AZƏRBAYCAN İLƏ MƏRKƏZI ASİYA ÖLKƏLƏRİ ARASINDA ƏLAQƏLƏRİN BÖYÜK PERSPEKTİVLƏRI MÖVCUDDUR
Mahirə HÜSEYNOVA
ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor, Əməkdar müəllim
Bu gün Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin, beynəlxalq təşkilatların sayı durmadan artır. Azərbaycanın isə gələcək üçün xarici siyasətində prioriteti məlumdur – Türk dünyası ilə münasibətlərin daha da inkişafı, bütün digər ölkələrlə bərabər və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması.
2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndin yer alması və bu müddəanın yerinə yetirilməsi Türk dövlətlərini coğrafi baxımdan da bir-birinə bağlayacaq, Şərqdən Qərbə uzanan vahid marşrut xəttini formalaşdıracaq ki, bu da böyük bir coğrafiyada yüklərin rahatlıqla, qısa zaman kəsiyində və daha münasib qiymətə daşınmasına böyük töhfə verəcək.
Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Ölkəmizin inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsi, o cümlədən Ələt Dəniz Ticarət Limanının inşası və imkanlarının artırılması, gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, ölkəmizin Xəzərdə ən böyük ticarət donanmasına malik olması Avropa ilə Asiya arasında daşımalar üçün olduqca vacib əhəmiyyət daşıyır. Azərbaycanın artan tranzit imkanları, həmçinin Mərkəzi Asiya ölkələrinin, həmin coğrafiyada yerləşən türk dövlətlərinin inkişafına da müsbət təsirini göstərəcək.
Cənab Prezidentin Astana şəhərində Mərkəzi Asiya və Azərbaycan Respublikası dövlət başçılarının görüşündə iştirakı Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi və ticarət əməkdaşlığının dərinləşdirilməsi istiqamətində əhəmiyyətli addımların atılmasına imkan yaradır.
Mərkəzi Asiya dövlətləri də qardaş ölkə olan Azərbaycanla əlaqələrə böyük önəm verirlər. Təsadüfi deyil ki, region ölkələri işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işlərinə töhfələrini davam etdirirlər. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb xüsusi vurğulanmalıdır. 2024-cü il martın 12-də isə Qazaxıstan tərəfindən Füzulidə inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Eyni zamanda, Qırğız Respublikasının təşəbbüsü ilə Ağdamın Xıdırlı kəndində inşa ediləcək orta məktəb bu dəstəyin bariz nümunəsidir.
Ümumiyyətlə, dövlətimizin başçısının şəxsi nüfuzu, yürütdüyü uzaqgörən siyasət, qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, öz sözünü deyən ölkəyə çevrilib. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin böyük perspektivləri mövcuddur. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır.
PREZİDENT İLHAM ƏLİYEVİN UĞURLU TƏHSİL SİYASƏTİ
Mahirə HÜSEYNOVA
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor
Dövlət başçısının diqqət və qayğısı ölkəmizdə milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfələr verir.
“Azərbaycan Pedaqoji İnstitutu böyük və çətin yol keçmişdir. Onun kollektivi Azərbaycan ümumtəhsil məktəbinin inkişafında böyük xidmət göstərmiş, institut xalq maarifi üçün yüksəkixtisaslı kadrlar ocağına çevrilmişdir. Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır. İndiyə qədər yaranmış təməlin üzərində dayanan Azərbaycan təhsili bundan sonra daha da təkmilləşəcəkdir. Azərbaycan müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hisslərinə malik olan insanlardır”.
Heydər ƏLİYEV, Azərbaycan xalqının ümummilli lideri
“Azərbaycan Dövlət Pedaqoji Universiteti ölkəmizin təhsil tarixində xüsusi yer tutan, zəngin ənənələrə malik ali təhsil müəssisələrindəndir. Yarandığı vaxtdan etibarən Universitet üzərinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirmiş, respublikamızla yanaşı, bir sıra digər ölkələr üçün elmi-pedaqoji kadr hazırlanması işini müvəffəqiyyətlə həyata keçirmişdir… İxtisaslaşmış ali təhsil müəssisəsi kimi Azərbaycan Dövlət Pedaqoji Universiteti müəllim hazırlığı sahəsində və pedaqoji təhsilin inkişafı naminə bu gün də uğurlu fəaliyyəti ilə müstəqil Azərbaycanın inkişafına töhfələrini əsirgəmir”. Prezident İlham Əliyevin 17 aprel2021-ci il tarixli Sərəncamından
Azərbaycanda və onun hüdudlarından kənarda Prezident İlham Əliyev Qalib ölkənin Müzəffər Ali Baş Komandanı kimi böyük nüfuz sahibidir.
