“HEÇ BİR TƏLƏBƏNİ MÜƏLLİMİN, HEÇ BİR MÜƏLLİMİ DƏ TƏLƏBƏNİN AYAĞINA VERMƏYƏCƏM”

Kamal Abdulla
Filologiya elmləri doktoru, professor, xalq yazıçısı, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, I dərəcəli dövlət müşaviri, Azərbaycan Dillər Universitetinin rektoru

– Kamal müəllim, bu günlərdə sosial şəbəkələrdəki səhifələrdən biri sorğu keçirmişdi və səsvermə nəticəsində Azərbaycandakı rek­tor­la­rın arasında ən yaxşı nəticəni Siz toplayaraq “İlin rektoru” seçilmisiniz. Öy­rənmək istəyirəm ki, müəllimlərə və tələbələrə yönələn hansı fəaliy­yət­lərinizə görə Sizə “İlin rektoru” adı verilib?

– Demək çətindir, hansı məqama görə. Hər halda, tələbənin gözü tə­rə­zi gözüdür. O, atdığı addımın istiqamətini və mahiyyətini dəqiq bilir. Bir az çətin sualdır. Yəqin ki, tələbə ilə ünsiyyətin formasına görə, mahiyyətinə görə. Bu, universitetimizdə gedən bir çox proseslərin demokratikləşməsi və şəf­faflaşmasının nəticəsi ola bilər. Mənim bir devizim var. Bunu tələbələr də, müəllimlər də çox sevir. Demişəm ki, mən heç zaman heç bir tələbəni müəl­limin ayağına verməyəcəyəm, amma, eyni zamanda heç bir müəllimi də heç bir tələbənin ayağına verməyəcəyəm. Görünür, bu iki bir-birinə əks qütb­ləri çətinliklə də olsa, birləşdirmək təşəbbüsü və cəhdi tələbələrin nəzə­rindən qaçmır.

– Fasilələri nəzərə almasaq, uzun müddətdir rektor olaraq ça­lı­şır­sı­nız. Əvvəl Bakı Slavyan Universitetinin rektoru vəzifəsində çalışırdınız, indi isə Azərbaycan Dillər Universitetinin rəhbərisiniz. Ali təhsilin key­fiy­­yətində, key­fiyyətinin artırılmasında rektorun fəaliyyətini nədə g­ö­rür­sü­­nüz? Ali təh­silin keyfiyyətinin artırılmasına konkret necə təsir edir­si­niz?

– Ali təhsilin keyfiyyəti dedikdə, auditoriyalardakı dərsləri, tələ­bə­lə­rin dərsdənkənar çalışmaları, məşğuliyyəti, tələbələrin və müəllimlərin bir-biri ilə auditoriyadan kənardakı ünsiyyətini nəzərdə tutmaq olar. Biz ça­lı­şı­rıq ki, bunları küll halında həyata keçirək. Müəllimlə tələbənin ünsiyyətini tək­cə dərs otağı ilə məhdudlaşdırmayaq. Dərsdən də əlavə tələbənin uni­ver­sitetdə kifayət qədər qalmaq səbəbi var və müəllimin də dərsindən əla­və tələbələrlə məşğul olmaq öhdəliyi var. Bunları bir-biri ilə uzlaşdırmaq asan da deyil. Amma bu uzlaşma baş tutanda görürsən ki, bu, müəllimin də, tələbənin də daxili tələbatına uyğundur, yəni bunu onlar özləri sanki istə­yirmişlər. Bizdə tələbələr var ki, dərsdən sonra universitetdən getməyə tə­ləsmirlər. Universitet çərçivəsində müxtəlif şəkildə, həm azərbaycançılıq ideo­logiyası, həm də peşəkar mütəxəssis kimi yetişmələri istiqamətində qu­ru­lan elə maraqlı məqamlar var ki, tələbə dərsini qurtarandan sonra uni­ver­sitetdən getməyə tələsmir. Müəllim də iş vaxtı qurtarandan sonra get­mə­yə tələsməməlidir. Biz buna çalışırıq nail olaq. Yəni üzvi surətdə bu mə­sə­lələr – tələbə-müəllim münasibətləri, müəllimlərin başqa ölkələrə və uni­ver­sitetlərə staj artırmağa getmələri və qayıtmaları, universitetlərin bir-biri ilə əlaqəsi təmin olunur. Təbii ki, bu gün universitetlər hər biri öz qa­za­nın­da bişən universitetlər deyil. Onlardan çox şey götürmək mümkündür.

– Son qeyd etdiyiniz amil – universitetlərdə müəllimlərin və tələ­bə­lə­rin, universitet işçilərinin xarici ölkələrə təcrübə proqramlarına get­mə­si Sizin universitetdə nə dərəcədə reallaşır, belə imkanlar varmı?

– Mən sizə deyim, bu, çoxdan yaddan çıxmış, unudulmuş məqam idi. Mənim yadıma gəlir, hələ sovet dövründə müəllimlər staj artırmağa başqa uni­versitetlərə göndərilirdi. Mən vaxtilə Dillər Universitetində çalışmışam. Slav­yan Universitetindən əvvəl bu universitetdə fasilələrlə 16 il kafedra mü­diri vəzifəsində olmuşam. Yadıma gəlir ki, o zamanlar SSRİ-nin müx­tə­lif şəhərlərinə, müxtəlif respublikalara vaxtaşırı olaraq hər 5 ildən bir müəl­lim­lər staj artırmağa gedirdilər. Sizə deyim ki, onun çox güclü effekti olur­du. Qayıdanda, əlbəttə, həmin universitetin ən azı ab-havasını gətirirsən, onun intellektual səviyyəsindən yeniliklər gələ bilir. Bütün bunlar, mənə elə gəlir ki, universitetin tam şəkildə bir universitet olaraq bütün ciyərləri ilə nəfəs almağına imkan verirdi. Bu, son zamanlar ona görə unudulmuşdu ki, artıq imkanlar elə deyil, özümüz öz gücümüzə nələrisə etməliyik. Buna bax­mayaraq, artıq ikinci ildir ki, Belarus, Ukrayna, Rusiyanın Linqvistik Uni­versitetləri ilə əlaqələri elə qururuq ki, müəllimlərimiz oraya stajar­tır­ma­ğa gedə bilsinlər. Ən maraqlısı odur ki, artıq biz o universitetlərdən staj artır­mağa gələnləri də qəbul etməyə başlamışıq. Bu yaxınlarda bu məq­səd­lə universitetə Kiyev Milli Linqvistik Universitetindən iki kafedra müdiri gəl­dilər. Bu, özü də siz dediyiniz əlaqələrin dərinləşməsinə, möh­kəm­lən­mə­sinə kömək edir.

– Bəs inkişaf etmiş dövlətlərin universitetlərinə, Qərb univer­si­tet­lə­rinə necə, getmək mümkün olur?

– Bilirsiniz, bunlar maliyyə məsələləri ilə bağlıdır. Onların şərtlərinə hə­mişə cavab verə bilmirik. Bununla yanaşı, elə beynəlxalq proqramlar var ki, orada iştirak bizi həmin universitetlərlə bir sırada müəyyən məsələləri həll etməyə gətirib çıxarır. Tədris məsələlərini, elmi məsələləri, tələbələrin mü­badiləsini, onların başqa universitetlərə getməsi və geri dönməsini. İspa­niya, İngiltərə, Rusiya, Fransa universitetləri, xüsusilə Strasburq uni­ver­siteti, Moskva Pedaqoji Universitetinin (MPU) Samara filialı, Ukrayna, Bela­rus, Gürcüstan, İndoneziya və digər dövlətlərin universitetləri ilə bizim yaxşı əlaqələrimiz var.

– Slavyan Universitetində rektor olarkən Yaradıcılıq fakültəsi ya­rat­mışdınız və o sahənin peşəkarları müxtəlif fənləri hazırlayırdılar, tələ­bə­lərin hazırlıqlarını yerinə yetirirdilər. Siz oradan uzaqlaşandan sonra o fa­kültə fəaliyyətini dayandırdı. Rektorlar ali təhsilin idarəedilməsində nə qədər azaddırlar?

