İTALİYA ŞIRKƏTLƏRI İŞĞALDAN AZAD EDİLMİŞ QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURUN YENİDƏN QURULMASINDA ƏN AKTİV XARİCİ TƏRƏFDAŞLAR SIRASINDADIR

Asəf ZAMANOV
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor

2026-cı il mayın 4-də İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı diplomatik və iqtisadi əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha təsdiqlədi. Prezident İlham Əliyevin səfər zamanı verdiyi bəyanat təkcə keçmiş nailiyyətlərin yekunu deyil, həm də gələcək onilliklər üçün hədəflərin yol xəritəsi xarakterini daşıyır.

Azərbaycan və İtaliya arasındakı münasibətlər 2014 və 2020-ci illərdə imzalanmış iki strateji tərəfdaşlıq bəyannaməsi ilə tənzimlənir. Lakin bu münasibətlərin mahiyyəti rəsmi sənədlərin hüdudlarını aşaraq real həyatda öz əksini tapır. Ciorcia Meloninin Ermənistandakı proqramını tamamlayaraq birbaşa Bakıya gəlməsi regional balansda Azərbaycanın xüsusi çəkisinin və İtaliyanın ölkəmizə olan dərin hörmətinin rəmzidir. Bu addım Avropa İttifaqının aparıcı dövlətlərindən biri olan İtaliyanın Cənubi Qafqazdakı prioritetlərini aydın şəkildə nümayiş etdirir.

2025-ci ilin nəticələrinə görə ölkələrimiz arasında ticarət dövriyyəsinin 12 milyard dollara qədər artması bu əlaqələrin miqyasını göstərir. Energetika sahəsində Azərbaycan İtaliyanın neft və qaz təchizatında həlledici rol oynayır – hər iki sahədə ikinci yerdə qərarlaşaraq İtaliyanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilib. Prezidentin qeyd etdiyi kimi, İtaliya bazarı Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Ötən il ixrac edilən 25 milyard kubmetr qazın təxminən 40%-i (9,5 milyard kubmetr) məhz İtaliya bazarına yönəldilib. Gələcək hədəf Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi vasitəsilə bu həcmləri daha da artırmaqdır.

Münasibətlərin ən diqqətçəkən yeni istiqaməti hərbi-texniki sahədəki əməkdaşlıqdır. İtaliyanın yüksək texnologiyaları ilə Azərbaycanın maliyyə resurslarının birləşməsi nəticəsində yaradılacaq birgə istehsal müəssisələri hər iki ölkənin müdafiə sənayesini gücləndirməyə xidmət edəcək. Eyni zamanda, Azərbaycan Dövlət Neft Fondunun İtaliya iqtisadiyyatına yatırdığı 3 milyard dollarlıq sərmayə qarşılıqlı etimadın maliyyə zəmanətidir.

İtaliya şirkətləri işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasında ən aktiv xarici tərəfdaşlar sırasındadır. Reallaşdırılan 23 layihə İtaliyanın Azərbaycanın ərazi bütövlüyünə və regionun dirçəlişinə verdiyi praktiki dəstəyin nümunəsidir. Münasibətlərin intellektual sütunu hesab olunan İtaliya-Azərbaycan Universiteti strateji əhəmiyyətli bir layihədir. Bakıda fəaliyyət göstərən bu ali təhsil ocağı təkcə mütəxəssis hazırlamır, həm də iki xalq arasında əbədi dostluq körpüsü quracaq «təbii elçilər» formalaşdırır.

Prezident İlham Əliyev bəyanatında vurğulandığı kimi, Azərbaycan-İtaliya əlaqələri yalnız dövlətlərarası maraqlara deyil, həm də səmimi dostluğa və qarşılıqlı faydalı tərəfdaşlığa söykənir. Bu əməkdaşlıq Avrasiya məkanında sabitliyin və iqtisadi tərəqqinin ən uğurlu modellərindən biridir.




QÜVVƏT ELMDƏDİR

Asəf ZAMANOV
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor,

Ölkənin gələcəkdə inkişaf etmiş iqtisadiyyata sahib olması və əhalinin həyat səviyyəsinin yüksəlməsi üçün həm dövlətin uyğun intellektual potensialı, həm də onun iqtisadiyyatında bu potensialdan istifadə etmək təcrübəsi olmalıdır.

