Səyyarə İbadullayeva, AR ETN Botanika İnstitunun Baş direktoru, b.e.d., professor
Azərbaycan zəfərlərdən sonra öz tarixinin çiçəklənmə dövrünü yaşayır. Yeni dövrümüzdə ölkəmizin bütün sahələrdə inkişafını davamlı etməyin əsas şərtlərindən biri də elmin müasir çağrışlar əsasında təşkilini zəruri edir. Ölkədə, regionda və dünyada baş verən bugünkü hadisələri, sürətlə dəyişən şərtləri aydın görə bilən və gələcəyi təsəvvür edib düzgün və vaxtında çıxardığı qərarlarla tarixə düşən Möhtərəm Prezident İlham Əliyev Azərbaycan elminin inkişafını təmin edəcək mühüm sərancam imzalamışdır.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2025-ci il tarixində imzaladığı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamı vaxtında və elmi əsaslara söykənmiş addım, Azərbaycan elminin yeni inkişaf mərhələsinin başlanğıcıdır.
Son dövrlər Azərbaycan elmi mühitində müəyyən durğunluqlar yaranmışdır. Bunun bir sıra müxtəlif spektrli səbəbləri var idi. Əsas səbəblərdən biri də elmi tədqiqat institutlarının ənənəvi sistemdən qalmış qanunlar əsasında fəaliyyət göstərməsi olmuşdur. Bütün bunlar haqlı olaraq elmi ictimaiyyətdə çaşqınlıq və ruh düşkünlüyü yaradırdı. Təbiət, dəqiq elm sahələrinə aid institutların Elm və Təhsil Nazirliyinə birləşdirilməsi elmimizi yeni mərhələyə aparan ilk addım oldu. Prezidentin son sərəncamı isə elmimizin inkişafının yeni üfüqlərini aydın göstərir. Həqiqi, zəhmətkeş alimləri ruhlandırır. Düşünürəm ki, məlum sərəncamda bir sıra institutların birləşdirilməsinin məntiqi əsasları vardır:
birləşən institutların elmi tədqiqat obyektləri və metodları təxminən eynidir;
bu institutlarda fəaliyyət göstərən şöbələrin ya eyni adla, ya da çox yaxın istiqamətlərdə fəaliyyət göstərməsi yüksək nəticə vermir;
eyni sahə və ya çox oxşar sahədə çalışan alimlərin bir mərkəzdən, eyni istiqamətə fokuslanan tədqiqatlar və əməkdaşlıqlar daha çox fayda verə bilər.
Yaradılacaq yeni, böyük institutlar içərisində Botanika İnstitutunun da olması Prezident İlham Əliyevin təbiətə, floraya və biomüxtəlifliyə qayğısının, sevgisinin və verdiyi böyük qiymətin göstəricisidir. Eyni zamanda Azərbaycan dövlətinin biomüxtəlifliyi, bitki aləmini qorumağın, ekoloji tarazlığı sabit saxlamağın diqqət mərkəzində olmasının bariz nümunəsi, beynəlxalq aləmdə bu istiqamətdə götürdüyü öhdəliklərə sadiqliyinin nümunəsidir.
Botanika və Dendrologiya institutlarının əsasında Botanika İnstitutu Publik Hüquqi Şəxsin yaradılması botanik alimləri bir araya gətirəcəkdir. Botanika elminin mühüm sahəsi olan dendrologiya elminin inkişafı institutda yaradılması nəzərdə tutulan “Meşəçilik” şöbəsində birgə fəaliyyətin daha səmərəli olacağından əminlik duyuruq. Qeyd etmək yerinə düşərdi ki, Botanika İnstitutunda “Meşəçilik” şöbəsinin yaradılması üçün 6 ay öncə Elm və Təhsil Nazirliyi qarşısında Elmi Şura adından vəsatət qaldırılmışdır. Bu həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzdində vaxtılə fəaliyyət göstərən “Meşəçilik İnstitutunun” ləğvi ilə əlaqədar idi. Çünki, Azərbaycan meşə sahələrinin bioloji müxtəlifliyinin öyrənilməsi və mühafizəsi ayrıca tədqiqat tələb edir.
Dünyada, o cümlədən də Qafqazda meşələr qeyri proporsional yayılmışdır. Dünyada meşələrin ümumi sahəsi 4 milyard hektardır. Bunun təxminən yarısı 4 ölkənin payına düşür: Rusiya Federasiyasında 809 milyon ha., Braziliyada 478 milyon ha., Kanadada 310 milyon ha., ABŞ-da 303 milyon hektar meşə ərazisi vardır. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalmışdır.
Azərbaycanda meşələrin ümumi sahəsi 1021 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,8%-ni təşkil edir. Bu rəqəm Rusiya Federasiyasında 44%, Latviyada 41%, Gürcüstanda 39% təşkil edir. XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olmuşdur. Azərbaycanda adambaşına hazırda 0,12 ha meşə sahəsi düşür. Azərbaycan Respublikası “ən az meşə örtüyü olan ölkələr” qurupunda yer alır.
Buna baxmayraq Azərbaycanın dendroflorası növ tərkibi etibarilə zəngindir. Respublikamızın yabanı florasında 4750 növ ali bitki yayılmışdır. Bunların da 435 növü ağac və kol bitkiləridir. Dendrofloranın 328 növü kol (75 %), 107 növü (25%) ağacdır. Ağac və kollar 48 fəsilədə və 135 cinsdə birləşir. Azərbaycanda olan 144 adda endemik növün, 50-dən çoxu ağac və kollardır (ümumi ağac və kolların 16 %-i).
Hazırda qlobal iqlim dəyişiklikləri və antropogen təsirlər nəticəsində Azəbaycanda meşələrin ümumi vəziyyəti “ekoloji gərgin” hesab edilir. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalmışdır. YUNESKO-nun qiymətləndirməsinə görə son dövrlər yararlı əkin sahələrinin hər il 6 mln. hektarı səhralaşma nəticəsində yararsız hala düşür. 10-12 milyon hektar meşə sahəsi məhv olur.
Respublikamızda ekoloji gərgin rayonlardan hesab edilən Böyük Qafqazın cənub yamaclarında meşələrin yuxarı sərhəddi 200-500 m aşağı enmiş, antropogen amillərin təsirindən torpaq eroziyası sürətlənmişdir. Aparılan təhlillərə görə 1975-ci ildə Azərbaycanda 24, 1984-cü ildə 28, 1989-cu ildə isə 45 növ nadir və nəslikəsilməkdə olan ağac və kol bitkiləri müəyyən edilmişdir.
261 min hektar meşə fondu 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən işğal altında qalmışdır. Şərqi Zəngəzur və Qarabağ zonaları Azərbaycan, həmçinin Qafqaz florasının növ müxtəlifliyi ilə zəngin bölgələrindəndir. Ümumi sahəsi 8 min hektardan çox olan palıd, ardıc, fıstıq, vələs, şam, göyrüş və qozdan ibarət qiymətli və çoxillik sıx meşələrdən ibarət bənzərsiz bir ekosistemin məhv edilməsi endemik biomüxtəlifliyə ən ağır zərbə olub. Bununla da Ermənistan qoşulduğu ekologiya və ətraf mühitlə bağlı beynəlxalq konvensiyaları, o cümlədən, “Ətraf mühitin dəyişdirilməsi üsullarının hərbi və ya hər hansı başqa düşmənsayağı istifadəsinin qadağan edilməsi” haqqında BMT konvensiyasını pozub. Belə ki, floranın ən qiymətli ağacları ilə zəngin olan Qarabağ meşələri qırılıb və xaricə daşınıb. Təbiətin müvazinəti, balansı pozulub, torpağın eroziyası başlanıb. 30 il erməni işğalında qalmış 43 min hektar sahəsi olan xüsusi mühafizə olunan təbiət ərazilərində — Bəsitçay və Qaragöl dövlət təbiət qoruqlarında, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarında “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş 24 fauna və 69 flora növü qorunurdu ki, bunların da əksəriyyəti artıq məhv edilib.
Qarabağın dağlıq əraziləri 6 silsilədən ibarətdir, lakin 3 silsiləsi — Qarabağ, Zəngəzur və Dərələyəz silsilələri florası uzun illərdən bəri işğal altında olmuşdur. Qarabağın meşə fondu 247352 ha, o cümlədən 13197,5 ha qiymətli meşə sahələri, 152 ədəd təbiət abidəsi, 5 ədəd geoloji obyekt öncədən var idi. Qiymətli ağac növlərindən ibarət 986 ha dövlət meşə fondu, 560 ha Tuqay meşələri (çaykənarı meşələr) və 710 ha kolxoz meşələri işğal zamanı törədilən yanğınlar nəticəsində məhv edilmiş və bu günə yerində heç nə qalmamışdır. Ağdam şəhərində yaşı 150-250 il arasında 6 ədəd, Şelli, Seyidli, Sarıhacılı, Əliağalı kəndlərində yaşı 200-250 il olan 8 ədəd, Boyəhmədli kənd ətrafında yaşı 400 ilə çatan 71 ədəd təbiət abidəsi kimi qorunan, pasportlaşmış çinar (Platanus orientalis) növü məhv edilmişdir. Laçın, Kəlbəcər, Ağdərə rayonlarında 26000 ha meşə ərazisində qiymətli fıstıq, cökə, vələs, palıd ağacları qırılaraq yandırılmış, meşələrimiz məhv edillmişdir. Avropada yeganə təbii çinar (Platanus orientalis ) meşəsi Kiçik Qafqazın qərbində Zəngilan rayonundadır, lakin 27 il durmadan 117 hektar ərazidə yayılan çinarlar məhv edilmiş, ətrafında ağac emalı zavodu tikilmişdir. Elə bitkilər var ki, onların areal diapazonu yalnız Qarabağla məhdudlaşır.
Meşələrin əhəmiyyətini və müasir “ekoloji gərgin” vəziyyətini, ölkəmizdə meşə sahələrinin elmi əsaslarla fundamental tədqiq edən institut və ya şöbənin olmaması təəccüb doğurar. Bundan başqa Azərbaycanın meşələrinin keçən əsrin 80-ci illərinin sonlarından etibarən müasir elmi üsullarla, botaniki, taksonomik, dendroloji, meşəçilik və s. yanaşmalarla fundamental, sistemli tədqiq olunmaması, “Meşəçilik” sahəsində uzun illərlə formalaşmış elmi məktəblərin, elmi irsin sıradan çıxmaq təhlükəsi qarşısında qalması, Botanika İnstitutunda “Meşəçilik” şöbəsinin fəaliyyətə başlamasını zəruri edir. Nəzərə alsaq ki, İnstututda əvvələr belə şöbə olub və akademik İbrahim Səfərov kimi görkəmli alimlərimiz Azərbaycan meşələrinin müxtəlif aspektlərdən öyrənilməsində müstəsna rol oynayıblar.Yaradılması nəzərdə tutulan “Meşəçilik” şöbəsinin fəaliyyətinin əsas məqsədi aşağıdakılardan ibarətdir:
qlobal iqlim dəyişmələrinin və antropogen amillərin meşə ekosistemlərinə təsirini öyrənmək;
texnogen çirklənmə şəraitində davamlı növlərin adaptasiya qanunauyğunluqlarını təhlil etmək;
işğaldan azad olunmuş ərazilərdəki meşələrin müasir vəziyyətini tədqiq edərək bərpa fəaliyyətinə başlamaq;
Azərbaycanın meşə örtüyündə yayılan yabanı meyvələrin məhsuldarlığının tədqiqi və istifadəsini öyrənmək;
Azərbaycan dendroflorasının endemik, relikt və nadir fərdlərinin sayı azalmqda olan növlərin müasir vəziyyətini analiz etmək, statusunu müəyyənləşdirmək, mühafizə tədbirlərini hazırlamaq;
son zamanlar müşahidə edilən dağətəyi meşə qurşaqlarında aridləşmə, orta qurşaqlarda qiymətli cinslərin seyrəkləşməsi, az qiymətli cinslərlə əvəz edilməsi, yuxarı qurşaqlarda sərhəddin aşağı enməsi, bu səbəbdən digər bitki formasiyalarında, biogenosenzlarda baş verən suksessiya dəyişmələrinin səbəblərini, biotik və abiotik antropogen amillərin rolunu təhlil etmək, çıxış yollarını araşdırmaq günün ən aktual məsələlərindən biridir.
Botanika instututunda yaradılması nəzərədə tutulan “Meşəçilik” şöbəsində fəaliyyət göstərəcək təcrübəli alimlərimiz vardır. Şöbə və laboratoriyaların fəaliyyət istiqamətləri yenidən dəyərləndiriləcək, qarşıya qoyulan əsas məqsədə çatmaq üçün təkliflər hazırlanaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təqdim ediləcəkdir.
Biz ümidvarıq ki, cənab Prezidentin vaxtında imzaladağı sərəncamla Azərbaycan elmi, o cümlədən də Botanika elmi yeni inkişaf mərəhələsinə qədəm qoyacaqdır.
HƏDƏF TƏDQİQAT UNİVERSİTETİDİR
Ədalət MURADOV
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, iqtisad elmləri doktoru, professor
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, həmin strategiyanın həyata keçirilməsi ilə bağlı “Fəaliyyət Planı”, eləcə də “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” universitetlərin inkişaf istiqamətlərini müəyyən etmişdir.
Bu istiqamətlərdən biri universitetlərin elm, tədqiqat mərkəzinə çevrilməsidir. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) də tədqiqat universitetinə transformasiya edilməyi hədəfləyir.
Bu məqsədə nail olmaq üçün hansı işlər görülmüşdür? İlk olaraq universitetlərdə səmərəli elmi tədqiqatların təşkili məsələsini müzakirə etmək məqsədilə Nobel mükafatı laureatı Əziz Sancarın iştirakı ilə beynəlxalq konfrans düzənləndi. Konfransda başda Azərbaycan Respublikasının təhsil naziri olmaqla “Clarivate Analytics” nümayəndələri çoxlu xarici mütəxəssislərlə birlikdə bu istiqamətdə ən aktual məsələlərə aydınlıq gətirildi.
Regionda ilk dəfə müəllimlərin reytinq sistemi tətbiq edildi və həmin reytinqdə elmi tədqiqatların payı əvvəlki 40 faizdən hazırda 70 faizə qədər yüksəldildi.
Nüfuzlu, impaktı yüksək olan jurnallarda çap edilmiş məqalələrə görə 4000 manata qədər qonorar vermək haqqında qərar verildi. Məlumat üçün bildirək ki, yalnız 2018-ci ildə 2017-ci illə müqayisədə belə qonorarın həcmi 34 dəfə artmışdır.
“Clarivate Analytics” ekspertləri tərəfindən UNEC müəllimlərinə nüfuzlu jurnallarda məqalə çap etdirilməsi yollarına dair iki təlim təşkil edildi. Ölkədə ilk dəfə TEDx və tələbələr arasında elmin cəlbediciliyini artırmaq üçün Science Slam konfransı keçirildi. Gənc alimlər şurası yaradıldı, UNEC Ekspert jurnalı təsis edildi, Diskurs.az virtual iqtisadi forumu təşkil edildi.
UNEC-də 22 tədqiqat mərkəzi yaradıldı və həmin mərkəzlər UNEC-də tədqiqat fəaliyyətinin əsası kimi görünür. Həmin tədqiqat mərkəzlərinin bəzi nailiyyətlərini də qeyd etmək yerinə düşərdi. “UNEC inkişaf iqtisadiyyatı” Tədqiqat Mərkəzi dünya iqtisad elmi tarixində ilk dəfə Azərilight neftinin dünya bazar qiymətinin proqnozlaşdırılması modelini qurmuşdur. Bu layihə SOCAR-ın sifarişi əsasında yerinə yetirilmişdir. Qürurla demək istəyirəm ki, bu layihənin nəticəsi kimi hazırlanmış monoqrafiya “Springer” nəşriyyatı tərəfindən çapa qəbul edilmiş və martın 29-da işıq üzü görəcək. Həmin kitab artıq Springer və Amazonda sifarişlər üçün yerləşdirilmişdir.
Başqa bir tədqiqat mərkəzi “UNEC Empirik tədqiqatlar mərkəzi”nin tələbələrlə birlikdə apardığı tədqiqatın nəticələri Scopus indeksli jurnalda dərc edilmişdir. Bu, UNEC tələbələrinin nüfuzlu və indeksli jurnalda məqaləsinin dərci baxımından UNEC üçün bir yenilik və ciddi uğurdur.
2017-ci ildə UNEC Tədqiqat Fondu təsis edildi və bu fond tərəfindən bir sıra ciddi tədqiqat layihəsi həyata keçirilmişdir.
Bir necə gün əvvəl Web of Science və Scopus indeksi olan beynəlxalq “ESD” konfransa UNEC ev sahibliyi etmiş və həmin konfransa UNEC əməkdaşlarının 147 məqaləsi qəbul edildi ki, bu da böyük uğur sayıla bilər.
Tərkibində dörd şöbə olan UNEC elmi fəaliyyətin təşkili və idarəedilməsi departamenti və ilk dəfə olaraq Elmmetriya şöbəsi yaradılmışdır.
2030-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin 100 yaşı tamam olacaq və bu tarixlə bağlı əsas hədəfləri özündə ehtiva edən “UNEC-100” strategiyası qəbul edilmişdir. Həmin strategiyaya uyğun olaraq UNEC Beynəlxalq Beyin Mərkəzinin yaradılmasını, Scopus indeksli UNEC beynəlxalq konfransın təşkil edilməsini ortamüddətli dövrdə qarşıda duran əsas vəzifə kimi müəyyən edilmişdir.
UNEC müəllimlərinin ingilis dilində elmi məqalələr yazmaq bacarığını formalaşdırmaq məqsədilə British Council ilə bağlanmış müqaviləyə əsasən 25 müəllim üçün “Akademik ingilis dili” kursuna 10 gün əvvəl start verilmişdir.
Keçən dövr ərzində görülmüş işlərin nəticəsi nə oldu?
— 2019-cu ilin yanvarında açıqlanan “Google Akademik” istinadlara görə UNEC ardıcıl olaraq ikinci dəfə Azərbaycanda universitetlər arasında sitatların sayına görə birinci yerə yüksəldi.
Sonuncu QS inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya reytinginə əsasən UNEC Akademik reputasiya göstəricisinə əsasən regionun 101-ci ən yaxşı universiteti seçildi.
Web of Science-də çap olunmuş məqalələrin sayı 2014-cü illə müqayisədə 2018-ci ildə 9 dəfə artmışdır.
Sevindiricidir ki, təkcə 2018-ci ildə Web of Science-ə daxil olan mənbələrdə UNEC müəllimlərinin çap olunmuş məqalələrinin sayı 1992-2014-cü illəri əhatə edən 22 ildə çap olunmuş məqalələrin sayından çoxdur.
Nüfuzlu elmi jurnallarda nəşrlərinin sayının ilbəil artmasına və dünya elm məkanına uğurla inteqrasiya etdiyinə görə “Clarivate Analytics” UNEC-i “Web of Science Awards — 2018” və “Most progressive universities in Web of Science for the last 3 years” mükafatları ilə təltif edilmişdir. Belə ki, “Clarivate Analytics”in məlumatına əsasən UNEC-in 1991-2018-ci illərdə “Web of Science”ə daxil edilən elmi əsərlərinin 56 faizi məhz son 3 ilin payına düşür.