Qeyd etməyi lazım bilirik ki, ilk əvvəl onun seçicilərinin gəldiyi bu qənaət müasir dünyanın siyasi-sosial elitası tərəfindən etiraf olunan gerçəklikdir. Ölkəmizin təhsil ictimaiyyəti həmin gerçəkliyin ilk şahidlərindəndir və onlar möhtərəm cənab Prezidentin öz seçicilərinə, Azərbaycan Respublikasının vətəndaşlarına ilk seçkiqabağı təbliğat-təşviqat kampaniyası zamanı təqdim etdiyi seçkiqabağı proqramın ilk bəndlərini indi də xatırlayırlar. O bəndlərdə Azərbaycanın ərazi bütövlüyünün bərpasını prezidentliyi dövrünün əsas prioritet istiqaməti elan edən İlham Əliyev ölkə iqtisadiyyatı və sosial həyatının bütün sahələrində inkişafa nail olunacağını vəd edirdi. Aradan keçən zaman Prezidentin dediklərini seçkiqabağı kampaniyalarda seçicilərinə söz verən taktiki siyasətçinin deyil, xalqın və ölkənin taleyi üçün məsuliyyət daşıyan böyük bir dövlət xadiminin dayandığını təsdiq etdi. O, bütün hüquqi və mənəvi normaları tapdayan işğalçı Ermənistan dövləti ilə aparılan 44 günlük müharibədə təkcə Silahlı Qüvvələrimizin şəxsi heyəti üçün deyil, xalqımız üçün nümunəyə çevrildi. Şuşa şəhərinin işğaldan azad edildiyi gün xalqa televiziya ilə müraciəti zamanı “Əziz Şuşa, sən azadsan!”, deyib də, səhərisi gün atası, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. Onun ən böyük arzusunun yerinə yetirildiyini söyləyərkən necə Vətəndaş, necə Oğul olduğunu bir daha əyani göstərdi.
Prezident İlham Əliyev şəxsi nümunənin ən mükəmməl əyani vəsait olduğunu bir daha xatırlatdı.
Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf tendensiyası təhsil sektorunda xüsusilə diqqəti cəlb edir. Bu inkişafın əsasında isə, şübhəsiz, ulu öndər Heydər Əliyevin ideyaları və həmin ideyalar əsasında həyata keçirilən siyasətin strateji kursu dayanır. Həmin strateji kursdur ki, bünövrəsi müasir Azərbaycan Respublikasının memarı, ümummilli lider Heydər Əliyev tərəfindən qoyularaq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Dövlət başçısının yüksək diqqəti və məqsədyönlü göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu da ölkəmizdə milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfələr verir. Onu qeyd etməyi lazım bilirik ki, təhsil siyasəti hər bir ölkənin strateji hədəflərində birinci yerlərdən də yox, elə, birinci yerdə durur, inkişaf konsepsiyasının mühüm tərkib hissəsi kimi qəbul edilir. O konsepsiyanın tərkib hissəsində təhsilin bütün pillələri əks olunur və onu əlavə edək ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə ali təhsilin inkişafı əsas prioritetə çevrilmiş, insan kapitalının inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil etmişdir. Məhz bu dövrdə ali təhsil müəssisələrinin şəbəkəsi daha da inkişaf etdirilərək genişləndirilmiş, onların sayı 2003-cü ildəki 46-dan hazırda 51-ə, təhsilalanların sayı isə 120 mindən 171 minə çatdırılıb.
Bunlardan əlavə, yüksək keyfiyyətli ali təsil verən yeni baza ali təhsil müəssisələri yaranıb. Azərbaycanda ən müasir tələblərə cavab verən ADA Universiteti, Bakı Ali Neft Məktəbi bu gün təkcə ölkəmizdə deyil, dünyada söz sahibi olan təhsil ocaqlarından sayılır. Həmçinin dünyada tanınan, mütərəqqi ənənələri olan, öz nüfuzuna görə seçilən M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti kimi qocaman ali məktəblərin Bakı filialları yaradılıb. Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmədən aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədilə Azərbaycan-Fransız Universiteti (UFAZ) fəaliyyətə başlayıb. Burada 4 ixtisas üzrə (kimya mühəndisliyi, kompüter elmləri, geofizika mühəndisliyi, neft və qazın kəşfiyyatı və istismarı) ingilis dilində tədris olunur, Fransanın Strasburq və Renn 1 universitetləri ilə ikili diplomun verilməsi həyata keçirilir. Son illərdə bir sıra ali təhsil müəssisələri üçün ən müasir kampuslar yaradılmış, bütün ali təhsil müəssisələrinin maddi-texniki və tədris bazası əhəmiyyətli şəkildə yenilənib.
Təhsil sahəsində aparılan islahatlar, qəbul olunan Dövlət proqramları, həmçinin, 2011-2021-ci illərdə Azərbaycanda təhsilin genişspektrli inkişafı üzrə Milli Strategiyanın hazırlanması, müsabiqələrin keçirilməsi bir daha təhsilimizin dövlət başçısının diqqət mərkəzində olduğunun göstəricisidir.
Gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncam da imzalanıb. Bu, insan kapitalının inkişafına yönəlmiş həmin proqram çərçivəsində ümumilikdə 4 min nəfərdən artıq Azərbaycan vətəndaşının Dövlət Neft Fondu hesabına maliyyələşdirilməklə dünyanın 32 ölkəsinin 379 aparıcı universitetində təhsil almaq hüququ qazanması deməkdir. Həmin universitetlər dünyanın 500 ən güclü universiteti sırasındadır.
Azərbaycan Dövlət Pedaqoji Universiteti və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında “Təhsil” ixtisası üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom Proqramı. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ADPU və ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə 31 yanvar 2020-ci il tarixində ikili diplom proqramı üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən universitetin “Menecment (təhsilin təşkili və idarəolunması)” ixtisası üzrə magistratura pilləsini bitirən tələbələr hər iki ali məktəbin diplomunu əldə edə biləcək (proqramın məzunları müvafiq olaraq CVU-nun “Təhsil və insan inkişafı: Təhsil siyasəti və liderlik” magistr ixtisasına da yiyələnəcək).
