ADPU-DA MİLLİ QURTULUŞ GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLİB

İyunun 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Müstəqillik tarixinin dönüş nöqtəsi” adlı tədbir keçirilib.

Mərkəzin əməkdaşı Tərlan Ağayevin aparıcılıq etdiyi tədbir Ulu Öndərin və Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Giriş nitqi ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov Milli Qurtuluş Gününün müasir Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutduğunu vurğulayıb. Rektor bildirib ki, 1993-cü ilin 15 iyunu Azərbaycan üçün yalnız hakimiyyət dəyişikliyi deyildi, həm də dağılmaq təhlükəsi ilə üz-üzə qalmış dövlətin yenidən ayağa qalxması, xalqın sabaha inamının bərpası və müstəqilliyin dönməz xarakter alması baxımından dönüş nöqtəsi idi.

C.Cəfərov qeyd edib ki, dövlət müstəqilliyinin bərpasından sonrakı ilk illərdə Azərbaycan ağır hərbi, siyasi və iqtisadi sınaqlarla üzləşmişdi. Ermənistanın hərbi təcavüzü, daxili siyasi qarşıdurmalar, idarəçilik böhranı və vətəndaş müharibəsi təhlükəsi ölkənin gələcəyini ciddi sual altına almışdı. Belə bir şəraitdə xalq çıxış yolunu böyük dövlətçilik təcrübəsinə, siyasi iradəyə və qətiyyətə malik Ümummilli Lideri yenidən hakimiyyətə dəvət etməkdə gördü.

Natiq bildirib ki, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra alovlanmaqda olan vətəndaş müharibəsinin qarşısı alındı, ictimai-siyasi sabitliyin əsasları yaradıldı, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna başlanıldı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu, iqtisadi islahatlara start veriildi, azərbaycançılıq ideyası dövlətçilik düşüncəsində daha da möhkəmləndi.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib. 

Ardınca ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müdiri dosent Dəyanət Musayev “Memarlıq və şəhərsalma məsələləri Heydər Əliyevin diqqət mərkəzində” mövzusunda çıxış edib. Natiq Ulu Öndərin bu sahəyə göstərdiyi müstəsna diqqətdən, onun rəhbərliyi illərində ölkəmizdə tikinti-bərpa və quruculuq işlərinin geniş vüsət almasından danışıb. 

Sonra ADPU-nun Azərbaycan tarixi kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Dilqəm Əhmədov “Azərbaycan Xalq Cümhuriyyətinin irsinə və qurucuların xatirəsinə dərin ehtiram” mövzusunda çıxış edib. D.Əhmədov Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki müstəsna yerindən, Ümummilli Lider Heydər Əliyevin həm Cümhuriyyət irsinə, həm də onu quranların xatirəsinə yüksək diqqət və ehtiramından danışıb.

“Meh” ədəbi dərnəyinin üzvü Könül Babayeva Xalq şairi Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poemasından “Ömrün Heydər zirvəsi” adlı parçanı səsləndirdikdən sonra ADPU Tələbə Gənclər Təşkilatının sədri Elmira Babayeva “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda çıxış edərək Ümummilli Liderin çoxşaxəli fəaliyyətində gənclər siyasətinin müstəsna yer tutduğunu, prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb.

Tədbirin sonunda müğənni Almaz Ələsgərlinin ifasında “Ulu Öndər” mahnısı ekran vasitəsilə təqdim olunub.




ADPK TƏLƏBƏLƏRİNİN HAZIRLADIĞI LAYİHƏ PRAKTİK TƏHSİLİN UĞURLU NÜMUNƏSİNƏ ÇEVRİLİB

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı əmək bazarında yeni bilik və bacarıqlara malik mütəxəssislərə olan tələbatı daha da artırır. Məhz belə bir şəraitdə təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdən biri tələbələrin yalnız nəzəri biliklərə deyil, eyni zamanda praktik peşə bacarıqlarına yiyələnməsini təmin etməkdir. Xüsusilə kompüter şəbəkələri, informasiya təhlükəsizliyi və rəqəmsal texnologiyalar sahəsində təhsil alan gənclərin real layihələr üzərində işləməsi onların gələcək peşə fəaliyyətinə hazırlanmasında mühüm rol oynayır. Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda, eləcə də ölkədə həyata keçirilən rəqəmsal transformasiya siyasətində innovativ düşüncəyə malik, müasir texnologiyaları mənimsəmiş və praktik bacarıqlarla silahlanmış kadrların hazırlanması prioritet istiqamətlərdən biri kimi müəyyən olunub. Təhsil müəssisələrində layihə əsaslı fəaliyyətin təşviqi də məhz bu məqsədə xidmət edir.