Bütün bu uğurlara baxmayaraq elmi fəaliyyət sahəsində vəziyyət universitetimizin hədəflərindən uzaqdır və UNEC-in mövcud potensialına cavab vermir.
UNEC-in zəif yerlərini aşkar etməyi öyrənməli, etiraf edəcək qədər güclü olmalı və zəif yerlərinin gələcəkdə güclü tərəfinə çevirməyi bacarmaq üçün ciddi işlər davam etdirilməlidir. Bu gün UNEC-də hələ də aradan qaldırıla bilməyən zəif yerlər nədir?
QS beynəlxalq reytinq agentliyinin hesabatına görə, UNEC-in ən zəif yerlərindən biri elmi tədqiqat və araşdırmalar olduğu qeyd edilir. QS dünya universitetlərinin reytingində 20 faiz və regional reytinqdə 5 faiz çəkisi olan “məqalələrə görə sitat sayı” göstəricisi üzrə UNEC hələ də belə bal əldə edə bilmir. Bunun əsas səbəbi SCOPUS-da bu göstərici üzrə son 5 ildə UNEC-in ən azı 150 məqaləsinin olmamasıdır. Bununla bağlı maraqlı fakt: 2014-2018-ci illəri əhatə edən son 5 ildə “Web of Science”də universitetimizin əməkdaşlarının məqalələrinin sayı 55 olmuşdur. Bu göstərici 2009-2013-cü illəri əhatə edən 5 ildə çap olunan məqalələrin sayından 5 dəfə, 2004-2008-ci illəri əhatə edən daha əvvəlki dövrdə çap olunan məqalələrin sayından 7 dəfə çox olmuşdur. Hesab edirəm ki, 82-si elmlər doktoru, 441-i fəlsəfə doktoru olmaqla 818 müəllimin çalışdığı UNEC-də 5 il ərzində 150 məqalənin Scopus-da çap edilə bilməməsi ciddi siqnaldır və bu, görülmüş işlərin hələ də yetərli olmadığını göstərir. Əminəm ki, universitetimizdə bu vəzifənin öhdəsindən gəlmək üçün yetərli potensial mövcuddur.
Bəllidir ki, tədqiqatçılar öz elm sahələri çərçivəsində çalışırlar. Onların işi ondan ibarətdir ki, məlum olmayanı məlum etsinlər. Tədqiqatçı kimi fəaliyyət göstərmək o deməkdir ki, elmə hələ də bəlli olmayanı aydınlaşdırmağı bacarsın. Etiraf edək ki, bir sıra “tədqiqatlar” hələ də formal xarakter daşıyır. Tanınmış Stiven Xoking deyirdi ki, “Biliyin əsas düşməni məhz bilik illüziyasıdır” və UNEC hələ də bu düşmənə qalib gələ bilməmişdir.
Bildiyimiz kimi, tədqiqatçılar təkcə öz laboratoriyalarında, tədqiqat məkanlarında dəyərli vaxtlarını yalqızlıqda, tənhalıqda keçirmirlər. Tədqiqat toplum tərəfindən aparılır və bu toplumda əqli əmək bölgüsü mövcuddur. Hər bir tədqiqatçı öz sahəsində mütəxəssisdir və elmi bilik bütövlükdə toplum çərçivəsində formalaşır və paylanır. Belə bölgü o demək deyil ki, hər bir tədqiqatçı ancaq ona aid olan kiçik məlumat daşıyıcısıdır və toplumun biliyi və yaxud tədqiqatının nəticəsi hər bir tədqiqatçının nəticələrinin sadə cəmidir. Əqli əmək bölgüsü o deməkdir ki, toplum ona daxil olan bütün tədqiqatçıların toplam nailiyyətlərini özündə ehtiva edir. Həqiqətdir ki, UNEC-də hələ də elm toplumunun formalaşdırılması istiqamətində görülmüş işlər gözlənilən nəticəni verməmişdir.
Bəllidir ki, tədqiqatlar sübuta əsaslanır. Sübut isə müxtəlif formada birbaşa müşahidə və yaxud məntiqi nəticə ola bilir. Ancaq təcrübə göstərir ki, tədqiqatçıların nəticələrinin böyük əksəriyyəti nə müşahidələrə, nə də ki, məntiqi nəticələrə əsaslanır. Daha çox nəticələr elm sahəsində tanınmışların elmi nüfuzuna əsaslanır. Təəssüflər ki, UNEC hələ də belələrinin nüfuzundan faydalanmağı oyrənə bilməmişdir.
Diqqəti cəlb edən digər məsələ tədqiqatlara görə konfranslar, seminar, simpoziumlarda iştirak xərclərinin ödənilməsi məsələsidir. Sirr deyil ki, bu məqsədlər üçün maliyyə vəsaitləri əsasən tədqiqatçı olmayan digər şəxslər, təşkilatlar tərəfindən ödənilə bilir. Bu və digər tədqiqatı, elmi tədbirdə iştirakı maliyyələşdirən şəxs və təşkilat əmin olmalıdır ki, həmin tədqiqatçının maliyyələşdirilməsi fərdi investora və yaxud daha böyük topluma fayda verə bilər. Etiraf edək ki, UNEC hələ də tədqiqatları maliyyələşdirə biləcək investorların və ya təşkilatların maraq dairəsinə düşə bilməmişdir.
Biliklərin qarşılıqlı asılılığı bu gün daha aydın görünür. Bir sıra elm sahələri o qədər sayda istiqamətləri və bilik həcmini özündə ehtiva edir ki, elmi tədqiqat aparmaq üçün zəruri olan bütün bilikləri bir alimin mənimsəməsi mümkün deyil. Bu gün tədqiqatçılar öz tədqiqatlarında digərlərindən daha çox asılıdırlar və bu müxtəlif elm sahələrini təmsil edən tədqiqatçıların əməkdaşlığını qaçılmaz edir. Bir elmi məqalənin müəlliflərinin sayı 1950-ci ildən 2014-cü ilə qədər, demək olar ki, 4 dəfə artaraq 1950-ci ildəki 1,5 müəllifdən 2014-cü ildə 5,5 müəllifə qədər artmışdır. Təəssüf ki, bu gün müxtəlif elm sahələrini təmsil edən müəllim və əməkdaşların birgə tədqiqat nümunələrini UNEC-də tapmaq çətindir.
Universiteti ali təhsil müəssisəsi kimi digər təhsil müəssisələrindən fərqləndirən əsas cəhət tədrislə yanaşı, universitetlərdə tədqiqatların aparılmasıdır. Tədqiqat prosesinə təhsilalanlar (bakalavr və magistrlər) cəlb edilməyənə qədər ciddi nailiyyət mümkünsüz görünür. UNEC-də təhsilalanların birgə elmi tədqiqatlara cəlb edilməsi və təqribən 20 min tələbənin, gənc beyinin potensialının reallaşdırılması üçün görülmüş işlər hələ də öz nəticəsini verməmişdir.
Yuxarıda qeyd edilənləri əsas tutaraq UNEC-də ciddi elmi tədqiqatlara əlavə stimullar yaratmaq üçün ən qısa vaxtda aşağıdakı tədbirlərin görülməsi məqsədəuyğundur:
1. UNEC-də ancaq pedaqoji fəaliyyətlə məşğul olan müəllimləri və pedaqoji fəaliyyətlə yanaşı həm də ciddi tədqiqat aparan müəllimləri fərqləndirmək və bunun üçün obyektiv və şəffaf meyarları özündə ehtiva edən qaydaların hazırlanması vaxtı çatmışdır.
2. Nüfuzlu xarici universitetdə bir il müddətinə qədər tədqiqat aparmaq üçün dəvət almış UNEC müəllimlərinin UNEC-dəki əməkhaqqının xaricdə tədqiqat apardığı müddətdə saxlanılması məsələsi müsbət həll oluna bilər.
3. Yuxarıda qeyd edildiyi kimi, impaktı yüksək olan jurnallarda çap olunmuş məqaləyə görə UNEC-də 4000 manata qədər qonorar verilir. Bu qaydanın həm də UNEC-də təhsil alanlara — bakalavrlara, magistrlərə və doktorantlara şamil edilməsi faydalı olar.
Yekunda məlumat üçün qeyd edim ki, Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq 2018-ci il 9 apreldə imzaladığı sərəncamla mart ayının 27-si Azərbaycan Respublikasında Elm Günü elan edilmişdir. Bu sərəncamı və sərəncamdan irəli gələn vəzifələri əsas tutaraq 27 fevral-27 mart tarixində UNEC-də elm aylığı keçirilir. Bununla bağlı 27 fevralda elm aylığının açılışına həsr edilmiş konfrans keçirilmişdir. Bütövlükdə elm aylığı çərçivəsində UNEC-də 22 tədbir, o cümlədən “Yeni elm sahələri-ekonofizika”, “Elm haqqında Elm”, “İqtisadiyyat üzrə Nobel laureatları”, “Elmi fəaliyyətin institusional sistemi”, “Qeyri-müəyyənlik şəraitində makroiqtisadi göstəricilərin qarşılıqlı əlaqələrinin və vergi yükünün qiymətləndirilməsi”, “Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişaf perspektivləri”, “İslam maliyyəsi”, “Tələbələrin elmi fəaliyyətə cəlb edilməsi” və digər maraqlı mövzulara həsr edilmiş müzakirələr keçirilir. Qeyd etmək lazımdır ki, bu konfrans Azərbaycanda ilk dəfə “Nəyi bilmirik” formatında keçirilmiş və elmi tədqiqatların təşkili, aparılması, nəticələrinin saxlanması və ötürülməsi ilə bağlı suallara aydınlıq gətirmişdir.
AZƏRBAYCAN NÖVBƏTİ ONİLLİKDƏ İNKİŞAFININ YENİ MƏRHƏLƏSİNƏ KEÇƏRƏK BÜTÜN HƏDƏFLƏRİNİ REALLIĞA ÇEVİRƏCƏK
Cəfər CƏFƏROV
Tarix elmləri doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru
Hər bir xalqın taleyində elə zamanlar var ki, bu dövrlərdə xalq uzun mübarizədən, gərgin və mürəkkəb tarixi inkişaf yolundan keçərək yeni inkişaf mərhələsinə, tərəqqi və rifah səviyyəsinə qədəm qoyur. Belə dövrləri xalqın qızıl dövrü də adlandırırlar. Bu inkişaf səviyyəsinə çatmaq, onu dayanıqlı əsaslarla gələcək nəsillərə ötürmək isə heç də asan deyil. Bunun üçün xalqın əzmkarlığı, çalışqanlığı ilə yanaşı, güclü iradəyə, uzaqgörən siyasi təfəkkürə malik lideri olmalıdır.
Bunun ən bariz nümunəsi Ümummilli Lider Heydər Əliyevdir. 100 illik yubileyini böyük fərəhlə qeyd etdiyimiz Ulu Öndər təkcə müasir müstəqil Azərbaycanın memarı və xilaskarı deyil, həm də Azərbaycana özündən sonra layiqli Lider yetişdirmiş dühadır.
Rektor qeyd edib ki, bu gün Ulu Öndər ideyalarını ən mükəmməl səviyyədə davam və inkişaf etdirən Prezident İlham Əliyev ölkəsinin və vətəndaşlarının rifahını təmin etməyi ali məqsəd kimi qarşısına qoyan əsl Liderdir. Bu baxımdan Azərbaycan xalqı olduqca şanslıdır.
Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 20 il müddətində ölkəmiz bütün sahələrdə dinamik inkişaf mərhələsinə qədəm qoydu, iqtisadi inkişaf, ordu quruculuğu, elm və təhsilin inkişafı, Azərbaycan mədəniyyətinin dünya miqyasında təbliğ olunması, əhalinin sosial rifahının yüksəldilməsi, infrastrukturun yenilənməsi və genişləndirilməsi ilə bağlı meqalayihələr, dövlət proqramları icra olundu. Qarşıya qoyulmuş ən böyük məqsəd və vəzifə yerinə yetirildi — ərazi bütövlüyümüz və suverenliyimiz təmin olundu.
2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində Qarabağı və Şərqi Zəngəzuru erməni işğalından azad edildi, bu il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Qarabağdakı separatçı rejim özünü buraxmağa məcbur edildi.
Azərbaycan öz yenilməz Lideri, qüdrətli ordusu və dəmir yumruq kimi bir nöqtəyə vuran xalqı ilə son 100 il ərzində ona qarşı edilən qəsdlərin, məkrli planların nəticələrini tam aradan qaldıran qalib dövlət kimi dünya siyasi və hərbi arenasında möhtəşəm tarix yazdı.
İlk dəfə Prezident seçildiyi tarixin 20-ci ildönümündə — 2023-cü ilin 15 oktyabrında Prezident İlham Əliyevin Xocalı, Xocavənd, Xankəndi və Ağdərə şəhərlərində, Əsgəran qəsəbəsində və Sərsəng su anbarının ərazisində Dövlət Bayrağını ucaltması, Xankəndi şəhərinin mərkəzindən Azərbaycan xalqına müraciət edərək 20 il əvvəl verilən bütün vədlərin yerinə yetirildiyini bildirməsi isə bu möhtəşəm tarixi zaman kəsiyinin ən parlaq səhifəsi, yeni və daha parlaq səhifələrin başlanğıcı idi.
Bütün sahələrdə olduğu kimi, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi son 20 il ərzində ölkəmizdə elmin və təhsilin inkişafında da əsaslı irəliləyişlər olub. Bu gün Azərbaycan təhsili dünya təhsil sisteminin bir parçası kimi dinamik inkişaf edən, günbəgün maddi-texniki və elmi potensialı yüksəldilən, dövlətin tam qayğısı ilə əhatə olunan, dünya trendlərini tətbiq edən, eyni zamanda, milli-vətənpərvər ruhlu sağlam gənclər yetişdirən bir üzvi orqanizmdir.
Son iyirmi ildə Azərbaycanda ali məktəblərin və ali təhsil alan tələbələrin sayı daha da artıb. Ali təhsil müəssisələrinə tələbə qəbulu planı ötən illə müqayisədə təxminən 48 mindən 55 minə qədər artırılıb. Yaxın bir neçə il ərzində isə illik tələbə qəbulu planı 75 min nəfərə çatdırılacaq.
C.Cəfərov qeyd edib ki, müəllimlik ixtisaslarına ayrılan plan yerləri də artan dinamika üzrə inkişaf edir. Ölkədə müəllimlik peşəsinin nüfuzunun artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bütün bunların nəticəsidir ki, son illərdə pedaqoji ixtisasları, həmçinin Pedaqoji Universiteti seçən abituriyentlər arasında 600 baldan yüksək bal toplayan tələbələr kifayət qədərdir. Ümumilikdə isə son 10 ildə ali məktəblərə ixtisas seçimi edərkən müəllimlik ixtisaslarını seçənlərin sayı 18 min nəfərdən 50-55 min nəfərə qədər artıb.
Azərbaycanda son 20 ildə ali təhsil sisteminin beynəlxalq rəqabətə dayanıqlılığının artırılmasına xüsusi fikir verilib, ölkəmizdə dünya standartları səviyyəsində fəaliyyət göstərən milli elmi-tədqiqat və təhsil müəssisələri yaradılıb. ADA Universiteti, Bakı Ali Neft Məktəbi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, Azərbaycan-Fransız Universiteti, İtaliya-Azərbaycan Universiteti kimi birgə universitetlərin yaradılması bunlara misal ola bilər.
“Biz qara qızılı insan kapitalına çevirəcəyik”, — deyən müdrik Liderin apardığı uğurlu təhsil siyasəti nəticəsində bu gün ölkəmizdə ali təhsil hər kəs üçün əlçatandır. Ali məktəblərdə tələbələrin yarıdan çoxu dövlət hesabına oxuyur və təqaüd alırlar. Orta hesabla hər il tələbə təqaüdləri 20 faiz artırılır, tələbələrin sosial və məişət şəraitinin yaxşılaşdırılması və ictimai fəaliyyətlərinin dəstəklənməsi üçün işlək mexanizmlər qurulur.
“Prezident İlham Əliyevin təhsil quruculuğu siyasətinin digər bir vacib elementi isə azərbaycanlı gənclərin dünyanın ən nüfuzlu xarici universitetlərində təhsil almağa göndərilməsidir. Bununla bağlı indiyədək icra olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” nəticəsində 5 min nəfərdən artıq azərbaycanlı gənc dünyanın aparıcı universitetlərində təhsil alıb. Prezidentin 2021-ci il 30 sentyabr tarixli Sərəncamına əsasən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” təsdiq olunub.
Eyni zamanda, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində azərbaycanlı gənclərin xaricə getmədən keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi məqsədilə ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə ADPU və ADA Universiteti, Koreya Respublikasının İnha Universiteti ilə Bakı Mühəndislik Universiteti, Türkiyə Respublikasının Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında beynəlxalq ikili diplom proqramları imzalanıb.
ADPU ilə CVU arasında 3 ildir ki, uğurla icra olunan ikili diplom proqramı çərçivəsində ümumilikdə 130-a qədər gəncin təhsil siyasəti və idarəçiliyi sahəsində beynəlxalq səviyyəli mütəxəssis kimi yetişdirilməsi gözlənilir. Bütün bu deyilənlər böyük bir inkişaf marafonunun yalnız bir qanadına aid bəzi göstəricilərdir. Prezident İlham Əliyevin lideri olduğu bu marafonun növbəti xətti isə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” əsasında “qüdrətli dövlət və yüksək rifah cəmiyyəti” hədəfini reallaşdırmaqdır.
Biz əminik ki, Azərbaycan növbəti onillikdə inkişafının yeni mərhələsinə keçərək bütün hədəflərini reallığa çevirəcək”, — deyə rektor Cəfər Cəfərov fikrini yekunlaşdırıb.
ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANÇILIQ MƏFKURƏSİ VƏ YENİ DÖVR AZƏRBAYCANI
Anar NAĞIYEV
Siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Slavyan Universitetinin rektoru
2024-cü ilin 14 fevral tarixində Milli Məclisdə keçirilən Azərbaycan Respublikasının Prezidentinin and içməsi tədbirində Prezident İlham Əliyev qeyd etmişdir: “Azərbaycançılıq ideologiyası, Azərbaycançılıq prinsipləri Azərbaycanda çoxdan bərqarar olub. Ulu Öndər Heydər Əliyevin bizə qoyduğu dəyərli miraslardan biri də məhz azərbaycançılıq məfkurəsidir. Biz — onun davamçıları isə bu müsbət meyilləri öz tərəfimizdən daha da gücləndiririk”. Ulu Öndər Heydər Əliyevin bütün fəaliyyəti məhz bu ideologiya üzərində qurulmuş, Azərbaycanın güclü və suveren dövlətə çevrilməsinə xidmət etmişdir; bu gün biz tarixinin ən güclü dönəmini yaşayan müstəqil, suveren və qalib Azərbaycanın vətəndaşları olaraq qürur duyuruq. Milli dövlətçilik ideologiyası, milli məfkurə, milli kimlik və milli-dövlətin yaranması kimi məsələlər sosial elmlər tədqiqatlarının predmetləri sırasındadır. Bu, siyasi elm prizmasından maraq kəsb etdiyi qədər, fəlsəfə, sosiologiya və tarix elmlərinin də öyrəndiyi problemlərdəndir. Siyasi və beynəlxalq münasibətlər nəzəriyyələrində bu məsələlər həm də qlobal hadisələr, beynəlxalq münasibətlərin dinamikası fonunda öyrənilməklə milli ideologiyaların dövlətlərin beynəlxalq münasibətlərin aktorları olaraq davranışlarını, beləliklə dövlətlərarası və qlobal münasibətlər sisteminin mahiyyətinə təsirini də öyrənir.