– Universitet çərçivəsində mütləq azadlığa malikdirlər. Mənim uni­ver­sitet rəhbəri kimi azadlığımı heç nə məhdudlaşdırmır. Nazirlik işimizi perspektiv və strateji istiqamətdə qurmağımıza kömək edir. Köməyə ehti­ya­cımız olan zaman öz köməyini əsirgəmir. Cənab Prezidentin Sərəncamı ilə bizim universitet Azərbaycanda dördüncü universitetdir ki, publik-hü­qu­qi şəxs statusuna layiq görülüb. Bu, bizim müstəqilliyimizi bir qədər də ge­nişləndirir. Yaradıcılıq fakültəsi ilə bağlı onu demək istərdim ki, bəli, belə fakültə o vaxt yaradılmışdı. Məqsəd bizim yaradıcı gənclərin intel­lek­tual səviyyəsinin artırılmasına xidmət göstərmək idi. Mən ədəbiyyat adamı oldu­ğum üçün baxıb görürdüm ki, bəzi gənclərimiz gözəl şeir yaza bilir, ahəng­dar, qafiyəsi, ritmi, hər şeyi öz yerində, amma bu şeirin hansısa intel­l­ektual nəfəsi çatışmır. Görürsən ki, gəncin həvəsi var, amma o həvəsin arxa­sında duran intellektual güc zəifdir, ya da yoxdur. Ona görə də bizim məq­sədimiz həmin gəncləri bir yerə toplayıb onlardakı kulturologiya, dün­ya ədəbiyyatı tarixi, qədim yunan mifləri, müasir Azərbaycan ədəbi pro­se­si, ingilis dili, rus dili istiqamətində biliklərin dərinləşməsini təmin etmək idi. Çox sevinirəm ki, onların arasında elə gənclər var idi ki, bu gün Azər­bay­can ədəbiyyatında tanınmış adlardır. Həmin ənənəni Dillər Uni­ver­si­te­tin­də həyata keçirmək niyyətindəyəm. Həmkarlarımla danışmışam, gənc ya­radıcı qüvvələrin həmin istiqamətlər üzrə bizim köməyimizə ehtiyacı olduğunu düşünürəm. Yəqin ki, dərslərə sentyabr ayından başlayacağıq.

– Prezidentin fərmanı ilə artıq rektorlar 5 il müddətinə təyin olu­nur. İctimaiyyətdə bəzi müzakirələr var ki, rektorluq seçimlə olmalıdır. Sabiq təhsil naziri Firudin Cəlilov da BBC-yə müsahibəsində demişdi ki, 1992-ci ildə Təhsil haqqında Qanun hazırlayarkən rektorluğun seçim vasitəsilə aparılmasını nəzərdə tutublar. Sizcə, niyə rektor seçki ilə deyil, təyi­natla olmalıdır?

– Öz fikrimi izah edim. Rektorların seçilməsi universitet kollektivi ara­sında ikiləşmə və ya üçləşməyə gətirib çıxara bilər. Bu, çox təhlükəli mə­qam­dır. Universitetdə çalışan rektor və ya başqa şəxs öz namizədliyini verə­cəksə, ikitirəlik yarana bilər. Universitet mənəviyyat nöqteyi-nəzərdən par­çalana bilər. Bu da təhsilə son dərəcə pis təsir göstərər. Azərbaycan uni­ver­sitetləri arasında olan yeganə hal kimi, səhv etmirəmsə, 1987-ci ildə Bakı Döv­lət Universitetində rektor seçkiləri yadıma düşür. O zaman uni­ver­si­te­tin rektorluğuna iki nəfərin namizədliyi var idi. Rəhmətlik Yəhya Məm­mə­dov, Azərbaycanın görkəmli riyaziyyatçı alimi və universitetdə uzun illər elmi işlər üzrə prorektor kimi çalışan, Azadlıq hərəkatında xüsusi xidməti olan insan və digər görkəmli riyaziyyatçı, rəhmətlik Mirabbas Qasımov. Heç kim inkar edə bilməz ki, universitet kollektivi iki qütbə bölünmüşdü. Yəh­ya müəllim böyük fərqlə rektor seçildi və onun rektor kimi böyüklüyü onda oldu ki, seçiləndən sonra qütbləşməni dərinləşməyə qoymadı. O, rek­tor seçildikdən sonra hamının rektoru oldu, hamıya eyni dərəcədə, eyni ob­yek­tivliklə münasibət bəslədi. Başqa halda qütbləşmə kimyəvi reaksiya kimi davam edə bilər və çox ciddi ixtilaflara gətirə bilər. Mən ona görə hesab edirəm ki, rektorların təyin olunması daha məqsədəuyğundur.

– Dediyiniz kimi, bu, parçalanma yaratmadı. Ola bilər ki, başqa seçkilərdə…

– Ola bilər, amma olmaya da bilər.

– Amma, görünür, Siz böyük ehtimal hesab edirsiniz ki, bu, olmaz…

– Cəmiyyət bütövlükdə daxilən belə bir vəziyyətə hazır olmalıdır. Seç­ki, ümumiyyətlə subyektiv anlayışdır. Seçki, müsabiqəson dərəcə ob­yek­tiv olunduğu deyilsə də, subyektivlik məqamı hökmən özünü gös­tə­r­mə­lidir. O subyektivlik başqa bir subyektivliklə qarşılaşdıqda nə doğura bilər, bunu özünüz təsəvvür edin.

– Bildiyiniz kimi, indi internet əsridir və internet vasitəsilə azər­bay­canlı tələbələr amerikalı, avropalı, türkiyəli və digər tələbələrin də təh­sil prosesini izləyə bilir. Eyni zamanda onlar da azərbaycanlı tələb­lə­rin təhsil prosesini izləyə bilirlər. Siz də, yəqin, izləyirsiniz və müşahidə edir­siniz. Sizcə, Azərbaycan ali təhsili, ümumilikdə nələrdən geri qalır?

– Çox maraqlı sualdır. Biz yavaş-yavaş dünya kontekstinə daxil olma­ğa başlamışıq. Yadıma gəlir, sovet dövründə Yaponiyada səfərdəydim, Azər­baycan mədəniyyət günləri keçirilirdi. Geri qayıdanda jurnalistlər mənə çoxlu suallar verirdilər. Sual verdilər ki, biz onlardan nə qədər geri qalı­rıq? Mənim cavabım indiyə kimi yadımdadır: “Biz onlardan qətiyyən geri qalmırıq, çünki biz başqa-başqa qalaktikalardayıq”. Bu gün artıq hə­min qalaktikalar birləşib və biz dünya kontekstinə daxil olmağa başlamışıq. Bu gün hansı universitetlə münasibətdə nəyin çatışıb-çatışmadığını saymaq olar, tələbə mübadiləsi var, tələbələr oradakı ab-havanı görürlər, duyurlar, onun aurasına düşürlər, o həyatı yaşayırlar. Bir dəfə mühazirə demək üçün Ame­­rikanın Kolumbiya Universitetinə dəvət olunmuşdum. Bu, qısa müd­dət baş verdi. Geri qayıtdıqdan sonra uzun müddət həmin təəssüratla ya­şa­ma­ğa davam etdim. Əlbəttə ki, görüb-götürməli çox şeyimiz var. Amma bizim də verəcək az şeyimiz yoxdur. Elə bu gün bizim universitetə Ame­ri­ka­dan 10 tələbə gəlib. Soruşa bilərsiniz, niyə gəliblər? Azərbaycan dilini öy­rən­məyə. “Azərbaycan dilini bunlar niyə öyrənirlər?” sualını mənə ver­sə­niz, mən sizə deyərəm, bu gün Azərbaycanın dünya miqyasında artan hör­məti, şöhrəti, Azərbaycanın regionda tutduğu önəmli və əsas, aparıcı rolu onlara bu dili öyrənməməyə heç bir imkan vermir. Yadınıza gəlirsə, o za­man­lar rus ziyalısı Bestujev-Marlinski demişdi ki, XIX əsrdə Azərbaycan dili­nin Qafqazdakı rolu fransız dilinin Avropadakı roluna bənzəyir. Bu, çox doğ­ru müşahidədir. Dağıstan xalqları bir-biri ilə hansı dildə danışırdılar? Azər­baycan dilində. Azərbaycan dilinin belə bir mövqeyi və avtoriteti var idi. Bu gün o, bərpa olunmağa başlayır. Amerikadan gəlirlər öyrənməyə. Hələ başqa ölkələri demirəm.

– Növbəti sualım isə bu sualın davamıdır. Azərbaycanda verilən ali təhsil bilikləri müasir dünyada verilən ali təhsil biliklərindən nə ilə fərqlənir?

– Mən də sizə eyni sualın eyni cavabını verə bilərəm. Elə sahələr var ki, biz onlarda özümüzü balıq sudakı kimi hiss edirik. Çox rahatıq. Bu, Azər­­baycan ədəbiyyatı, dili, humanitar elmlərə daha çox aiddir. Yəni “Azər­­­­baycandan kənarda bu səviyyədə bu bilikləri daha harada vermək olar?” sualına cavabı tapmaq çətindir.

– Dillər Universitetini bu gün bitirən bir tələbə ona verilən bilik­lər­lə nə qədər uzağa gedə bilir?