Bu baxımdan Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK) “Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı” ixtisası üzrə təhsil alan KŞŞİ 23/03 qrupunun tələbələri tərəfindən hazırlanmış “3 mərtəbəli inzibati binanın şəbəkə topologiyası” layihəsi diqqət çəkən təşəbbüslərdən biri kimi qiymətləndirilə bilər.

Layihə Azərbaycan Dövlət Pedaqoji Kollecinin Riyaziyyat-informatika fənn birləşməsinin sədri və təcrübə rəhbəri Nüşabə Seyidin təşəbbüsü ilə pilot layihə kimi həyata keçirilib. Layihənin əsas məqsədi tələbələrin auditoriyada əldə etdikləri nəzəri bilikləri praktik fəaliyyətlə əlaqələndirmək, onların peşə səriştələrini inkişaf etdirmək və müasir informasiya texnologiyaları sahəsində tətbiqi bacarıqlarını formalaşdırmaq olub. Layihənin hazırlanması üçün tələbələr arasında iş bölgüsü aparılıb və hər bir iştirakçı müəyyən istiqamət üzrə fəaliyyət göstərib. İş prosesində üçmərtəbəli inzibati bina üçün müasir standartlara uyğun şəbəkə infrastrukturu layihələndirilib, şəbəkənin fiziki və məntiqi strukturu hazırlanıb, təhlükəsizlik mexanizmləri nəzərdə tutulub və müxtəlif texniki həllər işlənib.

Layihə rəhbəri Zərbəliyev Mehdi tərəfindən şəbəkə topologiyasının ümumi çertyoju hazırlanıb, istifadə olunacaq avadanlıqların siyahısı müəyyənləşdirilib və layihənin koordinasiyası həyata keçirilib. Digər tələbələr tərəfindən şəbəkə təhlükəsizliyi, firewall sistemləri, IP ünvanlaşdırılması, şəbəkə avadanlıqlarının konfiqurasiyası, videomüşahidə sistemləri, biometrik giriş texnologiyaları, məlumat ötürmə kanalları və rabitə sistemləri üzrə araşdırmalar aparılıb. Layihənin vizual hissəsi çərçivəsində inzibati binanın üçölçülü modeli hazırlanaraq şəbəkə infrastrukturunun yerləşdirilməsi əyani şəkildə təqdim olunub. Hazırlanmış modeldə server və şəbəkə avadanlıqlarının yerləşdirilməsi, mərtəbələrarası əlaqələrin təşkili, IP müşahidə kameralarının inteqrasiyası, biometrik girişə nəzarət sistemləri və şəbəkənin təhlükəsizliyinin təmin olunması ilə bağlı həllər öz əksini tapıb. Bu isə tələbələrə real iş mühitinə yaxın şəraitdə layihələndirmə və sistem quruculuğu təcrübəsi qazandırıb. Layihənin əhəmiyyətli cəhətlərindən biri də onun yalnız texniki nəticə ilə məhdudlaşmamasıdır. Layihə üzərində işləyən tələbələr komanda fəaliyyəti, vaxtın idarə olunması, problemlərin təhlili, qərar qəbul etmə, təqdimat və layihə idarəetməsi kimi müasir əmək bazarında xüsusi əhəmiyyət daşıyan bacarıqları da inkişaf etdiriblər.