O barədə söhbət açmaq istərdik ki, bu il yaradılmasının 100 illiyi ilə bağlı cənab Prezidentin imzaladığı Sərəncamla Azərbaycan Dövlət Pedaqoji Universitetində beynəlxalq fəaliyyətin tənzimlənməsi və inkişafı istiqamətində yeni mərhələ açılır. Həmin inkişaf xətti ölkəmizdə hələ 90-cı illərin sonlarında əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulubdur. O siyasətin fəlsəfəsi Azərbaycan təhsilini artıq öz sistemini yarada bilməklə bərabər, uğurlu nəticələrini qazanmış ölkələrin təhsil təcrübələri ilə zənginləşdirməkdən ibarətdir. Milli təhsilimizin ən yaxşı ənənələrini qoruyaraq inkişaf etdirmək, onun dünya təhsilinin mütərəqqi və qabaqcıl metodologiyasının özünü doğruldan, təsdiq edən elementləri ilə sintezinə nail olmaq bugünkü təhsil siyasətinin başlıca hədəfidir.
Azərbaycan Respublikasında təhsilin inkişafı üçün mövcud dövlət siyasətinin və həmin siyasətin həyata keçirilməsini təmin edən Təhsil Nazirliyinin bu istiqamətdə apardığı işlər və təhsil müəssisələrinin qarşısında qoyulan vəzifələr hər bir qurum kimi, universitetimizin də qarşısında müəyyən vəzifələr yaradır. Həmin vəzifələr isə problemin həlli üçün kreativ yanaşmalar tələb edir və bu yanaşmaların nəticəsidir ki, görülən işlərin, perspektiv planların geniş siyahısını təqdim edə bilək. Bu istiqamətdə universitetimizdə geniş və məhsuldar fəaliyyətin olduğunu qeyd edə bilərik.
Təhsildə qloballaşma və beynəlmiləlləşmə faktorlarının olduqca mühüm əhəmiyyət kəsb etdiyi bir dövrdə, əlbəttə, universitetimiz üçün ilk növbədə türkdilli ölkələrin ali təhsil müəssisələri ilə əlaqələrin qurulması, əməkdaşlığın yüksələn xətlə inkişafı prioritet istiqamətdir. Bu illər ərzində Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələri genişlənir, dünyanın müxtəlif ali təhsil ocaqları, həmçinin beynəlxalq şirkət və qurumları, xarici ölkələrin ölkəmizdəki səfirlikləri ilə əlaqələrin yaradılması və inkişafı istiqamətində səmərəli işlər həyata keçirilib. Qeyd edək ki, ancaq son illərdə — 2016/2020-ci illər ərzində beynəlxalq əməkdaşlıq fəaliyyəti sahəsində görülmüş işlərin məzmunu belə deməyimiz üçün əsas verir.
Azərbaycan Dövlət Pedaqoji Universiteti Türkiyə Respublikasının müxtəlif universitetləri ilə ikitərəfli əməkdaşlıqdan əlavə, “Mövlanə Mübadilə” proqramı çərçivəsində də əməkdaşlıq edir. Sözügedən mübadilə proqramı çərçivəsində 2016-cı ildə ADPU-nun İbtidai təhsil fakültəsinin 1 tələbəsi Kastamonu Universitetinin Eğitim fakültəsində, Təsviri incəsənət, musiqi və çağırışaqədər hazırlıq fakültəsinin 1 tələbəsi Kahramanmaraş Sütçü İmam Universitetinin Güzel sanatlar fakültəsində mübadilədə iştirak edib.
Qazaxıstanın və Rusiyanın ali təhsil müəssisələrinin nümayəndələri ilə 9 işğüzar görüş keçirilmişdir. Görüşlərin nəticəsi olaraq 8 əməkdaşlıq müqaviləsi imzalanıb, Rusiyanın Dövlət Humanitar Universiteti (RDHU) ilə anlaşma çərçivəsində tələbə mübadiləsi həyata keçirilib. Belə ki, RDHU-nun Beynəlxalq əlaqələr ixtisası üzrə təhsil alan 8 tələbəsi ADPU-da iki həftəlik yaz məktəbində iştirak edib.
İlk növbədə, beynəlxalq əlaqələr müstəvisində, daha intensiv əlaqələrimiz qardaş Türkiyə Respublikası ilə mövcuddur. 2016-2019-cu illər ərzində Türkiyənin Ali Təhsil Şurasının (YÖK), Tələbə Seçmə və Yerləşdirmə Mərkəzinin (ÖSYM) imtahanlarının nəticələrinə əsasən, Azərbaycan Respublikası ilə xarici ölkələr arasında təhsil sahəsində bağlanılmış ikitərəfli saziş çərçivəsində, ADPU-nun əcnəbi vətəndaşlarla birbaşa bağladığı müqavilələr əsasında ADPU-da təhsil almış 78 əcnəbi tələbə və magistr, 85 əcnəbi dinləyici məzun olmuşdur. Hazırda 180-dən çox əcnəbi vətəndaş ADPU-nun hazırlıq, bakalavriat və magistratura səviyyələrinin müxtəlif ixtisaslarında təhsil alır. Onların arasında Türkiyə, Rusiya, Gürcüstan, Çin, Türkmənistan, Suriya, Ukrayna vətəndaşları vardır.