Milli ideologiyanın bu kontkestdə öyrənilməsi eyni zamanda beynəlxalq münasibətlər nəzəriyyələrinin inkişafına və nəticə etibarı ilə realizm, liberalizm, beheviorializm və digər nəzəri düşüncələrə, bütövlükdə beynəlxalq münasibətlərin “debatlarına” öz təsirini göstərməmiş deyildir. 1980-ci illərdə Şərqi Avropa və Asiyada baş verən hadisələr böyük qlobal dəyişikliklərə səbəb olmaqla növbəti dövrün dinamikasını müəyyən edirdi. Dünyanın gələcəyi haqqında debatlar növbəti on illiklər üçün milli dövlətlərin və beynəlxalq münasibətlər sisteminin gələcəyi haqqında diskursu da genişləndirirdi. 1980-1990-cı illərdə dünyanın gələcəyinin liberal dəyərlər üzərində qurulacağına yaranmış ümidlər qlobal sistemin (dünya düzəninin) də liberal mahiyyətinə xidmət etməli idi. Siyasi, beynəlxalq münasibətlər və fəlsəfə elmlərinin mütamadi olaraq müraciət etdiyi “tarixi dövrlər” və “liberal dünya” konsepsiyları da bu dönəmdə yeni format alaraq “sonuncu irticanın” çöküşündən sonra dünyanın həm də liberal beynəlxalq münasibətlər sisteminin bir hissəsi olacağı anlamını formalaşdırmağa xidmət edirdi. Təbii ki, liberalizmə siyasi elm nəzəriyyəsi kimi deyil, qlobal münasibətlər sisteminin bir dayaq ideologiyası kimi baxdıqda isə, son on illiklər ərzində dünyada baş verən hadisələrin mahiyyətini daha aydın analiz etmək mümkün olur.
Təəssüf ki, Azərbaycan da “liberal dünya” sistemində ikili standartlar, ədalətsizlik, qəsb, təcavüz və işğala məruz qaldı, dövlətin gələcəyinə təhdidlər yarandı. Sosial böhran, siyasi hərcimərçilik, ölkəni parçalamağa xidmət edən planlar bu təhdidlər halqasını genişləndirirdi. Azərbaycançıqılıq məfkurəsi və Ulu Öndərin siyasi strategiyası xalqı və dövləti 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində yaranmış məğlub durumdan qalib duruma aparacaq milli kimliyin təsbitinə xidmət edirdi. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətləri misilsizdir, təkrarsızdır. Ulu Öndərin siyasi irsinin öyrənilməsi onun addım-addım güclü Azərbaycan naminə yorulmadan çalışdığını nümayiş etdirir. Hələ, 1970-80-ci illərdə Azərbaycanda sənayenin inkişafı, milli kadrların inkişafının təmin edilməsi ilə dövlət aparatının milliləşdirilməsi, təhsil, elm və digər sahələrdə sürətli inkişaf dövlətin gələcəyinə xidmət edəcək amillərdən idi. Ulu Öndərin hakimiyyəti illərində təhsilin inkişafında, o cümlədən təhsil müəssisələrinin yaradılmasının miqyasında görünməmiş vüsət yaşanmış, ali təhsil müəssisələrinin və ali təhsilli mütəxəssislərin sayı sürətlə artmışdır. Başqa sözlə, insan kapitalının inkişafı naminə əhəmiyyətli addımlar atılmışdır.
Azərbaycanın müstəqillik qazanmasından sonrakı dövr istər Cənubi Qafqazda, istərsə də qlobal çərçivədə gərgin illər idi. Belə bir şəraitdə ölkənin müstəqilliyini qorumaq, müasir milli-dövləti qurmaq dövlət rəhbəri olaraq Azərbaycançılıq dəyərlərini fəaliyyətinin və həyatının mərkəzi prinsipinə çevirmiş Ulu Öndər Heydər Əliyevin siyasi missiyasının əsasını təşkil edirdi. Ulu Öndər Heydər Əliyevin banisi olduğu müasir Azərbaycan dövlətinin qarşısında tarixi yaddaşa söykənən, müasir dünyada özünə yer tutacaq müasir dövlətçiliyin qurulması idi. Milli dəyərlərə və tarixi yaddaşa əsaslanan, bütün dünya azərbaycanlılarını bir araya gətirən azərbaycançılıq məfkurəsi bu dövlətin siyasi strategiyası olmaqla yanaşı, bizim coğrafiyanın milli identikliyini müəyyən edirdi. Müasir siyasi elmlərdə milli ideologiya və milli kimlik məsələləri geniş tədqiqat obyektidir. Siyasi elm ədəbiyyatı istənilən milli-dövlətin iki mühüm komponentini vurğulayır: milli-dövlət sistemi və bu dövlətin ərazisində yaşayan insanların milli kimliyi [8, 1080]. Müasir dövlətlərə verilən izah onların bu dövlətlərin ərazisində yaşayan xalqların vahid identikliyi çərçivəsini nəzərdə tutur. Başqa sözlə, ədəbiyyatda vurğulandığı kimi, müasir milli dövlətlər üçün “coğrafiya məsələsi” və sərhədlər mühüm şərt olmaqla, verilən coğrafiyada yaşayan insanların vahid identikliyini formalaşdırır, onların tarixi yaddaşa və dəyərlərə olan bağlılığı isə gələcək davranışlarını müəyyən edən amillərdəndir [7]. Qeyd olunmalıdır ki, bir sıra ədəbiyyatlarda edilən cəhdlərə rəğmən, tarixi inkişaf, tarixi yaddaş və tarixi ərazilərin bu identikliyin formalaşmasındakı mühüm rolu marginallaşdırıla bilməz. K.S.Larsen qeyd edir ki, “hazırda milli-dövlət insan identikliyinin ən əsas mənbəyidir, bununla yanaşı, dil, ərazi və din də identikliyin formalaşmasında yer ala bilir” [7, 166]. Təbii ki, “insanların sosial atributlarının üstünlüyü onların mədəni identikliyinin formalaşması baxımından da mühüm əhəmiyyət kəsb edir” [8, 1080].
Azərbaycançılıq ideologiyası milli yaşam tərzi olmaqla yanaşı, həm də milli-dövlətin beynəlxalq statsusuna xidmət edir. Qeyd edildiyi kimi, Azərbaycan xalqının uzun illər formaşaldırdığı multikultural dəyərlər bu milli ideologiyanın mühüm komponentlərindən olmuşdur. Bu komponentlər sırasında digər milli dəyərlər, dövlətçilik ənənələri, dini və etnik rəngarənglik, maarifçilik və elm də xüsusi yer tuturdu. Müasir dövlətin formalaşması və onun qlobal arenada öz yerini tutması isə azərbaycançılıq ideologiyasının banisi olan Ulu Öndər Heydər Əliyevin milli və beynəlxalq siyasətinin, bütövlükdə bu xalqın və dövlətin gələcəyinə baxışının mərkəzində durur, strateji inkişaf xəttini təşkil edirdi.
Yeni dönəmin qarşımızda açdığı imkanlar isə yeni şəraitdə daha böyük nailiyyətlərin qazanılacağına şübhə doğurmur. Bu kontekstdə ali təhsil müəssisələri və tədqiqatçıların qarşısında dövlətimizin qazandığı uğur və nailiyyətləri öyrənməsi və tədqiqi sahəsində mühüm işlər durur. Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi, bu ideologiya üzərində qurulmuş milli dövlətçiliyimizin inkişaf mərhələləri, Azərbaycanda multikultural dəyərlərin və birgə yaşayışın unikal modelinin öyrənilməsi kimi məsələlər ənənəvi olaraq Bakı Slavyan Universitetinin elmi-praktik konfranslarının əsasını təşkil etmiş, bu istiqamətdə tədqiqatlar aparılmışdır. Azərbaycan tarixinin yeni dönəmində Ulu Öndər Heydər Əliyevin siyasi irsinin, azərbaycançılıq ideologiyasının və bütövlükdə gələcək inkişafımızın konturlarının müxtəlif platformalarda müzakirəsinin təşkili, sosial elmlərin nəzəri yanaşmalarının tətbiqi ilə daha böyük tədqiqat proseslərini formalaşdırması ali təhsil müəssisələrinin və ayrı-ayrı tədqiqatçıların qarşısında duran hədəflərdir. Növbəti illərdə konfransın aşağıdakı istiqamətlər üzrə tədqiqatlarının aparılması və elmi diskursun təşkilini davam etdirməsini hədəfləyirik:
Ulu Öndər Heydər Əliyevin siyasi irsinin, Azərbaycançılıq məfkurəsi və Azərbaycanın unikal multikultural dəyərlər sisteminin qorunması və inkişafındakı rolunun öyrənilməsi, bu mövzuda elmi tədqiqat nəticələrinin beynəlxalq konfranslarda və nəşrlərdə geniş oxucu kütlələrinə təqdim edilməsi. Hazırki konfransın plenar iclasında bu mövzu “Ulu Öndər Heydər Əliyev və zəfərə aparan yol” mövzusu üzərində qurulmuşdur;
Qarabağ və Şərqi Zəngəzurun düşmən tapdağından azad edilməsi və Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqları xarakterizə edən Böyük Zəfərin fonunda Cənubi Qafqaz və daha geniş regional müstəvidə münasibətlər sistemi və bu sistemdə Azərbaycanın yerinin öyrənilməsinə həsr edilmiş tədqiqatlar növbəti konfransların hədəfini müəyyən edəcək mövzulardandır. 2024-cü il konfransında bu istiqamət “Yeni dövrün çağrışları” mövzusu ilə müəyyən edilmişdir;
Müasir Azərbaycan və azərbaycanlı milli kimliyinin mərkəzində öz qürurlu yerini almış “Böyük Qayıdış” prosesinin sosial, iqtisadi və beynəlxalq təsirləri, qlobal münasibətlər sistemindəki yerinin öyrənilməsinə həsr edilmiş tədqiqatların aparılması. 2024-cü il konfransında bu istiqamət “Qarabağ və Şərqi Zəngəzur Böyük Qayıdış kontekstində” mövzusu ilə müəyyən edilmişdir;
Azərbaycanın qlobal arenada artan rolu kontekstində mühüm beynəlxalq missiyalarının öyrənilməsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici siyasətinin qlobal təsirlərinin öyrənilməsi, tədqiqat nəticələrinin beynəlxalq səviyyədə təqdim edilməsi əsas tədqiqat hədəflərindəndir. 2024-cü il konfransında bu istiqamət “COP 29: Azərbaycan qlobal müzakirələrin mərkəzi platforması kimi” mövzusu ilə müəyyən edilmişdir;
Milli identikliyimizin və tarixi yaddaşımızın formalaşmasında ayrılmaz yeri olan, milli mənəvi dəyərlərimizin qorunması kontekstində mühüm tədqiqat platformasını təşkil edən Qərbi Azərbaycanda mədəni-tarixi və maarifçilik məsələlərinin tədqiqin davam etdirilməsi və tədqiqat nəticələrinin beynəlxalq elmi-metrik bazalara daxil elmi dərgilərdə nəşri hədəflənir. 2024-cü il konfransında bu istiqamət “Qərbi Azərbaycan: tarix və maarifçilik” mövzusu ilə müəyyən edilmişdir;
Beləliklə, Bakı Slavyan Universitetində keçirilən “Azərbaycanşünaslığın aktual məsələləri(tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə) XV konfransı yeni dövrün yaratdığı reallıqlar kontekstində müvafiq məzmunun yaradılması baxımından da keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş konfransda (4-5 may, 2023-cü il) olduğu kimi, bu konfransda da dünyanın müxtəlif ölkələrindən, əsasən, Türkiyə, Özbəkistan, Gürcüstan, Moldova, Rusiya və Polşadan olan həmkarlarla birlikdə qarşıya qoyulmuş mühüm məsələləri müzakirə edilməsi gözlənilir. Konfransın şüarının “Yeni Dövrün Azərbaycanı” seçilməsi, əslində konfransın keyfiyyətcə yeni mərhələsinin məntiqi keçidini göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında yeni dövrün Azərbaycanının qazanacağı uğurların nəticələrinə dair elmi tədqiqatların aparılması, tədqiqat nəticələrinin çapı və beynəlxalq müzakirələrin təşkili növbəti konfransların da strateji hədəfini təşkil edəcəkdir.
103 YAŞLI BAKI DÖVLƏT UNİVERSİTETİ
Elçin BABAYEV
Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent, Bakı Dövlət Universitetinin rektoru
Bu gün xalqımızın taleyində mühüm əhəmiyyət daşıyan bir tarixi gündür. 103 il əvvəl – 1 sentyabr 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti uzun və gərgin müzakirələrdən sonra Bakı Dövlət Universitetinin (BDU) yaradılması haqqında qanun qəbul etdi. 1919/1920-ci tədris ilindən Tarix-filologiya və Tibb fakültələri ilə fəaliyyətə başlayan universitetdə noyabrın 15-də ilk mühazirə oxundu. Beləliklə, sonralar inkişafına və tərəqqisinə əvəzsiz töhfələr vermiş ulu öndərimiz Heydər Əliyevin “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdığı, hər zaman məzunu olması ilə fəxr etdiyini ifadə edərək yüksək dəyər verdiyi Bakı Dövlət Universiteti fəaliyyətə başladı.
innews.media xəbər verir ki, bu fikirlər Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
BDU Xalq Cümhuriyyəti dövründə çox qısa zaman ərzində fəaliyyət göstərsə də, xalqımızın maariflənməsinə mühüm töhfələr verdi, elm və təhsilimizin çırağını əbədi yandırdı. Sovet hakimiyyəti illərində hər cür təzyiq və basqılara rəğmən universitet ölkəmizdə elm və təhsilin mərkəzi, xüsusilə milli ruhun daşıyıcısı olmağı şərəflə bacardı. Məhz bu missiyasına görə repressiyaların tüğyan etdiyi 30-cu illərdə universitetin fəaliyyəti dayandırıldı. Lakin fədakar ziyalılarımızın səyləri ilə universitet yenidən şərəfli yoluna davam etməyə müvəffəq oldu.
Bu gün fəxr, qürur və sonsuz ehtiram hissi ilə deyirik ki, 1969-cu ildən – ümummilli liderimiz Heydər Əliyevin ölkəyə rəhbərlik etməsindən sonra BDU-nun həyatında yeni mərhələ başladı. Bu tarixdən sonra BDU Azərbaycan elminin və təhsilinin flaqmanı kimi ölkədə və ittifaq respublikalarının təhsil və elm ocaqları arasında böyük nüfuz qazandı. Universitetin 50 illik yubiley tədbirlərinə ulu öndər Heydər Əliyevin şəxsən rəhbərlik etməsi, dövlət başçısı kimi bu ali təhsil müəssisəsinə hərtərəfli qayğısı BDU-nun şöhrətini daha da artırdı. 50 illik yubiley tədbirində ulu öndər Heydər Əliyevin böyük cəsarət nümayiş etdirərək ana dilimizdə çıxış etməsi bu gün də qədirbilən xalqımız tərəfindən ehtiram, hörmət və izzətlə yad edilir. Ulu Öndərimiz özü də həmin tarixi hadisəni dəfələrlə yada salmışdı: “Xatirimdədir, universitetin 50 illik yubileyində çıxış edərkən, şübhəsiz ki, öz ana dilimdə, Azərbaycan dilində danışdım. Bu, böyük bir sensasiya kimi qəbul olundu – nə cür olur ki, respublikanın rəhbəri Azərbaycan dilində çıxış edir. Bəziləri məni bu hadisə münasibətilə təbrik edirdilər, minnətdarlıqlarını bildirirdilər. Dilini sevən, milli ruhla yaşayan insanlar, doğrudan da, bunu böyük bir hadisə kimi qəbul etdilər”. Bu tarixi hadisənin, həmin dövrdə müdrik rəhbərin ali təhsil ocağına xüsusi diqqət və qayğısının sayəsində universitet yenidən milli oyanışın mərkəzinə, müstəqilliyimizə gedən yolun carçısına çevrildi.
BDU Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə də ulu öndər Heydər Əliyevin sayəsində inkişafının yeni və daha inamlı mərhələsinə qədəm qoydu. Müstəqilliyin ilk illərindən ölkədə olan problemlərə, çətinliklərə rəğmən Ümummilli Liderimiz universitetin elmi potensialı və maddi-texniki bazasının inkişafı üçün mühüm tədbirlər həyata keçirdi. Bu gün qürurla söyləyirik ki, ulu öndər Heydər Əliyev BDU-nun dünyaşöhrətli məzunu olmaqla yanaşı, hər zaman bu ali təhsil müəssisəsinin hamisi olmuşdur.
Ulu Öndərin müntəzəm qayğısı ilə əhatə olunan doğma universitetimiz son 19 ildə Prezident İlham Əliyevin diqqət mərkəzində olmuşdur. Prezidentin müvafiq Sərəncamı ilə 2019-cu ildə BDU-nun 100 illik yubileyi təntənəli şəkildə ölkədə və xaricdə qeyd olunub, əməkdaşlarımız ali dövlət mükafatları ilə təltif edilib. Dövlətimizin başçısının universitetin 100 illik yubiley mərasimindəki proqram xarakterli çıxışı bu gün hər birimiz üçün yol xəritəsidir. Böyük ehtiram və eyni zamanda, məsuliyyət hissi ilə deyirik ki, BDU kollektivi həmişə olduğu kimi bu gün də Ulu Öndərin siyasətini, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi prioritetləri rəhbər tutaraq öz fəaliyyətini davam etdirir və ölkəmizin inkişafı naminə əzmlə çalışır. Xüsusilə, tarixi Zəfərlə bitən 44 günlük Vətən müharibəsindən ötən 2 il ərzində kollektivimiz və tələbələrimiz əldə etdiyimiz şanlı Qələbədən güc alaraq Azərbaycanda elmə, təhsilə, vətəndaş cəmiyyəti quruculuğuna daha böyük töhfələr verir. Kollektivimiz, tələbələrimiz respublikamızda dövlətçiliyin daha da möhkəmləndirilməsi, ulu öndər Heydər Əliyevin inkişaf doktrinasının parlaq şəkildə həyata keçirilməsi yolunda öz missiyasını yerinə yetirir, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə olunaraq elmimizə və təhsilimizə xidmət göstərməkdən şərəf duyurlar.
