçirilməyə başlandı. Zaman kontekstində pedaqoji təhsil müəssisələrində hazırlanan müəllim kadrlarının pedaqoji səriştələrinin, bilik və bacarıqlarının eyni səviyyədə olmadığı üzə çıxdı. Bunun nəticəsi olaraq, məktəblərdə pedaqoji fəaliyyətlərində uğur qazanan və uğur qazanmayan müəllimlər yarandı, onları metodist müəllim, qabaqcıl müəllim, adi müəllim və s. kimi mənalandırdılar. Bu, əslində müəllimlərin keyfiyyət ölçüləri ilə səciyyələndirilməsi deməkdir.

Məktəbdə isə yalnız pedaqoji bacarıqları ilə fərqlənən müəllimlər fəaliyyət göstərməlidir. Bu pedaqoji aksiomadır. Məsələnin belə qoyuluşu müəllim kadrlarının hazırlanması ilə yanaşı onların seçilməsi, yerləşdirilməsi məsələsinin aktuallaşmasını şərtləndirdi. Bu, yüksək səviyyəli müəllim kadrlarının müəyyən edilməsi və pedaqoji prosesə cəlb olunması üçün zəruri aktdır.

Sovetlər dönəmində ali təhsil müəssisəsini bitirən hər bir tələbə Yekun Dövlət İmtahanı verirdi. Bu imtahanın əsas məqsədi tələbələrin təhsil aldıqları müddətdə əldə etdikləri bilik və bacarıqlarının səviyyəsini müəyyən etmək idi. İmtahanda uğur qazanan tələbə təyinatla ixtisasına uyğun olaraq hər hansı bir məktəbə müəllim kimi işləməyə göndərilirdi. Yekun Dövlət İmtahanının ali məktəb tərəfindən təşkil edilməsi düzgün deyildi. Belə ki, bu zaman kadrı hazırlayan təhsil müəssisəsi əslində özü öz fəaliyyətini qiymətləndirmiş olurdu. Məntiqə əsaslansaq, bu imtahanın keçirilməsi işə götürən müəssisənin vəzifəsi olmalıdır. Sözün düzü, sovetlər dönəmində tətbiq edilən bu model müəllim kadrlarının keyfiyyət ölçülərinə mənfi təsir etmişdi.

İnkişaf etmiş dünya ölkələrində isə artıq uzun müddətdir ki, kadr seçimi işə götürənlər tərəfindən həyata keçirilir. Bunun üçün əvvəlcə müsabiqə elan edilir, sonra müsabiqədə iştirak etmək üçün sənəd verən kadrların onların tələblərinə uyğun olub-olmamasını müəyyən etmək üçün imtahan və müsahibə təşkil edilir. Müxtəlif ölkələrdə bu təcrübə əsasında özünəməxsus modellər yaranıb. İnkişaf etmiş ölkələr bu yolla məktəbin qüdrətini artıra biliblər.

Dünya təcrübəsi əsasında ölkəmizdə də təhsil islahatları müstəvisində həyata keçirilən yeniliklərdən biri müəllimlərin işə qəbulu üzrə yeni modelin tətbiq edilməsidir. Yeni modelə müvafiq olaraq dövlət ümumi təhsil müəssisələrində müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada elektron formada təşkil edilir. Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu Elm və Təhsil Nazirliyinin kollegiyasının qərarı ilə təsdiq edilmiş “Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən həyata keçirilir. Bunun üçün müsabiqə elan olunur. Müsabiqə 4 mərhələdən ibarətdir.