Layihənin uğurla həyata keçirilməsində Azərbaycan Dövlət Pedaqoji Kollecində yaradılmış tədris mühiti və innovativ təşəbbüslərə verilən dəstək mühüm rol oynayıb. Kollecin direktoru Amalya Sezgin Mahal qızının rəhbərliyi ilə tələbələrin layihə əsaslı fəaliyyətə cəlb olunmasına, onların müasir texnologiyalar üzrə bacarıqlarının inkişaf etdirilməsinə və yaradıcılıq potensiallarının üzə çıxarılmasına xüsusi diqqət yetirilir. Mütəxəssislərin fikrincə, bu kimi layihələr təhsilalanların nəzəri biliklərini praktik fəaliyyətlə birləşdirərək onların peşəkar hazırlığını gücləndirir, əmək bazarının tələblərinə uyğun kompetensiyaların formalaşmasına şərait yaradır və gələcəyin rəqabətqabiliyyətli mütəxəssislərinin yetişdirilməsinə töhfə verir.

“3 mərtəbəli inzibati binanın şəbəkə topologiyası” layihəsi tələbələrin innovativ düşüncə, texniki yaradıcılıq və peşə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən uğurlu təşəbbüslərdən biri olmaqla yanaşı, təhsildə praktikyönümlü yanaşmanın səmərəli nəticələrini nümayiş etdirən nümunə kimi də diqqət çəkir.


CBGANx2.jpg
CBGAei7.jpg
CBGAOVS.jpg




“QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURUN ALİ SPORLU VƏ TOXUMLU BİTKİLƏRİNİN TAKSONOMİK SPEKTRİ” ADLI KITAB ÇAP OLUNUB

AR ETN Botanika İnstitutunda “Qarabağ və Şərqi Zəngəzurun ali sporlu və toxumlu bitkilərinin taksonomik spektri” adlı fundamental nəşr çapdan çıxıb. İnstitutun Elmi Şurasının 25 dekabr 2025-ci il tarixli, 10 saylı qərarı ilə nəşrə tövsiyə olunan kitab Qarabağ və Şərqi Zəngəzur floralarını əhatə edir.

Ərazidə 2000-ə yaxın ali sporlu və toxumlu bitki növünə rast gəlinir ki, bu da Azərbaycan florasının 45 faizdən çoxunu təşkil edir. 316 səhifəlik kitabda bitkilərin bioekoloji xüsusiyyətləri, taksonomik quruluşu və yayılma xüsusiyyətləri təqdim olunub. Nəşrin elmi redaktoru professor Səyyarə İbadullayeva, redaktorları professor Aydın Əsgərov və dosent Pərvanə Qaraxani, rəyçiləri isə akademik Tariyel Talıbov və professor Munir Öztürkdür.

Kitabın tərtibatında institutun əməkdaşları professor Səyyarə İbadullayeva, dosentlər Nuri Mövsümova, Gülnarə Şirəliyeva, Nigar Mürsəl, Arzu Hüseynova, biologiya üzrə fəlsəfə doktoru Samirə Xudaverdiyeva və doktorant Səbinə Hacıyeva iştirak edib. Kitab gələcəkdə Qarabağ və Şərqi Zəngəzur florasının tədqiqi zamanı mühüm elmi mənbə kimi istifadə edilə bilər.




BOTANİKA İNSTİTUTUNDA XOCALI SOYQIRIMI QURBANLARININ XATİRƏSİ ANILIB

AR ETN Botanika İnstitutunda Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. Öncə Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İnstitutun direktor vəzifəsini icra edən, professor Səyyarə İbadullayeva tədbiri açaraq, Xocalı soyqırımının ermənilərin tarixən xalqımıza qarşı apardığı etnik təmizləmə və işğal siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Xocalıda törədilən soyqırım təkcə Azərbaycan xalqına qarşı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir.

Xocalı soyqırımının xalqımızın qan yaddaşının ən dəhşətli və unudulmaz səhifələrindən biri olduğunu qeyd edən alim, bu faciə haqqında dünya ictimaiyyətinin davamlı məlumatlandırılmasının vacibliyini vurğulayıb. 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı şanlı zəfərdən və dövlət rəhbərliyinin uzaqgörən siyasətindən danışaraq, erməni vandalizmi qurbanlarının qisasının alındığını söyləyib.

Hazırda sapı özümüzdən olan anti-milli baltalar Cənab Prezident İlham Əliyevi fərd olaraq yox, zəfər və sülh reallığının memarı və qarantı kimi hədəfə alıblar. Ona görə Azərbaycan xalqı bu prosseslərdə ayıq-sayıq dayanmalı, prezidentimizə uzanan dil və əl elə bu xalq tərəfindən kəsilməlidir.

