GƏLİN BUNLAR HAQQINDA DÜŞÜNƏK

Ənvər ABBASOV

Bakı Slavyan Universitetin tədris işləri üzrə prorektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim

Məktəb barəsində hörmətlə danışaq

Şagirdlərlə müxtəlif hazırlıq kurslarında məşğul olanlar kimlərdir? Onlar da məktəblərimizdə çiyin-çiyinə dərs deyən və işlədiyi məktəbin təəssübünü çəkən müəllimlərimiz deyilmi? Onlar bir-birinin ardınca ali və orta ixtisas məktəblərinə daxil olan məzunlarımızın uğurlarının hansısa bir hazırlıq kursu tərəfindən özünün uğuru kimi qiymətləndirilməsinə necə dözürlər? Axı bu, ən azı özünün dövlət və xalq qarşısında missiyasını yerinə yetirən məktəblərimizin, eləcə də müəllimlərimizin zəhmətinin halal-halal nəticələrinə biganəlikdir. Məgər tam orta təhsilini başa vuran hər bir məktəblinin bir şəxsiyyət kimi inkişafı, formalaşması, insan olaraq yetişməsi əsas məqsəd deyilmi? Məktəblərimizin uşaqlara qayğısının, uşaqlarımızın məktəblərə olan məhəbbətinin təzahürü deyilmi? Şübhəsiz, bu belədir, həm də bir örnəkdir. Biz bu nümunədən nə qədər danışarıqsa, onu bir o qədər şərəfləndirər, digər təhsilalanların nəzərində ucaldarıq. Məktəbə olan məhəbbəti artırar, bir az da gücləndirərik.

Mən bir dəfə də “müəllim haqqında ehtiyatla danışaq” deyə hörmətli oxucularla fikirlərimi bölüşmüşdüm. Hec şübhəsiz, “məbəd”, “müqəddəs yer”, “insanlıq emalatxanası” adlandırılan məktəb barəsində də hörmət və ehtiramla danışmalıyıq. Bir insan olaraq boya-başa çatdığımız bu təhsil ocaqlarının möhtəşəmliyinə, ucalığına inanmalı, onun əlçatanlığının təmin olunmasına töhfələrimizi verməliyik. İstər valideyn kimi, istər müəllim kimi, istərsə də hər hansı bir həyat adamı kimi onu cəmiyyətimizin hər bir sahəsində qüdsiyyəti olan müqəddəs bir yer kimi daha inamla təqdir və təqdim etməliyik. Bu, bizim təkcə vətəndaş, müəllim kimi deyil, həm də bir insan olaraq vəzifəmizə çevrilməlidir.

Qlobal dünyanın tələbi

Heç kim heç kimə düşünmə demir, fikirləşməyi qadağan etmir. Əslində bu heç zamanımızın da  tələbi deyil. Çünki qlobal dünya intellektuallıq, intellektuallıq isə düşünmək, özü də mobil və sürətli düşünməyi tələb edir. Biz də özümüzün təhsil quruculuğundakı addımlarımızda bu çağırışlara cavab verməyə çalışırıq. Təsadüfi deyil ki, ölkəmizin təhsil siyasətində “yaddaş məktəbindən”, “düşüncə məktəbinə” keçmək bir prioritet istiqamət olaraq fəaliyyətimizin əsasında dayanır. Düşündürən, uşaqlarla mükalimə edə bilən, onların dostuna çevrilən intellekt dərsliklərinin, dərs vəsaitlərinin yaradılmasına çalışırıq. Odur ki, təhsilin bütün pillə və səviyyələri üçün hazırlanan məzmun və tədris mexanizmlərində fokuslaşmış düşüncə, onun formalaşması əsas element kimi nəzərdə tutulur. Praktik fəaliyyətimizdə də bu, önəmli hesab edilir. Əlahəzrət həqiqət deyir ki, onu kütləviləşdirək, genişləndirək, müasir gündəmdə qırmızı xəttə çevirək. Uşaqlarımızın şəxsiyyətinə hörmət edək, onları yaşadığı suallar aləminin sehrindən xəbərdar edək, düşünmək səlahiyyətini özünə qaytaraq.

Müəllimlər və valideynlər bu işdə daha çox məsuldurlar. Bu, tarixi bir missiya olsa da, bu gün daha çox müasirdir və bizdən həddindən artıq mobillik tələb edir.

Uşaqların arzuları müqəddəsdir

Uşaqların arzuları sualları kimi qeyri-adi və müqəddəsdir. Böyüklərin sevdikləri qədər uşaqlar da arzularına bağlanır, onların heyrətamiz gözəllikləri içərisində daha sərbəst və azad nəfəs alırlar. Onlar bu arzularında gələcəyin heyrətamiz gözəlliklərinə doğru can atırlar. Sevirlər, sevilirlər, daim öz duyğularının qənirsizliyində süslənirlər. Dünyanın həqiqətlərində maraq dolu bir qeyri-adilik axtarırlar. Ən yüksək ali keyfiyyətlərin ən yüksək səviyyəsini istəyirlər. Ünsiyyətdə səmimiliyi, yoldaşlıqda sədaqəti, dostluqda məhəbbəti sevirlər. Bizimlə yanaşı gedirlər. Lakin bizdən qabaqda irəliləyirlər. Bizdən daha çox zəmanəsinə bənzəyirlər. Onların bütün addımlarını risklərlə dolu bir cəsarətlilik izləyir. Bu addımlar bütün mənalarda uşaqların coşub-çağlayan enerjisinin, tükənməyən marağının, yorulmaq bilməyən fəaliyyətinin nəticəsi kimi meydana çıxır. Həmçinin bu marağı həyatın bütün sahələrində olan ən müasir yeniliklər stimullaşdırır. Biz istəsək də, istəməsək də bu reallıqlar baş verir. Əksər halda uşaqlarımızı yeniliklərdən qorumağa, onların maraq dünyasına bir səd çəkməyə çalışırıq. Bu mümkün olmasa da, səy göstəririk.

İnsanlıq naminə arzular həmişə təmiz və pak olmuşdur. Onları böyütmək, bəsləmək insan övladının müqəddəs vəzifəsidir. Öyrənmək, inkişaf etmək ardınca gedən uşaqlarımızın təşəbbüslərini boğmaq yox, onların ardınca getmələrini dəstəkləməliyik. Onların şəxsində görünən hər hansı istedad qığılcımının parıldamasına, alovlanaraq şölələnməsinə təkan verməliyik. Bu özümüzün dəyişməyimizlə, inkişaf etməyimizlə müşayiət olunsa belə, onu etməli, zəruri bir missiya kimi yerinə yetirməliyik.