I mərhələ: Elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi — bu mərhələdə müsabiqədə iştirak etmək üçün sənəd verən mütəxəssisin ali təhsil və orta ixtisas müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirməsi, dövlət nümunəli diplom alması və xarici ölkədə aldığı ali təhsil haqqında sənədin tanınması və s. bu kimi məsələlər aydınlaşdırılır;

II mərhələ: Test imtahanının keçirilməsi — Müsabiqədə iştirak edən şəxslərə 40 ixtisas, 20 kurikulum olmaqla, 60 test tapşırığı təqdim olunur. Bu testlərə cavab vermək üçün onlara 90 dəqiqə vaxt ayrılır;

III mərhələ: Vakant yerlərin seçilməsi — Test imtahanında uğur əldə edən namizədlərə 8 vakant yeri seçmək imkanı verilir;

IV mərhələ: Müsahibə — Bu mərhələdə namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müvafiq komissiya tərəfindən müəyyənləşdirilir.

Göründüyü kimi, ölkəmizdə müəllimlərin işə qəbulu (MİQ) ilə bağlı pedaqoji cəhətdən maraq kəsb edən model yaradılmışdır. Bu modelin yaradılmasında əsas məqsəd yüksək keyfiyyət göstəricilərinə malik olan müəllimləri müəyyən edərək, onları pedaqoji prosesə cəlb etməkdən ibarətdir. Cari ildə MİQ imtahanlarının keçirilməsi üçün ölkəmizin 18 müxtəlif şəhər və rayonu üzrə 39 imtahan mərkəzi yaradılmış və 2-10 iyul tarixlərində 50264 nəfər imtahanda iştirak etmişdir. İmtahanlar ümumi təhsil müəssisələrində tədris olunan Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili, texnologiya, təsviri incəsənət, ibtidai sinif, musiqi, riyaziyyat, kimya, fizika, informatika, fransız dili, rus dili, rus dili və ədəbiyyatı, alman dili, ingilis dili, fiziki tərbiyə, biologiya, tarix, coğrafiya fənləri üzrə keçirilmişdi.

Test imtahanının nəticələrinə əsasən MİQ üzrə müsabiqədə iştirak edənlərin 22 093 nəfəri vakansiya seçimində iştirak etmək hüququ əldə etmişdir. Müsabiqədə iştirak edənlərin yarıdan az hissəsinin növbəti mərhələdə iştirak etmək hüququ əldə etməsi onu göstərir ki, bütün müəllimlər imtahanlara hələ də ciddi hazırlaşmırlar. Fikrimizcə, müəllimlər bu məsələyə diqqət etməli və öz üzərlərində daha ciddi işləməlidirlər. Onlar birmənalı şəkildə bilməlidirlər ki, ölkəmizdə aparılan təhsil islahatları müstəvisində məktəblərdə daha yüksək bilik və bacarıqlara malik müəllimlərin işləməsi tələb olunur.

Onu da qeyd etmək lazımdır ki, vakansiya seçimi zamanı şəhid ailələrinin üzvlərinə üstünlük verilir. Cari ildə 39 nəfər şəhid ailəsinin üzvü uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib. Vakansiya seçimindən sonra müsabiqənin müsahibə mərhələsi həyata keçirilmişdir. Müsahibənin nəticəsində müddətsiz müqavilə ilə 4537 müəllim vəzifəsinə təyinat alıb. Sentyabrın 3-də təşkil olunan apellyasiya müsahibələrində daha 106 müəllim uğur qazanıb. 1644 müəllimə müqavilə ilə çalışmaq imkanı verilib.

Müəllimlərin işə qəbulu prosesinin bu formada həyata keçirilməsi müəllimlər arasında rəqabətin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu, hər bir ali məktəb məzununun bilik və bacarıqlarını artırmaq qayğısına qalmasını tələb edir. Ümumiyyətlə, təhsil məkanında rəqabətin olması zəruri amillərdən biridir. Rəqabət olmayan yerdə inkişafdan söhbət gedə bilməz. Elm və Təhsil Nazirliyi bu məsələni öz fəaliyyətinin strateji nöqtələrindən biri sayır. Müəllimlərin sertifikatlaşması da bu məqsədə xidmət edir. Müəllimlərin işə qəbulundan üç il sonra onların ilk sertifikatlaşma imtahanına cəlb olunması, sonrakı illərdə onların üç dəfə beş ildən bir sertifikatlaşma imtahanında iştirak etməsi nəzərdə tutulur. Hərçənd ki, fikrimizcə, sertifikatlaşma imtahanlarının müəllimlik fəaliyyəti boyu davamlı olması daha yaxşı olardı. Sertifikatlaşma imtahanları da müəllimlər arasında rəqabətin və onların pedaqoji fəaliyyətə məsuliyyətinin artmasına xidmət edir. Cari ildə keçirilən sertifikatlaşma imtahanlarının nəticələrinin təhlili də belə deməyə əsas verir.