– Dillər Universitetini bu gün bitirən tələbə öz imtiyazlarına görə Azər­baycan Respublikasının Baş naziri vəzifəsinə qədər gedə bilir. Bu gün bizim Baş nazirimiz cənab Novruz Məmmədov Dillər Universitetinin həm mə­zunudur, həm də uzun illər burada çalışıb. Hələ mən nazirlərimizi, yük­sək rütbəli məmurlarımızı, səfirlərimizi demirəm.

– Tələbələrlə münasibətdə onlara yaratdığınız şəraitdən, tələbələrlə fər­di ünsiyyətə üstünlük verdiyinizdən, onları müəllimlər və idarə­çi­lik­də­ki digər şəxslərdən qoruduğunuzdan danışdınız. Soruşmaq istəyirəm ki, Azərbaycanda və Sizin universitetdə tələbələr ictimai-siyasi ha­di-sə­lər­də iştiraklarında, hər hansı prosesə öz mövqelərini bildirməkdə, uni­ver­sitetdən kənarlaşdırılmaq qorxusu olmadan sərbəst şəkildə özlərini ifa­də etməklərində nə qədər azaddırlar?

– Tam sərbəst şəkildə bizim tələbələrimiz özlərini hər yerdə ifadə edə bilir­lər, öz siyasi şüurlarını formalaşdırmaq imkanları var. Biz bunun üçün xü­susi çalışırıq ki, onlar cəmiyyətdə gedən proseslərdən, internet sə­hi­fə­lə­rin­dən kənarda qalmasınlar. Dünya ilə təmasın mümkün olan bütün effek­tiv yollarından istifadə etsinlər. Bunun üçün biz də əlimizdən gələni edirik. Bir layihəmizi də sizin diqqətinizə çatdırmaq istəyirəm. Universitetdə çox ma­raqlı layihə həyata keçirilir. Universitetdə bütün birinci kurs tələbələri – təəs­süf ki, imkanımız ancaq birinci kurs tələbələrinə çatır – kitab dü­ka­nın­dan aldığı kitabların qəbzini verib pulunu geri qaytara bilirlər. Yəni uni­ver­sitet birinci kurs tələbələrinin öz evində şəxsi kitabxanasını for­ma­laş­dırmağın əsasını qoyur və bu istiqamətdə ona kömək etməyə çalışır. Bu da həmin müəllim-tələbə münasibətlərinin bir hissəsidir.

– Universiteti bitirən tələbələr sonradan magistratura pilləsinə qə­bul olmaq üçün hazırlıq kurslarına gedirlər. Əksər hallarda bu kurslar aka­demik sahənin kursları olmur, universitetə bağlı olmayan, fərdi şəxs­lər və ya təşkilatlar tərəfindən göstərilən xidmətlər olur. Siz necə düş­ü­nür­sünüz, bakalavr pilləsinin tələbələrinin aldığı təhsil kifayət etmir ki, onlar yenidən hazırlığa gedirlər?

– Bu da maraqlı sualdır və təhsil sisteminə içindən baxmağa sövq edir. Söhbət ondan gedir ki, magistratura sisteminə daxil olmaq tələbləri yük­səlib. Bu tələblərlə bakalavriat tələbləri, bəlkə də, mütənasib uyuşmaya gə­lib çıxmayıb. Bu da ola bilər. Əslində, “ola bilərlər”in hamısından daha vacib kriteriya var. Universitet tələbəyə mütəxəssis kimi formalaşması üçün lazım olan biliyin 70-80 faizini verə bilir. Yerdə qalan isə gəncin özün­dən asılıdır. “Mənim universitetlərim” adlı anlayış var. Hər bir gəncin hə­ya­tın­da oxuduğu universitetdən əlavə, öz universiteti də olmalıdır. Bu za­man, məncə, magistratura problemi də olmaz. Təəssüf ki, bizdə həmin tə­lə­bə­lər ehtiyacları olduqları qədər təhsil almır. Amma tələbənin özü də əlavə təh­sil almağa ehtiyacı olduğunu hiss edirsə, bunun özü də balaca şey deyil.

– Yəqin, müşahidə edirsiniz, beynəlxalq təşkilatlar dünya univer­si­tet­lərinin reytinq cədvəllərini dərc edirlər. Biz, adətən, Azərbaycanı ya bu siya­hılarda heç görmürük, ya da çox aşağı mövqelərdə görürük. Sizcə, bunun səbəbi nədir? – Reytinq cədvəlləri son dərəcə subyektiv istiqamətlərdən düşünülüb ortaya çıxarılan cədvəllərdir. Yəni reytinqin özünün məqsədindən asılı ola­raq, mən elə bir reytinq cədvəli düzəldə bilərəm ki, bizim universitet dün­ya­da birinci olar. Azərbaycanda xarici dillərin öyrənilməsi. Bu, Harvardda var? Yoxdur. Yəni reytinqi elə quraram. Beynəlxalq səviyyədə qəbul olun­muş­dursa, o zaman niyə müxtəlif reytinq cədvəllərində müxtəlif uni­ver­si­tet­lər çıxır? Burada cəmiyyətin bütövlükdə inkişafı vacibdir. Reytinq cəd­vəl­lərinin qurulmasında əsas məsələlərdən biri, məsələn, həmin uni­ver­si­tet­də neçə nəfər Nobel mükafatçısının çalışmasıdır. Bu, çox vacib prin­sip­dir. Gərək cəmiyyət Nobel mükafatçısına malik olsun, düzdür? Elə məs­ə­lə­lər var ki, universitetin özündən asılı deyil. Cəmiyyət gərək o məqama ha­zır olsun. Azərbaycan cəmiyyəti bu gün inkişaf edir, bugünkü Azərbaycan dü­nənki Azərbaycan deyil. Biz baxırıq və çox zaman bunun fərqinə va­r­mı­rıq. Bu gün kəndlərimiz, şəhərlərimiz, küçələrimiz, binalarımız, bağlarımız, bağ­çalarımız dəyişir. Bununla yanaşı, bu gün Azərbaycan insanı mənən də­yi­şir, daxilən dəyişir. O, artıq dünənki insan deyil. Bugünkü Azərbaycan insa­nı, prinsip etibarilə, öz şəxsi mənafeyini ictimai mənafedən yüksək tut­ma­yan insandır. Şəxsi mənafeyini saxlayıb, ictimai mənafeyini irəli buraxan insandır. Vətən, ölkə, himn, bayraq, Prezidentini hər şeydən yüksək tutan in­sandır. Təmayül, meyl bu istiqamətdədir. Bu, çox vacib göstəricidir. Bu gös­tərici bütövlükdə həyata keçdikcə, mən hesab edirəm ki, hər şey za­ma­na bağlıdır və o dediyiniz məsələlərin də bir çoxu zamanında həll olunacaq.




ULU ÖNDƏR AZƏRBAYCAN MULTİKULTURALİZMİNİN SİYASİ BANİSİDİR

Kamal Abdulla
Filologiya elmləri doktoru, professor, xalq yazıçısı, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, I dərəcəli dövlət müşaviri, Azərbaycan Dillər Universitetinin rektoru


DOI

Multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni za­man­da ictimai-bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan də­yər­lər toplusu kimi, xüsusilə sovet ideologiyasının hökmranlıq etdiyi illərdə kifa­yət qədər sistemsiz və spontan mahiyyətə malik idi. Onun sanki bütün vacib özəllikləri mövcud idi. Tolerantlıq və mənəvi potensial, dini loyallıq və milli özünəməxsusluq, psixoloji səbat və bəşəri dəyərlərə açıqlıq Azər­bay­can insanını multikultural bir rejimin içinə salmağa hazır idi. Bu və bu kimi xüsusiyyətlər Azərbaycan ədəbi-bədii düşüncə müstəvisində həm tari­xən, həm də bu gün kifayət qədər görümlü və təsiredicidir.

“Kitabi-Dədə Qorqud” dastanından, şifahi və yazılı ədə­biy­ya­tı­mız­dan keçən bariz nümunələr uzaq keçmişdən bugünümüzədək multi­kul­tu­ral ənə­nələrin mövcudluğunu aşkar şəkildə sübut edir. Bunun fonunda müa­sir dövr­də həllini tapası yalnız bir əsas məsələ qalırdı: hüquqi və siyasi müs­­tə­vi­də multikulturalizmin yerini müəyyən etmək. Və bunu ulu öndər Heydər Əliyev etdi. O, Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideo­loji hə­dəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu for­ma­laş­mış çox­mədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mər­­hə­lə­yə qaldırdı. Bu mərhələ siyasi mərhələ idi. Əslində, ulu öndər Azər­­bay­can multikulturalizminin siyasi banisi oldu.