Gəlin bunlar haqqında düşünək.




UNİVERSİTETLƏRİN ELMİ-TƏDQİQAT PROFİLLİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ ÇEVRİLMƏSİ

Ənvər ABBASOV

Bakı Slavyan Universitetin tədris işləri üzrə prorektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim

Bu günün vacib məsələlərindən biri kimi

Ölkəmizdə həyata keçirilən təhsil islahatları daha geniş miqyasda aparılmaqla onun bütün pillə və səviyyələrini əhatə edir. Bir ölkə olaraq Azərbaycanın dünya təhsil məkanına inteqrasiya olunması məqsədini daşıyır. İstər təhsilin məzmun, istərsə də metodoloji cəhətdən mükəmməl olması, cəmiyyətin aparıcı qüvvəsi olan kadr potensialının müasir dövrün tələblərinə uyğun  gücləndirilməsi prioritet olaraq diqqət mərkəzində saxlanılır.

Təhsil sosial fenomen kimi dəyərləndirilir. Həmçinin təhsil dedikdə, insanın müxtəlif yaş dövrlərində  inkişafı və  formalaşması başa düşülür. Təhsilin pillələrindən biri kimi ali təhsilin kadr hazırlığı sahəsində rolu nəzərə alınmaqla onun yenidən qurulması, respublikamızda elmin dünya təcrübəsi müstəvisində inkişaf etdirilməsi bu gün xüsusi maraq doğuran məsələlərdən biri kimi gündəmdə dayanır. Ölkəmizdə təhsilin, o cümlədən ali təhsilin inkişafı ilə bağlı qəbul olunmuş proqramlar bilavasitə bu məsələnin son dərəcə aktual olmasından xəbər verir.

Universitetlərin  beynəlxalq reytinqinin yüksəldilməsi

Azərbaycanda elmin inkişaf etdirilməsi və onun bilavasitə təhsillə inteqrasiya olunmasının vacibliyi, eləcə də bu sahədə ilk addımların atılması hazırkı fəaliyyətimizin gündəmində dayanır. Artıq “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı bu işlərin ümumi siyasətini müəyyən etməklə fəaliyyətimizi tənzimləyən bir sənədə çevrilmişdir. İndi bilavasitə inteqrasiya prosesinin reallaşdırılması istiqamətində iş aparılır. Bu prosesdə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda qeyd olunduğu kimi,“universitetlərin beynəlxalq reytinqinin yüksəldilməsinə və elmi-tədqiqat profilli təhsil müəssisəsinə çevrilməsinə nail olunması”na gözlənilən nəticələrdən biri kimi yanaşılır. Daha doğrusu, universitetlərin elmi-tədqiqat müəssisələrinə çevrilməsi, yeni, həm də fərqli elmi-tədqiqat strukturunun yaradılması kimi anlaşılır. Belə olan təqdirdə elmi araşdırmaların səmərəliliyini, effektivliyini təmin etmək üçün onların universitetin strukturunda xüsusi laboratoriya, mərkəz və ya institut kimi formalaşdırılması məqbul hesab edilə bilər. Kafedralar, yaxud müəllimləri birləşdirən hər hansı qurum həmin elmi qurumlarla qarşılıqlı əməkdaşlıq şəraitində yalnız tədris yükünü yerinə yetirməklə fəaliyyət göstərər. Beləliklə, elmi-tədqiqatların nəticələri həm universitetdən kənarda, həm də universitetdəki tədris prosesində maneəsiz tətbiq olunmaqla faydalı ola bilər.

Elmi-tədqiqatların qabaqlayıcı funksiyası

Hazırkı şəraitdə universitetlərin fəaliyyətində elmi araşdırmaların aparılması istiqamətlərdən biri olsa da, onun indiki formada təşkili bir sıra cəhətlərdən müasir tələblərə cavab vermir. Başqa sözlə, aparılan araşdırmaların tematikası cəmiyyətin inkişaf dinamikasını izləmək və onu istiqamətləndirməklə dəstəkləmək baxımından müasir tələblərə lazımınca uyğun gəlmir. Xüsusilə bu, pedaqoji, psixoloji sahələrdə aparılan elmi-tədqiqatlarda daha çox diqqəti cəlb edir. Belə ki, elmi-pedaqoji tədqiqatlar təhsil sisteminin qarşısında getməklə qabaqlayıcı funksiyanı yerinə yetirməkdə yubanır. Sistemli olaraq ardıcıl və davamlı şəkildə təhsil prosesinin özülünə çevrilməkdə daha təkmil diskussiyalar yaradılmasına ehtiyac duyulur. Aparılan ilkin araşdırmalar bilavasitə bu mülahizələri təsdiqləməklə, həm də onun universitetlərin strukturuna inteqrasiya edilməsini, daha böyük elmi potensialla reallaşdırılmasını zəruri edir.

İlkin araşdırmalar onu göstərir ki, elmi-tədqiqat müəssisələrinin universitetlərə inteqrasiya olunması, ilk növbədə, onların fəaliyyətində tədqiqatçılığı gücləndirməklə elmi-tədqiqat müəssisələrinə xas olan bir keyfiyyətin yaranmasına gətirib çıxaracaqdır. Bununla indiki kafedra sisteminə xas olan formal tədqiqatçılıq fəaliyyətindən imtina etmək mümkün olacaqdır.

Universitetlərdə yaradılacaq elmi laboratoriya, mərkəz və institutlar əslində araşdırmaların aparılması işini yeni müstəvidə mərkəzləşdirməklə onun daha keyfiyyətli təşkili məqsədi daşıyaraq tədqiqatların uğurla idarə olunmasına imkan yarada bilər. Həmçinin universitet daxilində və universitetdən kənarda ehtiyacların öyrənilməsi və nəzərə alınmasını asanlaşdırar. Belə bir yanaşmanı həyata keçirməklə elmi-tədqiqatların məhz rentabelli olması, onun nəticələrinin faydalı iş əmsalına çevrilməsi də mümkün ola bilər.