Məlum olduğu kimi, ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat müəllimləri bu il təkrar sertifikatlaşmadan keçmişlər. İmtahan verməyə daxil olan 31852 nəfər ibtidai sinif müəlliminin 86%-i, 9892 nəfər Azərbaycan dili və ədəbiyyat müəlliminin 94%-i uğur qazanmışdır. İlk dəfə sertifikatlaşma imtahanına cəlb olunan 8807 nəfər riyaziyyat müəlliminin 90%-i, 13957 nəfər xarici dil müəlliminin isə 79%-i uğurlu nəticələr əldə etmişdir. Düşünürük ki, riyaziyyat və xarici dil müəllimləri arasında keçid balı toplaya bilməyənlər gələn il onlara verilən ikinci şancda daha böyük uğurlar əldə edəcəklər.

Sertifikatlaşma imtahanının nəticələrini təhlil etdikdə müəllimlərin öz fəaliyyətinə məsuliyyətinin artdığı hiss olunur. Qeyd edək ki, riyaziyyat və xarici dil müəllimləri arasında yüksək göstərici əldə edənlərin sayı (müvafiq olaraq 46% və 31%) ibtidai sinif və Azərbaycan dili və ədəbiyyatı müəllimləri ilə müqayisədə (müvafiq olaraq 20% və 28%) daha çox olmuşdur.

Bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə də təhsil prioritet sahələrdən biridir. Təhsil cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsidir. Təhsildə uğurun əldə edilməsi üçün ilkin şərt, birmənalı olaraq, müəllimin keyfiyyət göstəriciləri ilə bağlıdır. Azərbaycan müəllimi həmişə bu göstəriciləri ilə zirvədə durub. Təəssüf ki, bu gün bu ifadəni işlətmək heç də həmişə mümkün olmur. Bu, müəllim nüfuzunun cəmiyyətdə azalmasına səbəb olmuşdur. Müəllimlərin işə qəbulu və sertifikatlaşma prosesində hələ də uğur qazanmayan müəllimlərə təsadüf edilməsi belə qənaətə gəlməyə əsas verir. Düşünürük ki, müəllim nüfuzunun geri qaytarılması müəllimin öz əlindədir. Bunun üçün müəllimlərimizdən öz üzərlərində çalışaraq pedaqoji səriştələrini artırmaq və daha keyfiyyətli dərs demək tələb olunur. İnanıram ki, müəllimlərimiz bu taleyüklü vəzifənin öhdəsindən layiqincə gələcəklər.




TƏHSİLİN MƏZMUNU: SƏHVİMİZ HARADADIR?

Hikmət ƏLİZADƏ

BDU-nun professoru, pedaqoji elmlər doktoru

Bəs biz bu problemi necə həll edə bilərik?

Təhsilin tarixinə diqqət etdikdə, hələ qədim dövrlərdən etibarən yeni nəslə verilən təhsilin iki məqsəd üzərində kökləndiyini görürük:

  1. Təhsilalanları həyata hazırlamaq;
  2. Təhsilalanları təhsilin növbəti səviyyəsində təhsil almağa hazırlamaq.   

Azərbaycan Respublikasının Təhsil Qanununda təhsilin hər bir səviyyəsinin məqsədi bu kökdə açıqlanır. Ölkəmizdə ümumi təhsil üç səviyyədə həyata keçirilir: ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsil. 