Ulu öndər Heydər Əliyev bununla ilk növbədə multikulturalizm siya­si modelinin assimilyasiya və izolyasiya kimi digər mümkün siyasi mo­del­lər­dən üstün olduğunu bütün dünyaya nümayiş etdirdi. “Azərbaycan əha­li­si­nin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiy­mə­tləndiririk və qoruyub saxlayacağıq” deyən ulu öndər bütün sonrakı siyası fəaliyyətini bu sərvətin əbədi olması istiqamətinə yönəltdi.

Azərbaycanın multikultural ənənələrinin dövlət tərəfindən qorun­ma­sı işində ən vacib olanı ümummilli lider Heydər Əliyevin təşəbbüsü və gös­tə­rişi ilə bu məsələnin hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Res­pub­li­ka­sının Konstitusiyasında əks olunmasıdır. Belə ki, multikulturalizm siya­sə­tinin əsasını təşkil edən tolerantlıq (dözümlülük) prinsipi Azərbaycan Res­publikası Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit edil­miş­dir. Bununla bağlı “Bərabərlik hüququ” (maddə 25, bənd 3), “Milli mən­su­biyyət hüququ” (maddə 44, bəndlər 1, 2), “Ana dilindən istifadə hüqu­qu” (maddə 45, bəndlər 1, 2) və başqa maddələri göstərmək müm­kün­dür.

Ulu öndər haqlı olaraq multikulturalizm siyasətini ölkənin demo­kra­tik inkişafının tərkib hissəsi hesab edirdi. O, Azərbaycan ərazisində ya­şa­yan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni, dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan əsas insan hü­quq və azadlıqları kontekstində görürdü. Ulu öndərin rəhbərliyi ilə, nə­ha­yət ki, dönüşü olmayan demokratik inkişaf yoluna çıxmış Azərbaycan Res­publikası, onun qeyd etdiyi kimi, “dinindən, dilindən, irqindən asılı olma­­yaraq Azərbaycanın bütün vətəndaşlarının eyni hüquqlara malik” olma­­larını təmin etməli idi.

Təbii olaraq, ulu öndər etnik millətçiliyə alternativ kimi bütövlükdə Azər­baycan xalqının və cəmiyyətinin, eyni zamanda Azərbaycan döv­lət­çi­li­yi­nin yüksəlişini şərtləndirən və multikulturalizmin əsas mənəvi bazası olan azərbaycançılıq prinsipini milli ideologiya kimi irəli sürdü. O qeyd etdi ki, etnik millətçilik, nəhayət etibarilə, etnik separatizmə, xalqlar ara­sın­da mü­na­qi­şəyə gətirib çıxarır. Azərbaycançılıq ideologiyası isə dinindən, dilin­dən, ir­qin­dən asılı olmadan ölkədə yaşayan bütün vətəndaşları bir­ləş­di­rir. Ulu ön­də­rin dediyi kimi, həqiqətən də, “Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azər­baycanlı da, ləz­gi də, avar da, kürd də, talış da, udin də, kumık da, baş­qa­sı da – bü­tün­lük­­də hamısı azərbaycanlıdır”. Bu sözlər bu gün də son dərə­cə əh­ə­miy­yət­li­dir və belə bir aydın siyasi həqiqəti aktuallaşdırır: biz, yəni Azərbaycanda ya­­şayan bütün xalqlar məhz bir yerdə, məhz azər­bay­can­lı olaraq dünya üçün maraq kəsb edə bilərik. Biz ayrı-ayrılıqda heç kim üçün maraqlı deyi­lik!

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azər­bay­can xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdi­ril­mə­si sahəsində həyata keçirilən siyasi istiqamət yeni mərhələdə onun layiqli da­vamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etd­i­rilir. Mul­ti­­kulturalizmi Azərbaycan Respublikasının dövlət siyasəti, xalqımı­zın hə­yat tərzi kimi dəyərləndirən Prezident İlham Əliyev bu siyasətin həyata ke­çi­rilməsində BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əmək­daş­lıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir. O, daima ölkəmizin bu təşkilatlar tərəfindən qəbul edilən milli azlıq­ların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı konvensiyalara qo­şul­­masının vacibliyini qeyd edir. Məhz bu siyasi xəttin nəticəsi kimi Azər­bay­can Prezidentinin göstərişi ilə ölkəmizin 26 noyabr 2009-cu il tarixli qa­nun­la “Mədəni özünüifadə formalarının müxtəlifliyinin qorunması və təş­vi­qinə dair” UNESCO Konvensiyasına qoşulmasını göstərmək olar.

Azərbaycanın mənəvi-siyasi yüksəlişində son dərəcə vacib məqam­lar­dan biri isə Prezident İlham Əliyevin təşəbbüsü və iştirakı ilə 2011-ci ildən bəri mütəmadi olaraq Bakıda Beynəlxalq Humanitar Forumun ke­çi­ril­mə­si­dir. Artıq ənənəyə çevrilmiş bu forumun son açılışı zamanı etdiyi çıxışında Prezident İlham Əliyev multikulturalizmi “alternativi olmayan, gələcək inki­şaf üçün ən məqbul variant” kimi dəyərləndirməklə təkcə Azər­bay­can­da deyil, müasir dünyada multikulturalizm meyillərinin güclən­di­ril­mə­si­nin vacibliyini xüsusi olaraq qeyd etmişdir.

Belə bir siyasi kontekstdə Prezident İlham Əliyev 28 fevral 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası, multi­kul­­­turalizm və dini məsələlər üzrə dövlət müşavirinin xidmətini yarat­dı. Bu gün bu xidmət ölkənin ideoloji həyatının önəmli istiqamətlərini əla­qə­li şə­kil­də öyrənən, obyektiv səbəbdən özünü göstərən müəyyən boş­luq­la­rın dol­du­rul­masını təmin edən vacib bir orqan kimi fəaliyyətini qurmaq­dadır.

Prezident İlham Əliyevin multikulturalizm siyasətinin növbəti əhə­miy­yətli addımı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yara­dıl­ma-sı­na dair 15 may 2014-cü il tarixində imzaladığı fərman oldu. Bu mərkəzin yara­dılmasının əsas məqsədi ölkəmizdə əsrlər boyu formalaşmış tole­rant­lı­ğın, etnik-mədəni, dini müxtəlifliyin qorunmasını və çiçəklənməsini təmin et­mək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıt­maq və mövcud multikultural modellərini tədqiq və təşviq et­mək­dir. Dün­ya­nın multikulturalizm sahəsində aparıcı mütəxəssislərinin, gör­kəm­li icti­mai və siyasi xadimlərinin Bakıda beynəlxalq səviyyədə belə bir mər­kəzin açıl­masını son dərəcə təbii və işgüzar şəkildə qəbul etmələri məhz Azər­bay­canın bu gün dünya multikulturalizminin mərkəzinə çev­ril­mə­si real­lı­ğı­nı aydın şəkildə nümayiş etdirir.

Bu gün Azərbaycanda multikulturalizm sahəsində bir-birini ta­mam­la­yan, sistemli xarakter daşıyan siyasi iradə və onun gerçəkləşməsi proq­ra­mı uğurla həyata keçirilir.

Prezident İlham Əliyevin multikulturalizmə, tolerantlığa verdiyi siya­si dəyərin dünya miqyasında real elmi, mədəni, sosial müstəvilərə kö­çü­rül­mə­si işində Heydər Əliyev Fondunun böyük xidmətləri danılmazdır. Bu gün Azərbaycan multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağ­lı Heydər Əliyev Fondu olduqca əhəmiyyətli, möhtəşəm layihələr hə­ya­ta keçirir. Bu layihələr Azərbaycan multikulturalizminin bir ölkə çər­çi­və­sin­də qapalı inkişafını deyil, dünya çərçivəsində dinlərin və mədə­niy­yət­lə­rin müxtəliflikləri rejimində fəaliyyət göstərməsini reallaşdırır.