103 il əvvəl 2 fakültə, 44 nəfər professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan universitetdə hazırda 16 fakültə, 120 kafedra, 2 elmi-tədqiqat institutu, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, elmi-tədqiqat laboratoriyaları, 2 milyondan çox kitab fondu olan Elmi Kitabxana, 5 muzey, 5 beynəlxalq institut və mərkəz, 1 filial, 1 kollec və 1 lisey fəaliyyət göstərir. Universitetdə ali təhsilin bütün səviyyələrində 24 mindən çox tələbə təhsil alır, 3 mindən çox əməkdaş, o cümlədən 1500 nəfərə qədər professor-müəllim heyəti və elmi işçi çalışır. Onlardan 250-dən çoxu elmlər doktoru, professor, 1000 nəfərə yaxın əməkdaş isə fəlsəfə doktoru, dosentdir.
Hazırda universitetdə tədris tarixi ənənələrin və innovativ dünya təcrübəsinin vəhdəti şəklində həyata keçirilir, elmi-tədqiqat işlərinin məzmunu yenilənir, beynəlxalq akademik əlaqələr, eyni zamanda, ölkədaxili əməkdaşlıq inkişaf etdirilir.
BDU-da tələbələrin yüksək səviyyədə təhsil almaları, elmi-tədqiqata təşviq olunmaları və dəstəklənmələri üçün ən müxtəlif innovativ üsul və metodlar tətbiq olunur. Tələbələr müxtəlif platformalarda universitetin idarəçilliyinə cəlb olunur, tələbə təşkilatlarının rolu günbəgün artırılır. Son dövrlər müasir tipli yataqxananın – 5 mərtəbəli, 220 yerlik “Tələbə evi”nin, həmçinin tələbələrin keyfiyyətli, “Kitab evi”nin və Xarici Dil Mərkəzinin, müasir dərslik və dərs vəsaitləri ilə təmin edilməsi üçün BP Azərbaycan şirkətinin dəstəyi ilə müasir mətbəənin fəaliyyətə başlaması, habelə əmək bazarının tələbləri nəzərə alınaraq təhsilin bakalavriat və magistratura səviyyələrində bir sıra yeni ixtisas və ixtisaslaşmaların açılması tələbələrimizdə elmə və təhsilə böyük maraq yaratmışdır. Təhsilin bütün səviyyələri (bakalavriat, magistratura, doktorantura) üzrə təhsil proqramları sənaye və biznes müəssisələrinin mütəxəssisləri ilə birgə hazırlanır və yenilənir. İstehsalat müəssisələrindən olan mütəxəssislər tədrisə və elmi fəaliyyətə cəlb olunur, ustad dərsləri və elmi seminarlar təşkil olunur. Bu cür əməkdaşlıq çərçivəsində əmək bazarının ehtiyac və tələbləri öyrənilir. Yeni ixtisaslar (ixtisaslaşmalar) müəyyən edilir, elmi-pedaqoji potensial nəzərə alınmaqla həmin ixtisaslar üzrə kadrlar hazırlanır. Son illər BDU-nun təşəbbüsü ilə “Aktuar riyaziyyat”, «Ekologiya hüququ”, “Mobil tətbiqlərin hazırlanması və oyun dizaynı”, “Mədəniyyət hüququ”, “Vergi hüququ” kimi ixtisaslar açılıb. “Aqrar hüquq”, “Qida məhsullarının kimyəvi ekspertizası”, “Təbii ehtiyatlar hüququ”, “İctimaiyyətlə əlaqələr” və digər yeni ixtisasların açılması üzrə işlər aparılır.
Bir ildən çoxdur ki, tətbiq edilən “Code for Future” layihəsi üzrə “Code Academy” və 2022/2023-cü tədris ilindən etibarən isə “DevEducation” ilə tərəfdaşlıq çərçivəsində Elm və Təhsil Nazirliyinin dəstəyi ilə BDU tələbələrinə müasir kompüterlərlə təchiz olunmuş auditoriyalarda proqramlaşdırma, sistem administratorluğu və şəbəkə administratorluğu üzrə biliklərinin artırılması üçün şərait yaradılıb.
Son illər BDU məzunları müəllimlərin işə qəbulu (MİQ) imtahanlarında ən yüksək nəticələr göstərir, eyni zamanda, tələbələrimiz və lisey şagirdlərimiz beynəlxalq, regional və yerli olimpiadalarda, bilik yarışmalarında ön yerləri tuturlar. BDU-nun onlarca məzunu son illər yüksək nəticələr əldə edərək nüfuzlu xarici universitetlərə qəbul olub.
Universitetdə 2020/2021-ci tədris ilinin yay semestrindən etibarən tətbiq edilən “Blackboard” – tədrisin idarə edilməsi elektron sistemi qısa zaman ərzində özünü doğruldub. Hazırda sistem üzərindən tələbələrin biliyinin qiymətləndirilməsi, dərslərin videoyazılışının aparılması, eyni zamanda, mobil tətbiq vasitəsilə məlumatların daha rahat əldə edilməsi, davamlı olaraq tələbələrin və müəllimlərin fəallığının təhlil olunması prosesi uğurla həyata keçirilir.
Universitetdə elmi fəaliyyətin səmərəli təşkili məqsədilə müəyyənləşdirilən strateji xətt sayəsində son dövrlər aparılan elmi-tədqiqat işlərinin məzmunu yenilənib, səviyyəsi artıb, alınan nəticələrin bilavasitə tətbiq sahələrinə yönəldilməsi istiqamətində əvvəlki illərlə müqayisədə daha müsbət nəticələr əldə edilib. BDU alimlərinin elmi-tədqiqat institutlarında, laboratoriyalarda və kafedralarda aldığı nəticələr mühüm hesabatlara daxil edilib, praktik əhəmiyyət kəsb edən işlər kimi yüksək dəyərləndirilib. Ölkəmizdə konvergens-innovativ biliklərə və praktiki vərdişlərə malik ali təhsilli mütəxəssislərə artan tələbatı nəzərə alaraq BDU istehsalat müəssisələri ilə olan mövcud əlaqələrini genişləndirib, fakültə, elmi-tədqiqat institut, mərkəz və laboratoriyalarının elmi-tədqiqat istiqamətləri BDU-nun 2021-2030-cu illər üçün Strateji İnkişaf Planına uyğunlaşdırılıb, fundamental və tətbiqi istiqamətlərə üstünlük verilib.
BDU-da 2021-ci ildə ilk dəfə olaraq yaradılmış Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi (Center of Excellence) təhsil-elm-istehsalat əlaqəsinin tətbiqi və elmi nəticələrin kommersiyalaşdırılması prinsiplərini əsas götürərək sənaye və istehsalat ilə əlaqələri genişləndirib. Mükəmməllik Mərkəzinin nəzdində Sənaye kimyası, Biomühəndislik, Mikrobiologiya və virusologiya, Astrokosmik və atmosfer tədqiqatları və Rəqəmsal araşdırmalar kimi yeni sənayeyönümlü elmi-tədqiqat laboratoriyalarının yaradılması qurumun fəaliyyətini daha da gücləndirib. Neft və qaz sənayesi üzrə bir sıra kommersiya əsaslı layihə müqavilələri imzalanıb.
Cari ildə tələbələrin elmi-tədqiqatlara daha geniş şəkildə cəlb edilməsi və onların elmi fəaliyyətinin təşviqi məqsədilə yaradılan Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində də elmi araşdırmaların əsası qoyulur. Mərkəzdə çalışan tələbə, magistrant və gənc tədqiqatçılar “TEXNOFEST-Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya Festivalında öz layihələri ilə çıxış ediblər. “Aqrar texnologiyalar” müsabiqəsi üzrə “SAP əsaslı hidrogellərin suvarmada tətbiqi və ağıllı suvarma sistemi” adlı layihə 2-ci yerə, “Sosial yönümlü texnologiyalar” müsabiqəsi üzrə “Triboelektrik nanogeneratorlar əsasında görmə və eşitmə əngəlli insanlar üçün sensorların hazırlanması“ adlı layihə isə 3-cü yerə layiq görülüb. Mərkəzin üzvləri SOCAR və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) birgə təşkilatçılığı ilə 2022-ci il sentyabrın 9-11-də keçiriləcək “Enerji və Dördüncü Sənaye İnqilabı” Hakaton yarışmasında 2 layihə ilə iştirak edəcəklər. Qeyd edək ki, bu layihələr Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında bərpa olunan enerji resurslarından istifadə mövzusuna həsr olunub.
Elmi fəaliyyətin təşkili və innovasiyalar, Tədrisin təşkili və idarə olunması, Tələbələrin elmi-texniki yaradıcılıq mərkəzlərinin birgə fəaliyyəti çərçivəsində tələbələrdə yaradıcılığın formalaşması (kreativlik) üçün qeyri-standart tapşırıqların birgə əməkdaşlıq və komanda şəklində həll olunması və öz fərdi biliklərini paylaşmaq bacarıqlarının aşılanması istiqamətində işlər aparılır, onlara elmi ideyaların reallaşdırılması, patentləşdirilməsi, tanıdılması və tətbiqi istiqamətlərində elmi və pedaqoji yönümlü təlimlər keçirilir, elmi tədbirlər təşkil olunur. Yeni texnologiyaların transferi və gənc tədqiqatçılara öyrədilməsi, sənayedə çalışan mütəxəssislərin tədrisə cəlb olunması, dünyanın müxtəlif ölkələrinin (Türkiyə, ABŞ, Böyük Britaniya, İtaliya, Qazaxıstan, Ukrayna, Yaponiya, Rumıniya, Almaniya, Macarıstan, Çex Respublikası və s.) elmi-tədqiqat institutlarında və universitetlərində çalışan mütəxəssislərin ustad dərsləri, mühazirələri və elmi seminarları təşkil olunur.
Universitet alimlərinin nüfuzlu elmi nəşrlərdə çap edilən məqalələrin sayı da artan dinamika ilə inkişaf edir. BDU-nun inkişaf strategiyasının əsas hədəflərindən biri də konkret prioritet istiqamətlər üzrə elmi-tədqiqatları elmin müasir inkişaf istiqamətlərinə uyğun müəyyənləşdirməkdir. Bu prioritet istiqamətlərin əsas hədəfi fundamental və tətbiqi sahələri üzrə dünyanın müxtəlif universitet və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən tədqiqatçıları bir araya gətirmək, əldə edilmiş ən mühüm nəticələri müzakirə etmək, yeni prioritet istiqamətləri müəyyənləşdirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri paylaşmaq, habelə, əldə edilən nəticələrin təcrübədə tətbiqinin forma, metod və yollarını müəyyənləşdirməkdir.
Bu məqsədlə gənclərin elmə olan marağını artırmaq üçün təkcə 2022-ci ildə BDU-da 20-yə yaxın respublika və beynəlxalq səviyyəli konfranslar keçirilib. Bu il sentyabrın 22-dən oktyabrın 2-dək BDU və “Volkswagen” Fondunun birgə təşkilatçılığı ilə “Kvant elminin və texnologiyasının müasir meyilləri: kvant materiallarından kvant informasiyasına qədər” adlı Beynəlxalq Yay Məktəbinin və sentyabrın 28-30-da “Mərkəzi Asiyada və Qafqazda dinamika günləri” adlı beynəlxalq konfransın, sentyabrın 29-30-da BDU və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə təşkilatçılığı ilə akademik Rəfiqə Əliyevanın anadan olmasının 90 illiyinə həsr olunmuş “Nəzəri və eksperimental kimyanın müasir problemləri” konfransının, oktyabrın 13-14-də BDU, ICESCO, İzmir Yüksək Texnologiya İnstitutu (Türkiyə) və Lahore Universitetinin (Pakistan) birgə təşkilatçılığı ilə professor Mirəli Axundovun anadan olmasının 120 illiyinə həsr olunmuş “Biologiyada nailiyyətlər və çağırışlar” konfransının, oktyabrın 31-dən noyabrın 4-dək BMT-nin Kosmos Məsələləri üzrə Ofisinin (UNOOSA) və BDU-nun birgə təşkilatçılığı, Qlobal Naviqasiya Peyk Sistemləri (GNSS) üzrə Beynəlxalq Komitənin (ICG) dəstəyi ilə “Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer” üzrə BMT/Azərbaycan beynəlxalq tədbirinin (“United Nations/Azerbaijan Workshop on the International Space Weather Initiative: The Sun, Space Weather and Geosphere”) keçirilməsi elmi tədqiqatların səviyyəsinin yüksəldilməsində və gənclərin elmi tədqiqatlara təşviq edilməsində əhəmiyyətli rol oynayacaq.
Bu mənada BDU Avropa və dünya tendensiyalarına uyğun qabaqcıl texnologiya və nailiyyətlər səviyyəsində peşəkar sahələrin yaradılması və inkişafını təmin edə bilən mütəxəssislər, elmi və elmi-pedaqoji, mühəndis-texniki kadrlar hazırlayan, sənaye müəssisələri ilə olan mövcud əlaqələri inkişaf etdirməklə elmi nəticələri kommersiyalaşdıran struktura və bazaya malikdir. “Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən, BDU-nun Hirş indeksi (h-indeksi) artaraq hazırda 52-yə yüksəlib. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2018-ci ildə 35-ə, ötən il 47-ə bərabər idi. Hər bir əsərə edilən istinadların orta sayı isə ötən ilki 5.11 göstəricisindən 6.13-ə qədər yüksəlib. Agentliyin rəsmi məlumatına əsasən, BDU-nun əməkdaşları, doktorant və tələbələri tərəfindən “Web of Science” bazasına daxil olan dərgilərdə artıq 3615 elmi əsər nəşr edilib. Bu əsərlərə 22000-dən çox istinad edilib. 2022-ci ilin ilk 8 ayı ərzində “Web of Science” bazasına daxil olan dərgilərdə BDU tərəfindən 148 əsər nəşr edilib və nəşr edilən əsərlərə 3000-dən çox istinad edilib. Onu da qeyd edək ki, bu göstəricilərlə BDU Azərbaycan universitetləri arasında liderdir.
BDU-da “Web of Science Core Collection” bazasında ən yüksək – Q1 kvartil kateqoriyalı jurnallar siyahısında yer alan “Applied and Computational Mathematics” və Q2 kvartil kateqoriyalı jurnallar siyahısında yer alan “TWMS Journal Pure and Applied Mathematics” jurnalları dərc olunur. Qeyd edək ki, “Applied and Computational Mathematics” jurnalının impakt faktoru (təsir əmsalı) 4.771-ə qədər yüksəlib. Hazırda jurnalın 5 il üzrə orta impakt faktoru 3.172 təşkil edir. Jurnal dünyada tətbiqi riyaziyyat kateqoriyası üzrə 267 beynəlxalq nəşr arasında 4-cü yerdədir. Jurnalın redaksiya heyətinə dünyanın 20 ölkəsindən 38 görkəmli alim daxildir. BDU-nun “Web of Science” bazasında indekslənən digər elmi nəşrinin — “TWMS Journal Pure and Applied Mathematics” jurnalının impakt faktoru (təsir əmsalı) 2.722-ə qədər yüksəlib. Hazırda jurnalın 5 il üzrə orta impakt faktoru 1.846 təşkil edir. Jurnal dünyada riyaziyyat kateqoriyası üzrə “Web of Science” bazasında indekslənən 332 beynəlxalq nəşr arasında 17-ci, Avropada isə 9-cu yerdə qərarlaşıb.
BDU-da əməkdaşların elmi fəaliyyətə təşviqi üçün davamlı olaraq məqsədyönlü tədbirlər həyata keçirilir, nüfuzlu elmi jurnallarda dərc edilən məqalələrin müəllifləri mükafatlandırılır. 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “İlin gənc alimi” və 27 Mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş “İlin alimi” nominasiyası üzrə müsabiqələr təşkil olunur.
Son illər universitetin beynəlxalq əlaqələri də ən müxtəlif platformalarda genişlənməkdə və inkişaf etməkdədir. Son dövrlər BDU ilə Türkiyənin Bilkənt, Ankara, İstanbul, Kafkas və digər universitetləri, İzmir Yüksək Texnologiya İnstitutu, Fransanın Lion-2 Universiteti, Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti, Berlin Texniki Universiteti, Çinin Anhui Universiteti, Çex Respublikasının Cənubi Bohemia Universiteti, Özbəkistanın Daşkənd Dövlət Hüquq Universiteti, Daşkənd Dövlət Şərqşünaslıq Universiteti, Q.V.Plexanov adına Rusiya İqtisad Universiteti, Cənubi Koreyanın Kyunqvoon Universiteti, Qazaxıstanın Əl-Farabi adına Qazax Milli Universiteti, Atırau Dövlət Universiteti, Pakistanın Lahor Universiteti, İsrailin Holon Texnologiya İnstitutu, ABŞ-ın Linkoln Universiteti, Portuqaliyanın Tomar Politexnik Universiteti, İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti və digər universitetlər arasında əməkdaşlıq sazişləri, bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə ikili diplom proqramına dair müqavilələr imzalanıb. 2022-ci ildə, həmçinin BDU Almaniyanın Berlin Humboldt, Çexiyanın Karlova, Rumıniyanın Babes-Bolyai Universitetləri ilə Erasmus mübadilə protokolu imzalayıb. Bütün bunlar BDU-nun dünyanın qabaqcıl elm və təhsil məkanına inteqrasiyasını şərtləndirir və bu prosesi daha da sürətləndirir.
BDU nüfuzlu beynəlxalq təşkilatlarla da əməkdaşlığı özünün proritetlərindən hesab edir və bu istiqamətdə səylərini günbəgün gücləndirir. Bu il BDU daha bir beynəlxalq quruma – ICESCO-nun nəzdində fəaliyyət göstərən İslam Dünyası Universitetləri Federasiyasına (FUIW) üzv qəbul edildi. FUIW-ə üzvlük BDU-nun akademik və inzibati imkanlarının genişlənməsinə, elmi tədqiqatların inkişafına və təcrübə mübadiləsinin reallaşmasına şərait yaradacaq. Bu sahəyə yönəlmiş proqram və layihələrin həyata keçirilməsi isə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və təşviq edilməsi istiqamətində mühüm rol oynayacaq. 1987-ci ildə Mərakeşin Rabat şəhərində əsası qoyulmuş İslam Dünyası Universitetləri Federasiyasının əsas məqsədi bütün sahələrdə elmi tədqiqatların səviyyəsini yüksəltmək, təhsil, elm, mədəniyyət və texnologiya sahələrində təcrübə mübadiləsini artırmaq, islam ölkələrində elmi və texnoloji inkişafdan faydalanmaq üçün ali təhsilin təkmilləşdirilməsi və inkişafına yardım etməkdir.