Hamıya bəlli olan SİRR

Şagirdlər on bir il orta məktəbdə təhsil alırlar. Amma təhsilin növbəti pillə və səviyyəsində (bakalavriatura nəzərdə tutulur) təhsillərini davam etdirmək üçün orta məktəbdə aldığı biliklər heç də həmişə yetərli olmur. Bəzi orta məktəb şagirdləri XI sinifdə təhsil alarkən ali məktəbə hazırlaşmaq üçün repetitorun yanına gedirlər. Görəsən səhvimiz haradadır? Biz nəyi düz etmirik? Fikrimizcə, bu səhvləri elə təhsilin məzmununda axtarmalıyıq. Bu suallara aydınlıq gətirmək üçün diqqəti əvvəlcə inkişaf etmiş ölkələrdə ümumi təhsilin məzmununun bəzi konturlarına yönəldək.

ABŞ-da ümumi təhsilin məzmunu

ABŞ-da orta məktəbin birinci səviyyəsi ibtidai təhsil “Elementary school” (5 il), ümumi orta təhsil “middle school” (3 il), tam orta təhsil “hign school” (4 il) adlanır.

“Elementary school” səviyyəsində şagirdlərin fərdi istedadlarını inkişaf etdirmək üçün üçüncü sinifdə xüsusi testlər vasitəsi ilə onları qabiliyyətə görə qruplara bölür, təlim prosesində onların bu və ya digər fənləri öyrənməsinə üstünlük verilir. Bu səviyyədə hətta istedadlı və geridə qalan şagirdlər üçün ayrı siniflər mövcuddur. Bu siniflər  evə verilən tapşırıqların səviyyəsi və fənlərin öyrənilməsi dərinliyi ilə bir-birindən fərqlənir.

“Middle school” səviyyəsində riyaziyyat, ingilis dili, təbiət elmləri, sosial elmlər (dünya tarixi də bura daxildir) və bədən tərbiyəsi məcburi fənn kimi tədris edilir. 8-ci sinifdə isə şagirdlərə əlavə olaraq xarici dil, incəsənət və ya texnologiya kimi fənləri seçmək hüququ verilir.

“Hign school” səviyyəsində müstəqillik daha da çoxalır, şagirdlər ali məktəbə qəbul olmaq üçün seçdikləri ixtisasa uyğun aşağıdakı fənlər üzrə əlavə məşğələlərdə iştirak edə bilərlər: xarici dil, kompüter qrafikası və veb-dizayn, informatika, robot texnikası, jurnalistika, kinomotoqrafiya, teatr sənəti və s. Zərurət hiss edənlər və ali məktəbə daha yaxşı hazırlaşmaq məqsədi ilə “Advanced Placement” adlanan 13-cü sinifdə seçdikləri ixtisasa uyğun fənlər üzrə daha dərin bilik əldə edə bilirlər.

Finlandiyada təhsilin məzmunu

1-6-cı siniflər baza orta təhsilin aşağı, 7-9-cu siniflər isə baza orta təhsilin yüksək səviyyəsi kimi dəyərləndirilir. 9 illik baza təhsilini bitirdikdən sonra şagirdlər daha bir il (onuncu sinif) əlavə təhsil almaq hüququna malikdir. Əlavə təhsil məzunların təhsilin növbəti pilləsinə daha yaxşı hazırlaşması məqsədi ilə həyata keçirilir. 9-cu sinfi, yəni, ümumtəhsil məktəbini bitirdikdən sonra şagirdlər tam ümumi orta təhsil verən liseylərdə və ya texniki-peşə məktəblərində təhsillərini davam etdirə bilərlər. Əgər texniki-peşə məktəbində təhsil almaq istəyən şagirdlər müəyyən ixtisas üzrə peşə təhsili alıb, istehsalatda işləyə bilirlərsə, liseylərdə şagirdlər ali məktəbə qəbul olmaq üçün təhsillərini davam etdirirlər. Liseylərə qəbul olmaq üçün şagirdlər orta təhsili daha yüksək balla bitirməlidirlər.   