Tədqiqatların mobilliyinin artırılması

Bu gün sürətlə dəyişən və inkişaf edən cəmiyyət hadisələri, prosesləri qarşılayan gələcəyə yönəlmiş proqnoz xarakterli fəaliyyətlərin olmasını daha çox tələb edir. Belə fəaliyyət həm də gələcəyin perspektivlərini müəyyən etmək baxımından əhəmiyyət daşıyır.  İnkarolunmaz bir həqiqətdir ki, gələcəyin eskizini vermək, onun proqnozlarını təqdim etmək, ilk növbədə, aparılacaq elmi-tədqiqatların vəzifəsidir. Həm də bu tədqiqatlar ciddi nəzəri fundamental xarakteri ilə yanaşı, praqmatik xüsusiyyətləri ilə təcrübi əhəmiyyət kəsb edir. Əslində, müasir cəmiyyət özünün texnoloji ehtiyacları ilə daha çox tələblər irəli sürür və bu tələblərin yerinə yetirilməsində elmi-tədqiqatlar əsaslandırılmış müddəaları ilə məsuliyyət daşıyır. Ona görə də elmi-tədqiqatlar müasir zamanın çağırışına uyğun olaraq vacib bir keyfiyyət kimi mobillik tələb edir. Yəni, zaman kəsiyində ehtiyaclara uyğun tələbatları ödəmək, fəaliyyət istiqamətində addımları tənzimləyən müddəalarla gündəmə gəlmək və konkret qərarların verilməsini təsdiqləməklə dəstək olmağı şərtləndirir.

Optimal şəraitin olması

Bütün bunlar elmi-tədqiqatların həm dünən, həm də bu gün üçün inkarolunmaz vəzifələri olsa da, onların daha uğurla yerinə yetirilməsində optimal mühitin, şəraitin olmasını  zəruri hesab edir. Belə bir mühit bu gün daha çox təhsil prosesi ilə əlaqələrin olması kimi xarakterizə olunur. Müəllim və tələbə çoxluğu ilə təmsil olunan təhsil mühitində araşdırmaların aparılması, müzakirə edilməsi, öyrənilməsi, nəticələrin maneəsiz tətbiqi kimi anlaşılır. Belə olan tərzdə araşdırmaların qrup şəklində, eləcə də kollektiv aparılmasına şərait yaranır. Aparılan elmi-tədqiqatların nəticələrindən istifadə etmək üçün onun yeni təhsil alan kadrlar tərəfindən öyrənilməsi imkanları genişlənir. Heç şübhəsiz, belə bir tədqiqat mühiti yalnız ali təhsil məktəblərində formalaşa bilər ki, bu gün elmi-tədqiqatlara yeni yanaşma müstəvisində universitetlərə inteqrasiya olunma bu baxımdan daha çox əhəmiyyət daşıyır.

Məlum olduğu kimi, müasir təhsil prosesində ali məktəb tələbələrinin peşəkar kadr kimi yetişdirilməsi üçün onların, ilk növbədə, axtarışlar apara bilmək, fakt və hadisələrə yaradıcı yanaşmaq bacarıqlarını inkişaf etdirmək zəruri hesab edilir. Bu günün tələbələri hadisələri seyr etmək, sadəcə öyrənməklə kifayətlənə bilməzlər. Onlar təqdim olunan mövzu ətrafında araşdırmalar aparmaqla öyrəndiklərini ümumiləşdirməyi, analiz, sintez etməyi, qənaətlərini arqumentlərlə sübuta yetirməyi bacarmalıdırlar. Bu isə istər-istəməz müxtəlif mənbələr üzərində araşdırmalar aparmağı, kiminsə nəticələrini deyil, məhz özlərinin fikirlərini meydana qoymağı tələb edir. Belə bir nəticəyə isə sadəcə bir dərslik və ya bir vəsait üzərində işləməklə nail olmaq mümkün deyildir. Hökmən problem üzrə müxtəlif mənbələr üzərində işləmək, araşdırmalar aparmaq tələb olunur. Müxtəlif  fikirlərə standart olaraq ehkam kimi deyil, yaradıcı yanaşmaq, təhlil-tərkib süzgəcindən keçirərək münasibət bildirmək lazım gəlir. Odur ki, tədqiqatçılıq fəaliyyətindəki addımları və əldə olunan nəticələri daha geniş  müzakirə etməklə onun cəmiyyətimiz üçün faydalılığı əsaslandırılmalıdır.  Təbii ki, belə bir situasiyanın yaradılması elmi-tədqiqatları universitetlərə inteqrasiya etməklə mümkündür.

İlkin təcrübələr onu göstərir ki, elmin təhsilə inteqrasiya olunması universitetlərdə təhsil mühiti ilə yanaşı, elmi mühitin də güclənməsinə gətirib çıxarır. Bu isə müasir tələbələrin öyrənmə fəaliyyətinə müsbət  təsir göstərməklə  onların marağını daha da artıra bilər. Adətən yeni yanaşmalarla işləyən müasir müəllimlər, ilk növbədə, tələbələrini müsbət mənada təəccübləndirməklə onların marağına səbəb olmağa çalışırlar. Dərs prosesinə problem həlli kimi yanaşırlar. Hər dərs üçün zəruri mənbələri, onların elektron və ya qeyri-elektron variantlarını, eləcə də mümkün resursları əvvəlcədən tələbələrinə təqdim edirlər. Həmçinin tələbələrini mövzu üzrə əlavə mənbələri toplamağa istiqamətləndirirlər. Bununla dərsin fəal tədqiqatçılıq bazasında qurulmasına imkan yaradırlar. Əslində belə metodologiyaya söykənən fəaliyyətin əsasında, başlıca olaraq, məsələlərə tənqidi yanaşmaq və özünün mövqeyini müəyyənləşdirmək dayanır. Belə öyrənmə mühitinin iştirakçısı olan tələbələr diskussiyalara çıxaraq, özlərinin qənaətlərini axtarmağa başlayırlar.

Elmi-tədqiqatların mobilliyinin təmin olunmasında əsas şərtlərdən biri onun  tələbatlara uyğun müəyyənləşdirilməsi və çevik xarakter daşıması ilə bağlıdır. Belə tədqiqatların qısamüddətli olması onun yararlılığını və effektivliyini təmin edir. Ənənəvi olaraq tədqiqatların müddəti müəyyən edilərkən ona bir neçə illik vaxtın ayrılması bir təcrübə kimi daha geniş yayılmışdır. Araşdırmalar onu göstərir ki, belə yanaşmalar zamanı çox hallarda tədqiqat tamamlanmamış aktuallığını itirir. Bu cür hallara, xüsusilə təhsil tədqiqatlarında, eləcə də digər tətbiqi sahələrdə rast gəlmək mümkün olur. Təhsil sahəsində inkişaf və dəyişikliklər sürətli olduğundan burada dəstəkləyici və istiqamətverici araşdırmalara daha çox ehtiyac yaranır. Çünki təhsil prosesi özünün müxtəlif yanaşmalar (praqmatik, sinergetik və s.) əsasında inkişafını təmin etmək üçün empirik və qismən də nəzəri araşdırmaların nəticələrinə istinad etməli olur. Müxtəlif zamanlarda vacib tədqiqatlar gecikdirildikdə və aparılmadıqda zəruri fəaliyyətlərin həyata keçirilməsində fərdi mülahizələrə əsaslanan subyektiv yanaşmalar meydana çıxır. Nəticə etibarı ilə fəaliyyətimizdə risklər artır. Ona görə də elmi-tədqiqatların cəmiyyətin ehtiyaclarını qarşılaması, tələbatlarına cavab verməsi səmərəlilik baxımından əhəmiyyətli hesab edilir. Bu işin uğurlu olmasında isə elmi-tədqiqat prosesinin təhsil mühitinə inteqrasiyası həlledici rol oynayır.