Bu gün dünyanın müəyyən dəyərlər uğrunda çarpışmasının başlıca səbəblərindən biri də budur. Bizim qurduğumuz və genişləndirmək istədiyimiz əlaqələrə həmin kontekstdən yanaşmalıyıq. Fikrimizi ümumiləşdirmək üçün Prezident cənab İlham Əliyevin 2013-cü ilin oktyabrında imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı yada salmaq istərdik. Strategiyanın başlıca fəlsəfəsi Azərbaycan təhsilinin o dəyərlər ruhunda olmasını təmin etməkdir.
Universitetimizdəki Beynəlxalq əlaqələr üzrə prorektorluq ADPU-nun və struktur bölmələrinin beynəlxalq fəaliyyətinin idarə olunması və inkişaf etdirilməsinə görə məsuliyyət daşıyır. Qurum beynəlxalq istiqamətlər üzrə maraqların və hüquqların qorunmasını, beynəlxalq əlaqələr üzrə fəaliyyətin təkmilləşdirilməsi işinə nəzarəti təmin edir.
2013-cü il oktyabr ayının 24-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı təsdiq edib. Bu sənədin əsas məqsədi keyfiyyət səviyyəsinə görə dünyada qabaqcıl mövqe tutan təhsil sistemi formalaşdırmaqdır. Güclü və dinamik inkişaf edən Azərbaycana yüksək intellektli kadrlar lazımdır. Bu cür kadrların hazırlanması üçün mükəmməl təhsil sisteminin olması başlıca şərtlərdən biridir və Dövlət Strategiyasında göstərildiyi kimi, islahatların aparılması daha da yetkin vətəndaşların yetişdirilməsinə zəmin yaradacaq. Strategiyanın reallaşdırılması təhsilin məzmununun, kadr hazırlığının, təhsildə idarəetmənin yenidən qurulmasına imkan verəcək, davamlı inkişafı təmin edəcək.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasətinin həyata keçirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, yaradıldığı vaxtdan Heydər Əliyev Fonduna rəhbərliyini həyata keçirən, ölkəmizdəki sosial proqramların əsas təşəbbüskarı xanım Mehriban Əliyevanın fəaliyyəti xüsusilə qeyd olunmalıdır. Onun təşəbbüsü ilə hazırlanıb həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi Azərbaycanın təhsil sisteminin inkişafı üzrə ciddi töhfələr verdiyini xatırlatmaq kifayət edər. Gətirilən nümunələr onu göstərir ki, xanım Mehriban Əliyeva qlobal missiyası ilə ölkə təhsilinin perspektiv inkişafına təkan verən başlıca funksiyanı yerinə yetirir.
Dövlət başçısı tərəfindən ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində əhəmiyyətli qərarlar qəbul olunmuşdur. Ölkə Prezidentinin sərəncamına əsasən təqaüd sistemi təkmilləşdirilmiş, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin miqdarı 23 min vahid artırılmış, təqaüd alan tələbələrin sayının növbəti iki ildə 50 faizə çatdırılması nəzərdə tutulmuşdur. Bununla yanaşı, tələbələrə verilən təqaüdlərin məbləği də orta hesabla 20 faiz artırılmış, bu tədbirlər 110 mindən çox tələbəni əhatə etmişdir. Eyni zamanda ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi yerləri 66 faiz artırılaraq qəbul planı ötən ilki 27 faizdən 42 faizə çatdırılmışdır.
Prezident İlham Əliyevin sərəncamlarına əsasən məcburi köçkün statusu olan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, şəhid ailəsi statusu almış ailənin üzvləri, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər, I və II dərəcə əlilliyi olan, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin təhsil haqqı xərcləri büdcə vəsaitləri hesabına ödənilir. Peşə təhsili müəssisələrində təhsil alan I, II və III qrup əlillər, şəhid ailəsinin üzvləri, 20 yaşına çatmamış və I qrup əlil valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər də təhsil haqqından azad edilmişdir.
Bütün bunlar təsdiq edir ki, prezidentliyinin ilk vaxtlarından qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində Azərbaycana sanballı nəticələr qazandıran Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin son on illik fəaliyyəti xüsusilə uğurlu olub. O, təhsil sistemi qarşısında duran əsas vəzifələri müəyyənləşdirərək azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət hissinin, milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması, vətənə sədaqət, vətəndaşlıq mövqeyinin formalaşdırılması, vətənpərvərlik tərbiyəsi məsələlərini önə çəkibdir. Bunlar isə hər bir məsuliyyətli ölkə vətəndaşı, o cümlədən respublikamızın təhsil ictimaiyyəti qarşısında yeni vəzifələr qoyur.
YÜZ İLLİK YOLUN HESABATI
Mahirə HÜSEYNOVA
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor
“Azərbaycan Dövlət Pedaqoji İnstitutu böyük və çətin yol keçmişdir. Onun kollektivi Azərbaycan ümumtəhsil məktəbinin inkişafında böyük xidmət göstərmiş, institut xalq maarifi üçün yüksəkixtisaslı kadrlar ocağına çevrilmişdir. Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır. İndiyə qədər yaranmış təməlin üzərində dayanan Azərbaycan təhsili bundan sonra daha da təkmilləşəcəkdir. Azərbaycan müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hisslərinə malik olan insanlardır”.