Fransada təhsilin məzmunu

İbtidai təhsil Fransada 5 il həyata keçirilir: — Bir il hazırlıq kursu, iki il başlanğıc kurs, iki il orta kurs. Təhsilin bu mərhələsini bitirdikdən sonra imtahan verilir, şagirdlər ibtidai təhsil haqqında sertifikat əldə edirlər.

Orta təhsil Fransada iki blokdan ibarətdir. 6-5-ci siniflər (burada siniflər yuxarıdan aşağı nömrələnir) müşahidə (kollec), 4-3-cü siniflər oriyentasiya bloku (lisey) adlandırılır. Kollecdə təhsil almaq icbaridir. Şagirdlər ümumtəhsil fənlərinin standart toplusunu və hər hansı bir xarici dili öyrənirlər. Liseydə isə şagirdlər marağına əsasən  əlavə xarici dil  öyrənirlər.  3-cü sinifdən sonra təhsili bitirmə haqqında şəhadətnamə əldə edən şagirdlər, bundan sonra təhsillərini davam etmək üçün iki yol seçə bilərlər: Ya onlar peşə təhsili haqqında diplom verən peşə liseylərində təhsil ala bilərlər, ya da onları ali məktəblərə qəbul olmağa hazırlayan liseylərə. Bu liseylərdə proqram üç il üçün nəzərdə tutulmuşdur.

İngiltərədə təhsilin məzmunu

İngiltərədə ibtidai təhsil iki mərhələdə (key stages) həyata keçirilir. I mərhələdə  5-7, ikinci mərhələdə 7-11 yaşlı şagirdlər təhsil alırlar. İbtidai məktəbdə əvvəlcə ingilis dili, ədəbiyyat və riyaziyyat, tədricən isə təbiət fənləri, xarici dil, humanitar, dəqiq və kompüter elmləri tədris edilir. Uşaqlar məktəbdə yaradıcı işlərlə,  idmanla və s. məşğul ola bilərlər. Əsasən onların sosiallaşmasına, ünsiyyət bacarıqlarının inkişafına, özünə inamın formalaşmasına, müstəqil şəxs kimi yetişməsinə üstünlük verilir.

11 yaşdan 16 yaşına qədər orta məktəbdə təhsil alan şagirdlər GCSE (General Certificate of Secondary Education) şəhadətnaməsi almaq üçün hazırlanırlar.  Orta məktəb İngiltərədə iki mərhələdə həyata keçirilir. III mərhələdə (11-13) şagirdlər 15-ə qədər fənn öyrənir, peşə yönümü məşğələlərində iştirak edir və sonda imtahan (Common Entrance Examination) verirlər.  IV mərhələ (14-16) isə məqsədyönlü şəkildə buraxılış imtahanına (GCSE) hazırlıq üzərində qurulur. Bundan sonra onlar işləməyə və ali məktəbin qəbul imtahanlarına hazırlaşa bilərlər. 

Ali təhsil almaq qərarına gələn 16-18 yaşlı gənclər növbəti mərhələdə öz seçdikləri ixtisasa uyğun olaraq, 3-4 fənni seçir və sonda A-Level (Advanced Level Examinations) imtahanı verirlər.