Elmi-tədqiqatların, xüsusən elmi-pedaqoji tədqiqatların layihə əsaslı təşkili də onun mobilliyini təmin edən şərtlərdən biri kimi dəyərləndirilir. Layihə əsaslı araşdırmalar, əsasən, qısamüddətli olmaqla ehtiyaclara uyğun müəyyənləşdirilir və layihə kimi elan olunur. Belə tədqiqatların özünəməxsus büdcəsinin olması və müəyyən qaydalar əsasında sərbəst həyata keçirilməsi onun daha keyfiyyətli təşkilini, həmçinin zəruri hallarda metodoloji cəhətdən çeviklik göstərməsini, mobil xarakter daşımasını şərtləndirir. Son illər bu sahədə həyata keçirilən tədbirlər onun səmərəliliyini nümayiş etdirir.

Ali məktəblər daha çox yüksəkixtisaslı elmi-pedaqoji kadrların, professor-müəllim heyətinin çalışdığı məkan olduğundan onun elmi potensialı digər təhsil müəssisələrindən fərqlənir. Buradakı alimlər özlərinin tədris fəaliyyəti sahəsində pedaqoji nüfuz qazanmaqla yanaşı, həm də məşğul olduqları sahələrin nümayəndələri kimi tanınırlar. Odur ki, dünyada ali məktəblərin reytinqinin müəyyən olunmasında bu cəhətə xüsusi əhəmiyyət verilir. Belə ki, ali məktəblərin reytinqinin müəyyən olunması zamanı elmi jurnallarda, nəşrlərdə ali məktəblərdə aparılan tədqiqatlardan gətirilmiş sitatların onun professor-müəllim heyətinin ümumi sayına olan nisbəti əsas götürülür. Bununla universitetlərdə təhsillə tədqiqatların inteqrasiya olunmasına keyfiyyətin inkişafına təkan verən stimullaşdırıcı bir sistem kimi yanaşılır.

Elmi-pedaqoji kadr hazırlığı

Universitetlərin elmi-tədqiqat müəssisələrinə çevrilməsi həm də yüksəkixtisaslı elmi-pedaqoji kadrların hazırlığı ilə şərtlənir. Bu sahədə müəyyən təcrübəyə sahib olsaq da, artıq dünya müstəvisində inteqrasiya, bütün sahələrdə olduğu kimi, təhsilin, o cümlədən ali təhsilin inkişaf etdirilərək dünya standartları səviyyəsinə çatdırılması strateji tələb kimi qarşıda durur. Elə bu səbəbdən də ölkə miqyasında müxtəlif vaxtlarda təhsil sahəsində siyasətimizi konkretləşdirən ayrı-ayrı  sənədlər qəbul olunaraq fəaliyyətimizin əsasına gətirilir. Xüsusi olaraq yeni mütəxəssislərin yetişdirilməsi başlıca istiqamət kimi vurğulanır. 2018-ci ildə qəbul olunmuş Dövlət Proqramında qeyd olunduğu kimi, qloballaşma şəraitində yeni iqtisadi çağırışlara uyğun rəqabət qabiliyyətli mütəxəssislərin hazırlanması, insan kapitalının davamlı və dayanıqlı inkişafına nail olmaq üçün ölkəmizdə ali təhsilin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi xüsusi aktuallıq kəsb edir. Odur ki, bu səbəbdən bir sıra tədbirlərlə yanaşı, həm də respublikamızda ali təhsil müəssisələrinin akademik imkanlarının gücləndirilməsi məqsədilə tədbirlər müəyyənləşdirilir. Əsasən, bu tədbirlərin mərkəzində milli elmi kadrların inkişaf etdirilməsi, yetişdirilməsi durur. Bunun üçün ali təhsil müəssisələrində, o cümlədən universitetlərdə elmi kadrların hazırlanması məqsədilə bir sıra təşkilati işlərin görülməsi, tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Təcrübələr göstərir ki, elmi-tədqiqatların aparılmasında universitetlər, orada yaradılmış elmi-pedaqoji mühit xüsusi rol oynayır. Ona görə də dünya universitetlərində bu mühitin daha çox öyrədici, formalaşdırıcı xarakterdə yaranmasına səy göstərilir. Heç şübhəsiz, bu mühit universitet alimlərinin, tədqiqatcılarının gücü, imkanı hesabına yaranır. Ölkəmizdə ali təhsillə bağlı yuxarıda adı qeyd olunan Dövlət Proqramında bu məsələ xüsusi olaraq diqqət mərkəzində saxlanılır. İnkişaf etmiş xarici ölkələr, onların qabaqcıl universitetləri ilə əməkdaşlıq ön plana çəkilir. Eyni zamanda doktorantların seçiminin düzgün aparılmasına, onların ixtisasının müəyyənləşdirilməsinə, əlaqədar müəssisələrin cəlb olunmasına ciddi yanaşılır.

Elmi kadrların formalaşmasında elmi-tədqiqatların, onun aparılması üçün yaradılmış mühitin rolu xüsusilə böyükdür. Universitetlər ənənəvi olaraq tədris mühitinin güclü olması ilə fərqlənir. Əgər elmi-tədqiqat strukturları onların məzmununa inteqrasiya olunarsa, bu, istər-istəməz elmin, tədqiqatcılıq fəaliyyətinin daha da artması ilə nəticələnə bilər. Müzakirələr, diskussiyalar, elmi polemikalar və s. elmi-tədqiqatla məşğul olan insanlar, eləcə də təhsil alan doktorant və dissertantlar üçün nümunə məktəbinə çevrilər.