Heydər ƏLİYEV, Azərbaycan xalqının ümummilli lideri
“İxtisaslaşmış ali təhsil müəssisəsi kimi Azərbaycan Dövlət Pedaqoji Universiteti müəllim hazırlığı sahəsində və pedaqoji təhsilin inkişafı naminə bu gün də uğurlu fəaliyyəti ilə müstəqil Azərbaycanın inkişafına töhfələrini əsirgəmir. Universitetdə qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından faydalanmaqla ali təhsilin məzmun və keyfiyyət göstəricələrinin təkmilləşdirilməsi istiqamətində zəruri addımlar atılır”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Yaşadığımız 2021-ci il təkcə böyük hadisələrlə deyil, həm də Azərbaycanın tarixində əbədi həkk olunan ildönümlər və yubileylərlə də yadda qalacaq. Onların arasında 2020-ci il noyabrın 10-da Silahlı Qüvvələrimizin qazandığı qələbənin etirafı olan, Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanan Bəyanatın bir illiyi xüsusi yer tutur. Xatırladaq ki, 2020-ci il sentyabr ayının 27-də başlayan və 44 gün davam edən müharibənin nəticəsi təkcə Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin etmədi, xalqımızın əyilən qəddini dikəltdi. Əminliklə qeyd etmək olar ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyev dünyada az-az dövlət liderinin nail ola biləcəyi, xalq və Vətən üçün taleyüklü bir düyünü açmağı bacardı. Bu, əsası 28 il əvvəl ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və son 17 il ərzində Prezident İlham Əliyev tərəfindən ardıcıl olaraq aparılan dövlət siyasətinin nəticəsi idi.
Bu gün o möhtəşəm tarixi hadisənin təəssüratı altında ölkəmizin və xalqımızın həyatında əlamətdar rol oynayan Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyini qarşılamaq, o yubileyin təşkilində iştirak etməyin yaratdığı hissləri bölüşmək qürurvericidir. Söhbət o ali pedaqoji təhsil müəssisəsindən gedir ki, tarix baxımından min illəri yaşayan Azərbaycan xalqının keçdiyi yol nöqteyi-nəzərindən bir o qədər də böyük deyil, lakin xalqın, millətin neçə yüz illər arzusunda olduğu, yaratmaq istədiyi məktəb üçün ən əsas atributun formalaşması prosesində başlıca rol oynayıb.
Söhbət müəllim hazırlığından gedir, o peşədən ki, onu XX əsrin ən nüfuzlu pedaqoqlarından biri Yan Kamenski bu cür xarakterizə edirdi: “Müəllimlik elə bir sənətdir ki, cəmiyyəti formalaşdıranın özünü formalaşdırır”.
Buna görə idi ki, Qori Müəllimlər Seminariyasında Cənubi Qafqaz xalqları kimi, azərbaycanlıların da kütləvi oxumaq perspektivi barədə tarixin ən böyük azərbaycanlılarından biri, “Əkinçi” qəzetinin naşiri Həsən bəy Zərdabi onun 1876-cı ilin may nömrəsində yazırdı: “…Qori şəhərində bir məktəbxana açılıb ki, orada oxuyan şagirdləri müəllim eləsinlər. O məktəbxanada 20 nəfər erməni və gürcü padşahlıq xərcinə oxuyacaq. İndi “Kafkaz” adlı qəzet yazır ki, doğrudur, müsəlmanların məktəbxanaları üçün müəllimləri oxutmaqdan ötrü əlahiddə məktəbxana açılacaq, amma indi müsəlmanlardan hər kəs xahiş etsə, zikr olan Qoridə açılan məktəbxanaya öz uşaqlarını öz xərcinə qoya bilər. Oraya oxumağa girən hər kəs gərək mahal məktəbdə oxumuş ola və özü 16-19 yaşında ola. Orada 3 il dərs deyiləcək”.
Hədəfi ibtidai məktəblər üçün müəllim kadrları hazırlamaq olan Qori Müəllimlər Seminariyası Rusiya imperiyasının ucqarları sayılan regionun həyatında çox mühüm hadisə idi. Buna görədir ki, XX əsrin ən nüfuzlu ali təhsil ocaqlarının birində- Lomonosov adına Moskva Dövlət Universitetində uzun müddət kafedra müdiri vəzifəsində çalışan Əziz Nesin Seminariyanın misilsiz əhəmiyyəti barədə deyirdi: “Qori Seminariyasının çar Rusiyası dövründə Azərbaycana verdiyi kadrları Rusiya imperiyası dövründə heç bir ali təhsil ocağı verməyib”. Dünya miqyaslı şərqşünas-filoloq fikrini belə əsaslandırırdı: “Seminariyanı bitirən insanlar Azərbaycan musiqisinin, mədəniyyətinin, maarifinin, təhsilinin və tərəqqisinin inkişafında müstəsna rol oynadılar, millətimizin azadlıq və istiqlaliyyət uğrunda apardığı mübarizəsinin önündə getdilər. Ümumi təhsil rus dilində olsa da, hər millətin öz ana dilini və şəriət dərsini ayrıca keçir, eyni zamanda hər bir fənn tədris edilirdi”.
Yeri gəlmişkən, Qori Müəllimlər Seminariyasının 1919-cu ildə Qazaxa köçürülən Azərbaycan şöbəsinin məzunlarından biri- Xalq şairi Səməd Vurğunun böyük qardaşı, görkəmli ictimai xadim Mehdixan Vəkilov yeddi ilə yaxın müddətdə universitetimizin rektoru vəzifəsində çalışdı.