Gəldiyimiz qənaət

Bu gün dünyanın inkişafını özəlliklərinə qədər əks etdirən internet səhifələrində müxtəlif ölkələrin təhsil sistemi, onun quruluşu və məzmunu haqqında kifayət qədər məlumat var və biz başqa ölkələrin də təhsil sistemi, təhsilin məzmunu, quruluşu haqqında qeydlər edə bilərdik. Amma düşünürük ki, təsadüfi seçim üzrə qeyd etdiyimiz dörd ölkənin məlumatları qaneedicidir və biz onları təhlil edəndə maraqlı bir məqamla qarşılaşırıq. Məktəb sistemi hər bir ölkədə özünəməxsus fərqlərə malik olsa da, onların hamısında şagirdlərin həyata hazırlanması ilə bərabər ali məktəbə hazırlığı da məktəbdə həyata keçirilir. Bu, bir tərəfdən məktəbin məsuliyyətini artırır, ikinci tərəfdən məktəbin məzmununun daim təkmilləşdirilməsini tələb edir. Bəs biz bu problemi necə həll edə bilərik? Maraqlıdır ki, bunun ən səmərəli yolu Azərbaycan Respublikasının Təhsil Qanununda göstərilib.  

Səhvimizin “episentri” haradadır?

2009-cu ildə qəbul edilmiş Təhsil Qanununun 19.17. maddəsində yazılır: “Tam orta təhsil səviyyəsində təhsilalanların istedad və qabiliyyətinin reallaşdırılması, müstəqil həyata və peşə seçiminə hazırlanması, fəal vətəndaş mövqeyinin, milli və ümumbəşəri dəyərlərə, insan hüquqlarına və azadlıqlarına hörmət hissinin və tolerantlığın formalaşdırılması, müasir informasiya-kommunikasiya texnologiyalarından və digər texniki vasitələrdən sərbəst istifadə etməsi, iqtisadi biliklərin əsaslarına yiyələnməsi, xarici dillərdən birində, yaxud bir neçəsində ünsiyyət saxlaması təmin olunur”.

Bu maddədə “tam orta təhsil səviyyəsində təhsilalanların istedad və qabiliyyətinin reallaşdırılması” məsələsi vurğulanır. Ümumi təhsil məktəblərində şagirdlərin istedad və qabiliyyətinin üzə çıxarılmasında müəyyən çətinliklər müşahidə olunur. Fikrimizcə, bunun səbəbini ümumi təhsil məktəbinin məzmununda axtarmalıyıq. Bu məsələni aydınlaşdırmaq üçün belə bir sualı aktuallaşdıraq: orta məktəbin ikinci və üçüncü səviyyəsi bir-birindən nə ilə fərqlənir?…. Əgər dərindən təhlil etsək, məlum olar ki, yalnız siniflərin nömrəsi ilə, yəni təhsilin ikinci mərhələsində V-IX sinif, üçüncü mərhələdə X-XI sinif şagirdləri təhsil alırlar. Onlara isə tədris edilən fənlərin əksəriyyəti ikinci mərhələdə başlayır, üçüncü mərhələdə yekunlaşır. Halbuki, Azərbaycan Respublikasının Təhsil Qanununda hər bir mərhələnin — ibtidai təhsilin (bax:19.9-cu maddə), ümumi orta təhsilin (bax:19.13-cü maddə) və tam orta təhsil səviyyəsinin (19.17.-ci maddə) məqsədləri bir-birindən köklü surətdə fərqlənir. Bu, onu göstərir ki, ümumi təhsilin ikinci və üçüncü səviyyələrində qarşıya qoyulan məqsədəmüvafiq olaraq təhsilin məzmunu daha səmərəli müəyyənləşdirilməlidir. Əlbəttə, hamını belə bir sual maraqlandıra bilər: — Necə? Maraqlıdır ki, bu sualın cavabı Təhsil Qanununun 19.19. — cu maddəsində göstərilir: “Tam orta təhsil səviyyəsində təhsilin təmayülləşdirilməsi (humanitar, texniki, təbiət və digər) təmin olunur”.