2022-ci ildən Universitetdə ICESCO-nun Biotibbi materiallar kafedrasının fəaliyyətə başlaması da xüsusi qeyd edilməlidir. Həmçinin vurğulamaq lazımdır ki, kafedra ICESCO-nun Azərbaycanda ilk ixtisaslaşdırılmış kafedrasıdır. Biotibbi materiallar kafedrasının yaradılmasında məqsəd sənaye və akademik ictimaiyyət arasında əlaqələri, təhsil-elm-sənaye üçlüyünün qarşılıqlı inteqrasiyasını inkişaf etdirmək, tələbə və gənc alimləri biotibbi materialların tətbiqi ilə bağlı tədqiqatlara cəlb etmək, həmçinin bu sahədə beynəlxalq əməkdaşlığı genişləndirməkdir. Kafedrada akademik heyətlə sənayedən olan mütəxəssislərin birgə əməkdaşlığı tibbin müxtəlif sahələri üçün perspektiv sayılan nanomodifikasiya olunmuş materialların laboratoriyadan istehsalata kliniki transferinin məqsədyönlü şəkildə asan həyata keçirilməsinə şərait yaradılacaq. Beynəlxalq fənlərarası şəbəkənin yaradılması yolu ilə nanosistemlərin ilkin dizaynının hazırlanması, effektivliyinin klinikadan əvvəlki sınaqlarının aparılması, farmakokinetika və toksikliyinin müəyyən edilməsinə nail olunacaq. Kafedra biotibbi materiallar üzərində tədqiqat işlərin aparılmasına, ICESCO-ya üzv dövlətlərdən olan tələbə və gənc alimlərin bu araşdırmalara cəlb edilməsinə və müxtəlif ölkələrlə bu sahədə əməkdaşlığın qurulmasına yardım göstərəcək.
BDU ölkəmizdə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq dünya elminin qabaqcıl elmi və təlim-tədris nailiyyətlərindən istifadə etməklə əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanması istiqamətində ABŞ, Almaniya, Fransa, İsrail, İsveç, Qazaxıstan və s. kimi ölkələrin qabaqcıl 8 universitet və institutu ilə bakalavriat, magistratura, doktorantura pilləsi üzrə beynəlxalq ikili diplom proqramlarını tətbiq edir. BDU beynəlxalq reytinqlərdə mövqeyini möhkəmləndirir. Ötən il BDU Azərbaycandan yeganə universitet olaraq Times Higher Education beynəlxalq reytinqinə daxil edilib.
BDU-da beynəlxalq əlaqələrlə yanaşı, ölkədaxili əməkdaşlığa da xüsusi önəm verilir. Bu əlaqələr dövlət qurumları və özəl şirkətlərlə yaradılır, bilavasitə tədris prosesinin, elmi tədqiqat fəaliyyətinin səmərəli təşkilinə, eləcə də məzunların işlə təmin olunmasına yönəldilir. Son dövrlər Qarabağ Dirçəliş Fondu, Baş Prokurorluq, Əqli Mülkiyyət Agentliyi, Vəkillər Kollegiyası, Əmlak Məsələləri Dövlət Xidməti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), DOST Agentliyi, AzerGold, PAŞA Bank, “PAŞA sığorta”, “PAŞA Həyat Sığorta”, Mediasiya Şurası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, “Xəzər TV” MMC, “ARB 24” telekanalı və digər qurumlarla müvafiq memorandumlar, müqavilələr imzalanıb. Təsadüfi deyil ki, BDU-nun əlaqələrinin inkişafı nəticəsində son 2 ildə 30-a yaxın milli və beynəlxalq qrant və müqavilə əsasında layihə həyata keçirilib, 80-dən çox tələbə, doktorant, gənc tədqiqatçı layihələrdə təmsil olunub.
2020-ci ilin sentyabr ayının 27-də mənfur düşmənin növbəti təxribatlarına cavab olaraq başlayan və tarixi Zəfərlə başa çatan Vətən müharibəsində BDU kollektivi, tələbələrimiz və məzunlarımız həm ön, həm də arxa cəbhədə fədakarlıq göstərib. Universitetin çoxsaylı tələbə və məzunu könüllü olaraq cəbhəyə yollanmış, onlardan 19 nəfəri müqəddəs şəhidlik zirvəsinə ucalıb. Universitet rəhbərliyi və kollektivi mütəmadi olaraq şəhid məzun və tələbələrin ailə üzvləri ilə əlaqə saxlayır, Vətən müharibəsindən qalib əsgər kimi qayıtmış və təhsilini davam etdirən tələbələrə xüsusi həssaslıqla yanaşır. Eyni zamanda, Vətən müharibəsi günlərində BDU kollektivi və tələbələri ön cəbhədə olduğu kimi, arxa cəbhədə də mübarizə aparıb, xüsusilə informasiya savaşına özlərinin töhfələrini veriblər. Tarixi Qələbədən keçən dövr ərzində də BDU kollektivi bu sahədə fəaliyyətini davam etdirir, informasiya müharibəsində, müharibənin nəticələrinin araşdırılmasında mühüm rol oynayır.
Vətən müharibəsində müzəffər sərkərdəmiz, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun parlaq Qələbəsindən sonra BDU-da iki akademik layihəyə başlanılıb. BDU-nun nüfuzlu professor-müəllim heyətinin, ölkəmizin nüfuzlu alimlərinin iştirak etdiyi hər iki layihə uğurla yerinə yetirilib. Bu layihələrdən birincisi – “Azərbaycan məcburi köçkünlərinin pozulmuş hüquqlarına dair kompleks beynəlxalq hesabat” Azərbaycan və ingilis dillərində nəşr olunub və ictimaiyyətə təqdim edilib. Beynəlxalq hesabatda təqribən 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən Azərbaycan Respublikası ərazilərinin işğalı nəticəsində həmin ərazilərdən olan məcburi köçkünlərin pozulmuş hüquqlarının, dəymiş ziyanın əhatə dairəsinin və istiqamətlərinin müəyyən edilməsi, beynəlxalq təcrübəni öyrənməklə pozulmuş hüquqların bərpası, nəhayət dəymiş ziyanın Ermənistan tərəfindən ödənilməsi üçün beynəlxalq-hüquqi mexanizmlər təhlil edilib. Hesab edirik ki, hesabat olduqca aktual bir məsələnin beynəlxalq-hüquqi müstəvidə həll olunmasına yönəlib və məsələnin gələcəkdə müsbət həll olunmasına da töhfə verəcək.
İkinci akademik layihə isə “Vətən müharibəsi dövründə yerli və xarici medianın fəaliyyətinin təhlili” layihəsidir. Biz ölkəmizin jurnalistika elmi sahəsində ən böyük elmi potensialı olan ali məktəbi kimi, hesab etdik ki, Vətən müharibəsi dövründə Azərbaycan Respublikası Prezidentinin xarici KİV-ə müsahibələrinin Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında, informasiya müharibəsində oynadığı əvəzsiz rolunu öyrənmək, müharibə dövründə yerli və xarici mediada dərc olunan məqalələri və müsahibələri araşdırmaq, beynəlxalq medianın baxışını və yerli medianın fəaliyyətini akademik səviyyədə qiymətləndirərərək, bu materiallardan tədris prosesində istifadə etmək zəruridir. Ona görə də universitetin nüfuzlu alimləri və ölkəmizin tanınmış jurnalistləri bu layihəyə cəlb edildi. Layihə uğurla başa çatdı və layihə çərçivəsində üç kitab nəşr olundu.
Birinci kitabda – “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsi dövründə xarici kütləvi informasiya vasitələrinə müsahibələri” kitabında Vətən müharibəsinin getdiyi gərgin günlərdə dövlətimizin başçısının xarici media orqanlarının nümayəndələrinə verdiyi parlaq müsahibələri, bu müsahibələrin informasiya cəbhəsində, Qarabağ həqiqətlərinin, Azərbaycanın haqq mübarizəsinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rolu təhlil edilib. Kitabda Prezidentin həmin parlaq müsahibələri jurnalistika aspektindən təhlil olunub, ölkə rəhbərinin müsahibələri və bu müsahibələrin təhlili BDU Elmi Şurasının qərarı ilə dərs vəsaiti kimi təsdiq edilib. İnanırıq ki, bu dərs vəsaiti tədris prosesində geniş istifadə olunacaq, jurnalistika, tarix, beynəlxalq münasibətlər və digər əlaqəli ixtisaslar üzrə təhsil alan tələbələr üçün qiymətli mənbə olacaq.
“Vətən müharibəsi yerli və xarici mediada” adlı ikinci kitabda Vətən müharibəsi dövründə ölkə KİV-nin fəaliyyəti, xarici media orqanlarında, eləcə də Ermənistan mətbuatında dərc olunan məqalələr, müsahibələr, reportajlar, analitik yazılar və s. araşdırılıb, beynəlxalq medianın müharibəyə baxışına nəzər salınıb, fərqli yanaşmalar sistemləşdirilib, ümumiləşdirmələr aparılaraq təqdim olunub.
“Vətən müharibəsi dövründə Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələrinin ölkə mediasında çıxışları” adlı üçüncü kitabda isə 44 günlük Vətən müharibəsi dövründə BDU-nun professor-müəllim heyəti və tələbələrinin kütləvi informasiya vasitələrində çıxışları toplanıb.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə əzəli torpaqlarımızın işğaldan azad olunmasından sonra 2022-ci ilin “Şuşa İli” elan edilməsi bütün xalqımız kimi BDU kollektivi tərəfindən də rəğbətlə qarşılanıb. Bu tarixi hadisə ilə əlaqədar BDU Elmi Şurasında “Şuşa İli” ilə əlaqədar BDU-nun Tədbirlər Planı təsdiq olunub. Tədbirlər Planına Şuşa ilə bağlı elmi-tədqiqat işlərinin aparılması, Şuşanın tarixi, ədəbi mühiti və mədəniyyət abidələrinə həsr olunmuş monoqrafiyaların nəşri, beynəlxalq elmi konfrans, seminar, dəyirmi masa, açıq dərslərin, foto, rəsm müsabiqələri, ədəbiyyat festivalları və intellektual bilik yarışlarının keçirilməsi də daxildir. Onu da qürurla vurğulayırıq ki, 2022-ci ildə BDU əməkdaşlarının və tələbələrinin Şuşaya səfərləri təşkil edilib.
2022-ci ildə BDU-nun daha bir uğuru kimi Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət komitəsi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsi, Yunus Əmrə İnstitutu, İLESAM və Azərbaycan Yaradıcılıq Fondu ilə birlikdə Universitetdə keçirilən Birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalını xüsusi qeyd etmək olar. Festivalın birinci gününün Şuşa Günü, ikinci gününün Türk Dünyası Günü, üçüncü gününün isə Dədə Qorqud Günü adlandırılması da böyük rəmzi məna daşıyır. Festivalın türk dünyasının böyük mütəfəkkirləri Nizaminin, Yunus Əmrənin, Əlişir Nəvainin, Məhdimqulunun, Tüğölbay Sıdıkbekovun və Abayın xatirəsinə həsr edilməsi də olduqca önəmlidir. Festival günlərində Mirzə Ələkbər Sabirin, Həsən bəy Zərdabinin, Əhməd Cavadın, Xurşidbanu Natəvanın, Hüseyn Cavidin, Əhməd Baydursunlunun, Mirzə Fətəli Axundzadənin, Ömər Faiq Nemanzadənin yubiley tədbirlərinin keçirilməsi, müxtəlif kitab təqdimatları tədbirin əhəmiyyətini, estetikasını, mənəvi dəyərini daha da artırıb.
BDU-nun qazandığı nailiyyətlərdən bəhs edərkən universitetin 2021-ci ildə nəşr etdiyi iki cildlik “Azərbaycan Respublikasının tarixi (1991-2021)” kitabının əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Bu qiymətli əsərin ortaya çıxmasında əlbəttə ki, ulu öndərimiz Heydər Əliyevin alimlərimizin qarşısında qoyduğu tarixi vəzifələr mühüm rol oynayıb. Ali həqiqətdir ki, müstəqil Azərbaycan Respublikasının tarixi dedikdə, xalqımızın ümummilli lideri, bütün həyatını Azərbaycan dövlətinin, xalqının inkişafına həsr etmiş ulu öndərimiz Heydər Əliyevi xatırlayırıq. Ulu Öndərimiz hər zaman tariximizin obyektiv, etibarlı mənbələr əsasında, ciddi tarixşünaslar tərəfindən yazılmasını vacib hesab edirdi. Bu istiqamətdə müdrik rəhbər elm və təhsil ictimaiyyətinin qarşısında mühüm vəzifələr qoymuş, prioritet hədəflər müəyyənləşdirib. Bu mənada iki cilddə nəşr olunan “Azərbaycan Respublikasının tarixi” kitabı həmin vəzifələrin yerinə yetirilməsinə böyük töhfələr verəcək. Kitabın Qarabağ Zəfərindən sonra ərsəyə gəlməsi xüsusilə əlamətdar və qürurvericidir.
Kitab 1991-ci ildə müstəqilliyimizin bərpasından 2021-ci ilə qədər olan otuz illik dövrü, onun birinci cildi isə 2003-cü ilə qədər olan dövrü əhatə edir. Bu dövr ərzində dövlətimiz, xüsusilə müstəqilliyin ilk illərində kifayət qədər keşməkeşli mərhələlərdən keçib, nəhayət, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə sabitlik, quruculuq və inkişaf mərhələsinə qədəm qoyub. Ulu Öndərimizin rəhbərlik etdiyi dövrdə Azərbaycan daxili və xarici siyasətdə bir çox uğurlara imza atıb. Ölkədə həyata keçirilən siyasi, sosial, iqtisadi islahatlar Azərbaycanda demokratiyanın möhkəm təməllər üzərində inkişafına zəmin yaradıb, xalqımızın rifahı günbəgün yaxşılaşıbdır.
Kitabın ikinci cildi 2003-2021-ci illəri əhatə edir. 2003-cü ilin oktyabr ayında İlham Əliyev yekdilliklə Azərbaycan Respublikasının Prezidenti seçildi. Cənab İlham Əliyevin Prezidentliyi dövründə müstəqil Azərbaycan dövləti ordu quruculuğu, sosial-iqtisadi islahatlar, demokratikləşmə, beynəlxalq əlaqələr sahələrində inkişafının növbəti mərhələsinə qədəm qoydu. Ölkəmizdə bütün sahələrdə Ulu Öndərimizin yaratdığı ənənələr davam və inkişaf etdirildi. Bütün bu məsələlər kitabın ikinci cildində oxucuların diqqətinə faktlar və sənədlər işığında çatdırılır. Kitabın ikinci cildində toxunulan ən vacib məsələlərdən biri artıq tarixdə qalmış Qarabağ münaqişəsi ətrafında gedən danışıqlar prosesinin uğursuzluğu fonunda Ermənistanın növbəti təxribatları, bu təxribatlara cavab kimi başlayan Vətən müharibəsi və onun nəticələridir. Tariximizin Prezident İlham Əliyev tərəfindən yazılmış bu parlaq səhifələrinin kitabda yer alması nəşrin tarixi əhəmiyyətini daha da artırır.
Kitabın son bölməsində işğaldan azad olunmuş torpaqlardakı quruculuq işləri, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad olunmuş ərazilərə tarixi səfərləri, azad edilmiş ərazilərdə həyata keçirilən böyük layihələr əksini tapır ki, bütün bunlar qüdrətli Azərbaycanın parlaq gələcəyindən xəbər verir. Xüsusilə, dövlətimizin başçısı tərəfindən Şuşanın “Azərbaycanın mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan-Türkiyə arasındakı dostluq-qardaşlıq münasibətlərinin zirvəsi hesab edilən tarixi Şuşa Bəyannaməsinin imzalanması regionun hərtərəfli inkişafına mühüm töhfələr verəcək. Bakı Dövlət Universitetinin Elmi Şurasının təşəbbüsü ilə ərsəyə gəlmiş bu kitab tariximizin yüksəliş və zəfər mərhələsi ilə yekunlaşır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yüksəliş və Zəfər tariximiz isə davam edir, bu şanlı tarixin hər gün yeni-yeni parlaq səhifələri yazılır. Onu da vurğulamaq lazımdır ki, kitab akademik elmi mühit, bütövlükdə Azərbaycan ictimaiyyəti tərəfindən maraqla qarşılanıb, fundamental nəşrin Heydər Əliyev Mərkəzində ölkənin ali struktur rəhbərlərinin, nüfuzlu alimlərinin, tanınmış ziyalıların iştirakı ilə təntənəli təqdimat mərasimi keçirilib. Eyni zamanda, kitab haqqında mətbuatda görkəmli alimlərin resenziyaları dərc edilib.
Artıq ikinci ildir ki, doğma universitetimizin yaradılmasının növbəti ildönümünü torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün təmin olunması şəraitində qeyd edirik. Möhkəm təməlləri ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan Respublikası Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sayəsində dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilib. Tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsindən keçən dövr ərzində ölkəmiz günbəgün daha da inkişaf edir. Düşmən tapdağından azad edilmiş əzəli torpaqlarımızda müqayisəyəgəlməz sürətlə genişmiqyaslı quruculuq işləri aparılır, qəsəbələr salınır, hava limanları inşa edilir. Bu günlərdə Müzəffər Ali Baş Komandanımızın dəmir yumruğu, əyilməz iradəsi sayəsində Laçın şəhərinin, Sus və Zabux kəndlərinin üzərində ordumuzun nəzarətinin bərpa olunması tarixi Zəfərimizi daha da möhkəmləndirib, Azərbaycanın bölgədəki mövqeyini, nüfuzunu daha da artırıb. Hazırda bütün xalqımız kimi BDU kollektivi də bu xoş xəbərlərin, bir-birinin ardınca davam edən zəfərlərimizin ovqatı ilə daha əzmlə, gələcəyə daha böyük inamla çalışır. Bu gün – ərazi bütövlüyünü bərpa etmiş, Qarabağda üçrəngli bayrağını ucaltmış müstəqil Azərbaycan dövlətinin vətəndaşı olmaq hər birimiz üçün şərəf və sonsuz qürur mənbəyidir. Müstəqilliyimizin memarı, ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı, müdrik rəhbərin siyasi kursuna sədaqətin simvolu möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın Şuşadan Zəngəzura istiqamətlənən Zəfər yolu davam edir. Qalib ölkənin 103 yaşlı ali təhsil müəssisəsinin – BDU-nun çoxminli kollektivi və tələbələri ölkəmizin bugünkü inkişafından, tərəqqisindən güc alaraq gələcəyə daha böyük inamla qədəm qoyur.
HEYDƏR ƏLİYEVİN ÖMÜR YOLU HƏR BİRİMİZ ÜÇÜN ZƏNGİN HƏYAT MƏKTƏBİDİR
Şahin BAYRAMOV
İqtisad üzrə fəlsəfə doktoru, Qarabağ Universitetinin rektoru
Hər bir xalqın uzaq və yaxın keçmişində onun taleyinə həlledici təsir göstərmiş, ölkəsinin adını bəşər tarixinə şərəflə həkk etmiş, əsrlər boyu formalaşmış milli-mənəvi dəyərləri qorumaqla dövlətinin gələcəyini uğurla müəyyənləşdirmiş dahilər yetişmişdir. Azərbaycan xalqı da xoşbəxtdir ki, ona taleyinin ən ağır və çətin dövrlərində milli maraqları hər şeydən üstün tutan, zəkası, dühası və istedadı ilə tarix yazan, bütün ömrünü doğma xalqının firavan gələcəyi naminə mübarizəyə həsr edən Heydər Əliyev kimi dahi şəxsiyyət öndərlik etmişdir.