1921-ci ilin avqustunda bugünkü Azərbaycan Dövlət Pedaqoji Universitetinin yaradılması ilə bağlı dekreti imzalayan Azərbaycan Xalq Komissarları Sovetinin sədri, görkəmli yazıçı-dramaturq Nəriman Nərimanov da Qori Müəllimlər Seminariyasının ilk məzunlarından idi. XIX əsrin sonlarında Tiflis quberniyasının Qızılhacılı kəndində müəllimlik fəaliyyətinə başlayan Nəriman Nərimanov 5 illik fəaliyyətdən sonra neft bumunu yaşayan Bakıya gəlir. Burada pedaqoji fəaliyyət göstərməklə bərabər, Cənubi Qafqazın baş şəhərində ilk pulsuz qiraətxana açmaq da görkəmli azərbaycanlının missiyalarından biri olur. Bunlar barədə geniş söhbət açmağı ona görə lazım bilirik ki, həyatının 10 ilindən çoxunu pedaqoji fəaliyyətə həsr edən Nəriman Nərimanovun Ali Pedaqoji Kişi və Ali Pedaqoji Qadın İnstitutları açmaqla bağlı təşəbbüsləri birmənalı müdafiə etməsini onun xalqımızın təhsilinə verdiyi önəmin nümunəsi kimi vurğulayaq. Onu da vurğulayaq ki, 100 illik tarixi müddətində altı nəfər tələbə ilə Azərbaycan dilində fəaliyyətə başlayan ali pedaqoji təhsil ocağı I və II dərəcəli yüksəkixtisaslı pedaqoji kadrlarla təmin etmək məqsədi ilə yaradılsa da günümüzə qədər 100 mindən artıq yüksək ixtisaslı müəllim kadrların hazırlığını həyata keçirən müəssisə kimi adını təhsil tariximizə yazdırıb.
Öz yüzillik tarixində bugünkü Azərbaycan Dövlət Pedaqoji Universitetinin taleyində müəyyən çəkilmələr və qabarmalar olsa da Cənubi Qafqazın ən böyük ali pedaqoji təhsil müəssisəsi Abdulla Şaiq, Üzeyir Hacıbəyov, Əziz Ubeydulin, Bəkir Çobanzadə və digər fədakar insanların sayəsində öz missiyasını yerinə yetirə bilib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin həmin qabarmalar və çəkilmələri həm də ölkədə gedən proseslərlə bağlı olub. Ötən əsrin 30-cu illərində ölkəmizin tərkib hissəsi olduğu SSRİ-də siyasi məqsədlərə hesablanan repressiya və yaxud Böyük Vətən müharibəsi illərində universitetimizin professor-müəllim, tələbə heyəti ciddi kadr itkisinə uğramasına baxmayaraq, müəllim kadrlarının hazırlanması sahəsində sanballı sözünü deyə bilib. Universitetin ən çətin və taleyüklü məqamlarda belə, öz missiyasını uğurla yerinə yetirməsi işində müxtəlif zamanlarda ali pedaqoji təhsil ocağına rəhbərlik edən şəxslər bu gün də hörmət və ehtiramla anılır. Onlardan biri, Azərbaycan pedaqogika elminin ən görkəmli nümayəndələrindən olan akademik, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, pedaqoji elmlər doktoru, professor Mehdi Mehdizadənin adını xüsusi qeyd etmək istərdik.
Ömrünün böyük bir hissəsi universitetlə bağlı olan, Azərbaycan təhsili və onun təşkilatçılığı işində böyük xidmətləri ilə yadda qalan akademik bu gün yüz yaşını qeyd etdiyimiz təhsil ocağına yeni ab-hava gətirib, Azərbaycan Dövlət Pedaqoji Universitetində elmi-tədqiqat işlərinə impuls verib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin son 50 illik fəaliyyəti, bu fəaliyyəti dövründə onun qazandığı uğurlar və qədəm basdığı inkişaf mərhələsi ümummilli lider Heydər Əliyev və onun tərəfindən əsası qoyulan təhsil siyasəti ilə sıx bağlıdır. Respublikaya rəhbərliyinin birinci mərhələsində Azərbaycan müəllimlərinin böyük dostu ölkə üçün müəllim hazırlanması sahəsində şəksiz lider olan bu təhsil ocağına xüsusi qayğısı ilə seçilib. Təsadüfi deyil ki, Azərbaycana rəhbərlik etdiyi ilk vaxtlarda, 1971-ci ildə Ümummilli Lider bu ali təhsil ocağında olub, kollektivin qayğıları ilə yerindəcə maraqlanıb, pedaqoji təhsil müəssisəsinin qarşısında dayanan vəzifələri professor-müəllim heyəti ilə müzakirə edib, qənaətini bölüşüb, Azərbaycanın gələcəyi olan o zamankı uşaqların təlim-tərbiyəsinin etibar olunacağı müəllim kadrların hazırlığı işində görüləcək işlərdən danışıb. Bu, universitet müəllimlərinin ölkə rəhbəri ilə ilk görüşü olub. Yeri gəlmişkən, sonralar həmin tarixi görüşün iştirakçısı olan filologiya elmləri doktoru, professor, Azərbaycanın Əməkdar elm xadimi Həsən Mirzəyev SSRİ məkanında yenicə parlayan respublika rəhbərinin, sonralar ucsuz-bucaqsız ölkənin siyasi rəhbərliyində ən mötəbər yerlərdən birini tutan, xarici siyasətçilərin və siyasi ekspertlərin şəxsində Sovet İttifaqının gələcək rəhbərini gördüklərini bəyan etdikləri dövlət xadiminin kollektivdə yaratdığı ovqat barədə danışmağı sevirdi. O, ölkə rəhbərinin çoxları üçün əhəmiyyətsiz, xırda iş kimi gördüyü məsələlərə toxunaraq onların, əslində, gələcək mütəxəssislərin hazırlanmasında hansı problemlər yarada biləcəyini izah edir və söhbəti ilə professor və müəllimlərin yaddaşına əbədi həkk olunduğunu deyirdi.