Tədbirdə Qadınlar Şurasının sədri, dosent Aygün Məmmədova, Bioloji Ehtiyatlar və Fərdi Maddələrin alınması Texnologiyası Laboratoriyasının müdiri, dosent Hilal İmanlı və Gənc Alim və Mütəxəssislər şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Şəbnəm İsayeva Xocalı soyqırımı ilə bağlı təəssüratlarını bölüşüblər. Tədbirdə soyqırımı əks etdirən videoçarx nümayiş etdirilib. Sonda Botanika İnstitutunun əməkdaşları Xocalı Soyqırımı abidəsini ziyarət ediblər.




BOTANİKA İNSTİTUTUNDA 20 YANVAR FACİƏSİ ANILIB

AR ETN Botanika İnstitutu Publik Hüquqi Şəxsdə 20 Yanvar hadisələrinin 36-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Tədbiri İnstitutun baş direktoru, professor Səyyarə İbadullayeva açaraq bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının uzun illər mübarizə apardığı istiqlal savaşının, milli iradə və azadlığının təntənəsidir. Professor qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ ordusunun Bakıya yeridilməsi nəticəsində azadlıq uğrunda mübarizəyə qalxan vətən övladları şəhid oldu, yaralandı, qanunsuz həbs olundu. Şəhid olanlardan 3-ü Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı olub. O, qanlı hadisəyə ilk siyasi münasibəti Ümummilli Lider Heydər Əliyev 21 yanvar 1990-cı ildə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda bildirdiyini söyləyib.

S.İbadullayeva vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi və siyasi iradəsi, qüdrətli ordumuzun rəşadəti, xalqımızın həmrəyliyi nəticəsində 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər ilə şəhidlərimizin intiqamı alındı və onların qanı yerdə qalmadı.

Tədbirdə biologiya elmləri doktorları, professor Aydın Əsgərov, professor Şakir Qasımov, professor Dilzarə Ağayeva, biologiya üzrə fəlsəfə doktorları Ələddin Qədimov, Pərvanə Qaraxani, Sadıq Qarayev, Nigar Mürsəl qızı və Hilal İmanlı Azərbaycan xalqına qarşı törədilən bu cinayətin heç zaman unudulmayacağını və xalqımızın yaddaşında daim milli azadlıq uğrunda qəhrəmanlıq salnaməsi kimi yaşayacağını qeyd ediblər.

20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş olunub.

Sonda Botanika İnstitutunun kollektivi Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı uğrunda canlarını fəda edənlərin əziz xatirəsini ehtiramla yad ediblər.




BAKI ŞƏHƏRİNDƏ “III BEYNƏLXALQ APİTERAPİYA VƏ TƏBİƏT” KONQRESİ KEÇİRİLİB

21-23 noyabr 2025-ci il tarixdə Bakı şəhərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Botanika İnstitutunda “III Beynəlxalq Apiterapiya və Təbiət Konqresi” keçirilib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Botanika İnstitutu, Naxçıvan Dövlət Universiteti, Türkiyənin Karadeniz Texnik Universiteti və Gümüşhane Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “III Beynəlxalq Apiterapiya və Təbiət Konqresi”ndə respublikamızla yanaşı bir sıra xarici ölkələrdən dəvət olunmuş tədqiqatçılar da qatılıb. İlk dəfə 2023-cü ildə Naxçıvan şəhərində, 2024-cü ildə Türkiyənin Trabzon şəhərində keçirilmiş, 3-cü isə Bakı şəhərində təşkil olunan “III Beynəlxalq Apiterapiya və Təbiət Konqresi”nin əsas məqsədi apiterapiya (bal, vərəmum, arı südü, arı zəhəri və s.) və təbiətə əsaslanan elmlər sahəsində tədqiqatçıları bir araya gətirmək, elmi müzakirələr aparmaq, qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək, yeni elmi layihələrin formalaşmasına və inkişafına töhfə vermək, dünyada apiterapiya və təbiət elmləri üzrə elm adamlarını bir platformada toplayaraq, beynəlxalq elmi şəbəkələr qurmaqdan ibarətdir.