Orta məktəbdə təhsilin məzmunu: hansı yeniliyi etmək olar

Orta məktəbin ibtidai təhsil səviyyəsi haqqında danışarkən, qeyd edilməlidir ki, burada təhsilin məzmunu dünya təcrübəsinə əsaslanır. Yalnız məktəbəhazırlıq mərhələsinin məktəbdə təşkil edilməsi, fikrimizcə daha düzgün olardı. Bu hazırlığın proqramı psixoloqlar tərəfindən hazırlanmalıdır, uşaqlara I sinifdə keçirilən biliklər öyrədilməməli, onların psixoloji hazırlığı (motivasiyanın, duyğu üzvlərinin, təfəkkürünün, təxəyyülünün və digər psixi proseslərin formalaşması və inkişafı zəruri olmalıdır) əsas götürülməlidir.

Təhsilin ikinci və üçüncü səviyyələrində hazırda Azərbaycan dili, Ədəbiyyat, Riyaziyyat, Həyat bilgisi, İnformatika, Təsviri incəsənət, Azərbaycan tarixi, Ümumi tarix,  Musiqi, Fiziki tərbiyə, İngilis dili, Rus dili, Texnologiya, Fizika, Coğrafiya, Biologiya, Kimya, Çağırışaqədərki hazırlıq, Qarabağ tarixi (fakültətiv) fənləri tədris olunur. Bu fənlərin hamısının tədrisi zəruridir. Lakin bu fənlərin tədrisi davamedici xarakter daşımamalıdır. Onlar məzmun baxımından iki hissəyə bölünməlidir:

  • 1.Tətbiqi xarakter daşıyan  biliklər;
  • 2. Nəzəri xarakter daşıyan biliklər.

Tətbiqi xarakter daşıyan biliklər Təhsil Qanununun 19.13-cü maddəsinin tələbləri baxımından ümumi təhsilin ikinci səviyyəsində tədris edilməli, şagirdlərin həyata hazırlanması və təhsilin növbəti səviyyəsində təhsilini davam etdirə bilməsi üçün zəruri bacarıqların aşılanması baxımından zəruri olan bilikləri özündə ehtiva etməlidir. Təhsil Qanununun 19.16.-cı maddəsində deyilir: “Ümumi orta təhsil səviyyəsində yekun qiymətləndirmə aparılır və təhsili başa vuran təhsilalanlara müvafiq dövlət sənədi verilir. Ümumi orta təhsil haqqında sənəd təhsilin növbəti pillədə və səviyyədə davam etdirilməsi üçün əsas sayılır”. Başqa sözlə desək, təhsilin bu səviyyəsində tədris edilən fənlər nəticəsində qarşıya qoyulan məqsədlər, yəni şagirdlərin həyata hazırlanması və təhsilin növbəti səviyyəsində təhsilini davam etdirməsi üçün bacarıqların aşılanması həyata keçirilmiş sayılır və şagirdlərin əldə etdiyi uğurların qiymətləndirilməsi ilə yekunlaşır. 

İkinci hissəyə daxil edilən nəzəri biliklər isə tam orta təhsil səviyyəsində şagirdlərin ali məktəbdə qəbul olmaq üçün seçdiyi ixtisasa hazırlanması baxımından önəmli olmalıdır. Bu mərhələdə təmayül siniflər yaratmaqla təhsilimizi daha da təkmilləşdirmiş oluruq.  Bunun üçün Təhsil Qanununun 19.19.-cu maddəsində göstərildiyi kimi “humanitar”, “texniki”, “təbiət” və digər təmayül siniflərdə şagirdlərin həm həyata hazırlanmasını davam etdirmək, həm də ali məktəblərə qəbul olmaq üçün hazırlaşmasını təmin edə biləcək fənlər tədris olunmalıdır. Təmayül siniflərdə həmin ixtisasa uyğun fənlərlə yanaşı Çağırışaqədərki hazırlıq, Qarabağ tarixi (fakültətiv) kimi aktual fənləri, o cümlədən hamı üçün həm həyati vacib olan, həm də dünyagörüşünün inkişafı ilə bağlı fakültətiv xarakter daşıyan  “məişət kimyası”, “kompüter elmləri”, “müasir texnologiyalar”, “media vasitələri”, incəsənətin müxtəlif sahələrinə həsr olunmuş və s. bu kimi kurslar həyata keçirilə bilər.