Nəticə

Belə qənaətə gəlmək olar ki, universitetlərin elmi-tədqiqat profilli təhsil  müəssisəsinə çevrilməsi istər-istəməz bu  müəssisələrin strukturuna yenidən baxılmasını tələb edir. Eyni zamanda yaradılmış yeni elmi strukturun peşəkar, həm də yüksək tədqiqatçılıq mədəniyyətinə malik olan elmi kadrlarla təmin olunmasını əsas vəzifələrdən biri kimi qarşıya qoyur. Bu zaman tədqiqatların təhsil prosesi ilə inteqrasiyasına qarşılıqlı fəaliyyət müstəvisində yanaşmaq, onlardan birinin digərini zənginləşdirə bilməsi xüsusi pedaqoji tələb kimi qiymətləndirilir.




Pedaqoji tənqid günümüzün vacib tələblərindən biri kimi

Ənvər ABBASOV

Bakı Slavyan Universitetinin prorektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim

Bu gün ölkəmizdə həyata keçirilən təhsil islahatları müxtəlif aspektdə olan innovasiyayönümlü təhsil quruculuğu tədbirləri ilə müşayiət olunur. Bütövlükdə təhsilalanların inkişafını məqsədə çevirən bu tədbirlər özlüyündə həm yarandığı dövrdə, həm də böyük təhsil təcrübələrinin sistemli mexanizmlərinə çevrilməklə təsdiq və ya inkarını, başqa sözlə, dəyərləndirilməsini gözləyir. Bu, həm də müxtəlif innovasiyalar şəraitində istər nəzəri, istərsə də praktik xarakterli pedaqoji uğurların məntiqi nəticəsi olaraq meydana çıxır. Ona görə də belə bir missiyanı yerinə yetirə biləcək pedaqoji tənqid barəsində müzakirələr səngimir, onun yaradılması, təsbit olunması dövrü olaraq müzakirə obyektinə çevrilir. İlkin araşdırmalar da onu göstərir ki, cəmiyyət ümumi inkişafın əsas atributuna çevrilən, təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından elmi-nəzəri prinsiplərə söykənən və məsul bir yanaşma mədəniyyətini ehtiva edən pedaqoji tənqidin olmasını bir zərurət kimi tələb edir. Bu, həm də mərhum professor Əjdər Ağayevin təbirincə demiş olsaq, təhsil sistemi, təhsil strukturları, təhsil məzmunu, təlim metodları və digər praktik nəticələrdən ibarət olan “təhsilşünaslıq” və ya “pedaqogikaşünaslıq” kimi təhsil elmlərinin inkişaf etdirilməsi baxımından da  əhəmiyyətli hesab edilir.

Araşdırmalardan belə nəticəyə gəlmək olur ki, pedaqoji tənqid və tənqidi pedaqogikaya elmi mənbələrdə yanaşı işlənən anlayışlar kimi müraciət olunur. Ümumi cəhət ondan ibarətdir ki, pedaqoji tənqid də, tənqidi pedaqogika da  ənənəvi təhsil modellərinə yaradıcı yanaşmağı və yeniliklərə açıq olmağı, inklüziv və ədalətli öyrənmə mühitini təşviq edir. Onlara təhsil sahəsində getdikcə daha çox əhəmiyyət daşıyan anlayışlar kimi yanaşılır. Bəlkə də, elə o səbəbdəndir ki, bəzi hallarda bu anlayışlar eyni mənada işlənir, onlar təhsilalanların formalaşması və inkişafında xidməti olan sahələr kimi dəyərləndirilir. Hətta bəzi xarici dildə olan mənbələrdə pedaqoji tənqidin tənqidi pedaqogika anlamında işlənməsinə və izah edilməsinə də rast gəlmək mümkündür. Lakin tənqidi pedaqogika (critical pedagogy) və pedaqoji tənqid (pedagogical criticism) xüsusi ifadə tərzinə və semantikaya malik olan fərqli anlayışlar olmaqla özünəməxsus funksiyalar daşıyır. Mənbələrdə tənqidi pedaqogika xüsusi təhsil və ictimai hərəkat fəlsəfəsi kimi şərh olunur. O öz fəaliyyətində tənqidi nəzəriyyə və əlaqəli ənənələrdən başlayaraq təhsil və mədəniyyətin öyrənilməsi sahəsinə qədər bütün konsepsiyaları inkişaf etdirir və tətbiqinə nail olur. Bu pedaqogikanın Braziliya alimi Paulo Freire tərəfindən bünövrəsinin qoyulması XX əsrin əvvəllərinə təsadüf edir. Braziliyalı alim, pedaqoq və filosof Paulo Freire “Məzlumların pedaqogikası” əsəri ilə onun banisi kimi tanınır.

HAŞİYƏ: Paulo Reglus Neves Freire  XX əsrdə yaşamış pedaqoq və filosof, tənqidi pedaqogikanın yaradıcısı kimi tanınmışdır. Təhsil, pedaqogika və fəlsəfə sahələrində 20-dən çox kitab yazmışdır. O, 1968-ci ildə yazdığı “Məzlumların pedaqogikası” əsəri ilə tənqidi pedaqogikanın əsasını qoymuşdur.

Əslində tənqidi pedaqogika ayrıca  bir pedaqogika kimi özünə xas olan prinsipləri ilə fərqlənir. Belə ki, bu pedaqogika, ilk növbədə, tələbələrin səlahiyyətlərini artırmaq və onların həyat təcrübələrini mərkəzləşdirməklə daha demokratik və ədalətli təhsil sistemi yaratmağı hədəfləyir. İstənilən təlim şəraitində onun tətbiqi mümkün hesab edilir. Nəzəriyyə ilə praktikanın əlaqəliliyinin nəzərə alınması onun əsas tələblərindən biri hesab olunur.

Tənqidi pedaqogikanın digər mühüm prinsiplərindən biri də dialoqlardan istifadə olunmasıdır. Dialoq tənqidi yanaşmalar müstəvisində həm müəllimlərə, həm də şagirdlərə/tələbələrə bir-birindən öyrənməklə fikir və mülahizələrini, gələcək perspektivləri müzakirə etməyə imkan yaradır. Yaranmaqda olan müasir təhsil ənənələrini daha avtoritar və iyerarxiyaya meyilli olan ənənəvi təhsil modelindən fərqləndirir.