Onu da xatırlatmaq istərdik ki, Ulu Öndər, ümumilikdə, 5 dəfə universitetimizdə olub və o səfərlərin içində 1981-ci ildə o zamankı Azərbaycan Dövlət Pedaqoji Universitetin 60 illik yubileyi ilə bağlı səfəri nəinki Azərbaycanda, bütün SSRİ məkanındakı pedaqoji ictimaiyyət arasında böyük maraqla izlənildi. Bu marağı yaradan ancaq o deyildi ki, ali məktəbə ümummilli lider Heydər Əliyevin təqdimatı ilə verilən yüksək dövlət mükafatı- “Qırmızı Əmək Bayrağı” ordeni təqdim ediləcəkdi. Həmin marağı yaradan daha çox o amil idi ki, SSRİ-nin ali siyasi orqanı olan Siyasi Büronun 9 üzvündən biri Heydər Əliyev müəllimlərin mövcud problemlərindən söhbət açır, gələcək müəllimlərin yetişdirilməsi prosesində başlıca yer tutan ali təhsil ocaqlarında elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqinin zəruri olduğunu publik şəkildə bəyan edirdi. Bunlarla bərabər, Ümummilli Lider universitetimizin o zamankı kollektivinin 60 il müddətində gördüyü işlərdən, ali təhsil müəssisəsində yığılmış təcrübənin istifadəsindən də söhbət açırdı, müəllim peşəsinin nəyə görə uca sayılması barədə danışırdı: “Azərbaycan Pedaqoji İnstitutu böyük və çətin yol keçmişdir. Onun kollektivi Azərbaycan ümumtəhsil məktəbinin inkişafında böyük xidmət göstərmiş, institut xalq maarifi üçün yüksəkixtisaslı kadrlar ocağına çevrilmişdir. Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır. İndiyə qədər yaranmış təməlin üzərində dayanan Azərbaycan təhsili bundan sonra daha da təkmilləşəcəkdir. Azərbaycan müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hisslərinə malik olan insanlardır”.
Onu xatırlatmağı borc bilirəm ki, Ümummilli Liderin universitetimizə hər bir səfəri kollektivimiz üçün ən unudulmaz gün kimi yaddaşda qalmış hadisədir. Buna görədir ki, ali təhsil ocağında Ulu Öndərə məxsus unikal eksponatların sərgiləndiyi Heydər Əliyev Muzeyi yaradılıb, böyük ömrün nəhəng ictimai-siyasi fəaliyyətinin nəticəsi olan çoxşaxəli irsinin təbliği üçün sistemli olaraq təşkil edilən “Heydər Əliyev məktəbinin lektoriyası” təşkil edilir.
Heydər Əliyevin təhsil ilə bağlı dövlət siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu siyasətin nəticələrini digər ali məktəblər kimi Azərbaycan Dövlət Pedaqoji Universiteti də öz gündəlik fəaliyyətində hiss edir. Bu yönümdə, 2010-cu ildə parlamentin qəbul, cənab Prezidentin təsdiq etdiyi “Təhsil haqqında” Qanun, Prezident İlham Əliyev tərəfindən 2013-cü ildə təsdiq olunan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və digər bunlar kimi xüsusi əhəmiyyətli dövlət sənədləri imkan verir ki, universitetimiz qarşıya qoyulmuş hədəflərə çata bilsin. Onu vurğulamaq istərdik ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan ən mühüm vəzifələrdən biri də müasir tələblərə cavab verən təhsil infrastrukturunun yaradılması və təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılmasıdır. Dövlət Strategiyasının bu tələblərinə uyğun olaraq, ölkə Prezidentinin 26 noyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutunun ADPU-ya qoşulması və onun filiallarının universitetimizin strukturuna daxil olması nəticəsində ADPU ölkədə pedaqoji kadr hazırlığı ilə məşğul olan vahid ixtisaslaşmış ali təhsil müəssisəsinə çevrilib. Bununla yanaşı, ölkənin 5 müxtəlif regionunda ADPU-nun Şəki, Quba, Ağcabədi, Cəlilabad və Şamaxı filialları fəaliyyət göstərir.
Hazırda ADPU-da filiallar və Pedaqoji Kolleclə birlikdə təxminən 20 minə yaxın tələbə təhsil alır. Universitetdə 70-ə yaxın elmlər doktoru, 60-dan çox professor, 300-ə yaxın dosent, 350-dən çox fəlsəfə doktoru çalışır. ADPU-da ali təhsilin bakalavr səviyyəsində 22 ixtisas, magistratura səviyyəsində isə 20 ixtisas üzrə pedaqoji kadr hazırlanır və 8 fakültə, 33 kafedrada çalışan universitetimizin professor-müəllim heyəti ancaq pedaqoji fəaliyyət ilə deyil, elmi tədqiqatlarla da məşğul olur.