Fondun düşünülmüş, sistemli fəaliyyətində multikulturalizmin mü­hüm aspektlərindən biri olan mədəniyyətlərarası əlaqələrin möh­kəm­lən­məsi istiqaməti xüsusi yer tutur. Fondun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəb­büsü ilə keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun geniş­­ləndirilməsi”, “Qloballaşma şəraitində mədəniyyətlərin rolu”, “Çox­mə­dəniyyətli dünyada sülh şəraitində birgə yaşama”, “Azərbaycan – tole­rant­lıq məkanı” layihələrini xüsusi qeyd etmək olar. Tərəqqipərvər dünya icti­maiyyəti, görkəmli şəxsiyyətlər və sıradan insanlar bu qəbildən olan təd­birlərin keçirilməsini, orada mədəniyyətlərarası dialoqun inkişafına həsr olun­muş məsələlərin müzakirə olunmasını və ən əsası, gerçəkləşdirilməsini böyük rəğbətlə qarşılayır. Müasir dövrdə Azərbaycan özünün multikulturalizm siyasəti və bu sahədə əldə etdiyi nailiyyətlərlə dünya dövlətlərinə, o cümlədən bu sahədə tari­­xən öz zəngin təcrübəsi ilə tanınan Qərb ölkələrinə nümunə olma­q­da­dır. Mə­lum olduğu kimi, bir sıra Qərb ölkələri, o cümlədən Böyük Bri­ta­ni­ya, Fransa, Almaniya uzun illər apardıqları multikulturalizm siyasətindən bu gün rəsmi şəkildə imtina edirlər.İmtinanın əsas səbəbini ümumi şəkildə Böyük Britaniyanın Baş naziri Devid Kemeron 5 fevral 2011-ci il tarixində Mün­hendə təhlükəsizlik üzrə keçirilən konfransdakı çıxışında Böyük Brita­ni­yada məskunlaşmış əcnəbilərin yaşadıqları cəmiyyətə inteqrasiya etmək ist­ə­məmələri ilə izah etmişdir. Bəlkə də, və çox güman ki, bu, siyasi bəha­nə­dir. Bəlkə də, ölkələrdə iflasa uğrayan multikulturalizm siyasətçilərinin öz­lə­rinə bəraət qazandırmaq cəhdidir. Və bunun fonunda təzahür edən, inki­şaf­da olan multukulturalizmin Azərbaycan təcrübəsinin bütün dün­ya­ya siya­si cəsarətlə nümayişi ona gətirib çıxarmışdır ki, bu gün artıq Yer kü­rəsi­nin hər yerində ədalətsevər insanlar ölkəmizi sarsılmaz multikultural döv­lət imici əldə etmiş mərkəz kimi tanıyır. Qətiyyətlə demək olar ki, Azər­bay­can multikulturalizmi ölkəmizin siyasi simasının əsas cizgilərindən biri­nə çevrilmişdir. Azərbaycan multikulturalizminin siyasi banisinin arzu­la­rın­dan biri də elə bu idi.




“ÜMUMİYYƏTLƏ, DANIŞMAQLA AZƏRBAYCAN DİLİNDƏ DANIŞMAQ EYNİ ŞEY DEYİL”

Kamal Abdulla
Filologiya elmləri doktoru, professor, xalq yazıçısı, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, I dərəcəli dövlət müşaviri, Azərbaycan Dillər Universitetinin rektoru

Məlum olduğu kimi, Prezident İlham Əliyev “Azər­baycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uy­ğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haq­qın­da” Sərəncam imza­la­mış­dır. Bu Sərəncamdan irəli gələn vəzifələri hə­ya­ta keçirmək üçün işçi qrupu ya­ra­dılmışdır. İşçi qrupunun rəhbəri AMEA-nın müxbir üzvü, AMEA İctimai və Hu­manitar elmlər bölməsinin akad­e­mik-katibi professor Kamal Abdulla AZƏRTAC-a müsahibə vermişdir.

– Kamal müəllim, bu Sərəncam hamımızın ürəyindən oldu. Bu­nun­la bağlı konkret hansı işlər görülür?

– Bir daha cənab Prezidentə dilimiz, dilçiliyimizlə bağlı belə bir dərin məz­munlu qərar üçün təşəkkür etmək istəyirəm. Onu da qeyd etmək la­zım­dır ki, bu Sərəncamda Azərbaycan dili ilə yanaşı, Azərbaycan dil­çi­li­yi­nin, tərcümə fəaliyyətinin, terminologiyanın da inkişafına diqqət verilir və məsələ kompleks şəkildə öz həllini tapır.

İndi bizim vəzifəmiz həmin siyasi sənəddən irəli gələn məsələləri Döv­lət Proqramı müstəvisinə keçirməkdir. Bununla əlaqədar AMEA-nın İcti­mai və Humanitar elmlər bölməsində işçi qrupu yaradılmışdır və o, artıq fəaliyyət göstərir. İşçi qrupuna ölkənin aparıcı dilçiləri ilə yanaşı, Aka­de­miyanın, ali məktəblərin, müxtəlif əlaqədar nazirliklərin, Mətbuat Şura­sı­nın, Teleradio Şurasının, Bakı İcra Hakimiyyətinin, Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin və başqa qurumların nümayəndələri daxildirlər.

Mən bunu dəfələrlə demişəm, bir daha təkrar edirəm. Dil ancaq dil­çi­lə­rin inhisarı deyildir. Ancaq dil məsələlərini dilçilər olmadan nəzərdən ke­çir­mək də olmaz. Ona görə də dillə, dilçiliklə bağlı Dövlət Proqramının la­yi­həsini hazırlayan işçi qrupuna təkcə akademiyanın deyil, həmçinin ali mək­təblərin dilçiləri, filoloqları da daxildir. Eyni zamanda işçi qrupu öz fəa­liyyətini AMEA-nın adı çəkilən bölməsi ilə sıx əlaqədə qurur. Bizim böl­mə­də dilçilərlə yanaşı, tarixçilər, ədəbiyyatçılar, filosoflar, iqtisadçılar, şərq­şü­naslar, psixoloqlar, hüquqşünaslar və bir sıra digər elmlərin nü­ma­yən­də­lə­ri var. Yaxın gələcəkdə işçi qrupunun üzvləri ilə AMEA Rəyasət Heyəti üzv­lərinin görüşünü təşkil etməyi düşünürük. Bu görüş, ola bilsin daha geniş elm sahələrinin nümayəndələrinin də iştirakını ehtiva etsin. İndiki mər­hələdə isə biz işçi qrupu olaraq irəli sürülən təklifləri müzakirə edib, ümu­miləşdirməklə məşğuluq. Dövlət Proqramı layihəsinin ayrı-ayrı hissə­lə­rini müəyyənləşdiririk. Planımızda deputatlarla, yaradıcı təşkilatlarla, re­gion­larda ictimaiyyət nümayəndələri ilə görüşlər nəzərdə tutulub. Onu da xü­susi qeyd etmək istərdim ki, təkcə alimlər deyil, cəmiyyətimizin hər bir üzvü öz təkliflərini irəli sürə bilər və biz bütün təklifləri nəzərdən ke­çir­mə­yə hazırıq. Hətta belə bir fikrimiz var ki, küçədə, bazarda işləyənlərin, taksi sürücülərinin, mənzil-istismar idarələrinin nümayəndələri ilə də görüşlər ke­çirək.

– Küçədə, bazarda işləyənlər də təklif verəcəklər?

– Bəli, niyə də yox? Küçədəki dil çox əhəmiyyətlidir. Bilən bilir, yeni ital­yan dili məhz küçə və bazarda işlədilən latıncadan yarandı. “İlahi ko­me­diya” bu yeni dildə yazılıb. Bir sözlə, dilini sevən, onun təəssübünü çəkən hər kəs təklif verə bilər.

Dövlət Proqramı layihəsində hansı tərkib hissələr nəzərdə tutulur?

– Bu tərkib hissələrin adı, bölmə üzvlərinin və işçi qrupunun ra­zı­lı­ğı­na əsasən, ilk olaraq, Azərbaycan dilinin ən müxtəlif durum və fəaliyyət sahə­lərinin müəyyən edilməsi ilə bağlıdır. Dilimizin fəaliyyət və duru­mu­nu geniş panoramda göz önünə gətirsək, görərik ki, ayrılan istiqamət və şaxə­lər çoxdur. Azərbaycan dili ali məktəbdə, orta məktəbdə, ailədə, cə­miy­yətdə, döv­lət qurumları, idarə və təşkilatlarda, küçədə, xaricdə, KİV-lər­də, infor­ma­si­ya texnologiyaları müstəvisində … saymaqla, bəlkə də, qur­tar­maz.

– Bəzən deyirlər ki, biz bir-birimizlə başqa dildə danışsaq, dilimiz əldən gedər…

– Bəli, belə deyənlər var. Amma onlar dilçiliyin əzəli prinsiplərindən çox vacib olan birini – dil-nitq qarşılaşdırılmasını unudurlar. Ya da bil­mir­lər. Dilimiz kimlərinsə küçədə bir-biri ilə rus, ingilis, fransız… eskimos di­lin­də danışmaları ilə əldən gedəcəksə, belə dil, elə əldən getsə yaxşıdır. Əzizi-mən, bu şəkildə dil əldən getməz, gedə bilməz. Olsa-olsa bu şəkildə baş­qa dildə danışanlar öz nitqlərini korlamış olarlar. Yel qayadan daş apar­maz. Nitqin dilə belə “faciəli” təsiri yağan yağışın okeanı məcrasından çı­xar­ması kimi bir şeydir. Bu məsələlərlə bağlı istiqamət də, yəni cəmiyyət və dil istiqaməti Dövlət Proqramında əksini tapacaqdır.