Tənqidi pedaqogikada düşüncə və fəaliyyətin olması vacib hesab edilir. Təhsilalanlar öz təcrübələri, yerləşdikləri sosial və mədəni kontekstlər üzərində tənqidi şəkildə düşünməyə həvəsləndirilir. Onların mövcud təhsil strukturlarına yaradıcı münasibət bəsləmələri, təkliflərin daha optimal olması üçün zəruri şəraitin yaradılması bir tələb kimi qarşıya qoyulur. Bununla şagirdlərdə/tələbələrdə sosial və siyasi məsələlərdən xəbərdar və sosial ədalətə sadiq olan tənqidi şüurun inkişafına imkan yarana bilir.

Pedaqoji tənqid nədir?

Pedaqoji tənqid elmi-pedaqoji yaradıcılığın bir növü olub geniş mənada təhsil prosesinin, pedaqoji, metodik əsərlərin izahı, təhlili, dəyərləndirilməsi, eləcə də təhsil prosesində maraqlı olan tərəflərin yaradıcı fəaliyyətini araşdıraraq qiymətləndirilməsi, gələcək inkişaf üçün tövsiyələr verilməsi ilə məşğul olur. Pedaqoji tənqidin başlıca vəzifəsi müasir pedaqoji və elmi-pedaqoji yaradıcılıq proseslərini izləmək, eləcə də klassik pedaqoji fikrə müasir dövrün tələbi baxımından qiymət verməkdən ibarətdir.

Pedaqoji tənqid həmçinin pedaqogikaşünaslıq elminin bir sahəsi kimi başa düşülür. Əgər biz pedaqoji elmlər sisteminə daxil olan sahələri xarakterinə görə ümumiləşdirilmiş şəkildə qruplaşdırsaq, heç şübhəsiz, burada həm tarixi, həm nəzəri, həm də münasibətlərdən ibarət olan yanaşmaları aydın təsəvvür edə bilərik. Bu isə pedaqogikaşünaslıq, yaxud pedaqogika elminin pedaqogika tarixi, pedaqogika nəzəriyyəsi və pedaqoji tənqiddən ibarət infrastruktur elementlərini aydın görməyə imkan verir.

HAŞİYƏ: Yeri gəlmişkən, hələ ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın görkəmli pedaqoq alimlərindən professorlar Bəşir Əhmədov və Əjdər Ağayevlə olan müzakirələri yaxşı xatırlayıram. Onlar pedaqogika elminin infrastruktur məsələlərinə və pedaqoji tənqid barəsində deyilən fikirlərə pozitiv mövqedən yanaşırdılar. Sonralar bu məsələlərlə bağlı pedaqoq alimlərimizdən professor Fərrux Rüstəmov, dosentlərdən Vidadi Bəşirov, İlham Əhmədov və başqalarının araşdırmalar aparması və fikirlər söyləməsi  problemin əhəmiyyətini açıq-aydın göstərməklə yanaşı, onun hələ də gündəmdə qalmasını sübut etməkdədir.

Pedaqoji tənqid nə üçün lazımdır?

Pedaqoji tənqid təhsilin effektiv olmasını və şagirdlərin/tələbələrin öyrənmə və inkişaf ehtiyaclarını ödəməsini təmin etmək üçün lazımdır. Pedaqogika təlimin metod və prinsiplərinə istinad edir, tənqid isə bu metod və prinsiplərin effektivliyini müəyyən etmək üçün onların təhlilini və qiymətləndirilməsini nəzərdə tutur. Pedaqoji tənqidlə məşğul olmaqla, pedaqoqlar təkmilləşdirməli olduqları sahələri müəyyən edə və tələbələrin ehtiyaclarına daha yaxşı xidmət etmək üçün tədris təcrübələrində dəyişikliklər apara bilərlər. Bundan əlavə, pedaqoji tənqid köhnəlmiş və ya səmərəsiz tədris metodlarını müəyyən və onları daha effektiv üsullarla əvəz etməyə kömək edə bilər. Nəhayət, pedaqoji tənqid təhsilin bütün təhsilalanlar üçün aktual, cəlbedici və effektiv qalmasını təmin etmək üçün lazımdır.

Pedaqoji tənqid pedaqogika nəzəriyyəsinin daha müasir elementlərlə yeniləşməsinə töhfə verməklə əvəzsiz rola malik bir sahə kimi çıxış edir. Pedaqogika nəzəriyyəçiləri peşəkar pedaqogika tənqidçilərinə daha inamla istinad edir, onların təklifləri əsasında obyektiv dəyişikliklər aparmaqdan çəkinmirlər.

Pedaqoji tənqid həmçinin pedaqogika tarixini özünün qənaətləri ilə zənginləşdirir. Həmçinin böyük bir dövrə məxsus pedaqoji proses, yaxud tədqiqatlar barəsində ümumiləşdirmələr apararaq obyektiv fikirlər söyləyir, konkret dövr, mərhələ üçün zəruri olan xüsusiyyətləri müəyyənləşdirir. Bütün bu yanaşmaların nəticəsində  pedaqogika tarixinin yeni səhifələri yaranır.

Pedaqoji tənqidin tarixi kökləri

Pedaqoji tənqid haqqında olan fikirlərin bir qismi də onun mövcud olmaması, yaradılmasının zəruriliyi ilə bağlıdır. Həm də bu yanaşmaların meydana gəlməsi və sistemli şəkildə xidmət göstərməməsi, bilavasitə onun hazırkı islahatyönümlü fəaliyyətlərimizin tələblərinə cavab verməməsi ilə əlaqədardır. Belə ki, Azərbaycan təhsilindəki  sürətli innovativ yeniliklər, cəmiyyətin tələbatına uyğun aparılan dəyişikliklər öz növbəsində subyektiv mülahizələrdən kənar elmi-nəzəri əsaslara söykənən münasibətlər, reaksiyalar tələb edir. Pedaqoji prosesin zənginləşdirilməsinə və inkişafına ardıcıl və sistemli şəkildə xidmət göstərməli olan pedaqoji tənqid hadisəsinin baş verməməsi narahatlıq yaradır.

Əslində isə pedaqoji tənqid daha mobil və çevik yanaşmaları ilə pedaqoji  prosesə münasibət bildirməli, hər zaman onun inkişafını yönləndirməlidir. Hər addımda “pedaqoji tənqid pedaqogika tarixi və nəzəriyyəsinin zənginləşməsinə material verməlidir” (Fərrux Rüstəmov).

Pedaqoji tənqid özünün bütün koordinatları ilə bu gün müzakirə olunsa da, onu yeni, bu günün hadisəsi hesab etmək olmaz. Pedaqoji tənqid zaman-zaman pedaqoji prosesin yaranması ilə birgə təşəkkül tapmışdır. Onun tarixi kökləri qədim Yunanıstana gedib çıxır. Platon və Aristotel kimi filosoflar fərdin inkişafına, əqli və əxlaqi fəzilətlərin təbliğinə diqqət yetirən təhsil haqqında ideyalar irəli sürmüşlər. Pedaqoji tənqid bəşəriyyətin tarixi boyu hər bir dövrdə təhsilə yeni ideyalar və yanaşmalar bəxş etmişdir.