Hər bir müasir dövlətin həyat səviyyəsi onun elmi və intellektual potensialı ilə ölçülür. Ölkənin perspektivləri onun elminin perspektivindən asılıdır. XXI yüzillikdə yalnız yüksək elmi potensiala və elmtutumlu texnologiyalara malik dövlətlər öz xalqları üçün xoşbəxt və firavan həyat tərzi təmin etmək imkanına malik olur .

Azərbaycan Dövlət Pedaqoji Universitetinin elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov bildirmişdir ki, təhsilin və intellektual resursların ölkə həyatında müstəsna rolu, insan potensialının formalaşması, onun gələcəyi dövlətin rəqabətqabiliyyətliliyinin başlıca şərtlərindəndir. Ölkələr yalnız xidmət sahələri və istehsal etdikləri məhsullarla yox, həmçinin ictimai dəyərləri, elm və təhsil sistemləri ilə də rəqabət aparırlar.

Müasir dünyada rəqabətədavamlı olmaq üçün dövlətlər ərazisinə, təbii sərvətlərinə deyil, intellektual potensiallarına güvənirlər. Sürətli dəyişikliklərin getdiyi hazırkı rəqəmsal mühitdə hər bir ölkənin, cəmiyyətin yüksək elmi səviyyəli, təhsilli, innovativ ideyalı mütəxəssislərə ciddi ehtiyacı yaranıb. Dünyada müasir informasiya resurslarının sürətlə artması, biliklər sisteminin yüksəlməsi, hadisələrin tez-tez əvəzlənməsi ilə xarakterizə olunur.

Bütün fəaliyyəti xalqa xidmət nümunəsi olan Ümummilli Lider Heydər Əliyevin elm strategiyası milli quruculuq siyasətinin əsas istiqamətlərindən biri olub və hazırda uğurla davam edir. Ölkəmizdə müstəqillik illərində elmin, o cümlədən fundamental elmlərin müxtəlif sahələrinin inkişafı və müasirləşmə vəziyyətinə çatması üçün xeyli işlər görülüb. Azərbaycan Prezidenti İlham Əliyevin 2003-cü ildə Cenevrədə İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində “Biz qara qızıl kapitalını insan kapitalına çevirəcəyik!” bəyanatı ilə ölkəmizdə intellektual potensialın inkişafının yeni mərhələsi başlandı və davamlı inkişaf edir. Elm sahələrinin inkişafında, elmə söykənən iqtisadiyyatın formalaşmasında intellektual potensialın mühüm rolu danılmazdır.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq reallaşdırılmalı beş əsas məsələdən biri də rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı formalaşdırmaqdır. Qeyd etmək yerinə düşər ki, inkişaf etmiş ölkələrin büdcəsində təbii ehtiyatlardan gəlirlərin payı 10 faizdən azdır. ABŞ-nin 32-ci prezidenti Franklin Ruzveltin “Amerika Birləşmiş Ştatları ona görə güclü dövlətdir ki, onun qüdrətli universitetləri var” fikrinin şərhinə, hesab edirəm ki, ehtiyac yoxdur.

Azərbaycan Respublikası Prezidentinin Elm Gününün təsis edilməsi haqqında Sərəncamı cəmiyyətin inkişafında elmin vacibliyinin dərk edilməsi və elmin, xüsusilə gənclər arasında təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Ölkə başçısının ötən ilin ortalarında imzaladığı Fərmanla respublikada elmin və təhsilin inteqrativ üzvi inkişafını daha da sürətləndirmək və bu sahədə optimal idarəetməni təmin etmək məqsədilə Elm və Təhsil Nazirliyinin yaradılması da Azərbaycanda elmi fəaliyyətin, praktik elm və təhsilin inkişafının yeni mərhələsinin başlanğıcı, dövlətin elmin inkişafına yüksək diqqəti kimi qiymətləndirilməlidir.

Elm və təhsil ictimaiyyətini 27 Mart — Elm Günü münasibətilə təbrik edir, ölkəmizin elm strategiyasının həyata keçirilməsində uğurlar diləyirəm.