– Çox zaman deyirlər ki, biz başqa dildə düşünüb öz dilimizdə danışmağa cəhd edirik…

– Bu cür deyənlər də bayaqkılardan, dil barədə qeyri-peşəkar fikir yürü­dənlərdən fərqlənmir. Heç kim başqa dildə (!) düşünə bilməz. Bu, müm­­kün deyil. Bizim beynimizdə genetik dil strukturu (qəlibi) var. Bu qəlib ümumi, beynəlmiləldir. Hamı – azərbaycanlı da, ingilis də, rus da, adı­­nı yuxarıda çəkdiyim eskimos da ümumi məntiq “dilində”, qəlibində dü­­şünür. O başqadır ki, adamlar həm də daxili nitqə malikdirlər. Səslənən, şifa­hi nitqdən əvvəl kim isə daxili nitqini başqa “dil”də qura bilər, qurmaq istə­yər, “ürəyində” öz-özünə pıçıldaya bilər. Amma bu, başqa dildə dü­şün­mək demək deyil.

Görürsünüzmü, dilçilik elə özül prinsiplərə malikdir ki, onları bil­mə­dən dillə, onun hətta sosial statusu ilə bağlı fikirlər yürüdərkən çox zaman gü­lünc situasiyalar yaranır.

– Dediniz ki, Dövlət Proqramında Azərbaycan dilinin Elmlər Aka­de­miyasında, ali məktəbdə, orta məktəbdə, ailədə fəaliyyəti məsələləri ayrı­ca bölmələr kimi öz əksini tapacaqdır.

– Bu istiqamətləri “Azərbaycan dili və onun tədrisi” adı altında bir­ləş­di­rə bilərik. Dövlət Proqramının layihəsində bu bölüm əsas yerlərdən birini tu­tacaq. Cəmiyyətdə ali məktəb, orta məktəb və digər tədris müəs­si­sə­lə­rin­də Azərbaycan dilinin mövqeyi ilə bağlı ciddi narahatlıqlar vardır. Biz dərs­liklərin dili və üslubu (dil təqdimatı), tərcümələrin keyfiyyəti, dərs saat­larının həcmi, bölünməsi və s. məsələləri dövlət başçısının Sərəncamına arxa­lanaraq daha optimal və keyfiyyətli şəkildə həll edə bilərik. Məsələn, belə bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Ali məktəbdə Azər­bay­can dilinin saatlarını artırmaqdan söz düşəndə bunu, adətən, filoloji yö­nüm­lü istiqamətlərə tətbiq etməyi nəzərdə tuturlar. Əslində isə Azər­bay­can dili saatlarının filoloqlardan daha çox riyaziyyatçılar, fiziklər, bioloqlar, həkimlər, iqtisadçılar üçün artırılması mexanizmini işləmək lazımdır. Belə olar­sa, bu elm sahələri ilə bağlı tərcümə və terminologiya problemlərini gənc ixtisas sahibinə hələ bakalavr səviyyəsində bütün “boy-buxunu” ilə gös­tərmək mümkün olar.

Azərbaycan dilinin fundamental tədqiqi probleminin aparıcı təş­ki­lat­çı­sı Elmlər Akademiyası, Dilçilik İnstitutudur. Burada da köklü yeniliklər etmək lazımdır. Azərbaycan dilini öyrənən mütəxəssislərimizlə yanaşı, Hind-Avropa dillərini, Afrika dillərini, Qafqaz dillərini, monqol dillərini, dilin fəlsəfəsini, psixolinqvistikanı, sosiolinqvistikanı, dil və dövlət mü­na­si­bət­lərini, qədim, ölü dilləri, onlarla yanaşı, uyğun sivilizasiyaları tədqiq edən mütəxəssislərimiz formalaşmalıdır. Prezidentin Sərəncamı bu fikirləri və arzuları həyata keçirmək üçün güclü əsas və imkan verir.

– Sərəncamın dilin inkişafına təsiri necə olacaq?

– Prezident Sərəncamının öz-özlüyündə böyük əhəmiyyəti vardır. Dil sahəsi digər ictimai, mənəvi, intellektual sahələrlə sıx əlaqədə olduğundan həd­dindən artıq həssas sahədir. Obyektiv cəhətdən “pərakəndə” sahədir. Sərən­cam bu “pərakəndəliyi” sahmana salmağa kömək edəcəkdir. Həya­tı­mız, onsuz da informasiya ilə entropiyanın müxtəlif nisbəti, tənasübü üzə­rin­də qurulub. Sərəncamın dilimizlə, cəmiyyətimizlə, dövlətimizlə bağlı mə­sələlərə informativlik gətirəcəyinə əminəm.

Amma bu məsələnin o biri tərəfi də var. Dil elə bir fenomenal hadi­sə­dir ki, heç bir zaman göstərişlə, arzuyla, qərarla yaşamır. Onun öz həyatı var, öz gizli, tənzimolunma qanunları var. Sadəcə, dillə bağlı dövlətin hər bir münasibəti dilin öz daxili qanun-qaydalarının cilalı olmasına, təsadüfi məqamlardan uzaq, adekvat şəkildə işlənməsinə real şərait yaradır.

– Azərbaycan bədii dilinin inkişafı üçün konkret nələr edilməlidir?

– Haqqında danışdığımız mövzu ilə bağlı nələri etməməliyik! Məhz bun­dan başlamaq lazımdır. Edəcəklərimiz onsuz da bəllidir. Etməməli oldu­ğumuz bir məsələni isə dəqiq bilirəm. Hər hansı bədii əsəri oxuyub orada alışmadığımız cümlə quruluşu və ya sözlər görəndə şivən qal­dır­ma­ma­lıyıq ki, dilimizi korladılar, ay aman! “Bu, azərbaycanca deyil” təfək­kü­rü­nə son qoymaq lazımdır. Belə düşüncə tərzi bütövlükdə dil inkişafının qar­şısına sədd çəkir. Əsərin dilində, əlbəttə ki, müəllif tərəfindən dərk edil­miş müəyyən “icazəli” pərakəndəlik, “hərc-mərclik” olmalıdır. Əlbəttə ki, “azər­baycanca deyil” baş verməsə və bu hal özünə yer tapmasa, “azər­bay­can­ca” dərinləşə, genişlənə bilməz. Ütülü, sığallı bədii dil XX əsrin 30-40-50-ci illərində qaldı. İnkişaf nəyisə “qırmaq”, nədənsə vaz keçmək, oxu­cu­nu təkcə təəccübləndirmək yox, ona alternativ quruluşlar təqdim və təlqin etməkdir. Dil müstəvisində bu alternativlər əvvəlcə variantlara, sonra isə, kim bilir, bəlkə, hələ invariantlara çevrilə bilər.

– Ən ağır məsələlərdən biri dilimizin KİV-lərdə işlənməsidir…

– Bəli, əsas məsələlərdən biri də KİV-lərdə dilimizin vəziyyətidir. Bu ba­rədə işçi qrupun, bölmənin üzvlərinin ümumi fikri var. Müəyyən me­xa­nizm­lər – dili yanlış yola düşməkdən qoruyan mexanizmlər işləyib Dövlət Proqramı layihəsinə daxil etmək lazımdır. Bir az əvvəl dedim ki, dilin öz daxili həyatı var, biz ona təsir edə bilmərik. Amma bu normal situasiyalar üçündür. Qeyri-normal situasiyalarda isə dilə təzyiq edilir. Onu sanki “zor­la­yır”, öz təbii yolundan itələyib çıxarmağa çalışırlar. Məsələn, götürək tele­­viziya şirkətlərini. Dillə bağlı arzuedilməz məqamlar burada geniş sis­tem şəklindədir. Nə aparıcılar, nə şoumenlər, nə müğənnilər, nə də çox zaman dəvət olunanlar düz-əməlli Azərbaycan dilində danışa bilmirlər. Bu de­diklərimlə onlar, əlbəttə ki, özləri razılaşmayacaqlar, bilirəm. Amma istə­yi­rəm, bir məsələni bilsinlər. Ümumiyyətlə, danışmaqla Azərbaycan dilin­də danış­maq eyni şey deyil. TV güzgüdür. Zeynal Məmmədli yaxşı yazıb: “da­nışan güzgü”. Həqiqətən də, güzgü elə danışmalıdır ki, biz “ağzımızı açıb” qulaq asaq. Öyrənək! Ləzzət alaq. Bu isə indilik belə deyil. Bizim işçi qru­­punda belə bir fikir formalaşıb ki, TV-lərdə dillə bağlı problemləri çö­zən, onlarla uğraşan “bədii şura” deyilən mexanizmi yaratmaq və ya bərpa etmək lazımdır. Bizi “senzuranı bərpa edirlər” deyə günah­lan­dır­ma­ğa tə­lə­sən­lər isə bilərəkdən, ya bilməyərəkdən, açıq deyəcəyəm, dilimizin bəd­xah­larıdır. Bunu sübut etmək çətin məsələ deyil.