Pedaqoji proses baş verən zaman məntiqi olaraq ona münasibətlər də yaranmışdır ki, bunlar özləri pedaqoji tənqidin elementləri kimi indi də dəyərini qoruyub saxlamaqdadır. Və pedaqoji prosesin müxtəlif zamanlarda inkişafı ilə bərabər, pedaqoji tənqidin parametrləri pillə-pillə inkişaf edərək formalaşmışdır.

Artıq ötən əsrin əvvəllərindən etibarən yeni mərhələyə qədəm qoyan pedaqoji elmlərin inkişafı ilə birgə pedaqoji tənqid də fəaliyyətini davam etdirir. Azərbaycanda pedaqoji elmin inkişaf tarixini əhatəli şəkildə öyrənən istedadlı pedaqoq alim, professor Fərrux Rüstəmov özünün “Azərbaycan pedaqogikaşünaslığı” adlı əsərində belə qənaətə gəlir ki, “20-ci illərdə pedaqoji fikir məzmunca yeni mərhələyə daxil oldu. Yaranmaqda olan yeni pedaqogika elminin nəzəri problemləri, metodoloji məsələləri, xüsusilə pedaqoji cərəyanların təsnifatı ilə bağlı müxtəlif fikirlər pedaqoji tənqidin tədqiqat və diskussiya  predmetinə çevrildi”. Və beləcə inkişaf etməkdə olan pedaqoji proseslə yanaşı, praktik olaraq münasibətlər fonunda özünü göstərən, pedaqoji tənqidi simvolizə edən müxtəlif səviyyəli təhlillər, yanaşmalar formalaşdı. Lakin təhlillərin dərin olmaması, orada təsvirçiliyin üstünlük təşkil etməsi, ümumiləşdirmələrin zəifliyi pedaqoji tənqidin gücünə, effektliliyinə təsir göstərdi. Bu isə bilavasitə pedaqoji tənqidin ümumi prinsiplərinin, elmi-nəzəri əsaslarının formalaşmaması ilə bağlı idi. Həqiqi olan isə bu idi ki, daim müsbətə  doğru  dəyişməkdə olan pedaqoji proses pedaqogika tarixi və pedaqogika nəzəriyyəsi kimi elm sahələrinin inkişafını tələb etməklə yanaşı, onların əlaqə və birliyini təmin edən pedaqoji tənqidin elmi əsasda formalaşmasına  ehtiyac duyurdu. Onun obyektivlik tribunasından  söylənilən təkliflərindən qidalanmaq istəyirdi.

Pedaqoji tənqidin vəzifələri

Pedaqoji tənqid daha çox pedaqoji aləmi dərk etmək və təhsilin keyfiyyətini artırmaq məqsədilə təhsil proseslərinin, təcrübələrinin və məhsullarının sistemli öyrənilməsi ilə məşğul olur. Son dövrlərdə texnologiyaların inkişafı, qloballaşma və sosial dəyişikliklər nəticəsində təhsil sistemlərinin mürəkkəbləşməsi, ciddi sosial fenomenə çevrilməsi  pedaqoji tənqidin üzərinə düşən məsuliyyəti daha da artırmışdır.

Pedaqoji tənqid mahiyyət etibarı ilə pedaqogikaşünaslığın təhsil təcrübələrinin, nəzəriyyələrinin və materiallarının təhlili və qiymətləndirilməsi ilə məşğul olan  bir sahəsidir. O, təhsilin müxtəlif aspektlərini tənqidi şəkildə araşdıraraq tədris və öyrənməni təkmilləşdirmək məqsədi daşıyır. Onun bir sıra bəzi vəzifələrini aşağıdakı kimi qeyd etmək olar.

1. Təhsil proqramlarının (kurikulumların) təhlili. Tədris olunan materialın uyğunluğu, düzgünlüyü və əhatəliliyinin qiymətləndirilməsi üçün kurikulumun məzmunu və strukturu diqqətlə nəzərdən keçirilir. Həmçinin effektiv təlim nəticələrini təşviq etmək üçün kurikulumun ardıcıllığının və təşkilinin qiymətləndirilməsi aparılır.

2. Tədris metodlarının tədqiqi. Tədris metodları dedikdə müxtəlif tədris metodlarının və təlim strategiyalarının təhlili nəzərdə tutulur. Buraya interaktiv təlim məşğələləri, mühazirə əsaslı tədris, sorğuya əsaslanan öyrənmə və ya layihəəsaslı öyrənmə kimi müxtəlif yanaşmaların effektivliyinin qiymətləndirilməsi daxildir. Həmçinin bu metodların müxtəlif fənlər, yaş qrupları və öyrənmə səviyyələri üçün uyğunluğu nəzərdə tutulur.

3.  Müasir təhsil proseslərinin mahiyyətinin dərk olunması. Vəziyyəti öyrənmək və gələcək fəaliyyətləri müəyyənləşdirmək məqsədilə pedaqoji proseslər və təcrübələrlə bağlı aparılmış monitorinq və qiymətləndirmələrin nəticələrini təhlil edir, dövri olaraq ümumiləşdirmələr aparır, strateji addımlar üçün təkliflər verir. Təhsil sahəsi üzrə ədəbiyyatın tələbələrə, müəllimlərə və digər maraqlı tərəflərə təsirini araşdırır, təhsil sisteminin şagirdləri/tələbələri gələcəyə necə hazırladığını qiymətləndirir.

4. Qiymətləndirmə təcrübələrinin dəyərləndirilməsi. Burada təhsilalanların öyrənməsini qiymətləndirmək üçün istifadə olunan metodların araşdırılması, o cümlədən qiymətləndirmələrin ədalətliliyinin, etibarlılığının, düzgünlüyünün və s. qiymətləndirilməsi nəzərdə tutulur. Həmçinin onların bilik və bacarıqlarının daha hərtərəfli başa düşülməsinə kömək edən alternativ qiymətləndirmə yanaşmaları da əhatə olunur.