Onun sözlərinə görə, müasir Azərbaycan dövlətinin qurucusu, xalqın, dövlətin müstəqilliyi və inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş Ümummilli Lider taleyüklü problemləri həll edən xilaskar tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyət idi.
Ümummilli Lider bütün həyatını canından çox sevdiyi Azərbaycanın rifahına və tərəqqisinə, müstəqil dövlətçiliyimizin möhkəmlənməsinə və davamlı inkişafına həsr edib. İstər sovet dönəmində, istərsə də müstəqillik illərində Heydər Əliyev uzaqgörən siyasəti, yüksək intellekti, güclü siyasi iradəsi, böyük əzmkarlığı və fədakarlığı ilə üzərinə düşən xilaskarlıq missiyasının öhdəsindən layiqincə gəlib, çoxşaxəli titanik fəaliyyəti ilə adını Azərbaycan tarixinə qızıl hərflərlə yazıb.
Ötən əsrin 90-cı illərinin əvvəllərində, SSRİ-nin dağılmasından sonra Azərbaycanın qarşısında duran ən strateji vəzifə əldə edilən müstəqilliyin əsaslarını möhkəmləndirmək və suveren dövlət kimi mövcudluğunu qorumaq idi. Həmin dövrdə yaşanan hadisələri xatırlayıb müasir həyatımızla o məşəqqətli günləri müqayisə edərkən Ulu Öndərin ucalığını və dühasını daha dərindən dərk edirik. Məlum həqiqətdir ki, ölkəmizdə 1993-cü ilin iyun ayına qədər bir-birini əvəz edən bacarıqsız siyasi hakimiyyət nümayəndələrinin səriştəsiz idarəçiliyi ucbatından xalqımız yenidən müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Həmin dövrdə ölkəmizdə mövcud olan xaos, anarxiya, talançılıq, özbaşınalıq, ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyillərinin baş qaldırması dövlət müstəqilliyinin taleyini sual altında qoymuşdu. İqtisadi tənəzzül getdikcə dərinləşir, dövlətin sütunları sarsılırdı. Belə bir şəraitdə Azərbaycan xalqı ən doğru qərarı qəbul edərək ölkəmizin xilaskarlıq missiyasını Heydər Əliyevə həvalə etdi. Ulu Öndər Azərbaycanın gələcək inkişafı ilə bağlı çox düzgün strateji addım ataraq demokratiya yolunu seçdi, köklü islahatlara başladı və dövlətçilik üçün möhkəm təməllər yaratdı”-deyə Ş.Bayramov vurğulayıb.
Böyük siyasi xadimin özünün ifadə etdiyi kimi «Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir və daimidir» fikrini böyük əminliklə və qürurla deyə biliriksə, buna görə Heydər Əliyev dühasına borcluyuq və minnətdarıq. Əbədiyaşar liderin özündən sonra layiqli siyasi varis yetişdirməsi və zəngin idarəçilik məktəbini miras qoyması onun xalqımızın etibarlı və nurlu gələcəyini təmin edən müstəsna xidmətlərindən hesab edilir. Prezident İlham Əliyev Ulu Öndərin ideyalarına sadiq qalmaqla onun müəyyən etdiyi strateji inkişaf xəttini uğurla davam etdirir. Aparılan düşünülmüş, məqsədyönlü, ardıcıl və sistemli siyasətin nəticəsində hazırda Azərbaycan öz inkişafında müasir dövrün tələblərinə uyğun yeni keyfiyyət mərhələsinə qədəm qoymuş və bölgədə yeni geosiyasi reallıqlar yaradan ölkəyə çevrilmişdir. Məhz Heydər Əliyev siyasətinin təntənəsi olaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun şücaəti sayəsində tarixi Zəfərə imza atılması ilə Ümummilli Liderin ən vacib vəsiyyəti həyata keçdi, 30 ilə yaxın davam edən erməni işğalına son qoyuldu. Bu gün hər birimiz ərazi bütövlüyü bərpa edilmiş müstəqil ölkənin vətəndaşı olmaqdan sonsuz qürur hissi keçiririk”.
BAKI ALİ NEFT MƏKTƏBİ YENİ TƏDRİS İLİNƏ UĞURLA BAŞLAYIR
Elmar QASIMOV
Bakı Ali Neft Məktəbinin rektoru
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov 2019-cu ildə BANM-ə daxil olmuş və göstərdikləri yüksək nəticələrə görə Prezident təqaüdünə layiq görülmüş tələbələrlə görüşüb.
Rektor Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi” haqqında 9 sentyabr 2019-cu il Sərəncamına əsasən, Bakı Ali Neft Məktəbinin 23 tələbəsinin bu təqaüdə layiq görüldüyünü qeyd edib. O Ali Məktəbin yarandığı ildən bu günə qədər Prezident təqaüdçülərinin sayının 150 nəfərə çatdığını bildirib.
E.Qasımov indiyədək böyük rəqabətin qeydə alındığı I qrupda Bakı Ali Neft Məktəbinin maksimal sayda Prezident təqaüdçüsü ilə təmsil olunduğunu deyib.
“Müvafiq Sərəncamla, bu il ümumilikdə, 102 nəfər Prezident təqaüdçüsü adını qazanıb. Ali Məktəbimizin 23 Prezident təqaüdçüsündən 15 nəfər BANM-in “İnformasiya təhlükəsizliyi” ixtisasını, 5 nəfər “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını, 2 nəfər “Kimya mühəndisliyi” ixtisasını, 1 nəfər isə “Neft-qaz mühəndisliyi” ixtisasını seçib”, — deyə E.Qasımov əlavə edib.
E.Qasımov hər bir təqaüdçünün ən ali səviyyədə göstərilən bu etimadı doğruldacağına əminliyini ifadə edib. Eyni zamanda, o Prezident təqaüdçülərinin Ali Məktəbə olan marağını yüksək qiymətləndirib və tələbələrin bu önəmli seçiminin onların gələcək karyerasında böyük rol oynayacağını vurğulayıb.
“HEÇ BİR TƏLƏBƏNİ MÜƏLLİMİN, HEÇ BİR MÜƏLLİMİ DƏ TƏLƏBƏNİN AYAĞINA VERMƏYƏCƏM”
Kamal Abdulla Filologiya elmləri doktoru, professor, xalq yazıçısı, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, I dərəcəli dövlət müşaviri, Azərbaycan Dillər Universitetinin rektoru
– Kamal müəllim, bu günlərdə sosial şəbəkələrdəki səhifələrdən biri sorğu keçirmişdi və səsvermə nəticəsində Azərbaycandakı rektorların arasında ən yaxşı nəticəni Siz toplayaraq “İlin rektoru” seçilmisiniz. Öyrənmək istəyirəm ki, müəllimlərə və tələbələrə yönələn hansı fəaliyyətlərinizə görə Sizə “İlin rektoru” adı verilib?
– Demək çətindir, hansı məqama görə. Hər halda, tələbənin gözü tərəzi gözüdür. O, atdığı addımın istiqamətini və mahiyyətini dəqiq bilir. Bir az çətin sualdır. Yəqin ki, tələbə ilə ünsiyyətin formasına görə, mahiyyətinə görə. Bu, universitetimizdə gedən bir çox proseslərin demokratikləşməsi və şəffaflaşmasının nəticəsi ola bilər. Mənim bir devizim var. Bunu tələbələr də, müəllimlər də çox sevir. Demişəm ki, mən heç zaman heç bir tələbəni müəllimin ayağına verməyəcəyəm, amma, eyni zamanda heç bir müəllimi də heç bir tələbənin ayağına verməyəcəyəm. Görünür, bu iki bir-birinə əks qütbləri çətinliklə də olsa, birləşdirmək təşəbbüsü və cəhdi tələbələrin nəzərindən qaçmır.
– Fasilələri nəzərə almasaq, uzun müddətdir rektor olaraq çalışırsınız. Əvvəl Bakı Slavyan Universitetinin rektoru vəzifəsində çalışırdınız, indi isə Azərbaycan Dillər Universitetinin rəhbərisiniz. Ali təhsilin keyfiyyətində, keyfiyyətinin artırılmasında rektorun fəaliyyətini nədə görürsünüz? Ali təhsilin keyfiyyətinin artırılmasına konkret necə təsir edirsiniz?
– Ali təhsilin keyfiyyəti dedikdə, auditoriyalardakı dərsləri, tələbələrin dərsdənkənar çalışmaları, məşğuliyyəti, tələbələrin və müəllimlərin bir-biri ilə auditoriyadan kənardakı ünsiyyətini nəzərdə tutmaq olar. Biz çalışırıq ki, bunları küll halında həyata keçirək. Müəllimlə tələbənin ünsiyyətini təkcə dərs otağı ilə məhdudlaşdırmayaq. Dərsdən də əlavə tələbənin universitetdə kifayət qədər qalmaq səbəbi var və müəllimin də dərsindən əlavə tələbələrlə məşğul olmaq öhdəliyi var. Bunları bir-biri ilə uzlaşdırmaq asan da deyil. Amma bu uzlaşma baş tutanda görürsən ki, bu, müəllimin də, tələbənin də daxili tələbatına uyğundur, yəni bunu onlar özləri sanki istəyirmişlər. Bizdə tələbələr var ki, dərsdən sonra universitetdən getməyə tələsmirlər. Universitet çərçivəsində müxtəlif şəkildə, həm azərbaycançılıq ideologiyası, həm də peşəkar mütəxəssis kimi yetişmələri istiqamətində qurulan elə maraqlı məqamlar var ki, tələbə dərsini qurtarandan sonra universitetdən getməyə tələsmir. Müəllim də iş vaxtı qurtarandan sonra getməyə tələsməməlidir. Biz buna çalışırıq nail olaq. Yəni üzvi surətdə bu məsələlər – tələbə-müəllim münasibətləri, müəllimlərin başqa ölkələrə və universitetlərə staj artırmağa getmələri və qayıtmaları, universitetlərin bir-biri ilə əlaqəsi təmin olunur. Təbii ki, bu gün universitetlər hər biri öz qazanında bişən universitetlər deyil. Onlardan çox şey götürmək mümkündür.
– Son qeyd etdiyiniz amil – universitetlərdə müəllimlərin və tələbələrin, universitet işçilərinin xarici ölkələrə təcrübə proqramlarına getməsi Sizin universitetdə nə dərəcədə reallaşır, belə imkanlar varmı?
– Mən sizə deyim, bu, çoxdan yaddan çıxmış, unudulmuş məqam idi. Mənim yadıma gəlir, hələ sovet dövründə müəllimlər staj artırmağa başqa universitetlərə göndərilirdi. Mən vaxtilə Dillər Universitetində çalışmışam. Slavyan Universitetindən əvvəl bu universitetdə fasilələrlə 16 il kafedra müdiri vəzifəsində olmuşam. Yadıma gəlir ki, o zamanlar SSRİ-nin müxtəlif şəhərlərinə, müxtəlif respublikalara vaxtaşırı olaraq hər 5 ildən bir müəllimlər staj artırmağa gedirdilər. Sizə deyim ki, onun çox güclü effekti olurdu. Qayıdanda, əlbəttə, həmin universitetin ən azı ab-havasını gətirirsən, onun intellektual səviyyəsindən yeniliklər gələ bilir. Bütün bunlar, mənə elə gəlir ki, universitetin tam şəkildə bir universitet olaraq bütün ciyərləri ilə nəfəs almağına imkan verirdi. Bu, son zamanlar ona görə unudulmuşdu ki, artıq imkanlar elə deyil, özümüz öz gücümüzə nələrisə etməliyik. Buna baxmayaraq, artıq ikinci ildir ki, Belarus, Ukrayna, Rusiyanın Linqvistik Universitetləri ilə əlaqələri elə qururuq ki, müəllimlərimiz oraya stajartırmağa gedə bilsinlər. Ən maraqlısı odur ki, artıq biz o universitetlərdən staj artırmağa gələnləri də qəbul etməyə başlamışıq. Bu yaxınlarda bu məqsədlə universitetə Kiyev Milli Linqvistik Universitetindən iki kafedra müdiri gəldilər. Bu, özü də siz dediyiniz əlaqələrin dərinləşməsinə, möhkəmlənməsinə kömək edir.
– Bəs inkişaf etmiş dövlətlərin universitetlərinə, Qərb universitetlərinə necə, getmək mümkün olur?
– Bilirsiniz, bunlar maliyyə məsələləri ilə bağlıdır. Onların şərtlərinə həmişə cavab verə bilmirik. Bununla yanaşı, elə beynəlxalq proqramlar var ki, orada iştirak bizi həmin universitetlərlə bir sırada müəyyən məsələləri həll etməyə gətirib çıxarır. Tədris məsələlərini, elmi məsələləri, tələbələrin mübadiləsini, onların başqa universitetlərə getməsi və geri dönməsini. İspaniya, İngiltərə, Rusiya, Fransa universitetləri, xüsusilə Strasburq universiteti, Moskva Pedaqoji Universitetinin (MPU) Samara filialı, Ukrayna, Belarus, Gürcüstan, İndoneziya və digər dövlətlərin universitetləri ilə bizim yaxşı əlaqələrimiz var.
– Slavyan Universitetində rektor olarkən Yaradıcılıq fakültəsi yaratmışdınız və o sahənin peşəkarları müxtəlif fənləri hazırlayırdılar, tələbələrin hazırlıqlarını yerinə yetirirdilər. Siz oradan uzaqlaşandan sonra o fakültə fəaliyyətini dayandırdı. Rektorlar ali təhsilin idarəedilməsində nə qədər azaddırlar?
– Universitet çərçivəsində mütləq azadlığa malikdirlər. Mənim universitet rəhbəri kimi azadlığımı heç nə məhdudlaşdırmır. Nazirlik işimizi perspektiv və strateji istiqamətdə qurmağımıza kömək edir. Köməyə ehtiyacımız olan zaman öz köməyini əsirgəmir. Cənab Prezidentin Sərəncamı ilə bizim universitet Azərbaycanda dördüncü universitetdir ki, publik-hüquqi şəxs statusuna layiq görülüb. Bu, bizim müstəqilliyimizi bir qədər də genişləndirir. Yaradıcılıq fakültəsi ilə bağlı onu demək istərdim ki, bəli, belə fakültə o vaxt yaradılmışdı. Məqsəd bizim yaradıcı gənclərin intellektual səviyyəsinin artırılmasına xidmət göstərmək idi. Mən ədəbiyyat adamı olduğum üçün baxıb görürdüm ki, bəzi gənclərimiz gözəl şeir yaza bilir, ahəngdar, qafiyəsi, ritmi, hər şeyi öz yerində, amma bu şeirin hansısa intellektual nəfəsi çatışmır. Görürsən ki, gəncin həvəsi var, amma o həvəsin arxasında duran intellektual güc zəifdir, ya da yoxdur. Ona görə də bizim məqsədimiz həmin gəncləri bir yerə toplayıb onlardakı kulturologiya, dünya ədəbiyyatı tarixi, qədim yunan mifləri, müasir Azərbaycan ədəbi prosesi, ingilis dili, rus dili istiqamətində biliklərin dərinləşməsini təmin etmək idi. Çox sevinirəm ki, onların arasında elə gənclər var idi ki, bu gün Azərbaycan ədəbiyyatında tanınmış adlardır. Həmin ənənəni Dillər Universitetində həyata keçirmək niyyətindəyəm. Həmkarlarımla danışmışam, gənc yaradıcı qüvvələrin həmin istiqamətlər üzrə bizim köməyimizə ehtiyacı olduğunu düşünürəm. Yəqin ki, dərslərə sentyabr ayından başlayacağıq.
– Prezidentin fərmanı ilə artıq rektorlar 5 il müddətinə təyin olunur. İctimaiyyətdə bəzi müzakirələr var ki, rektorluq seçimlə olmalıdır. Sabiq təhsil naziri Firudin Cəlilov da BBC-yə müsahibəsində demişdi ki, 1992-ci ildə Təhsil haqqında Qanun hazırlayarkən rektorluğun seçim vasitəsilə aparılmasını nəzərdə tutublar. Sizcə, niyə rektor seçki ilə deyil, təyinatla olmalıdır?
– Öz fikrimi izah edim. Rektorların seçilməsi universitet kollektivi arasında ikiləşmə və ya üçləşməyə gətirib çıxara bilər. Bu, çox təhlükəli məqamdır. Universitetdə çalışan rektor və ya başqa şəxs öz namizədliyini verəcəksə, ikitirəlik yarana bilər. Universitet mənəviyyat nöqteyi-nəzərdən parçalana bilər. Bu da təhsilə son dərəcə pis təsir göstərər. Azərbaycan universitetləri arasında olan yeganə hal kimi, səhv etmirəmsə, 1987-ci ildə Bakı Dövlət Universitetində rektor seçkiləri yadıma düşür. O zaman universitetin rektorluğuna iki nəfərin namizədliyi var idi. Rəhmətlik Yəhya Məmmədov, Azərbaycanın görkəmli riyaziyyatçı alimi və universitetdə uzun illər elmi işlər üzrə prorektor kimi çalışan, Azadlıq hərəkatında xüsusi xidməti olan insan və digər görkəmli riyaziyyatçı, rəhmətlik Mirabbas Qasımov. Heç kim inkar edə bilməz ki, universitet kollektivi iki qütbə bölünmüşdü. Yəhya müəllim böyük fərqlə rektor seçildi və onun rektor kimi böyüklüyü onda oldu ki, seçiləndən sonra qütbləşməni dərinləşməyə qoymadı. O, rektor seçildikdən sonra hamının rektoru oldu, hamıya eyni dərəcədə, eyni obyektivliklə münasibət bəslədi. Başqa halda qütbləşmə kimyəvi reaksiya kimi davam edə bilər və çox ciddi ixtilaflara gətirə bilər. Mən ona görə hesab edirəm ki, rektorların təyin olunması daha məqsədəuyğundur.
– Dediyiniz kimi, bu, parçalanma yaratmadı. Ola bilər ki, başqa seçkilərdə…
– Ola bilər, amma olmaya da bilər.
– Amma, görünür, Siz böyük ehtimal hesab edirsiniz ki, bu, olmaz…
– Cəmiyyət bütövlükdə daxilən belə bir vəziyyətə hazır olmalıdır. Seçki, ümumiyyətlə subyektiv anlayışdır. Seçki, müsabiqəson dərəcə obyektiv olunduğu deyilsə də, subyektivlik məqamı hökmən özünü göstərməlidir. O subyektivlik başqa bir subyektivliklə qarşılaşdıqda nə doğura bilər, bunu özünüz təsəvvür edin.
– Bildiyiniz kimi, indi internet əsridir və internet vasitəsilə azərbaycanlı tələbələr amerikalı, avropalı, türkiyəli və digər tələbələrin də təhsil prosesini izləyə bilir. Eyni zamanda onlar da azərbaycanlı tələblərin təhsil prosesini izləyə bilirlər. Siz də, yəqin, izləyirsiniz və müşahidə edirsiniz. Sizcə, Azərbaycan ali təhsili, ümumilikdə nələrdən geri qalır?