– Dövlət Proqramında dilimizin xaricdə işlənməsi problemləri əksini tapacaqmı?

– Xaricdə Azərbaycan dilinin vəziyyəti ilə bağlı məsələnin dərindən və hərtərəfli öyrənilməsinə ehtiyac vardır. Aydın məsələdir ki, Azərbaycan dili xaricdə ölkəmizin get-gedə artan beynəlxalq nüfuzuna işləməlidir. Xaric­də Azərbaycan dilində qəzetlər çıxarmaq, məktəblər (ən azı, yay mək­təb­ləri) açmaq, dilöyrədən dərsliklər yazmaq və yaymaq, TV-lərin xarici ölkə­yə yayımlarını həmin ölkələrə görə lokallaşdırmaq, bir sözlə, həm dias­po­ra üçün, həm də ölkəmizin dostları, dilimizi, mədəniyyətimizi öyrənmək istəyənlər üçün geniş spektrli fəaliyyət proqramı işləmək lazımdır.

Mən deyəndə ki, dillə bağlı məsələlər sistem kimidir, bir-biri ilə qar­şı­lıq­lı əlaqədədir, nəzərdə tutduğum mətləb var. Baxın, xaricdə Azərbaycan dili dərslərinin təşkil edilməsi məsələsini götürək. Bu dərslər vacibdirmi? Va­cibdir! Amma bu dərsləri kim deyəcək?! Bu dərsləri tədris edən şəxs xarici ölkəni yaxşı bilən, Azərbaycanı yaxşı bilən (təkcə dilini yox, tarixini, ədə­biyyatını, mədəniyyətini, coğrafiyasını…) bir mütəxəssis olmalıdır. Biz­də bu gün beləsi varmı? Çox az. Bu xəttə kömək üçün ali məktəblərdə “azər­baycanşünaslıq” ixtisası açmaq lazımdır. Buyurun, bu da sistemin bir-biri ilə əlaqəli həlqələri.

– Hansısa universitetdə “Azərbaycanşünaslıq” ixtisası varmı?

– Bəli, mənim çalışdığım Bakı Slavyan Universitetində bu ixtisas var.

– Dövlət Proqramı layihəsi nə zamansa fəaliyyət proqramına çev­ri­lə­cək. Bir müddət sonra onun müddəa və maddələrinin unudulma qor­xusu ola bilərmi?

– Biz proqrama “özünümüdafiə” məqamı daxil edəcəyik. Onun uzun­ömür­lüyü və effektivliyi xüsusi nəzarət qrupu vasitəsilə tənzim ediləcək.

– İşiniz asan deyil. Ən azı, ona görə ki, dil sahəsində hamı özünü mütəxəssis sayır.

– Elədir. Elm sahələri var ki, diletantın fikrinə görə o, asanlıqla bu sahə­lərlə məşğul ola bilər. Hətta nəinki məşğul, o sahələrin – dilçiliyin, tari­xin, fəlsəfənin peşəkarlarına “dərs” də verə bilər. Bəzən bu həvəs əsassız iddia və əda ilə müşayiət olunur. Nə etməli, belə bir cəmiyyətdə yaşayırıq. Allah bizi öz sahəsindən başqa hər şeyi, xüsusilə tarixi, dilçiliyi, fəlsəfəni “bilən”lərdən qorusun, biz isə öhdəmizə düşən məsuliyyəti anlayaraq öz işimizi görməyə davam edəcəyik.

– Çox sağ olun. Uğurlar arzulayırıq. – Təşəkkür edirəm.

(“525-ci qəzet” 7 iyul, 2012)




«AZƏRBAYCAN DİLİNİN QORUNMASINDA İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGİYALARINDAN GENİŞ İSTİFADƏ OLUNMALIDIR»

Kamal Abdulla
Filologiya elmləri doktoru, professor, xalq yazıçısı, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, I dərəcəli dövlət müşaviri, Bakı Slavyan Universitetinin rektoru

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2012-ci il ma­yın 23-də “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tə­ləb­lə­ri­nə uyğun istifadəsinə ve ölkədə dilçiliyin inkişafına dair Dövlət Proq­ra­mı haqqında” sərəncam imzalayıb. Dövlət proqramını hazırlayan işçi qru­pu artıq tədbirlər planını yekunlaşdıraraq onu mütəxəssislərə təqdim edib. Görülən işlərlə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının müx­bir üzvü, Slavyan Universitetinin rektoru Kamal Abdulla “Rabitə dün­yası”na eksklüziv müsahibə verib.

– Cənab Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair “Dövlət Proqramı” (DP) haqqında imzaladığı sərəncama uyğun olaraq görülən işləri necə dəyərləndirirsiniz?

– Əlbəttə ki, ölkə Prezidentinin məlum sərəncamını qiy­mət­lən­dir­mə­mək mümkün deyil. Bu, çox ciddi, gələcəyə hesablanmış, strateji əhə­miy­yət­li bir sərəncamdır və Azərbaycan dilinin uzun illər işlənmə me­xa­niz­mi­nin dəqiqləşdirilməsi, cilalanması ilə bağlı bizim əlimizə gözəl imkanlar ve­rir. Biz də bu sənədə uyğun olaraq ondan irəli gələn vəzifələri dövlət proq­ra­mı layihəsində birləşdirməyə çalışdıq və Azərbaycan Milli Elmlər Aka­de­mi­yasının (AMEA) Rəyasət Heyətinin qərarı ilə İşçi Qrupu yarandı. İşçi Qru­pu həmin siyasi sənədin dövlət proqramı müstəvisinə layihə şəklində ke­çirilməsini reallaşdırdı. Ona görə də bu işlər İşçi Qrupuna da, Azər­bay­ca­nın görkəmli dilçi alimlərinə, əlaqədar qurumlara, Rabitə və İnformasiya Tex­nologiyaları, Təhsil, Mədəniyyət və Turizm, Ədliyyə nazirliklərinin nüma­­yəndələrinə də burada iştirak etdikləri üçün təşəkkürümü bildirirəm.

– Dilimizin qorunmasında dilçi alimlərin müasir informasiya-kom­mu­nikasiya texnologiyalarının imkanlarından geniş istifadəsinin vacib­liyini önə çəkmisiniz. Sizcə, ondan necə və hansı şəraitdə istifadə olun­ma­lıdır?

– Bu layihədə dilimizin qorunması ilə bağlı informasiya-kom­mu­ni­ka­si­ya texnologiyalarından geniş istifadə önə çəkilib. Bilirsinizmi, bu layihə bizə Azərbaycan dilinin ən müxtəlif sferalarda, ən müxtəlif vəziyyətlərdə və hallarda işlənməsinin möhkəmləndirilməsini və qorunması imkanını verir. Biz bu mexanizmi işləyib hazırlamalıyıq. Necə edək ki, sabah Azər­bay­can dilinin bu və ya başqa hala düşməsi ayrı-ayrı şəxslərdən, ayrı-ayrı qurumlardan, ayrı-ayrı kütləvi informasiya vasitələrindən asılı olmasın. Bu, bir mexanizmlə tənzimlənsin və bu mexanizmlərin hazırlanması layihədə nə­zərdə tutulub və əlbəttə ki, burada informasiya-kommunikasiya tex­no­lo­gi­yalarının (İKT) imkanlarından da geniş istifadə qarşıya məqsəd kimi qo­yu­lub. Dilin qorunmasında İKT-dən istifadə ən müxtəlif istiqamətlərdə də ola bilər. Bu, elmi və tədris istiqamətində də ola bilər. Azərbaycan dili ilə bağlı normativ sənədlərin hazırlanmasında da özünü göstərə bilər.

– Sizcə, informasiya-kommunikasiya texnologiyalarının sürətli inki­şafı sahəsində dilimizə gələn alınma sözlərin ekvivalenti axtarılıb tapıl­malıdır? Yoxsa onlar alınma sözlər kimi işlənilməlidir?