Texniki və təbiət təmayülləri üzrə siniflərdə riyaziyyat təbii ki, ixtisas fənni kimi tədris ediləcək. Fikrimizcə, humanitar xarakterli təmayül siniflərdə də şagirdlərin riyazi təfəkkürünün inkişafını təmin etmək üçün tam orta təhsil səviyyəsində riyaziyyat fənninin tədrisi zəruri olmalıdır.

Ali məktəblərə qəbul imtahanlarının meyarı BİLİK, yoxsa QABİLİYYƏT olmalıdır?

DİM ölkəmizdə ali məktəbə qəbul məsələsində şəffaflıq yaratmışdır. Bu gündə universitetlərə qəbulun şəffaf formada keçirilməsi bütün təhsil işçilərini qürurlandırır. DİM uzun illərdir biliklərin yoxlanmasında test üsulundan istifadə edir. Bu, şagirdin biliyinin yaddaş əsasında yoxlanmasıdır. Son bir neçə ildə DİM açıq testləri də yoxlama testlərinə daxil etməklə şagirdlərin bilikləri ilə yanaşı, bacarıqlarını da yoxlamağa çalışır. Biz bunu təqdir edirik və yaxın gələcəkdə açıq testlərin sayının maksimim həddə qədər artırılmasını məqsədəuyğun sayırıq.

Hazırda incəsənət və idman ixtisasları üzrə ali məktəblər tərəfindən qabiliyyət imtahanları keçirilir (bu imtahanların da təkmilləşdirilməsinə ehtiyac vardır). Digər ixtisaslar üzrə isə DİM tərəfindən qabiliyyət testləri keçirilə və məktəb məzununun seçdiyi ixtisasa yararlıq dərəcəsi yoxlanıla bilər. Bu, həm də ona görə zəruridir ki, hələ də bəzi hallarda valideynlər və tələbələr tərəfindən ali məktəblərə qəbul motivasiyası, ixtisas seçimi düzgün qiymətləndirilmir. Əksər hallarda məktəb məzunları topladıqları bala uyğun “təki ali məktəbə qəbul olum” ideyasına üstünlük verirlər. Nəticədə qabiliyyətinin və həmin ixtisas üçün yararlılıq dərəcəsinin uyğun olmaması səbəbindən tələbə aşağı qiymətlərlə kursdan-kursa keçir, ali məktəbi bitirir, amma ölkə üçün tələb olunan mütəxəssisə çevrilə bilmir, yiyələndiyi ixtisas üzrə heç bir uğur qazana bilmir, ya ixtisasını dəyişir, ya da hər hansı başqa bir işlə məşğul olur.   

Son söz əvəzi

Müstəqillik əldə etdiyimiz dövrdə, biz bir tərəfdən mənfur və hiyləgər düşmənlə mübarizə aparmışıq, digər tərəfdən ölkənin inkişafı üçün çoxsaylı zəruri işlər yerinə yetirmişik. Təbii ki, təhsil sistemimizi də yenidən qurmuşuq. Tarixin heç bir dövründə yenilik nöqsansız olmayıb. Nöqsan günah deyil, günah onları aradan qaldırmamaq və ya aradan qaldırmağa cəhd etməməkdir. Bunun bir yolu var: həqiqi reallığı üzə çıxarmaq üçün dialoq və müzakirələr aparmaq. Sevindirici haldır ki, Təhsil Nazirliyi bu yola üstünlük verir və son dövrlərdə dialoq və müzakirələrin sayı çoxalır. Bu, onu göstərir ki, yaxın gələcəkdə təhsil işçiləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsilin qarşısına qoyduğu problemləri uğurla həll edə biləcəklər.