– Çox maraqlı sualdır. Biz yavaş-yavaş dünya kontekstinə daxil olmağa başlamışıq. Yadıma gəlir, sovet dövründə Yaponiyada səfərdəydim, Azərbaycan mədəniyyət günləri keçirilirdi. Geri qayıdanda jurnalistlər mənə çoxlu suallar verirdilər. Sual verdilər ki, biz onlardan nə qədər geri qalırıq? Mənim cavabım indiyə kimi yadımdadır: “Biz onlardan qətiyyən geri qalmırıq, çünki biz başqa-başqa qalaktikalardayıq”. Bu gün artıq həmin qalaktikalar birləşib və biz dünya kontekstinə daxil olmağa başlamışıq. Bu gün hansı universitetlə münasibətdə nəyin çatışıb-çatışmadığını saymaq olar, tələbə mübadiləsi var, tələbələr oradakı ab-havanı görürlər, duyurlar, onun aurasına düşürlər, o həyatı yaşayırlar. Bir dəfə mühazirə demək üçün Amerikanın Kolumbiya Universitetinə dəvət olunmuşdum. Bu, qısa müddət baş verdi. Geri qayıtdıqdan sonra uzun müddət həmin təəssüratla yaşamağa davam etdim. Əlbəttə ki, görüb-götürməli çox şeyimiz var. Amma bizim də verəcək az şeyimiz yoxdur. Elə bu gün bizim universitetə Amerikadan 10 tələbə gəlib. Soruşa bilərsiniz, niyə gəliblər? Azərbaycan dilini öyrənməyə. “Azərbaycan dilini bunlar niyə öyrənirlər?” sualını mənə versəniz, mən sizə deyərəm, bu gün Azərbaycanın dünya miqyasında artan hörməti, şöhrəti, Azərbaycanın regionda tutduğu önəmli və əsas, aparıcı rolu onlara bu dili öyrənməməyə heç bir imkan vermir. Yadınıza gəlirsə, o zamanlar rus ziyalısı Bestujev-Marlinski demişdi ki, XIX əsrdə Azərbaycan dilinin Qafqazdakı rolu fransız dilinin Avropadakı roluna bənzəyir. Bu, çox doğru müşahidədir. Dağıstan xalqları bir-biri ilə hansı dildə danışırdılar? Azərbaycan dilində. Azərbaycan dilinin belə bir mövqeyi və avtoriteti var idi. Bu gün o, bərpa olunmağa başlayır. Amerikadan gəlirlər öyrənməyə. Hələ başqa ölkələri demirəm.
– Növbəti sualım isə bu sualın davamıdır. Azərbaycanda verilən ali təhsil bilikləri müasir dünyada verilən ali təhsil biliklərindən nə ilə fərqlənir?
– Mən də sizə eyni sualın eyni cavabını verə bilərəm. Elə sahələr var ki, biz onlarda özümüzü balıq sudakı kimi hiss edirik. Çox rahatıq. Bu, Azərbaycan ədəbiyyatı, dili, humanitar elmlərə daha çox aiddir. Yəni “Azərbaycandan kənarda bu səviyyədə bu bilikləri daha harada vermək olar?” sualına cavabı tapmaq çətindir.
– Dillər Universitetini bu gün bitirən bir tələbə ona verilən biliklərlə nə qədər uzağa gedə bilir?
– Dillər Universitetini bu gün bitirən tələbə öz imtiyazlarına görə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə qədər gedə bilir. Bu gün bizim Baş nazirimiz cənab Novruz Məmmədov Dillər Universitetinin həm məzunudur, həm də uzun illər burada çalışıb. Hələ mən nazirlərimizi, yüksək rütbəli məmurlarımızı, səfirlərimizi demirəm.
– Tələbələrlə münasibətdə onlara yaratdığınız şəraitdən, tələbələrlə fərdi ünsiyyətə üstünlük verdiyinizdən, onları müəllimlər və idarəçilikdəki digər şəxslərdən qoruduğunuzdan danışdınız. Soruşmaq istəyirəm ki, Azərbaycanda və Sizin universitetdə tələbələr ictimai-siyasi hadi-sələrdə iştiraklarında, hər hansı prosesə öz mövqelərini bildirməkdə, universitetdən kənarlaşdırılmaq qorxusu olmadan sərbəst şəkildə özlərini ifadə etməklərində nə qədər azaddırlar?
– Tam sərbəst şəkildə bizim tələbələrimiz özlərini hər yerdə ifadə edə bilirlər, öz siyasi şüurlarını formalaşdırmaq imkanları var. Biz bunun üçün xüsusi çalışırıq ki, onlar cəmiyyətdə gedən proseslərdən, internet səhifələrindən kənarda qalmasınlar. Dünya ilə təmasın mümkün olan bütün effektiv yollarından istifadə etsinlər. Bunun üçün biz də əlimizdən gələni edirik. Bir layihəmizi də sizin diqqətinizə çatdırmaq istəyirəm. Universitetdə çox maraqlı layihə həyata keçirilir. Universitetdə bütün birinci kurs tələbələri – təəssüf ki, imkanımız ancaq birinci kurs tələbələrinə çatır – kitab dükanından aldığı kitabların qəbzini verib pulunu geri qaytara bilirlər. Yəni universitet birinci kurs tələbələrinin öz evində şəxsi kitabxanasını formalaşdırmağın əsasını qoyur və bu istiqamətdə ona kömək etməyə çalışır. Bu da həmin müəllim-tələbə münasibətlərinin bir hissəsidir.
– Universiteti bitirən tələbələr sonradan magistratura pilləsinə qəbul olmaq üçün hazırlıq kurslarına gedirlər. Əksər hallarda bu kurslar akademik sahənin kursları olmur, universitetə bağlı olmayan, fərdi şəxslər və ya təşkilatlar tərəfindən göstərilən xidmətlər olur. Siz necə düşünürsünüz, bakalavr pilləsinin tələbələrinin aldığı təhsil kifayət etmir ki, onlar yenidən hazırlığa gedirlər?
– Bu da maraqlı sualdır və təhsil sisteminə içindən baxmağa sövq edir. Söhbət ondan gedir ki, magistratura sisteminə daxil olmaq tələbləri yüksəlib. Bu tələblərlə bakalavriat tələbləri, bəlkə də, mütənasib uyuşmaya gəlib çıxmayıb. Bu da ola bilər. Əslində, “ola bilərlər”in hamısından daha vacib kriteriya var. Universitet tələbəyə mütəxəssis kimi formalaşması üçün lazım olan biliyin 70-80 faizini verə bilir. Yerdə qalan isə gəncin özündən asılıdır. “Mənim universitetlərim” adlı anlayış var. Hər bir gəncin həyatında oxuduğu universitetdən əlavə, öz universiteti də olmalıdır. Bu zaman, məncə, magistratura problemi də olmaz. Təəssüf ki, bizdə həmin tələbələr ehtiyacları olduqları qədər təhsil almır. Amma tələbənin özü də əlavə təhsil almağa ehtiyacı olduğunu hiss edirsə, bunun özü də balaca şey deyil.
– Yəqin, müşahidə edirsiniz, beynəlxalq təşkilatlar dünya universitetlərinin reytinq cədvəllərini dərc edirlər. Biz, adətən, Azərbaycanı ya bu siyahılarda heç görmürük, ya da çox aşağı mövqelərdə görürük. Sizcə, bunun səbəbi nədir? – Reytinq cədvəlləri son dərəcə subyektiv istiqamətlərdən düşünülüb ortaya çıxarılan cədvəllərdir. Yəni reytinqin özünün məqsədindən asılı olaraq, mən elə bir reytinq cədvəli düzəldə bilərəm ki, bizim universitet dünyada birinci olar. Azərbaycanda xarici dillərin öyrənilməsi. Bu, Harvardda var? Yoxdur. Yəni reytinqi elə quraram. Beynəlxalq səviyyədə qəbul olunmuşdursa, o zaman niyə müxtəlif reytinq cədvəllərində müxtəlif universitetlər çıxır? Burada cəmiyyətin bütövlükdə inkişafı vacibdir. Reytinq cədvəllərinin qurulmasında əsas məsələlərdən biri, məsələn, həmin universitetdə neçə nəfər Nobel mükafatçısının çalışmasıdır. Bu, çox vacib prinsipdir. Gərək cəmiyyət Nobel mükafatçısına malik olsun, düzdür? Elə məsələlər var ki, universitetin özündən asılı deyil. Cəmiyyət gərək o məqama hazır olsun. Azərbaycan cəmiyyəti bu gün inkişaf edir, bugünkü Azərbaycan dünənki Azərbaycan deyil. Biz baxırıq və çox zaman bunun fərqinə varmırıq. Bu gün kəndlərimiz, şəhərlərimiz, küçələrimiz, binalarımız, bağlarımız, bağçalarımız dəyişir. Bununla yanaşı, bu gün Azərbaycan insanı mənən dəyişir, daxilən dəyişir. O, artıq dünənki insan deyil. Bugünkü Azərbaycan insanı, prinsip etibarilə, öz şəxsi mənafeyini ictimai mənafedən yüksək tutmayan insandır. Şəxsi mənafeyini saxlayıb, ictimai mənafeyini irəli buraxan insandır. Vətən, ölkə, himn, bayraq, Prezidentini hər şeydən yüksək tutan insandır. Təmayül, meyl bu istiqamətdədir. Bu, çox vacib göstəricidir. Bu göstərici bütövlükdə həyata keçdikcə, mən hesab edirəm ki, hər şey zamana bağlıdır və o dediyiniz məsələlərin də bir çoxu zamanında həll olunacaq.
ULU ÖNDƏR AZƏRBAYCAN MULTİKULTURALİZMİNİN SİYASİ BANİSİDİR
Kamal Abdulla Filologiya elmləri doktoru, professor, xalq yazıçısı, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, I dərəcəli dövlət müşaviri, Azərbaycan Dillər Universitetinin rektoru
Multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda ictimai-bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi, xüsusilə sovet ideologiyasının hökmranlıq etdiyi illərdə kifayət qədər sistemsiz və spontan mahiyyətə malik idi. Onun sanki bütün vacib özəllikləri mövcud idi. Tolerantlıq və mənəvi potensial, dini loyallıq və milli özünəməxsusluq, psixoloji səbat və bəşəri dəyərlərə açıqlıq Azərbaycan insanını multikultural bir rejimin içinə salmağa hazır idi. Bu və bu kimi xüsusiyyətlər Azərbaycan ədəbi-bədii düşüncə müstəvisində həm tarixən, həm də bu gün kifayət qədər görümlü və təsiredicidir.
“Kitabi-Dədə Qorqud” dastanından, şifahi və yazılı ədəbiyyatımızdan keçən bariz nümunələr uzaq keçmişdən bugünümüzədək multikultural ənənələrin mövcudluğunu aşkar şəkildə sübut edir. Bunun fonunda müasir dövrdə həllini tapası yalnız bir əsas məsələ qalırdı: hüquqi və siyasi müstəvidə multikulturalizmin yerini müəyyən etmək. Və bunu ulu öndər Heydər Əliyev etdi. O, Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Bu mərhələ siyasi mərhələ idi. Əslində, ulu öndər Azərbaycan multikulturalizminin siyasi banisi oldu.
Ulu öndər Heydər Əliyev bununla ilk növbədə multikulturalizm siyasi modelinin assimilyasiya və izolyasiya kimi digər mümkün siyasi modellərdən üstün olduğunu bütün dünyaya nümayiş etdirdi. “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq” deyən ulu öndər bütün sonrakı siyası fəaliyyətini bu sərvətin əbədi olması istiqamətinə yönəltdi.
Azərbaycanın multikultural ənənələrinin dövlət tərəfindən qorunması işində ən vacib olanı ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə bu məsələnin hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmasıdır. Belə ki, multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq (dözümlülük) prinsipi Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit edilmişdir. Bununla bağlı “Bərabərlik hüququ” (maddə 25, bənd 3), “Milli mənsubiyyət hüququ” (maddə 44, bəndlər 1, 2), “Ana dilindən istifadə hüququ” (maddə 45, bəndlər 1, 2) və başqa maddələri göstərmək mümkündür.
Ulu öndər haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. O, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni, dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan əsas insan hüquq və azadlıqları kontekstində görürdü. Ulu öndərin rəhbərliyi ilə, nəhayət ki, dönüşü olmayan demokratik inkişaf yoluna çıxmış Azərbaycan Respublikası, onun qeyd etdiyi kimi, “dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşlarının eyni hüquqlara malik” olmalarını təmin etməli idi.
Təbii olaraq, ulu öndər etnik millətçiliyə alternativ kimi bütövlükdə Azərbaycan xalqının və cəmiyyətinin, eyni zamanda Azərbaycan dövlətçiliyinin yüksəlişini şərtləndirən və multikulturalizmin əsas mənəvi bazası olan azərbaycançılıq prinsipini milli ideologiya kimi irəli sürdü. O qeyd etdi ki, etnik millətçilik, nəhayət etibarilə, etnik separatizmə, xalqlar arasında münaqişəyə gətirib çıxarır. Azərbaycançılıq ideologiyası isə dinindən, dilindən, irqindən asılı olmadan ölkədə yaşayan bütün vətəndaşları birləşdirir. Ulu öndərin dediyi kimi, həqiqətən də, “Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da – bütünlükdə hamısı azərbaycanlıdır”. Bu sözlər bu gün də son dərəcə əhəmiyyətlidir və belə bir aydın siyasi həqiqəti aktuallaşdırır: biz, yəni Azərbaycanda yaşayan bütün xalqlar məhz bir yerdə, məhz azərbaycanlı olaraq dünya üçün maraq kəsb edə bilərik. Biz ayrı-ayrılıqda heç kim üçün maraqlı deyilik!
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamət yeni mərhələdə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Multikulturalizmi Azərbaycan Respublikasının dövlət siyasəti, xalqımızın həyat tərzi kimi dəyərləndirən Prezident İlham Əliyev bu siyasətin həyata keçirilməsində BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir. O, daima ölkəmizin bu təşkilatlar tərəfindən qəbul edilən milli azlıqların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı konvensiyalara qoşulmasının vacibliyini qeyd edir. Məhz bu siyasi xəttin nəticəsi kimi Azərbaycan Prezidentinin göstərişi ilə ölkəmizin 26 noyabr 2009-cu il tarixli qanunla “Mədəni özünüifadə formalarının müxtəlifliyinin qorunması və təşviqinə dair” UNESCO Konvensiyasına qoşulmasını göstərmək olar.
Azərbaycanın mənəvi-siyasi yüksəlişində son dərəcə vacib məqamlardan biri isə Prezident İlham Əliyevin təşəbbüsü və iştirakı ilə 2011-ci ildən bəri mütəmadi olaraq Bakıda Beynəlxalq Humanitar Forumun keçirilməsidir. Artıq ənənəyə çevrilmiş bu forumun son açılışı zamanı etdiyi çıxışında Prezident İlham Əliyev multikulturalizmi “alternativi olmayan, gələcək inkişaf üçün ən məqbul variant” kimi dəyərləndirməklə təkcə Azərbaycanda deyil, müasir dünyada multikulturalizm meyillərinin gücləndirilməsinin vacibliyini xüsusi olaraq qeyd etmişdir.
Belə bir siyasi kontekstdə Prezident İlham Əliyev 28 fevral 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirinin xidmətini yaratdı. Bu gün bu xidmət ölkənin ideoloji həyatının önəmli istiqamətlərini əlaqəli şəkildə öyrənən, obyektiv səbəbdən özünü göstərən müəyyən boşluqların doldurulmasını təmin edən vacib bir orqan kimi fəaliyyətini qurmaqdadır.
Prezident İlham Əliyevin multikulturalizm siyasətinin növbəti əhəmiyyətli addımı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılma-sına dair 15 may 2014-cü il tarixində imzaladığı fərman oldu. Bu mərkəzin yaradılmasının əsas məqsədi ölkəmizdə əsrlər boyu formalaşmış tolerantlığın, etnik-mədəni, dini müxtəlifliyin qorunmasını və çiçəklənməsini təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modellərini tədqiq və təşviq etməkdir. Dünyanın multikulturalizm sahəsində aparıcı mütəxəssislərinin, görkəmli ictimai və siyasi xadimlərinin Bakıda beynəlxalq səviyyədə belə bir mərkəzin açılmasını son dərəcə təbii və işgüzar şəkildə qəbul etmələri məhz Azərbaycanın bu gün dünya multikulturalizminin mərkəzinə çevrilməsi reallığını aydın şəkildə nümayiş etdirir.
Bu gün Azərbaycanda multikulturalizm sahəsində bir-birini tamamlayan, sistemli xarakter daşıyan siyasi iradə və onun gerçəkləşməsi proqramı uğurla həyata keçirilir.
Prezident İlham Əliyevin multikulturalizmə, tolerantlığa verdiyi siyasi dəyərin dünya miqyasında real elmi, mədəni, sosial müstəvilərə köçürülməsi işində Heydər Əliyev Fondunun böyük xidmətləri danılmazdır. Bu gün Azərbaycan multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı Heydər Əliyev Fondu olduqca əhəmiyyətli, möhtəşəm layihələr həyata keçirir. Bu layihələr Azərbaycan multikulturalizminin bir ölkə çərçivəsində qapalı inkişafını deyil, dünya çərçivəsində dinlərin və mədəniyyətlərin müxtəliflikləri rejimində fəaliyyət göstərməsini reallaşdırır.
Fondun düşünülmüş, sistemli fəaliyyətində multikulturalizmin mühüm aspektlərindən biri olan mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsi istiqaməti xüsusi yer tutur. Fondun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi”, “Qloballaşma şəraitində mədəniyyətlərin rolu”, “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama”, “Azərbaycan – tolerantlıq məkanı” layihələrini xüsusi qeyd etmək olar. Tərəqqipərvər dünya ictimaiyyəti, görkəmli şəxsiyyətlər və sıradan insanlar bu qəbildən olan tədbirlərin keçirilməsini, orada mədəniyyətlərarası dialoqun inkişafına həsr olunmuş məsələlərin müzakirə olunmasını və ən əsası, gerçəkləşdirilməsini böyük rəğbətlə qarşılayır. Müasir dövrdə Azərbaycan özünün multikulturalizm siyasəti və bu sahədə əldə etdiyi nailiyyətlərlə dünya dövlətlərinə, o cümlədən bu sahədə tarixən öz zəngin təcrübəsi ilə tanınan Qərb ölkələrinə nümunə olmaqdadır. Məlum olduğu kimi, bir sıra Qərb ölkələri, o cümlədən Böyük Britaniya, Fransa, Almaniya uzun illər apardıqları multikulturalizm siyasətindən bu gün rəsmi şəkildə imtina edirlər.İmtinanın əsas səbəbini ümumi şəkildə Böyük Britaniyanın Baş naziri Devid Kemeron 5 fevral 2011-ci il tarixində Münhendə təhlükəsizlik üzrə keçirilən konfransdakı çıxışında Böyük Britaniyada məskunlaşmış əcnəbilərin yaşadıqları cəmiyyətə inteqrasiya etmək istəməmələri ilə izah etmişdir. Bəlkə də, və çox güman ki, bu, siyasi bəhanədir. Bəlkə də, ölkələrdə iflasa uğrayan multikulturalizm siyasətçilərinin özlərinə bəraət qazandırmaq cəhdidir. Və bunun fonunda təzahür edən, inkişafda olan multukulturalizmin Azərbaycan təcrübəsinin bütün dünyaya siyasi cəsarətlə nümayişi ona gətirib çıxarmışdır ki, bu gün artıq Yer kürəsinin hər yerində ədalətsevər insanlar ölkəmizi sarsılmaz multikultural dövlət imici əldə etmiş mərkəz kimi tanıyır. Qətiyyətlə demək olar ki, Azərbaycan multikulturalizmi ölkəmizin siyasi simasının əsas cizgilərindən birinə çevrilmişdir. Azərbaycan multikulturalizminin siyasi banisinin arzularından biri də elə bu idi.