Konfransda Azərbaycan, Türkiyə, Pakistan, Əlcəzair, İndoneziya, Yunanıstan, Qazaxıstan, Özbəkistan və digər müxtəlif ölkələrdən qatılan görkəmli alimlər, mütəxəssislər, apiterapiya və fitoterapiya sahəsi üzrə tədqiqatçılar iştirak ediblər. “III Beynəlxalq Apiterapiya və Təbiət Konqresi”ndə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Botanika İnstitutun direktoru, professor Səyyarə İbadullayeva açılış nitqi edərək qonaqları salamlayıb və konqresin işinə uğurlar arzulayıb. O, bu mötəbər tədbirin ölkəmizdə keçirilməsinin əsas məqsədinin zəngin floraya, biomüxtəlifliyə malik Azərbaycan təbiəti və bu təbiətdən gələn qiymətli arı məhsullarının tədqiqinə dair ən son elmi yenilikləri müzakirə etmək, müəssisələr və tədqiqatçılar arasında beynəlxalq əməkdaşlıqları genişləndirmək, yeni araşdırma istiqamətlərinə yol açmaq olduğunu vurğulayıb. Professor Botanika İnstitutunda biomüxtəlifliyin qorunması və təbii mənşəli müalicə üsullarının öyrənilməsi istiqamətində aparılan elmi tədqiqatlardan söz açıb. Konqresdə təqdim olunacaq məruzələrin, aparılacaq müzakirələrin tədqiqatçı və mütəxəssislər üçün böyük fayda verəcəyini vurğulayıb. Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Gümüşhane Universitetinin rektoru Oktay Yıldız, Karadeniz Texnik Universitetinin professoru Sevgi Kolaylı, Pakistanın Karaçi Universitetinin professoru Muhammad İqbal Choudhary, Azərbaycan Peşəkar Arıçılar birliyinin sədri Elxan Ələkbərov çıxış ediblər. Konqres 3 salonda 11 bölmə iclasları və 80-dən çox poster təqdimatları ilə işini davam etdirmişdir. Bölmələrdə ümumilikdə 8 ölkədən 150-dən çox tədqiqatçının məruzələri dinlənilmişdir.




BOTANİKA İNSTİTUTUNDA YENİ LABORATORİYALAR AÇILIB

İsveçrə Milli Elm Fondunun (SNSF) dəstəyi ilə AR ETN Botanika İnstitutu və İsveçrə Meşə, Qar, Landşaft Federal Tədqiqat İnstitutu (WSL) arasında “Azərbaycanda ağaclarla əlaqəli patogen göbələklər və oomisetlər: müxtəliflik, yayılma, yerli təsir və Avropa ağac növləri üçün potensial təhlükə” adlı ikitərəfli layihə çərçivəsində Mikologiya və ibtidai bitkilər şöbəsinin nəzdində iki yeni – mikoloji və molekulyar bioloji laboratoriya yaradılıb. 16 oktyabr 2025-ci il tarixində yeni laboratoriyaların rəsmi açılış tədbiri keçirilib.

Tədbiri İnstitutun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva açaraq qonaqları salamlayıb, institutun fəaliyyəti barədə geniş məlumat verib. Cənab Tomas Ştəli və AR ETN EATDA-nın elmi müəssisələrlə iş şöbəsinin müdiri İltifat İbrahimov institutda açılan yeni laboratoriyaların tədqiqat işinə verəcəyi töhfəni yüksək qiymətləndirib, bu barədə öz təklif və arzularını bildirib. Layihənin Azərbaycan tərəfindən rəhbəri biologiya elmləri doktoru, professor Dilzarə Ağayeva və layihənin aparıcı elmi işçisi Dr. Karolina Korneco bir il ərzində görülən işlər, laboratoriyaların dizaynı, iş imkanları və laboratoriyada çalışacaq kadr hazırlığı barəsində ətraflı məlumat təqdim ediblər.