– Bu, çox həssas və incə bir məsələdir. Bilirsiniz, dilimizə gələn alınma sözlərin hər birinin ekvivalentini axtarsaq, onda elə güman edirəm ki, bunun effekti olmaz. Çünki alınma sözlər elmi anlayışla və ya hər hansı elmi layihə ilə yaranır. Əgər həmin elmi nailiyyətlər bizdə icad olun­ma­yıb­sa və onunla bağlı yaranan sözün qarşılığı yoxdursa, əlbəttə ki, onun Azər­bay­canda bazası da olmayacaq və nə qədər axtarırsan-axtar süni, yapma qura­malardan başqa heç nə düzəltmək mümkün olmayacaq. Ona görə də bəzi hallarda, əlbəttə ki, bu sözləri olduğu kimi, saxlamaq lazımdır. Məhz bu səbəbdəndir ki, həmin sözler terminlər adlanır. Ümumiyyətlə, ter­min­lə­rin dilin zəifləməsində və ya qorunmasında heç bir rolu yoxdur. Terminlər kö­çəri quşlar kimidir. Bu gün bu dildədir, sabah isə başqa dildədir. Elə gü­man edirəm ki, onların tərcümə edilmədən istifadə olunması dilin zən­gin­ləş­məsinə gətirib çıxardır. Bu istiqamətdəki sözlərin çoxalmasına şərait yara­dır. Eyni zamanda əlbəttə ki, Azərbaycan dilinin dərinliklərindən, mə­nə­vi köklərindən də imkan daxilində istifadə etməyi bacarmalıyıq. Burada da dilçi alimlərin həmin sahə üzrə mütəxəssislərin birgə, əlaqəli fəaliyyəti vacibdir. Bu məsələlər də nəzərdə tutulub. Elə güman edirəm ki, bu sualda məsələ olduqca vacibdir və çox praktik məsələdir. AMEA-nın Dilçilik İns­ti­tu­tu yaxın gələcəkdə öz fəaliyyətini praktik məsələlərin həllinə yönəldəcək.

– Bir sıra alınma sözlər KİV-də müxtəlif cür yazılır. Onların kon­kret necə yazılması ilə bağlı qəzetlərə, eləcə də internet saytlarına xə­bər­dar­lıqlar edilməlidirmi? Necə düşünürsüz, sözlərin orfoqrafiya lüğə­ti­nin elektron versiyası hazırlanıb ictimaiyyət arasında təbliğ olun­ma­lı­dır­mı və bu, dilimizin qorunmasına nə qədər kömək edə bilər?

– Siz olduqca düz buyurursunuz. Belə bir elektron orfoqrafiya lüğə­ti­nin hazırlanması Azərbaycan dilinin qorunmasına çox böyük kömək edə bilər. Bu gün hamı normativ, standart orfoqrafiya lüğətinin olmamasından şika­yətçidir. Onun elektron versiyasının hazırlanması və geniş ictimaiyyətə çat­dırılmasının müxtəlif yolları duşünülüb tapılmalıdır. Bu, Azərbaycan dili portalları vasitəsi ilə həyata keçirilə bilər. Bunu da biz sözügedən döv­lət proqramı layihəsində nəzərdə tutmuşuq.

– Televiziya və qəzetlərlə yanaşı, internet saytlarında da dilin qorun­ması ilə əlaqədar monitorinqlər keçirilməlidirmi?

– Əlbəttə, keçirilməlidir. Çünki bu gün həyatımızı internetsiz tə­səv­vür etmək mümkün deyil. Azərbaycanda da informasiya-kommunikasiya tex­nologiyaları sahəsi sürətlə inkişaf edir. Bütün ölkə üzrə internetə qo­şu­lan­ların sayı günü-gündən artır. Üstəlik, internet portallarımızın da sayı artmaqdadır. Belə olduqda Azərbaycan dilinin təbliğində və qorunmasında portalların da önəmi irəli çəkilməkdədir.

Biz artıq Dilçilik İnstitutunun struktur dəyişiklikləri ilə məşğuluq. Onu zamanın, qloballaşma dövrünün tələblərinə uyğun şəkildə həyata ke­çir­məyə hazırlaşırıq. Əlbəttə ki, orda Azərbaycan dili ilə bağlı monitorinq qru­punun fəaliyyət göstərməsi də nəzərdə tutulub. Televiziya və radio ilə bağlı belə bir sual da meydana çıxır ki, buradakı aparıcılar, eləcə də efirə çıxan şəxslər Azər­baycan dilinin pozulmasında daha aktiv iştirak edirlər və bu da cə­miy­yət­də müəyyən təbii narahatlıqlar yaradır. Bu məsələləri ara­dan qaldırmaq üçün AMEA-nın Dilçilik İnstitutunda efirlə birbaşa əlaqəli olan insanlar üçün xüsusi kursların təşkil olunması nəzərdə tutulub. Tele­vi­zi­ya ve radio şir­kətləri lazım bildiyi əməkdaşlarını həmin kurslara gön­də­rə­cək. Kurslar prak­tik olacaq. Lakin bu məsələyə bəziləri birtərəfli və qeyri-cid­di şəkildə ya­na­şırlar. Hətta televiziya ekspertləri qeyd edirlər ki, bu cür kurs­lar məsələnin həlli yolu deyil. Bildirmək istəyirəm ki, heç kim tele­vi­zi­ya və radio dok­tor­la­rı­nın yenidən hazırlanması məsələsini qarşıya qoymur. Teleradio diktoru, əlbət­tə ki, təkcə Azərbaycan dili bilgisini nümayiş etdir­mir. O, mədəni sə­viy­yə­sini, ümumi hadisələri bilməsini, jurnalist vərdişini və sair digərlərini nü­ma­yiş etdirir. Onlarla da televiziya və radio mü­tə­xəs­sis­ləri məşğul ola bilər­lər və olmalıdırlar da. Lakin indiyə qədər olma­yıb­lar. Biz isə aparıcıların tək­cə dil məsələsinə yardım əlimizi uzatmaq is­tə­yən­də də bunu qeyri-ciddi sa­yır­lar. Biz yalnız aparıcıların dil qüsurlarını dü­zəlt­mək istəyirik. Digər qü­sur­larla isə həmin mütəxəssislər özləri məşğul olsun­lar.

– Sizcə, Azərbaycan dilinin kanonlarını pozanlar cəzalandırı­lma­lı­dır? Əgər cəzalandırılmalıdırsa, bu, necə hayata keçirilməlidir?

– Bilirsiniz, biz çalışmışıq ki, dövlət proqramı layihəsinə mexanizmlər va­sitəsilə yanaşaq. Yəni elə mexanizmlər qoyulsun ki, orada artıq pozulma halı nəzərə çarpmasın. Pozulursa da belə, hansısa şəkildə özü-özünü yeni­dən dirçəltsin, özü-özünü qoruya bilsin. Ona görə də xüsusi cərimələr, “dil polisi” kimi səslənən fikirlərə ehtiyac yoxdur. Düşünürəm ki, əgər bizim layihə dövlət proqramı səviyyəsində işləyəcəksə, burada həmin məsələlər həll olunacaq və cərimələrə də ehtiyac qalmayacaq.

– Fransa qanunlarına görə, televiziya və radiolarda fransız dilində ekvivalenti olan sözlərin xarici dillərdə səsləndirilməsi zamanı jurnalist və eləcə də telekompaniya müəyyən məbləğdə cərimə olunur. Belə bir cəri­mə mexanizmi Azarbaycanda da tətbiq oluna bilərmi?

– Fransadakı bu cərimələr dil müstəvisində və cəmiyyətin müdaxilə et­məsi müstəvisində həll olunduqdan sonra arabir, kiminsə şıltaqlığı nə­ti­cə­sində pozulan halların aradan götürülməsi kimi qiymətləndirilməlidir. Biz hələ o müstəviyə çatmamışıq. Biz hələ mexanizmlər səviyyəsində işi­mi­zi qurandan sonra kiminsə şıltağını hansısa şəkildə üzə çıxarıb qiy­mət­lən­di­r­mək imkanına malik olacağıq. Bir daha qeyd etmək istəyirəm ki, pre­zi­den­tin sözügedən sərəncamı və bu sərəncamın əsasında hazırlanan döv­lət proq­ramı bütövlükdə cəmiyyətin problemdir. Bunu dilçilər, əlaqə­dar mü­tə­xəssislər hazırlasalar da, əlbəttə ki, onunla bütün cəmiyyət məşğul ol­ma­lı­dır. Biz bu proyekti hazırlayarkən cəmiyyətin ən müxtəlif təbəqələri ilə – mil­lət vəkillərilə, KİV nümayəndələri ilə, akademiyanın müxtəlif sahə­lə­rin­də çalışan görkəmli mütəxəssislərlə görüşlər keçirmişik. Bizim ha­zır­la­dı­ğı­mız layihə də bütövlükdə bu görüşlərin nəticəsi kimi ortaya çıxıb.

– İşçi Qrupu bundan sonrakı mərhələdə konkret hansı addımları atacaq? Bundan sonra biz layihəni müxtəlif təşkilatlara rəy və təkliflərin ve­ril­məsi üçün bir daha göndərəcəyik. Qısa bir müddətdən sonra, rəyləri aldıq­dan sonra son ştrixlər əlavə edəcəyik, əyri-əskiklərini ortadan götürməyə çalı­şacağıq. Elə güman edirəm ki, payız aylarında proyekti hökumətə təhvil verə biləcəyik.