“ÜMUMİYYƏTLƏ, DANIŞMAQLA AZƏRBAYCAN DİLİNDƏ DANIŞMAQ EYNİ ŞEY DEYİL”
Kamal Abdulla Filologiya elmləri doktoru, professor, xalq yazıçısı, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, I dərəcəli dövlət müşaviri, Azərbaycan Dillər Universitetinin rektoru
Məlum olduğu kimi, Prezident İlham Əliyev “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncam imzalamışdır. Bu Sərəncamdan irəli gələn vəzifələri həyata keçirmək üçün işçi qrupu yaradılmışdır. İşçi qrupunun rəhbəri AMEA-nın müxbir üzvü, AMEA İctimai və Humanitar elmlər bölməsinin akademik-katibi professor Kamal Abdulla AZƏRTAC-a müsahibə vermişdir.
– Kamal müəllim, bu Sərəncam hamımızın ürəyindən oldu. Bununla bağlı konkret hansı işlər görülür?
– Bir daha cənab Prezidentə dilimiz, dilçiliyimizlə bağlı belə bir dərin məzmunlu qərar üçün təşəkkür etmək istəyirəm. Onu da qeyd etmək lazımdır ki, bu Sərəncamda Azərbaycan dili ilə yanaşı, Azərbaycan dilçiliyinin, tərcümə fəaliyyətinin, terminologiyanın da inkişafına diqqət verilir və məsələ kompleks şəkildə öz həllini tapır.
İndi bizim vəzifəmiz həmin siyasi sənəddən irəli gələn məsələləri Dövlət Proqramı müstəvisinə keçirməkdir. Bununla əlaqədar AMEA-nın İctimai və Humanitar elmlər bölməsində işçi qrupu yaradılmışdır və o, artıq fəaliyyət göstərir. İşçi qrupuna ölkənin aparıcı dilçiləri ilə yanaşı, Akademiyanın, ali məktəblərin, müxtəlif əlaqədar nazirliklərin, Mətbuat Şurasının, Teleradio Şurasının, Bakı İcra Hakimiyyətinin, Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin və başqa qurumların nümayəndələri daxildirlər.
Mən bunu dəfələrlə demişəm, bir daha təkrar edirəm. Dil ancaq dilçilərin inhisarı deyildir. Ancaq dil məsələlərini dilçilər olmadan nəzərdən keçirmək də olmaz. Ona görə də dillə, dilçiliklə bağlı Dövlət Proqramının layihəsini hazırlayan işçi qrupuna təkcə akademiyanın deyil, həmçinin ali məktəblərin dilçiləri, filoloqları da daxildir. Eyni zamanda işçi qrupu öz fəaliyyətini AMEA-nın adı çəkilən bölməsi ilə sıx əlaqədə qurur. Bizim bölmədə dilçilərlə yanaşı, tarixçilər, ədəbiyyatçılar, filosoflar, iqtisadçılar, şərqşünaslar, psixoloqlar, hüquqşünaslar və bir sıra digər elmlərin nümayəndələri var. Yaxın gələcəkdə işçi qrupunun üzvləri ilə AMEA Rəyasət Heyəti üzvlərinin görüşünü təşkil etməyi düşünürük. Bu görüş, ola bilsin daha geniş elm sahələrinin nümayəndələrinin də iştirakını ehtiva etsin. İndiki mərhələdə isə biz işçi qrupu olaraq irəli sürülən təklifləri müzakirə edib, ümumiləşdirməklə məşğuluq. Dövlət Proqramı layihəsinin ayrı-ayrı hissələrini müəyyənləşdiririk. Planımızda deputatlarla, yaradıcı təşkilatlarla, regionlarda ictimaiyyət nümayəndələri ilə görüşlər nəzərdə tutulub. Onu da xüsusi qeyd etmək istərdim ki, təkcə alimlər deyil, cəmiyyətimizin hər bir üzvü öz təkliflərini irəli sürə bilər və biz bütün təklifləri nəzərdən keçirməyə hazırıq. Hətta belə bir fikrimiz var ki, küçədə, bazarda işləyənlərin, taksi sürücülərinin, mənzil-istismar idarələrinin nümayəndələri ilə də görüşlər keçirək.
– Küçədə, bazarda işləyənlər də təklif verəcəklər?
– Bəli, niyə də yox? Küçədəki dil çox əhəmiyyətlidir. Bilən bilir, yeni italyan dili məhz küçə və bazarda işlədilən latıncadan yarandı. “İlahi komediya” bu yeni dildə yazılıb. Bir sözlə, dilini sevən, onun təəssübünü çəkən hər kəs təklif verə bilər.
– Dövlət Proqramı layihəsində hansı tərkib hissələr nəzərdə tutulur?
– Bu tərkib hissələrin adı, bölmə üzvlərinin və işçi qrupunun razılığına əsasən, ilk olaraq, Azərbaycan dilinin ən müxtəlif durum və fəaliyyət sahələrinin müəyyən edilməsi ilə bağlıdır. Dilimizin fəaliyyət və durumunu geniş panoramda göz önünə gətirsək, görərik ki, ayrılan istiqamət və şaxələr çoxdur. Azərbaycan dili ali məktəbdə, orta məktəbdə, ailədə, cəmiyyətdə, dövlət qurumları, idarə və təşkilatlarda, küçədə, xaricdə, KİV-lərdə, informasiya texnologiyaları müstəvisində … saymaqla, bəlkə də, qurtarmaz.
– Bəzən deyirlər ki, biz bir-birimizlə başqa dildə danışsaq, dilimiz əldən gedər…
– Bəli, belə deyənlər var. Amma onlar dilçiliyin əzəli prinsiplərindən çox vacib olan birini – dil-nitq qarşılaşdırılmasını unudurlar. Ya da bilmirlər. Dilimiz kimlərinsə küçədə bir-biri ilə rus, ingilis, fransız… eskimos dilində danışmaları ilə əldən gedəcəksə, belə dil, elə əldən getsə yaxşıdır. Əzizi-mən, bu şəkildə dil əldən getməz, gedə bilməz. Olsa-olsa bu şəkildə başqa dildə danışanlar öz nitqlərini korlamış olarlar. Yel qayadan daş aparmaz. Nitqin dilə belə “faciəli” təsiri yağan yağışın okeanı məcrasından çıxarması kimi bir şeydir. Bu məsələlərlə bağlı istiqamət də, yəni cəmiyyət və dil istiqaməti Dövlət Proqramında əksini tapacaqdır.
– Çox zaman deyirlər ki, biz başqa dildə düşünüb öz dilimizdə danışmağa cəhd edirik…
– Bu cür deyənlər də bayaqkılardan, dil barədə qeyri-peşəkar fikir yürüdənlərdən fərqlənmir. Heç kim başqa dildə (!) düşünə bilməz. Bu, mümkün deyil. Bizim beynimizdə genetik dil strukturu (qəlibi) var. Bu qəlib ümumi, beynəlmiləldir. Hamı – azərbaycanlı da, ingilis də, rus da, adını yuxarıda çəkdiyim eskimos da ümumi məntiq “dilində”, qəlibində düşünür. O başqadır ki, adamlar həm də daxili nitqə malikdirlər. Səslənən, şifahi nitqdən əvvəl kim isə daxili nitqini başqa “dil”də qura bilər, qurmaq istəyər, “ürəyində” öz-özünə pıçıldaya bilər. Amma bu, başqa dildə düşünmək demək deyil.
Görürsünüzmü, dilçilik elə özül prinsiplərə malikdir ki, onları bilmədən dillə, onun hətta sosial statusu ilə bağlı fikirlər yürüdərkən çox zaman gülünc situasiyalar yaranır.
– Dediniz ki, Dövlət Proqramında Azərbaycan dilinin Elmlər Akademiyasında, ali məktəbdə, orta məktəbdə, ailədə fəaliyyəti məsələləri ayrıca bölmələr kimi öz əksini tapacaqdır.
– Bu istiqamətləri “Azərbaycan dili və onun tədrisi” adı altında birləşdirə bilərik. Dövlət Proqramının layihəsində bu bölüm əsas yerlərdən birini tutacaq. Cəmiyyətdə ali məktəb, orta məktəb və digər tədris müəssisələrində Azərbaycan dilinin mövqeyi ilə bağlı ciddi narahatlıqlar vardır. Biz dərsliklərin dili və üslubu (dil təqdimatı), tərcümələrin keyfiyyəti, dərs saatlarının həcmi, bölünməsi və s. məsələləri dövlət başçısının Sərəncamına arxalanaraq daha optimal və keyfiyyətli şəkildə həll edə bilərik. Məsələn, belə bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Ali məktəbdə Azərbaycan dilinin saatlarını artırmaqdan söz düşəndə bunu, adətən, filoloji yönümlü istiqamətlərə tətbiq etməyi nəzərdə tuturlar. Əslində isə Azərbaycan dili saatlarının filoloqlardan daha çox riyaziyyatçılar, fiziklər, bioloqlar, həkimlər, iqtisadçılar üçün artırılması mexanizmini işləmək lazımdır. Belə olarsa, bu elm sahələri ilə bağlı tərcümə və terminologiya problemlərini gənc ixtisas sahibinə hələ bakalavr səviyyəsində bütün “boy-buxunu” ilə göstərmək mümkün olar.
Azərbaycan dilinin fundamental tədqiqi probleminin aparıcı təşkilatçısı Elmlər Akademiyası, Dilçilik İnstitutudur. Burada da köklü yeniliklər etmək lazımdır. Azərbaycan dilini öyrənən mütəxəssislərimizlə yanaşı, Hind-Avropa dillərini, Afrika dillərini, Qafqaz dillərini, monqol dillərini, dilin fəlsəfəsini, psixolinqvistikanı, sosiolinqvistikanı, dil və dövlət münasibətlərini, qədim, ölü dilləri, onlarla yanaşı, uyğun sivilizasiyaları tədqiq edən mütəxəssislərimiz formalaşmalıdır. Prezidentin Sərəncamı bu fikirləri və arzuları həyata keçirmək üçün güclü əsas və imkan verir.
– Sərəncamın dilin inkişafına təsiri necə olacaq?
– Prezident Sərəncamının öz-özlüyündə böyük əhəmiyyəti vardır. Dil sahəsi digər ictimai, mənəvi, intellektual sahələrlə sıx əlaqədə olduğundan həddindən artıq həssas sahədir. Obyektiv cəhətdən “pərakəndə” sahədir. Sərəncam bu “pərakəndəliyi” sahmana salmağa kömək edəcəkdir. Həyatımız, onsuz da informasiya ilə entropiyanın müxtəlif nisbəti, tənasübü üzərində qurulub. Sərəncamın dilimizlə, cəmiyyətimizlə, dövlətimizlə bağlı məsələlərə informativlik gətirəcəyinə əminəm.
Amma bu məsələnin o biri tərəfi də var. Dil elə bir fenomenal hadisədir ki, heç bir zaman göstərişlə, arzuyla, qərarla yaşamır. Onun öz həyatı var, öz gizli, tənzimolunma qanunları var. Sadəcə, dillə bağlı dövlətin hər bir münasibəti dilin öz daxili qanun-qaydalarının cilalı olmasına, təsadüfi məqamlardan uzaq, adekvat şəkildə işlənməsinə real şərait yaradır.
– Azərbaycan bədii dilinin inkişafı üçün konkret nələr edilməlidir?
– Haqqında danışdığımız mövzu ilə bağlı nələri etməməliyik! Məhz bundan başlamaq lazımdır. Edəcəklərimiz onsuz da bəllidir. Etməməli olduğumuz bir məsələni isə dəqiq bilirəm. Hər hansı bədii əsəri oxuyub orada alışmadığımız cümlə quruluşu və ya sözlər görəndə şivən qaldırmamalıyıq ki, dilimizi korladılar, ay aman! “Bu, azərbaycanca deyil” təfəkkürünə son qoymaq lazımdır. Belə düşüncə tərzi bütövlükdə dil inkişafının qarşısına sədd çəkir. Əsərin dilində, əlbəttə ki, müəllif tərəfindən dərk edilmiş müəyyən “icazəli” pərakəndəlik, “hərc-mərclik” olmalıdır. Əlbəttə ki, “azərbaycanca deyil” baş verməsə və bu hal özünə yer tapmasa, “azərbaycanca” dərinləşə, genişlənə bilməz. Ütülü, sığallı bədii dil XX əsrin 30-40-50-ci illərində qaldı. İnkişaf nəyisə “qırmaq”, nədənsə vaz keçmək, oxucunu təkcə təəccübləndirmək yox, ona alternativ quruluşlar təqdim və təlqin etməkdir. Dil müstəvisində bu alternativlər əvvəlcə variantlara, sonra isə, kim bilir, bəlkə, hələ invariantlara çevrilə bilər.
– Ən ağır məsələlərdən biri dilimizin KİV-lərdə işlənməsidir…
– Bəli, əsas məsələlərdən biri də KİV-lərdə dilimizin vəziyyətidir. Bu barədə işçi qrupun, bölmənin üzvlərinin ümumi fikri var. Müəyyən mexanizmlər – dili yanlış yola düşməkdən qoruyan mexanizmlər işləyib Dövlət Proqramı layihəsinə daxil etmək lazımdır. Bir az əvvəl dedim ki, dilin öz daxili həyatı var, biz ona təsir edə bilmərik. Amma bu normal situasiyalar üçündür. Qeyri-normal situasiyalarda isə dilə təzyiq edilir. Onu sanki “zorlayır”, öz təbii yolundan itələyib çıxarmağa çalışırlar. Məsələn, götürək televiziya şirkətlərini. Dillə bağlı arzuedilməz məqamlar burada geniş sistem şəklindədir. Nə aparıcılar, nə şoumenlər, nə müğənnilər, nə də çox zaman dəvət olunanlar düz-əməlli Azərbaycan dilində danışa bilmirlər. Bu dediklərimlə onlar, əlbəttə ki, özləri razılaşmayacaqlar, bilirəm. Amma istəyirəm, bir məsələni bilsinlər. Ümumiyyətlə, danışmaqla Azərbaycan dilində danışmaq eyni şey deyil. TV güzgüdür. Zeynal Məmmədli yaxşı yazıb: “danışan güzgü”. Həqiqətən də, güzgü elə danışmalıdır ki, biz “ağzımızı açıb” qulaq asaq. Öyrənək! Ləzzət alaq. Bu isə indilik belə deyil. Bizim işçi qrupunda belə bir fikir formalaşıb ki, TV-lərdə dillə bağlı problemləri çözən, onlarla uğraşan “bədii şura” deyilən mexanizmi yaratmaq və ya bərpa etmək lazımdır. Bizi “senzuranı bərpa edirlər” deyə günahlandırmağa tələsənlər isə bilərəkdən, ya bilməyərəkdən, açıq deyəcəyəm, dilimizin bədxahlarıdır. Bunu sübut etmək çətin məsələ deyil.
– Dövlət Proqramında dilimizin xaricdə işlənməsi problemləri əksini tapacaqmı?
– Xaricdə Azərbaycan dilinin vəziyyəti ilə bağlı məsələnin dərindən və hərtərəfli öyrənilməsinə ehtiyac vardır. Aydın məsələdir ki, Azərbaycan dili xaricdə ölkəmizin get-gedə artan beynəlxalq nüfuzuna işləməlidir. Xaricdə Azərbaycan dilində qəzetlər çıxarmaq, məktəblər (ən azı, yay məktəbləri) açmaq, dilöyrədən dərsliklər yazmaq və yaymaq, TV-lərin xarici ölkəyə yayımlarını həmin ölkələrə görə lokallaşdırmaq, bir sözlə, həm diaspora üçün, həm də ölkəmizin dostları, dilimizi, mədəniyyətimizi öyrənmək istəyənlər üçün geniş spektrli fəaliyyət proqramı işləmək lazımdır.
Mən deyəndə ki, dillə bağlı məsələlər sistem kimidir, bir-biri ilə qarşılıqlı əlaqədədir, nəzərdə tutduğum mətləb var. Baxın, xaricdə Azərbaycan dili dərslərinin təşkil edilməsi məsələsini götürək. Bu dərslər vacibdirmi? Vacibdir! Amma bu dərsləri kim deyəcək?! Bu dərsləri tədris edən şəxs xarici ölkəni yaxşı bilən, Azərbaycanı yaxşı bilən (təkcə dilini yox, tarixini, ədəbiyyatını, mədəniyyətini, coğrafiyasını…) bir mütəxəssis olmalıdır. Bizdə bu gün beləsi varmı? Çox az. Bu xəttə kömək üçün ali məktəblərdə “azərbaycanşünaslıq” ixtisası açmaq lazımdır. Buyurun, bu da sistemin bir-biri ilə əlaqəli həlqələri.
– Hansısa universitetdə “Azərbaycanşünaslıq” ixtisası varmı?
– Bəli, mənim çalışdığım Bakı Slavyan Universitetində bu ixtisas var.
– Dövlət Proqramı layihəsi nə zamansa fəaliyyət proqramına çevriləcək. Bir müddət sonra onun müddəa və maddələrinin unudulma qorxusu ola bilərmi?
– Biz proqrama “özünümüdafiə” məqamı daxil edəcəyik. Onun uzunömürlüyü və effektivliyi xüsusi nəzarət qrupu vasitəsilə tənzim ediləcək.
– İşiniz asan deyil. Ən azı, ona görə ki, dil sahəsində hamı özünü mütəxəssis sayır.
– Elədir. Elm sahələri var ki, diletantın fikrinə görə o, asanlıqla bu sahələrlə məşğul ola bilər. Hətta nəinki məşğul, o sahələrin – dilçiliyin, tarixin, fəlsəfənin peşəkarlarına “dərs” də verə bilər. Bəzən bu həvəs əsassız iddia və əda ilə müşayiət olunur. Nə etməli, belə bir cəmiyyətdə yaşayırıq. Allah bizi öz sahəsindən başqa hər şeyi, xüsusilə tarixi, dilçiliyi, fəlsəfəni “bilən”lərdən qorusun, biz isə öhdəmizə düşən məsuliyyəti anlayaraq öz işimizi görməyə davam edəcəyik.
– Çox sağ olun. Uğurlar arzulayırıq. – Təşəkkür edirəm.