5. Tədris materiallarının qiymətləndirilməsi. Tədris materialı kimi dərsliklərin, tədris vəsaitlərinin və digər tədris materiallarının nəzərdən keçirilməsi də pedaqoji tənqidin vəzifəsinə daxil olunan məsələlərdəndir. Orada təqdim olunan məlumatın düzgünlüyünün, istifadə edilən dilin və görüntülərin uyğunluğunun qiymətləndirilməsi, müxtəlif perspektivlərin və təcrübələrin təmsil olunması əsas şərtlər kimi diqqət mərkəzində saxlanılır. Materialların bütün təhsilalanlar üçün əlçatanlığının və inklüzivliyinin mümkünlüyü vacib şərt kimi götürülür.

6. Sinif idarəçiliyi. Sinif idarəçiliyinə müəllimlərin müsbət və inklüziv öyrənmə mühitini necə qurduğunu, şagird/tələbə davranışını necə idarə etdiyini və təhsilalanları fəallığa necə təşviq etdiyini, eləcə də sinif idarəetmə üsullarının motivasiyası və təlim nəticələrinə təsirini qiymətləndirmək daxildir.

7. Sosial-mədəni amillərin nəzərə alınması. Pedaqoji tənqid təhsilin baş verdiyi sosial-mədəni konteksti nəzərə alır. Burada təhsil təcrübələri və materiallarının müxtəliflik, bərabərlik və sosial ədalət məsələlərini necə əks etdirdiyini və həll etdiyini araşdırmaq, həmçinin ictimai normaların, dəyərlərin tədris və öyrənməyə təsirini nəzərə almaq əsas götürülür.

8. Pedaqoji innovasiyaların sosial dəyişikliklərə uyğun aparılmasını, onların müasir şagirdlərə/tələbələrə uyğunluğunu müəyyənləşdirir və şərh edir, pedaqoji ictimaiyyəti ondan istifadəyə təşviq edir və s.

Pedaqoji tənqid bu vəzifələri yerinə yetirməklə təkmilləşdirilməli sahələri müəyyən etmək, təhsil işçiləri arasında mənalı dialoqu asanlaşdırmaq və daha effektiv təhsil təcrübələrinin inkişafına kömək etmək məqsədini yerinə yetirə bilər.

Ölkəmizdə aparılan təhsil islahatları, quruculuq işləri, bilavasitə pedaqoji tənqidə olan ənənəvi münasibətlərin dəyişməsi onun məqsəd və vəzifələrinin, fəaliyyətinin obyektivliyini təmin edə bilən elmi prinsiplərinin müəyyənləşdirilməsini tələb edir.

Pedaqoji tənqidin prinsipləri

Pedaqoji tənqid təhsil məqsədlərinə çatmaqda pedaqoji yanaşmaların effektivliyini, aktuallığını və təsirini qiymətləndirmək məqsədi daşıyır. Pedaqoji tənqid öz fəaliyyətini bir sıra elmi prinsiplər əsasında davam etdirir ki, onlardan bəziləri aşağıdakılardan ibarətdir.

1. Təhsil prosesinə uyğunluq. Pedaqoji tənqid təhsil təcrübələrinin təhsilalanların məqsədləri, ehtiyacları və gözləntiləri, eləcə də daha geniş ictimai və mədəni kontekstlərlə uyğunlaşdırılmasını nəzərdən keçirir. O, təhsil məzmununun, metodlarının və materiallarının öyrənənlər üçün uyğun və mənalı olub-olmadığını araşdırır.

2. Təlim nəticələrinin nəzərə alınması. Pedaqoji tənqid nəzərdə tutulan təlim nəticələrinə diqqət yetirir və tətbiq edilən pedaqoji strategiyaların bu nəticələrin əldə olunmasına effektiv kömək edib-etmədiyini qiymətləndirir. O, öyrənmə məqsədlərinin aydın, ölçülə bilən və müvafiq səviyyədə olduğunu müəyyənləşdirir.

3. Sübutların tədqiqata əsaslanması. Pedaqoji tənqid təhsil təcrübələrinin effektivliyini qiymətləndirmək üçün tədqiqata əsaslanan sübutlara və empirik məlumatlara istinad edir. Tənqid və qiymətləndirmə prosesini məlumatlandırmaq üçün təhsil tədqiqatlarının nəticələrini, nəzəriyyələri və ən yaxşı təcrübələri əsas götürür.

4. Yanaşmaların şagird/tələbə mərkəzli olması. Pedaqoji tənqid şagirdlərin/tələbələrin ehtiyaclarını, maraqlarını və təcrübələrini prioritetləşdirir. Pedaqoji yanaşmalarda şagirdlərin/tələbələrin müxtəlif öyrənmə üslublarını, qabiliyyətlərini və imkanlarını nəzərə alıb-almadığını yoxlayır, fəal iştirak, tənqidi düşüncə və mənalı öyrənmə təcrübələrini təşviq edir.

5. Davamlı təkmilləşdirmə. Pedaqoji tənqid təhsil təcrübələrində davamlı təkmilləşdirmə ehtiyacını qəbul edir. O, müəllimləri özünüqiymətləndirmə ilə məşğul olmağa, rəy almağa və tədris metodlarının effektivliyini artırmaq üçün lazımi düzəlişlər aparmağa istiqamətləndirir.

6. Etik mülahizələrin nəzərə alınması. Pedaqoji tənqid təhsildə etik mülahizələri də nəzərə alır. O, pedaqoji təcrübələrin öyrənənlərin hüquq və ləyaqətinə hörmət edib-etmədiyini, inklüzivliyi və bərabərliyi təşviq edib-etmədiyini, müsbət öyrənmə mühitini dəstəklədiyini qiymətləndirir.

Bu prinsiplər təhsilin cəlbedici, effektiv və mənalılığını müəyyən etmək üçün pedaqoji təcrübələrdən istifadə olunmasına imkan yaradır. Həmçinin müəllimlərə tədris metodlarını təkmilləşdirmək və təhsilin keyfiyyətini artırmaq üçün əsaslandırılmış qərarlar qəbul etməyə kömək edir.

Nəticə

Biz bu məqalədə pedaqoji tənqidin bəzi məsələləri barədə danışdıq. Ölkəmizdə aparılan təhsil sahəsindəki quruculuq işləri ona diqqətin artırılmasını, pedaqoji tənqidin pedaqogikaşünaslıq elminin bir təkib hissəsi kimi öyrənilməsini və tətbiqini tələb edir. Bunun üçün pedaqoji tənqidlə bağlı strateji addımların müəyyənləşdirilməsi, müxtəlif təhsil müəssisələrində pedaqoji prosesin keyfiyyət səviyyəsini müəyyən edən və onun inkişafını dəstəkləyən müzakirə və diskussiyaların keçirilməsi təklif olunur.