Bunlarla bərabər, Azərbaycan Dövlət Pedaqoji Universiteti elm və təhsil sahəsində beynəlxalq əlaqələr çərçivəsində dünyanın 34 nüfuzlu universiteti ilə əməkdaşlıq edir, tələbə mübadiləsi həyata keçirir və bunu tənzimləyən müqavilələr imzalayıb. Əməkdaşlıq çərçivəsində Türkiyənin 11, Rusiya Federasiyasının 8, Ukraynanın 2, Rumıniyanın 1, ABŞ-ın 1, Qazaxıstanın 4, Litvanın 2, İndoneziyanın 1, Birləşmiş Ərəb Əmirliyinin 1, İsveçrənin 1, Özbəkistanın 1 və Moldovanın 1 universiteti ilə əməkdaşlıq edilir. Bunlarla bərabər ADPU və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında “Təhsil” ixtisası üzrə Magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramı məhsuldar olaraq davam edir.
Universitetimizin qoşulduğu Erasmus+ proqramı ilə xarici ölkələrdə təhsil almaqla, tələbələr ünsiyyət və dil bacarıqlarını inkişaf etdirə və gələcək fəaliyyətləri üçün vacib olan bir sıra bacarıqlara yiyələnə bilirlər.
İştirak etdiyimiz belə əməkdaşlıqlardan biri də Türkiyə Respublikasının təklif etdiyi Mövlanə Mübadilə Proqramıdır. Proqram Türkiyə daxilində təhsil verən ali təhsil müəssisələri ilə ölkə xaricində təhsil verən ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsini həyata keçirmək məqsədi daşıyır. Partnyor universitetlərdən olan tələbə və müəllimlər qarşılıqlı olaraq bu proqramdan yararlana bilərlər. Mübadilə proqramında iştirak etmək istəyən tələbələr ən azı bir, ən çoxu iki semestr təhsil üçün, pedaqoqlar isə ən azı 2 həftə, ən çoxu 3 ay müddətində Türkiyədəki ali təhsil müəssisələrində dərs deməklə proqramdan faydalana bilərlər. Bunlar bilavasitə universitetimiz tərəfindən və Azərbaycan Respublikasının Konstitusiyası, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ sənədlər əsasında tənzimlənir, universitetdaxili müvafiq qurumlar tərəfindən həyata keçirilir.
Avropa Müəllim Hazırlığı Şəbəkəsi (ETEN), Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyası (İAUP), Avrasiya Universitetlər Birliyi (EURAS), Kafkasya Universitetlər Birliyi (KÜNİB) kimi beynəlxalq təşkilatlarla da səmərəli əməkdaşlığımız davam edir.
Bu gün Azərbaycan Dövlət Pedaqoji Universiteti öz keçdiyi 100 illik yol ilə qürur duyur. Özünün bir əsrlik tarixi müddətində ali təhsil müəssisəsi Azərbaycanda elm və təhsilin inkişafına dəyərli töhfələr verən tanınmış alimlər yetişdirmiş, fəaliyyəti ərzində elmi mərkəz kimi inkişaf etmişdir. Yüzlərlə tanınmış alim, yaradıcı ziyalı, dövlət və ictimai xadiminin tərcümeyi-halında universitetin adı var. Biz universitetimizlə fəxr etdiyimiz kimi, onun qürur mənbəyi olan məzunları ilə öyünürük. Onların sırasında Yusif Məmmədəliyev, Əbdüləzəl Dəmirçizadə, Mehdi Mehdizadə, Mikayıl Müşfiq, Budaq Budaqov, Həsən Mirzə, Afad Qurbanov, İsmayıl Şıxlı, Əli Nağıyev və digər şəxsiyyətlər var. Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyasının 11 prezidentindən 3-ü — Yusif Məmmədəliyev, Zahid Xəlilov, Həsən Abdullayev, həmçinin 3 vitse-prezidenti — Heydər Hüseynov, Səməd Vurğun və İsa Həbibbəyli ADPU-nun məzunlarıdır.
Sadaladığımız faktlar bir qəzet üçün hazırlanan məqaləyə sığan epizodlardır. Öz yüzillik tarixi ərzində universitetimizin həyatında bu cür epizodlar çox olub və ona da inanırıq ki, olmaqda da davam edəcəkdir. Ümumiyyətlə, onu xatırlatmaq istərdim ki, yaşadığı 100 ili Azərbaycanın təhsil tarixində ən şərəfli səhifələr yazan Azərbaycan Dövlət Pedaqoji Universitetinin missiyasında birinci mərhələ hesab etmək olar. Daxili əminliyimiz var ki, o missiya davam edəcək.
Bu ümid dolu əminliyi isə insanlara yaşadan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gələcəyimizlə bağlı dediyi sözlərdir: “Azərbaycan müəllimləri bütün tarix boyu təhsildə daim varisliklə novatorluğu, ənənə ilə islahatın vəhdətini öz fəaliyyətlərində əks etdirmişlər. Bu gün qədəm qoyduğumuz informasiya cəmiyyəti və biliklərə əsaslanan yeni tipli iqtisadiyyatın formalaşması, qloballaşma çağırışları bütün dünya təhsil sistemi qarşısında yeni vəzifələr qoyur. “Təhsil əsri” adı qazanmış XXI əsr Azərbaycan təhsilinin də yeniləşməsini və müasirləşməsini tələb edir”.