ABŞ İNSTİTUTUNUN BAŞ İCRAÇI DİREKTORU ADPU-NUN QONAĞI OLUB

Oktyabrın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ABŞ- nin Mədəniyyət və Təhsil İnstitunun (CCEI) baş icraçı direktoru və İdarə Heyətinin sədri, YUNESKO-nun 41-ci Baş Konfransının Mədəniyyət Komissiyasının prezidenti Vasif Eyvazzadə ilə görüş keçirilib. Görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov və Təlim-Tədris Mərkəzinin müdiri Xalidə Həmidova iştirak edib. Tərəflər Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə CCEI arasında təhsil, mədəniyyət və peşəkar inkişaf sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Görüş zamanı tələbə və müəllimlərin beynəlxalq proqramlara qoşulma perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, tərəflər gələcək əməkdaşlığın həyata keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıblar. Görüşdən sonra qonağa universitetin infrastrukturu və təhsil imkanları haqqında ətraflı məlumat verilib.




BOTANİKA İNSTİTUTUNDA 7 OKTYABR — ÜMUMDÜNYA LAYİQLİ ƏMƏK GÜNÜ QEYD OLUNUB

Bu gün AR ETN Botanika İnstitutunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş seminar keçirilib.

Seminar Botanika İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva açaraq “Ümumdünya Layiqli Əmək Günü”nün mahiyyəti, ölkəmizdə layiqli əməyin təmin olunması istiqamətində  görülən işlər, əməyin təşkili prosesində tətbiq olunan qaydalar barədə danışıb. Professor institut əməkdaşları üçün yaradılan səmərəli iş mühitini və bu sahədə qarşıda duran vəzifələri də diqqətə çatdırıb. Qeyd edib ki, 7 oktyabr — Ümumdünya Layiqli Əmək Günü ölkəmizdə həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsi kimi xüsusi əhəmiyyət daşıyır.

İnstitutun Həmkarlar Komitəsinin sədri, biologiya üzrə fəlsəfə doktoru, dosent Şəkər Muxtarova bildirib ki, hər il 7 oktyabr “Ümumdünya Layiqli Əmək Günü” kimi qeyd olunur və bu təşəbbüs ilk dəfə 2008-ci ildə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən elan edilib. Hər bir vətəndaşın layiqli yaşayış və iş yeri ilə təmin olunması ölkənin sosial-iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindəndir. Onlar layiqli gəlirdən başlayaraq əmək şəraiti, əməkdaşlar arasında bərabərlik, sədr ilə işçi arasında olan dialoqa, öz əmək hüququnu müdafiə etməyə və ya vəd edilmiş sosial müdafiədən istifadə etməyə qədər bütün aspektləri əhatə edir.

Seminarda hüquqşünas Araz Abdullayev “Ümumdünya Layiqli Əmək Günü” mövzusunda çıxış edib. Ölkəmizdə layiqli əməyin təminatı, o cümlədən, işçilərin təhlükəsiz və sağlam əmək şəraiti ilə təmin edilməsi sahəsində aparılan dövlət siyasəti, BMT-nin İnsan Hüquqları Bəyannaməsinə və digər mühüm sənədlərə əsasən layiqli əməyin ümumdünya məqsədinə çevrilməsini tədbir iştirakçılarının diqqətinə çatdırıb. İşçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədilə Əmək Məcəlləsində və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan normaları və standartları diqqətə çatdırıb. Sonda işçilərin sualları cavablandırılıb, müvafiq izahlar verilib.  




ADPU-DAN MÖHTƏŞƏM FÜRSƏT: «UĞUR» XÜSUSİ TƏQAÜD PROQRAMI

ADPU-da yeni qəbul olunan tələbələr üçün «UĞUR» xüsusi təqaüd proqramı təsis edilib.

600 bal və daha yüksək nəticə ilə Azərbaycan Dövlət Pedaqoji Universitetini seçən ilk 10 nəfər tələbəyə ilk tədris ilinin birinci semestri ərzində aylıq 200 AZN dəyərində xüsusi «UĞUR» təqaüdü alacaqlar.

Qeyd edək «UĞUR» xüsusi təqaüd proqramı ən yüksək balla ADPU-ya qəbul olunaraq «Firudin bəy Köçərli» təqaüdü (1 il ərzində, aylıq 125 AZN) alan tələbədən sonrakı, 600 bal və daha yüksək nəticə ilə universitetə qəbul olunan ilk 10 nəfər tələbəyə veriləcək.